Azərbaycan Prezidenti Heydər Əliyevin "Si-En-En Türk" televiziyasına müsahibəsi - 15 mart 2001-ci il


Taha Akyol: Cənab prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Siz Böyük Millət Məclisindəki nitqinizdə Türkiyədə özünüzü vətəninizdəki kimi hiss etdiyinizi söylədiniz. Türk xalqı Sizə ikinci bir Türkiyənin cümhur başqanı kimi görür. Sizin dediyiniz kimi, "Biz bir millət iki dövlətik". "Si-En-En Türk" televiziyasına müsahibə verməyə razı olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən ilk sualımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vermək istəyirəm. Bilirsiniz ki, bu sahədə bir canlanma vardır. Siz Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması münasibətilə Parisə getdiyiniz zaman prezident Jak Şirak ilə də görüşdünüz, bu məsələ barədə müzakirələr apardınız. Bundan sonra ABŞ-ın xarici işlər naziri Pauell Sizi Amerikaya dəvət etdi. Jak Şirakla və Koçaryanla görüşləriniz nə yerdə qaldı ki, Siz məhz bunun üçün Amerikaya gedəcəksiniz?

Heydər Əiyev: Mən ən öncə bildirmək istəyirəm ki, Türkiyədə "Si-En-En" kanalı açılan zaman təbrik məktubu göndərmişdim və sizə uğurlar arzulamışdım. İndi çox sevinirəm ki, siz bu kanalda çox uğurla çalışırsınız. Sizin bütün bu işlərin başında duran hörmətli Aydın Doğan böyük işlər görür. Ona görə də mən ona salamlarımı, ehtiramımı çatdırıram.

Türkiyənin Böyük Millət Məclisində millət vəkillərinə xitab etmək mənim üçün tarixi bir hadisədir. Çünki Böyük Millət Məclisinin nə qədər böyük həm tarixi, həm də əhəmiyyəti olduğunu orada söylədim. Bir neçə məsələlər haqqında danışdım. Ancaq indi bizi, Azərbaycanı, təkcə Azərbaycanı yox, Türkiyəni də, Qafqazı da ən çox narahat edən problem Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin yaşı çoxdur. Artıq 12 ildir ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ hissəsini əlinə keçirmək üçün təcavüzə başlayıblar və bu təcavüz nəticəsində müxtəlif səbəblərə görə ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. Bəli, ərazimizin 20 faizini işğal ediblər və işğal olunmuş yerlərdən bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan çıxarılıbdır, qaçqın olubdur və çadırlarda yaşayırlar.

Sual: Cənab prezident, Siz bunları Jak Şiraka anlatdırandan sonra o, bir söz demədimi?

Cavab: Mən bunu bütün dünyaya anlatmışam. Dünyada o yer yoxdur ki, bunu anlatmayam. Mənim Jak Şirakla görüşüm birinci dəfə deyildi. Mən onunla 15 dəfə görüşmüşəm və hər dəfə də ona anlatmışam.

Sual: Sizin Jak Şirakla sön görüşünüz Fransa parlamentinin "erməni soyqırımı" barədə qərar qəbul etməsi baxımından da önəmli idi. Orada Ermənistanın daşnak cümhur başqanı Koçaryan da var idi. Siz bir milyon azərbaycanlının ermənilər tərəfindən silah gücü il yurdlarından didərgin salındığını söylədiyiniz zaman Jak Şirak heç bir şey demədi?

Cavab: Bilirsiniz, onlar artıq buna öyrəniblər. Dünyada ikili standartlar var. Ona görə də bir yerdə hərəkəti qanuni hesab edirlər, digər yerdə yox. Məsələn, beynəlxalq hüquq var, bir dövlət o biri dövlətin torpağını işğal edə bilməz. Sərhədini poza bilməz, təcavüz edə bilməz. Hər bir dövlətin ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatı tərəfindən qorunur. Bunlar yazılıb, bütün sənədlərdə var. Hər yerdə var. Hamı bunu deyir. Amma hərə öz ölkəsi üçün bunu istifadə edir. Ona görə bu, Şirak üçün yeni bir şey deyildi.

Sual: Siz Şirakdan prinsipal mövqe - ikili standartlılıq mövqeyi yox - yəni "Azərbaycana müdaxilə olmuşdur, Ermənistan təcavüzkardır" şəklində bir mövqe gördünüzmü?

Cavab: Bilirsiniz, mən bunu ona demişəm. Özü də Ermənistanın prezidenti Koçaryanın yanında demişəm. Ancaq onlar bu şeylərə fikir vermirlər. 1992-ci ildə Minsk qrupu yaranıbdır ki, Ermənistan-Azərbaycan münaqişəsi çözülsün. Minsk qrupunun üç həmsədri var - Rusiya, Amerika, Fransa.

Doğrudur, Minsk qrupuna 12 dövlət daxildir. O cümlədən Türkiyə də Minsk qrupunun üzvüdür. Amma Minsk qrupuna üç həmsədr rəhbərlik edir. Mən Klinton ilə bu barədə 7 il müzakirə aparmışam. 15-16 dəfə görüşmüşəm və bunların hamısını demişəm. Yaxud, Rusiyanın keçmiş prezidenti Yeltsinlə, - ola bilər, sayını da itirmişəm, - neçə dəfə görüşmüşəm. Yeni prezident Putinlə görüşmüşəm.

Sual: Cənab prezident, Siz Amerikanın məsələyə bu qədər qatılmasını, diqqət yetirməsini, Pauellin xüsusi təşəbbüsü ilə Sizi Amerikaya dəvət etməsini neçə qarşılayırsınız?

Cavab: Bilirsiniz, bu, yeni bir şey deyildir. Yəni mən Amerikada 1994-cü ildən başlayaraq həm Amerikanın prezidenti Klintonla, həm xarici işlər naziri Olbraytla və həm də digər adamlarla dəfələrlə görüşmüşəm və anlaşmalar imzalamışıq. Onlar hər dəfə deyiblər ki, bu məsələnin çözülməsinə yardım edəcəklər. Amma yardım etməyiblər. İndi mən belə hiss edirəm ki, Minsk qrupunun həmsədrləri bir az hərəkətə gəlmək istəyirlər. Yəni prezident Şirak apardığı danışıqları həm prezident Buşla, həm də prezident Putinlə telefonla məsləhətləşibdir. Mən də, Koçaryan da Fransada olduq. Əgər Pauell dəvət edibsə... doğrudan, mən burada səfərdə olmuşam, hələ eşitməmişəm, amma birinci məlumatı siz vermisiniz. Ancaq bilirəm ki, onlar hazırlaşırdılar.

Sual: Cənab prezident, aprelin 3-də Floridada Sizin və Koçaryanın bir araya gəlib Qarabağ məsələsinin həll edilməsi üçün uzun məsafə qət edərək Amerikaya gedəcəyinizdən məmnun oldunuzmu?

Cavab: Mən məmnunam. Mən hər bir fürsətə məmnunam. Hər bir fürsət mənə imkan verir ki, Azərbaycana təcavüz olunması haqqında fikirlərimi çatdırım. Amerikada indi yeni hökumətdir, yeni prezidentdir. Yeni adamlardır, onlar da bilməlidirlər. Amma hamısının bir fikri var: Ermənistan və Azərbaycan prezidentləri bir araya gəlsinlər, bir şeylə razılaşsınlar, ikisi də nəyi qəbul etsə, Amerika da, Fransa da, Rusiya da onu qəbul edəcəkdir. İş bundadır ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edibdir. Ona görə də o, bizim qarşımıza şərtlər qoyur. Mən o şərtləri qəbul edə bilmirəm. İndi görək Amerikada bu şərtlər nə olacaq, biz o şərtlərin hansını qəbul edə bilərik, hansını onlar qəbul edə bilər.

Sual: Cənab prezident, Siz Koçaryanla görüşlərinizdə hər hansı modellər üzərində dayanırsınızmı?

Cavab: Bir neçə model olubdur. Hətta 1999-cu ildə, hesab edirəm ki, biz normal model üzərində razılaşdıq. Amma 1999-cu ilin sonunda Koçaryan bundan qaçdı.

Bəli, 1998-ci ildə Minsk qrupunun bir təklifi var idi. Ter-Petrosyan onu qəbul etmişdi. Amma Ter-Petrosyanın ətrafında olanlar onun əleyhinə qalxdılar və o, istefa verdi.

Sual: Qarabağ məsələsi ilə, Qafqaz və enerji məsələləri ilə bağlı şəxsən Siz çox təcavüzlərə məruz qaldınız. Sizi çevrilişlə devirmək istədilər, sui-qəsdlə rastlaşdınız. Sonra anlaşıldı ki, Moskva Yeltsinin zamanında Ermənistana bir milyard dollarlıq silah yardımı etdi. Rusiyanın yeni lideri Putin gəlib sizinlə görüşdü. Rusiyanın mövqeyində bir dəyişiklik görürsünüzmü? Rusiya Azərbaycana yaxınlaşırmı?

Cavab: Bilirsiniz, Rusiya Azərbaycana yaxınlaşmaq istəyir. Çünki Azərbaycan öz coğrafi-strateji vəziyyətinə görə, öz potensialına görə Qafqazda xüsusi yer tutur. Ona görə də Rusiya istəyir ki, Azərbaycan ilə əlaqələri yaxşı olsun, daha da yaxşı olsun.

Ermənistana bir milyard dollar dəyərində silah vermişdilər. Satmamışdılar, onlara vermişdilər. Mən bunu ilk dəfə 1997-ci ilin mart ayında Yeltsinə deyəndə, o, hirsləndi ki, bunu edəcəyəm, onu edəcəyəm, filan edəcəyəm, asacağam, kəsəcəyəm. Amma üç aydan sonra mən onunla görüşdüm. Gördüm, o, başqa bir hava çalır. Biz belə deyirik, başqa bir mahnı oxuyur. Ondan sonra biz bir neçə dəfə səylər göstərdik.

Putin prezident oldu. Putin mənə dedi ki, bu işi çox yaxşı bilir, necə olduğunu bilir. Putinin belə bir fikri var idi ki, bir iş görsün. Amma orada ordu var, filan var. Sonra Putin dedi ki, artıq bu, arxada qaldı. Mən tələb edirdim ki, siz o silahları geri alın. Amma o dedi ki, artıq o silahları geriyə almaq mümkün deyildir, silahlar haradadır, heç biz də bilmirik.

Sual: Hörmətli cümhur başqanı, Rusiyanın bugünkü lideri Putin Azərbaycana yaxınlıq göstərir. Təbii ki, bunun da Qafqaz, enerji, təbii qaz, neft boru xətləri ilə bağlı səbəbləri var. Eyni zamanda da Ermənistanın xarici işlər naziri Oskanyan demişdir ki, biz Rusiya ilə strateji ittifaq yaratmışıq. Rusiyanın bu mövqeyi sizi təmin edirmi? Rusiya Ermənistanla Azərbaycan arasında bitərəf mövqe tutaraq məlum problemi, münaqişəni həll etməyə çalışırmı?

Cavab: Rusiyanın Ermənistanla hərbi ittifaq yaratmasına biz etiraz edirik. Mən bunu dəfələrlə söyləmişəm. Rusiyanın Ermənistanda hərbi bazalar, əsgəri hissələr saxlamasına biz etiraz edirik. Mən bunu Putindən öncə Yeltsinə də demişəm. Putinə də demişəm.

Sual: Bu etirazınızı söyləyəndə Putin nə dedi?

Cavab: Bilirsiniz onların hamısı bir şey deyir. Deyirlər ki, bunlar Azərbaycana qarşı deyildir. Deyirəm, bəs kimə qarşıdır? Deyirlər ki, NATO-ya qarşıdır. Deyirəm, NATO haradadır? Deyirlər ki, NATO sizin Bakıda olan sərhədinizdədir. NATO Türkiyədədir. Bax, mən bu sözləri sizə açıq deyirəm. Çünki mən bunu dəfələrlə söyləmişəm.

Sual: Yeltsin və sonra Putin açıqca dedilər ki, Ermənistandakı rus əsgəri qüvvələri Türkiyədəki NATO-ya qarşıdır?

Cavab: Elədir.

Sual: Siz indi Ermənistanda həyata keçirilən siyasətin iki-üç il əvvəlki dövrlə müqayisədə gücləndiyini, yaxud zəiflədiyinimi görürsünüz?

Cavab: Ermənilər siyasətdə güclüdürlər. Çünki onların daisporu çox güclüdür. Onları dəstəkləyənlər güclüdür. İqtisadi cəhətdən Ermənistan çox pis bir haldadır. Oranın əhalisinin bir qismi Ermənistanı tərk edib gedibdir. Orada iqtisadi vəziyyət çox çətindir. Ona görə onlar da istəyir ki, bu problem çözülsün. Ermənistanı dəstəkləyən dövlətlər də istəyir çözülsün. Təkcə ona görə yox ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin. Ona görə ki, Ermənistan boğulmasın. Ermənistan bir-iki ilə boğulacaqdır.

Sual: Həqiqətən, Ermənistan iqtisadi baxımdan çox pis vəziyyətdədir. Amma son vaxtlar bir təşəbbüs oldu. Ermənistan İran və Yunanıstan arasında həm siyasi, həm də iqtisadi iş birliyi haqqında qərarlar var, onlar görüşdülər. Siz bunu necə qarşılayırsınız?

Cavab:Mən bunu necə qarşılaya bilərəm. Mən çox təəssüflənirəm ki, bizim yaxın qonşumuz İran Ermənistanla bu qədər geniş ticarət edir, geniş ilişkilər qurur.

Sual: Ermənistanın nəfəs borularından biri də İrandır...

Cavab: Bəli, Ermənistanın nəfəs borularından biri də İrandır. Keçmiş prezident Ter-Petrosyan bir dəfə demişdi ki, əgər İran ilə ticarət əlaqələrimiz iki gün kəsilsə, biz boğulacağıq. O, bunu demişdi. Tamamilə doğru deyirsən. Özü də ən böyük nəfəs borularından biridir. Ancaq onlar bunu edirlər.

İndi gördünüz, İranın prezidenti Moskvaya getdi. Bu, tarixdə birinci dəfə olan bir şeydir. Yəni 22 il bundan öncə ki, Xomeyni hakimiyyətə gəldi, indiyə qədər ilk dəfədir ki, İranın prezidenti Moskvaya getdi. Ondan öncə də şah bir dəfə getmişdi. Yəni İran ilə Rusiya arasında əlaqələr həmişə gərgin olmuşdur.

Sual: Cənab prezident, anlayıram ki, İranın siyasəti, yəni həm Ermənistanı dəstəkləmək, həm də Rusiya ilə yaxın əlaqələr qurmaq siyasəti sizi narahat edir. Elədirmi?

Cavab: Təbiidir ki, bu, narahat edir.

Sual: Bu il ərzində, yaxud önümüzdəki bir-iki il içərisində Qarabağ probleminin çözülməsinə, həll edilməsinə ümidiniz varmı?

Cavab: Bilirsiniz, mən həmişə ümidlə yaşayıram. Qaçqınlarla görüşürəm, mənim qəlbim ağrıyır. Təkcə görüşəndə yox, sizə səmimi deyirəm, gecələr yata bilmirəm. Çünki bir milyon insan çadırlarda, qarın, yağışın altında yaşayır. Ona görə də mən bu məsələni çözmək istəyirəm və bunun üçün də çalışıram. Mənim bütün çalışmalarımın demək olar ki, 70 faizi bu məsələdən ötrüdür. Dünyada o təşkilat, o dövlət yoxdur ki, mən onlarla bu işləri müzakirə etməyim. İndi bir savaş yolu qalıbdır. Azərbaycanda bu savaş yolunu ortaya atanlar var. Amma hesab etmirəm ki, bu gün savaş məqbul şeydir. Yəni yenidən savaş etmək doğru yoldur.

Sual: Siz Məclisdəki nitqinizdə dediniz ki, Türkiyə ilə münasibətləriniz strateji tərəfdaşlıq xarakteri daşıyır.

Cavab: Biz belə bir şey imzalamışıq. 1997-ci ildə Türkiyə ilə Azərbaycan arasında anlaşma imzalanıbdır ki, Türkiyə-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Sual: Bu, sizi təmin edirmi? Türkiyənin Azərbaycana verdiyi dəstək sizi təmin edirmi?

Cavab: Siyasi tərəfdən, bəli.

Sual: Siyasi tərəfdən aydındır. Siyasətdən başqa, məsələn, iqtisadi, sosial sahələrdə necə, təmin edirmi?

Cavab: Bunu siz bilirsiniz.

Sual: Cənab prezident, çox diplomatik cavab verdiniz. Bu, uzun illərin diplomatı Heydər Əliyevin cavabıdır. Mən Sizin fikrinizi bilmək istəyirəm. Bunu hörmətli cümhur başqanına, baş nazirə söyləmisiniz?

Cavab: Bu günlər hörmətli cümhur başqanı ilə də, hörmətli baş nazir ilə də, hörmətli baş qərargah rəisi ilə də əlaqələrimiz barədə çox geniş danışıqlarımız, m üzakirələrimiz olubdur. Cümhur başqanı ilə təkbətək üç saat söhbət etmişik.

Sual: Siz bunu açıqlamaq istəmirsiniz?

Cavab: Yox.

Sual: Amma məmnunsunuzmu?

Cavab: Danışıqlardan məmnunam. Amma nəticəsi nə olacaqdır...

Sual: Növbəti dəfə Sizinlə müsahibə zamanı nəticə barədə soruşacağam.

Cavab: Onda soruşarsan.

Sual: Cənab prezident, Azərbaycanın Türkiyəyə 2 milyard kubmetrdən 6 milyard kubmetrədək təbii qaz satması barədə anlaşma imzalandı. Siz bundan son dərəcə məmnunsunuz. Türkiyənin Rusiyadan qaz almasından narahat olmuşdunuz. İndi həmin narahatlığınız aradan qalxdımı?

Cavab: Bilirsiniz, mən Türkiyənin işinə qarışmaq istəmirəm. Amma Türkiyənin qaza böyük ehtiyacı vardır. Mən dünən axşam Türkiyə televiziyasında baxdım ki, enerji naziri Cümhur Ərsümər Misirdən buraya qaz gətirmək istəyir. Rusiyadan alır, Misirdən alır, Azərbaycandan alır, bəlkə də bunlar Türkiyə üçün lazımdır. Mən bunu normal görürəm. Amma hesab edirəm ki, hamısından öncə Türkiyəyə Azərbaycan qazı gəlməlidir. Təkcə iqtisadi nöqteyi-nəzərindən yox, həm də strateji tərəfdaşlıq nöqteyi-nəzərindən.

Sual: Cənab prezident, Azərbaycan qazı Türkiyəyə ucuz qiymətəmi satılacaqdır?

Cavab: Mən ticarət işləri ilə məşğul olmuram. Təbii, dünya bazar qiymətləri ilə olacaqdır.

Sual: Azərbaycandan Türkiyəyə həm Bakı-Ceyhan boru kəməri ilə neft gəlməsi, həm də ayrı bir kəmərlə təbii qaz gəlməsi məsələsi artıq qətiləşdi.

Cavab: Bəli, artıq Bakı-Ceyhan məsələsində bir problem yoxdur. Yəni bütün anlaşmalar imzalanıbdır. İndi sadəcə, layihə-mühəndis işləri gedir. Bir də bunun inşası ilə məşğul olacaq şirkətlər para toplamaqla məşğuldurlar. Son vaxtlar Türkiyədə bu məsələdə bir az soyumuşdular. Mən ona görə Bakıda bir-iki dəfə bu barədə tənqid etdim, yəni narahatlığımı bildirdim. Amma burada bizim danışıqlarımızda hər şey çözüldü. İndi elə bir problem yoxdur.

Məsələn, burada qaz haqqında anlaşma imzaladığımıza görə, Gürcüstanın prezidenti mənə təbrik məktubu göndəribdir. Çünki bu, Gürcüstan üçün də çox önəmlidir. Təbii qaz barədə anlaşma imzaladıq. Həm hökumətlərarası anlaşma, həm də 6 milyard kubmetr qazın alqı-satqısı haqqında anlaşma imzaladıq. Mən demişəm, biz gələcəkdə Türkiyəyə 15-20 milyard kubmetr qaz verə bilərik.

Sual: Bilirsiniz ki, Bakı-Ceyhan neft boru xətti sahəsində konsorsium yaranmışdır. Burada Türkiyə və Azərbaycanın da payı vardır. Bu konsorsium tərəddüd edir. İndi həmin konsorsium Bakı-Ceyhan boru xətti ilə bağlı mövqelərini dəyişibdir. Bu məsələdə təbii qaz haqqında anlaşmanın rolu oldumu? Çünki onlar çıxarılacaq qazın satılmasını istəyirlər. Bu bölgədə də ən çox qaz ala biləcək ölkə Türkiyədir.

Cavab: Deyə bilmərəm ki, onun bir rolu oldu. Çünki biz bundan öncə Bakı-Ceyhanı həll etmişdik. Bilirsiniz, konsorsiumda bəzi şirkətlər var ki. Bakı-Ceyhanın olmasını istəmirlər. Amma ən böyük şirkətlər bunu istəyirlər. Ona görə də mən burada bir problem görmürəm. Bu, baş tutacaqdır. Təbiidir ki, çox ölkələr bunun olmasını istəmirlər. Amma siz deyirsiniz ki, bəzi şirkətlər kəmərin Rusiyadan keçməsini istəyirdilər. Rusiyadan o qədər yox, amma Bakı-Supsa borusu var, onlar istəyirdilər ki, o borunu bir az da genişləndirək. İndi biz onunla 5-6 milyon ton neft göndəririk. Deyirdilər ki, məsələn, 15-20 milyon ton da neft göndərilə bilər, 2-3 ildən sonra isə Bakı-Ceyhanı başlayarıq. Amma mən dedim ki, yox. Bakı-Ceyhan indi başlanmalıdır. Onların bəziləri dedilər ki, gəlin, İrandan çəkək, çünki İran yolu daha ucuzdur, İrandan körfəzə məsafə azdır, daha da ucuz başa gələr. Bunu həm Amerika qəbul etmədi, həm də hesab edirəm ki, biz 1994-cü ildə Bakı-Ceyhanın təməlini qoymuşuq. Mən altı ildir bu təməli inkişaf etdirirəm. Ona görə bu, mənim əsərimdir.

Sual: Cənab prezident, həqiqətən də Bakı-Ceyhan boru xəttinin ərsəyə gəlməsində Sizin çox böyük əməyiniz olmuşdur. Siz bu yolda çox təhlükələrlə qarşılaşdınız. Doğrudur ki, bu, sizin əsərinizdir. Mən Xəzərin statusu ilə bağlı soruşmaq istəyirəm. Bu məsələdə ciddi problemlər var. Xüsusilə İranla, Türkmənistanla Sizin aranızda problemlər var. Xəzərin statusu məsələsi həm Azərbaycan üçün çox önəmli, həm də Qazaxıstan neftinin, Türkmənistan qazının Xəzərdən keçərək Türkiyəyə gəlməsi baxımından da önəmlidir. Bu məsələ həll olunurmu?

Cavab: Bilirsiniz, Xəzərin hüquqi statusunu müəyyən etmək üçün bir çox il lazımdır. Amma mən hesab edirəm ki, - biz bu yol ilə gedirik, - ilk öncə, Xəzərin dibindəki mineral ehtiyatlar, yəni təbii qaz, neft yataqlarının işlənilməsi ilə məşğul olmaq lazımdır. Çünki orada gəmiçilik də var, balıqçılıq da var, ekoloji problemlər də var, başqaları da var. Bunlar hamısı var. Bunların hamısını birdən çözmək mümkün deyildir.

Bütün ölkələr buna etiraz etdiyi zaman, hələ 1994-cü ildə Azərbaycan Xəzər dənizində öz sektorunda, - Sovetlər Birliyi zamanı Xəzər dənizi təkcə Sovetlər Birliyinə məxsus idi, ona görə də bunu respublikalar arasında sektorlara bölmüşdü, - bu işləri başlayıbdır. 1994-cü ildə biz birinci müqaviləni imzaladıq. İndi 20 müqavilə imzalamışıq. Biz öz sərhədlərimizdən çıxmırıq. Nə yaxşı ki, Rusiya bu prinsipi qəbul etdi. Yəni o, Qazaxıstanla bir anlaşma imzaladı. Putin Azərbaycana, Bakıya gələndə bizimlə də bir anlaşma imzaladı. Düşünürəm ki, Türkmənistan da bu prinsipin tərəfində olacaqdır.

Sual: Yəni Türkmənistan təbii qazının Azərbaycandan Türkiyəyə gəlməsi mümkün olacaqdır?

Cavab: Onu deyə bilmərəm. O, bundan fərqli bir şeydir. Yəni bir var ki, sektor prinsipini qəbul etmək...

Məsələn, biz Rusiya ilə Xəzər dənizindən istifadə olunmasının prinsipləri haqqında bir anlaşma imzaladıq. Bu prinsiplər də odur ki, hər ölkənin sektoru var - onun ərazisindən Xəzərin orta xəttinə qədər. Biz bu barədə Rusiya ilə anlaşma imzaladıq.

Sual: Bunu Qazaxıstan da qəbul edir?

Cavab: Qazaxıstan da imzalayıbdır.

Sual: Amma İran qəbul etmir?

Cavab: İran bunu qəbul etmir. İran deyir ki, Xəzəri beş bərabər hissəyə bölmək lazımdır. Bu da mümkün deyildir.

Sual: Cənab prezident, demək, Xəzər dənizinin istifadəsi sahəsində Azərbaycan, Rusiya və Qazaxıstan eyni prinsipdə olduğuna görə Qazaxıstan neftinin Bakıya, oradan da Türkiyəyə gəlməsində bir problem olmayacaqdır?

Cavab: Bu, fərqli şeydir. Çünki Rusiya istəmir ki, Qazaxıstan nefti buraya gəlsin. Rusiya etiraz etmir ki, Qazaxıstan öz sektorunda neft çıxarsın. Amma onu necə ixrac etsin, bu, digər problemdir. Onun buraya dəxli yoxdur. Məsələn, biz Rusiya ilə sektor prinsipi barədə anlaşmanı imzalayanda heç bir öhdəlik götürmədik ki, biz nefti haradan, hansı marşrutla, hansı yolla ixrac edəcəyik.

Sual: Cənab prezident, indi mənə bildirdilər ki, Rusiya hava yollarına məxsus bir təyyarə çeçen olduqları güman edilən iki kişi tərəfindən qaçırılmışdır. Təyyarə Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerə enmişdir. Orada nə olacağını görəcəyik. Siz Çeçenistan məsələsi haqqında nə deyə bilərsiniz?

Cavab: Bilirsiniz, ola bilər, bu kiçik bir hadisədir, elə böyük bir hadisə deyildir. Dünyada belə hadisələr çox olub. Amma Çeçenistan problemi, təbiidir ki, böyük bir problemdir. Burada yenə iki prinsip bir-biri ilə zidd gəlir. Yəni bir tərəfdən beynəlxalq hüquq var. Hər dövlətin torpaq bütövlüyü təmin olunmalıdır. Rusiya öz torpaq bütövlüyünü təmin edir. Ona görə o, çeçenlərə müstəqillik vermək istəmir. Çeçenlər də deyir ki, biz müstəqil olmaq istəyirik. Ona görə 5-6 ildir savaş gedir. Görürsünüz, savaş hələ nə vəziyyətdədir.

Sual: Cənab prezident, Sizinlə müsahibə aparacağımızı televiziyada elan etdikdən sonra mənə çox sayda telefon zəngi oldu. İnsanlar Sizə sevgilərini, hörmət və ehtiramlarını ifadə edirlər. Bunu izləyicilərimiz adından Sizə çatdırmaq istəyirəm.

İrandan keçməklə Azərbaycana gedən türk sürücülərindən Azərbaycana daxil olduqda ayaqbasdı, keçid pulu və s. çox para alırlar. Mənə bu barədə o qədər telefon zəngi oldu ki, Sizə sual vermək məcburiyyətində qaldım, Azərbaycan ilə Türkiyə arasında bu işləri daha asan etmək mümkündürmü?

Cavab: Bizim Türkiyə ilə əlaqələrimiz çox yüksək səviyyədədir. Sürücünün gedib-gəlməsi elə bir şey deyildir. Birincisi, bu, problem deyildir. İkincisi, bu məsələ cümhur başqanı səviyyəsində olan problem deyildir. Mən baş nazirə əmr vermişəm, o, bu işlərlə məşğul olur.

Jurnalist: Aydındır, əmr verdinizsə, məsələ həll olunacaqdır. Sizin bu təşəbbüsünüzü alqışlayırıq.

Cənab prezident, son olaraq, Azərbaycan haqqında soruşmaq istəyirəm. Azərbaycan cümhur başqanının yardımçısı vəzifəsi yaratmaq istəyiniz söylənilir.

Cavab: Bu, yanlış şeydir, belə bir şey yoxdur. Bunu kimsə uydurub. Kimsə yanlış bir şey ortaya atır. Bilirəm, bizdə müxalifətdə olanlar bəzən belə uydurma şeylər deyirlər. Siz onlara inanmayın.

Taha Akyol: Cənab prezident, bizi qəbul etdiyiniz üçün, dəyərli açıqlamalar verdiyiniz üçün Sizə çox təşəkkür edirəm. Həqiqətən də çox önəmli açıqlamalar verdiniz. "Sİ-En-En Türk" televiziyası vasitəsilə türk xalqına söyləyəcəyiniz nəsə varsa, buyurun.

Heydər Əliyev: Mən təşəkkür edirəm. Bu fürsətdən istifadə edib, qardaş türk xalqına, Türkiyənin vətəndaşlarına öz hörmət-ehtiramımı, sevgi-məhəbbətimi bildirirəm. Türkiyəyə, sülh, əmin-amanlıq və rifah arzulayıram.

Taha Akyol: Cənab prezident, Sizə bir daha təşəkkür edirik.