Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Eksson" şirkətinin prezidenti Terri Kuns ilə görüşdə söhbətindən - Hyüston, "Vinham Varvik" oteli, 3 avqust 1997-ci il


Hörmətli cənab Terri Kuns!

Azərbaycan Respublikasının və şəxsən mənim ünvanıma söylədiyiniz xoş sözlərə, fəxri texaslı seçildiyimə, yeni nəvəmin dünyaya gəlməsi münasibətilə səmimi təbrikinizə görə minnətdarlığımı bildirirəm. Nəvənizin dünyaya gəlməsi münasibətilə mən də sizi ürəkdən təbrik edirəm.

Vaşinqtonda ARDNŞ ilə "Eksson" arasında "Naxçıvan" yatağı üzrə müqavilə imzalanmasından yadigar olaraq mənə hədiyyə etdiyiniz qartal fiquru həqiqətən mənim ürəyimə yatan hədiyyədir. Siz doğru deyirsiniz, Azərbaycan özü böyük bir qartala bənzəyir. Xalqımız azadlıq uğrunda uzun müddət, bir çox on illər, əsrlərlə mübarizə aparıbdır. Azadlığa məhz ona görə nail olub ki, xalqımız qartala məxsus xüsusiyyətlərə malik xalqdır.

Mən bilirəm ki, qartal Amerika Birləşmiş Ştatlarının azadlıq simvoludur. Azadlıq simvolu olan qartalın birini - Dövlət gerbinizdəki qartalın əksini beşinci gün prezident cənab Bill Klinton da bağışlayıbdır. Bu, mənim üçün çox böyük hədiyyədir. Sizin hədiyyənizi də çox məmnuniyyətlə qəbul edirəm.

"Naxçıvan" yatağına dair "Eksson" ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında birbaşa müqavilə imzalanmasından məmnun qaldığımı vurğulayaraq, həm də onu bildirmək istəyirəm ki, Amerikanın bu şirkəti respublikamıza gələndən bəri mən ona xüsusi münasibət göstərmişəm.

Hörmətli cənab Terri Kuns!

1994-cü ildə ilk müqavilə, "Əsrin müqaviləsi" imzalanandan sonra qalmış kiçik hissənin paylanması çox böyük çətinlik yaratmışdı. Xatırlayırsınız, o vaxt sizin kimi bir çox böyük şirkətlər həmin hissəni almaq istəyirdilər. Belə şirkətlər həm sizin ölkədən, həm Avropadan, həm də bizim qonşulardan var idi. Siz bilirsiniz, mən də bilirəm, adlarını çəkmək istəmirəm, - bu, artıq tarixdə qalıbdır.

O vaxt qərar qəbul etmək mənim üçün də çətin idi, çünki sizinlə bərabər həmin şirkətlərin hamısı da mötəbər şirkətlər idi və həqiqətən bizimlə yaxşı əlaqələr yaratmaq istəyirdilər. Çox düşündüm və son qərarı qəbul etdim. O qərar da "Əsrin müqaviləsi" imzalanandan sonra "Eksson" şirkətinin müqaviləyə daxil olmasına imkan yaratdı. Ondan sonra da sizinlə dəfələrlə görüşümüz olub və istəmişəm ki, müstəqil yataqda işləyəsiniz. Nəhayət, yaxşı ki, bu da baş verdi. Yatağın da adı "Naxçıvan"dır, mənim doğulduğum yerin adıdır. Ona görə bunun daha da çox məsuliyyəti var.

Gərək elə edəsiniz ki, oradan hasil olan neft, ümumiyyətlə, yataqdakı işlər o birilərin hamısından yaxşı olsun. Mən doğulduğum yeri bir də ona görə sevirəm ki, 1990-cı ildə Moskvada yaşayarkən həyatım böyük təhlükə altında olduğu zaman, - o vaxt məni çox təqib edirdilər və qarşımda çox böyük məhrumiyyətlər dururdu, - Azərbaycana döndüm və Bakıda da yaşamaq mümkün olmadığına görə doğulduğum yerə, Naxçıvana getdim. Mən orada ağır, çox çətin illər keçirdim, amma Naxçıvan məni bağrına basdı, qoynuna aldı. Mən də onları yaşatdım, bəlkə də mən oraya getməsəydim, onları da böyük təhlükə gözləyirdi. Ona görə də mən Vətənimi, doğulduğum yeri çox sevirəm. O ağır gündə mənə əl uzatdı, mən bunu xüsusi qiymətləndirirəm.

"Eksson" şirkətinin "Naxçıvan" yatağı ilə birgə fəaliyyətinə inamla baxıram və hesab edirəm ki, bu işlərə əməli surətdə başlayacaqsınız. Bilirəm ki, "Eksson" Amerikanın böyük neft şirkətidir. Ancaq bilmirəm, siz indiyə qədər Ağ evdə müqavilə imzalamısınızmı? (Cənab Kuns bildirir ki, xeyr, birinci dəfədir.) Görürsünüz, biz nəinki sizinlə müqavilə imzaladıq, həm də onu Ağ evdə imzalamağa nail olduq. Mən sizinlə Bakıda dəfələrlə görüşmüşdüm, Amerika Birləşmiş Ştatlarında görüşmüşdüm. Amma indi Ağ evdə və Sizin hökumətin başçıları ilə birlikdə, onların iştirakı ilə müqavilə imzalandı, - bunun özü tarixi hadisədir, - müqaviləni də siz imzaladınız.

Cənab Kuns, sizin ARDNŞ ilə birlikdə suyun dərin qatlarında yerləşən B-9 adlı blok üzərində də işlədiyiniz, həmin struktur barədə də tezliklə müqavilə bağlanması, B-9 yatağına ad verilməsinin məqsədəuyğunluğuna dair söylədiklərinizlə bağlı bildirirəm ki, bu müvəqqəti addır, müqavilə imzalananda bunun da adı olacaqdır. Natiq Əliyevə tapşıraram, mənə məlumat versin.

Xəzərdəki qaz yataqlarının ehtiyatı istismarı və mavi yanacağın həcmi barədə "Eksson" şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə təkliflər hazırlayacağı və yaxın bir neçə həftə ərzində bunların son təklif halına salınacağı fikri ilə əlaqədar bildirirəm ki, əgər məsələ hazırlanıbsa, Natiq Əliyevə göstəriş verərəm və danışıqlar aparıb son layihəni təqdim edərsiniz. Mən sizin dediklərinizlə razıyam. Bizim regionda da qaza böyük ehtiyac var. Türkiyədə, başqa ölkələrdə də ehtiyac var. Ona görə bu işə tezliklə əməli surətdə başlasaq, çox yaxşı olar. Yeri gəlmişkən, "AMOKO" şirkəti prezidentinin söylədiyinə görə onlar daha dərin qatlarda işləyirlər. Deyilənə görə, 3 min metr dərinlikdə işləmək üçün müqavilə bağlayıblar.

Görüşümüzün sonunda qeyd etmək istəyirəm ki, bizim dostluğumuz çox etibarlıdır və verdiyiniz təkliflərin də hamısına baxacağıq. Qaz yataqlarına dair təklifləri tezləşdirmək haqqında fikirlərinizlə tamamilə razıyam.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003, 11-ci cild, səh.297-299