Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniya səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 6 dekabr 2000-ci il


Endryu Taker: Zati-aliləri, hər şeydən öncə, icazə verin, noyabr ayının 25-də Bakıda və Sumqayıtda baş vermiş zəlzələ ilə əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı verim.

Cənab prezident, Azərbaycana səfir təyin olunmağımı böyük şərəf hissi ilə qəbul etdim. Azərbaycan Böyük Britaniya üçün önəmli ölkədir. Azərbaycanda Böyük Britaniyanın 100-dən çox şirkəti fəaliyyət göstərir, onlar Azərbaycanın inkişafına və çiçəklənməsinə öz töhfələrini vermək istəyirlər. Mən də bu işə yardımçı olmaq əzmindəyəm. Mənim birinci vəzifəm Sizin ölkəniz və xalqınızla daha yaxından tanış olmaqdır. Əminəm ki, burada işlədiyim müddətdə bu vəzifəni həyata keçirməkdən məmnun qalacağam.

İcazə verin, əvvəlki səfirin geri çağırılması və mənim Azərbaycana səfir təyin olunmağım barədə məktubu Sizə təqdim edim.

Heydər Əliyev: Hörmətli cənab səfir, əvvəla, Bakıda və Bakının ətrafında baş vermiş zəlzələ ilə əlaqədar başsağlığınıza görə təşəkkür edirəm. Sizi Böyük Britaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm və bu işlərinizdə sizə uğurlar arzulayıram.

Siz tamamilə doğru buyurdunuz ki, Böyük Britaniya ilə Azərbaycan arasında çox geniş əlaqələr yaranıbdır. Bu əlaqələr bütün sahələri əhatə edir. Biz Böyük Britaniya ilə əlaqələrimizi yüksək qiymətləndirir və bunu çox əhəmiyyətli hesab edirik. Məhz bunun nəticəsidir ki, Azərbaycanda neft sahəsində ən böyük işləri Böyük Britaniyanın şirkətləri aparır. Amma təkcə bu sahədə deyil, siz qeyd etdiniz ki, sizin ölkənizin Azərbaycanda 100-dən artıq şirkəti fəaliyyət göstərir.

Təbiidir ki, əgər Azərbaycanda bunun üçün müvafiq şərait olmasaydı, Böyük Britaniyanın 100-dən artıq şirkəti Azərbaycana gəlməzdi və burada işləməzdi. Şübhəsizdir ki, bu, Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir və dövlət müstəqilliyinin möhkəmlənməsi, inkişaf etməsi ilə əlaqədardır. Xüsusən, bir tərəfdən, Azərbaycanda yaranmış ictimai-siyasi sabitliklə, ikinci tərəfdən də, Azərbaycana xarici investisiyanın gəlməsi üçün lazım olan şəraitin yaranması ilə əlaqədardır. Biz iqtisadi əlaqələrimizin bugünkü səviyyəsindən razıyıq. Ancaq bu sahədə hələ bundan sonra da daha çox işlər görmək olar. Biz öz tərəfimizdən bunda maraqlıyıq və güman edirəm ki, Böyük Britaniya da bunda çox maraqlıdır. Ona görə də bizim əlaqələrimizin bütün sahələrdə - həm iqtisadi, həm siyasi, həm də başqa sahələrdə genişlənməsinin böyük perspektivi vardır. Güman edirəm ki, ölkənizin səfiri kimi siz Azərbaycanda bu əlaqələrin inkişaf etməsinə öz xidmətinizi göstərəcəksiniz. Əmin ola bilərsiniz ki, Azərbaycanda həm Böyük Britaniyanın iqtisadi maraqlarının təmin olunması üçün, həm də Böyük Britaniyanın fövqəladə və səlahiyyətli səfiri kimi sizin səmərəli işləməyiniz üçün lazım olan şərait və imkanlar yaradılacaqdır.

Mən sizi bir daha təbrik edirəm. Sizə Azərbaycanda işlərinizdə uğurlar arzulayıram.

Endryu Taker: Cənab prezident, mən Azərbaycan dilini öyrənirəm. Amma hələ pis danışıram.

Heydər Əliyev: Siz bura gəlməmişdən əvvəl azərbaycanca bilirdiniz, yoxsa yox?

Endryu Taker: Londonda Azərbaycan dilini öyrənirdim.

Heydər Əliyev: Bu, çox gözəldir. Mən bunu çox qiymətləndirirəm. Çünki səfir kimi bir ölkədə işləmək üçün o xalqı yaxşı tanımaq lazımdır, onun dilini, mədəniyyətini, tarixini, milli-mədəni ənənələrini bilmək lazımdır və xalqın mentalitetini bilmək lazımdır. Təəssüf ki, bəzən Qərb məmurları - səfir, yaxud da başqa işdə işləyənlər - müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla əlaqə saxlayarkən hər şeyi öz ölkəsinin vəziyyəti ilə müqayisə edir. O gözlə baxır. Bu isə zərərlidir. Çünki bu, səfir üçün və səfirin təmsil etdiyi ölkə üçün səfirin çalışdığı ölkədə real obyektiv vəziyyəti əks etdirməyə imkan vermir.

Dünyada bir-birinə bənzər iki xalq yoxdur. Sizin ölkəni götürün. Onun cənubu ilə şimalına baxın. Yaxud da Böyük Britaniya ilə İrlandiyaya baxın. Yaxud Uelsə, Edinburqa baxın. Çox böyük fərqlər görərsiniz.

Məsələn, mən sizin ölkənizdə olanda Londona, sonra Edinburqa getdim. Edinburqda olan adamlar hesab edirlər ki, onlar tamamilə başqa adamlardır, nəinki ingilislər. Amma mənim bu sözlərim təkcə milli fərqə aid deyildir. Bütün sahələrə aiddir.

İngiltərə Avropanın ən qədim ölkələrindən biridir və vaxtilə dünyanın böyük bir hissəsini zəbt edib özünün müstəmləkəsinə çevirmişdi. Şərqə baxanda, Avropanın şərq tərəfinə baxanda - burada müxtəlif xalqlar var, müxtəlif dillər, mədəniyyətlər vardır. O cümlədən Azərbaycan da özünəməxsus mədəniyyətə, ənənələrə malikdir. Bunları bilmək və həmişə nəzərə almaq lazımdır.

Ona görə mən çox məmnunam ki, siz Azərbaycan dilini öyrənməyə başlamısınız. Bu sahədə sizə uğurlar arzulayıram. Amma təkcə dili yox, tarixi də bilmək lazımdır, adət-ənənələri, milli-mənəvi dəyərləri də bilmək lazımdır. Bu, dildən də vacibdir. Güman edirəm, bir halda ki, belə həvəslə işləməyə başlamısınız, siz bunlara nail ola bilərsiniz.

Endryu Taker: Cənab prezident, çox sağ olun. Azərbaycanın mədəniyyətindən, Azərbaycanın özünəməxsusluğundan bildiyim odur ki, azərbaycanlılar öz mədəniyyətləri, ənənələri ilə hər zaman qürur duyublar, fəxr ediblər. Bu, həm qədim dövrlərə, atəşpərəstlik, oda sitayiş dövrünə, həm də Babəkin dövrünə gedib çıxır.

Heydər Əliyev: Tarixi bilirsiniz.

Endryu Taker: Mən bundan əvvəlki vəzifəmlə, keçmiş Sovetlər İttifaqı dövründə çalışdığım vəzifələrlə əlaqədar olaraq Azərbaycanın son tarixindən də xəbərdaram. Artıq anlamışam və dərk etmişəm ki, Azərbaycan öz müstəqilliyinin, azadlığının möhkəmləndirilməsi və gücləndirilməsi yolunu tutubdur və Siz bu yolda əzmlə irəliləyirsiniz. Mən bu sahədə heç cür səhv etmərəm.

Ümidvaram ki, gələn ay Azərbaycanın Avropa Şurasına qəbul olunması xəbəri təsdiqlənəcəkdir və bundan sonra biz - Böyük Britaniya Avropanın qərb sahillərində, Azərbaycan isə Avropanın şərq sahillərində - eyni dəyərləri bölüşəcək və eyni vəzifələr uğrunda birgə səylər qoyacağıq.

Heydər Əliyev: Sizin ölkənin köməkliyi ilə.

Endryu Taker: Mən Sizin nazirlər ilə görüş zamanı onlara söyləmişəm ki, Böyük Britaniya 50 ildir Avropa Şurasının üzvü olmasına baxmayaraq, indinin özündə də biz qanunvericiliyimizdə düzəlişlər aparır, qanunlarımızı dəyişirik ki, Avropa Şurasının standartlarına uyğunlaşdıraq. Beləliklə, biz birlikdə öyrənəcəyik.

Heydər Əliyev: Yox, əlbəttə ki, siz çox irəliyə getmisiniz. Amma biz də Avropa Şurasına daxil olmaq istəyirik. Bu, bizim sərbəst iradəmizdir. Əgər istəməsəydik, daxil olmazdıq. Bizi heç kəs məcbur etmir ki, Avropa Şurasına daxil olaq. Ayrı-ayrı ölkələrdə, o cümlədən Avropa ölkələrində bəziləri və onların səsinə səs verərək Azərbaycanda müəyyən dairələr, xüsusən müxalifət dairələri belə hesab edirlər ki, guya biz Avropa Şurasına daxil olmaqdan ötrü əldən gedəcəyik.

Biz doqquz ildir müstəqil yaşayırıq və Avropa Şurasına o qədər ehtiyacımız olmayıbdır. Ən böyük ehtiyacımız olubdur ki, Avropa ölkələri, o cümlədən Avropa Şurası Ermənistanın Azərbaycana etdiyi təcavüzün qarşısının alınmasında bizə yardım etsin. Bu yardımı da almamışıq. Ona görə də Avropa Şurasına qəbul olub-olmamaq bizim üçün, dövlət üçün heç bir problem deyildir. Biz istəyirik ki, qəbul olaq. Çünki necə ki, siz dediniz, 50 ildir Avropa Şurasındasınız və hələ də öz qanunlarınızı Avropa Şurasının standartlarına uyğunlaşdırırsınız, biz də bunu istəyirik. Amma bizim qarşımıza çəpər çəkmək istəyənlər, yaxud da bu məsələdə bizə mane olmaq istəyənlər səhv edirlər. Məhəbbət qarşılıqlı olmalıdır. Mən səni sevirəm, sən də məni sevməlisən. Sən məni sevməsən, mən də səni sevməyəcəyəm. Bu, adi bir şeydir. Bu, həm insanlara aiddir, həm xalqlara, həm də ölkələrə aiddir.

Dünya ölkələrinin əksəriyyəti Avropa Şurasında deyildir. İndi Birləşmiş Millətlər Təşkilatında 199 ölkə təmsil olunubdur. Avropa Şurasında 41 ölkədir. 199-dan 41-ni çıxsaq, qalanları yaşaya bilmirlər? Mən bunu sizə aid etmirəm. Baxmayaraq ki, sizin ölkənin Avropa Şurasında olan parlament nümayəndələri də bizə bəzən mane olmağa çalışıblar. Mən sadəcə, dövlət başçısı kimi, burada açıq-aydın öz fikrimi bildirirəm. Eyn zamanda, ümid edirəm ki, biz Avropa Şurasına daxil olacağıq və sizinlə birlikdə daha yaxın əməkdaşlıq edəcəyik.

Endryu Taker: Cənab prezident, məhəbbət həm də hörmətlə müşayiət olunur.

Heydər Əliyev: Əlbəttə, hörmət olmasa, məhəbbət olmaz.

Endryu Taker: Bəli, ona görə də biz bir-birimizə hörmətlə yanaşmalıyıq. Mən hər zaman belə bir fikirdə olmuşam ki, güclü, demokratik Azərbaycan Avropa Şurasına nə qədər lazımdırsa, Avropa Şurası da Azərbaycana bir o qədər lazımdır. Bu, qarşılıqlı ehtiyacdır.

Heydər Əliyev: Siz yüz faiz mənim fikirlərimi söyləyirsiniz.

Endryu Taker: Cənab prezident, bilirəm ki, Siz bizim ölkəmizi yaxşı tanıyırsınız. Mən buna görə Sizə hörmət bəsləyirəm. Onu da deyim ki, mən özüm şimaldanam, xanımım isə cənubdandır. Hətta biz özümüz ailədə bir-birimizin adət-ənənələrinə öyrəşərək birgə yaşamışıq, bu təcrübəni bölüşmüşük.

Azərbaycanda səfir kimi fəaliyyətim dövründə qarşıya qoyduğum ən böyük vəzifələrdən biri ölkələrimizin xalqlarının, xüsusən də gənclərin bir-biri barədə daha ətraflı məlumata malik olmasına töhfə vermək, bu işə yardımçı olmaqdır. Çox məmnun oldum ki, Siz mənə xeyir-dua verdiniz və ölkənizin hər bir guşəsinə gedərək, insanlarla daha yaxından tanış olmağım üçün hər cür şərait yaradılacağını söylədiniz.

Heydər Əliyev: Sağ olun. Mən çox məmnunam.


"Azərbaycan" qəzeti, 7 dekabr 2000-ci il.