Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının istiqlaliyyət gününün 219-cu ildönümü münasibətilə təşkil edilmiş bayram mərasimində nitqi - Bakı, ABŞ səfirliyi, 4 iyul 1995-ci il


Cənab səfir, hörmətli xanımlar və cənablar!

Sizi ABŞ-ın istiqlaliyyət qazanmasının 219-cu ildönümü münasibətilə təbrik edirəm, Amerika xalqına səadət, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Amerika xalqı öz dövlət müstəqilliyini əldə edəndən sonra iki əsrdən artıq müddətdə böyük bir yol keçib və çoxlu nailiyyətlər əldə edibdir. Bu dövrdə əzəmətli bir dövlət yaradılmış, demokratik prinsiplərlə yaşayan bir cəmiyyət qurulmuşdur. ABŞ-ın iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir. İndi bu ölkə dünyanın ən inkişaf etmiş, qabaqcıl dövlətidir. Ən böyük nailiyyət ondan ibarətdir ki, amerikalılar özlərinə sərbəst, rifah içərisində yaşamaq üçün şərait yarada bilmişlər və öz daxili imkanlarından, ölkənin potensialından hər bir vətəndaşın rifahı naminə istifadə etməyi bacarıblar.

ABŞ-ın keçdiyi böyük yol Amerikada bərqərar olmuş demokratik dövlət və cəmiyyət, insan hüquqları bütün dünya ölkələri üçün zəngin təcrübə mənbəyinə çevrilibdir. ABŞ dünyanın böyük və əzəmətli dövlətidir. Onun beynəlxalq aləmdə tutduğu yer və yeritdiyi siyasət dünyada gedən ictimai-siyasi proseslərə müsbət təsir göstərir. Bunların hamısı dünyanın hər bir yerində, o cümlədən də Azərbaycanda ABŞ-a, onun dövlət quruluşuna, demokratik cəmiyyətinə yüksək hörmət və ehtiram hissi oyadır.

Biz 219 il müddətində Amerika xalqının müstəqillik şəraitində yaşadığını görüb sevinirik və şübhəsiz ki, onu özümüz üçün örnək hesab edirik. Gənc müstəqil dövlət kimi Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatlarının keçdiyi yoldan və onun bugünkü həyatından, təcrübəsindən istifadə edir və bundan sonra da istifadə edəcəkdir. Hesab edirik ki, bunlar respublikamızın öx müstəqilliyini möhkəmləndirməsi və daim azad şəraitdə yaşaması üçün çox faydalı olacaqdır.

Biz azərbaycanlılar üçün, müstəqil respublikamız üçün ABŞ dost ölkədir. Biz bu dostluq əlaqələrini yüksək qiymətləndiririk və dostluq münasibətlərimizə daim sadiq qalacağımızı bildiririk. ABŞ dövlətinin, xüsusən hörmətli cənab prezident Bill Klintonun məktublarında Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün tərəfdarı olduğunu və onu dəstəklədiyini bəyan etməsini mən yüksək qiymətləndirirəm və buna görə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Biz gənc müstəqil dövlətik. Ancaq müstəqilliyimizin möhkəmlənməsi və inkişaf etməsi üçün çox böyük dəstək və köməyə ehtiyacımız var. Respublikamızın ərazi bütövlüyü pozulub. Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıbdır. Bunun nəticəsində torpaqlarımızın 20 faizindən çoxu erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bir milyondan artıq vətəndaşımız öz evindən, yurdundan qaçqın düşübdür. Belə bir zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və bu məsələlərin sülh yolu ilə həll olunması üçün bizim hər bir ölkədən yardıma ehtiyacımız var. Amerika Birləşmiş Ştatlarının, onun prezidentinin bu məsələlərə münasibəti və prinsipial mövqeyi bizdə böyük hüsn-rəğbət oyadır.

ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın, dostluq əlaqələrinin inkişafı üçün çox böyük imkanlar var. Biz bu imkanlardan səmərəli istifadə etməyə çalışırıq. Azərbaycan Respublikasının neft sərvətlərindən müştərək istifadə olunması barədə keçən ilin sentyabrında imzalanmış müqavilədə və həmin layihənin həyata keçirilməsi üçün yaradılmış neft konsorsiumunda ABŞ-ın beş neft şirkəti iştirak edir.

Bu, əməkdaşlıq yolunda atdığımız ilk addımdır. Ancaq bizim imkanlarımız böyükdür. Güman edirəm ki, biz gələcəkdə yeni-yeni addımlar atacaq və əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirəcəyik. Hər halda Azərbaycanda qısa zaman ərzində bir çox Amerika şirkətlərinin nümayəndəlikləri vardır. ABŞ vətəndaşları daim burada olur və respublikamıza tez-tez gəlirlər. Bunların hamısı bizim üçün sevindirici hallardır. Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan vətəndaşları da ABŞ-a yol aça biliblər. Respublikamızdan orada təhsil alanlar, təcrübəyə gedənlər, iş öyrənmək üçün bu ölkədə yaşayanlar da var. Bunlar da çox müsbət haldır. Güman edirəm ki, belə işlər gələcəkdə bizi daha da sevindirəcəkdir.

Azərbaycanın paytaxtı Bakı şəhərində Amerika Birləşmiş Ştatlarının belə bir gözəl bağçası, səfirlik binası, ən başlıcası isə burada hörmətli səfir və gözəl işçilər vardır. Fikrimcə, Bakının bu gözəl guşəsində heç vaxt Azərbaycanın bu qədər vətəndaşı, möhtərəm adamları toplaşmamışdı. Bu toplantının səbəbi 4 iyul bayramıdır. Azərbaycan Respublikasının buraya toplaşmış rəsmi nümayəndələri, ziyalıları ABŞ-a, onun böyük tarixinə və bayramına öz hörmət və ehtiramını bildirmək üçün gəliblər.

Hörmətli cənab səfir Kozlariç bayaq saata baxıb dedi ki, ABŞ-ın bir hissəsində indi bayram başlayıb, digər hissəsinə isə hələ gəlib çatmayıbdır. Ancaq mən cənab səfirə demək istəyirəm ki, müstəqil Azərbaycanın hər guşəsində - şərqində, qərbində, şimalında, cənubunda 4 iyul bayramı bu gün qeyd olunur. Mən bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Hamınıza, Amerikanın bütün vətəndaşlarına cansağlığı və xoşbəxtlik arzu edirəm.

Bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 5 iyul 1995-ci il