Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Azərbaycanlıları Konqresinin başçısı ilə görüşündəki söhbətindən - Kiyev, Azərbaycan prezidentinin iqamətgahı 30 noyabr 1999-cu il


Tələt Əliyev: Cənab prezident, xoş gördük Sizi. Ukraynada yaşayan bütün azərbaycanlılar Sizi səmimi-qəlbdən salamlayırlar.

Məlumat verim ki, bizim konqres Ukraynanın 15 vilayətində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri nümayəndələrinin iştirakı ilə bu ilin mart ayında keçirilmiş konfransda yaranmışdır. Konqresin yaranmasında Azərbaycanın Ukraynadakı səfirliyinin də xüsusi əməyi var və biz bunu yüksək qiymətləndiririk.

Cənab prezident, biz Ukraynada Azərbaycan diasporunun yaranmasını bu barədə Sizin ideyanızın həyata keçməsinin nəticəsi hesab edirik. Biz Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Sizin müraciətinizi özümüz üçün fəaliyyət proqramı qəbul etmişik və bütün işimizi bu proqram əsasında qururuq. Konqresimiz gənc olmasına baxmayaraq, Ukraynanın 18 vilayətində ilk təşkilatlarımız fəaliyyətə başlayıblar. Allah qoysa, gələn ilin mart ayına, yəni konqresimizin yubileyinə qədər Ukraynanın 27 vilayətinin hər birində öz təşkilatımızı yaradacağıq. Bizim əsas məqsədimiz Ukraynada yaşayan 500 minə qədər azərbaycanlını konqresimiz ətrafında birləşdirməkdən ibarətdir. Cənab prezident, konqresimizin rəmzi Yer kürəsində yaşayan bütün azərbaycanlıların həmrəyliyi barədə Sizin ideyanızdan yaranıbdır.

Hörmətli prezident, Ukraynada yaşayan azərbaycanlılaroğullarmız, qızlarınız Sizinlə fəxr edirlər. Çünki, bütün dünya Sizi dahi bir insan, dahi bir siyasi xadim, dövlət xadimi kimi tanıyır. Rusiyanın Baş naziri cənab Putin də bu gün bu barədə danışdı. Biz böyük iftixar hissi keçiririk ki, Sizin kimi dahi bir rəhbərimiz vardır.

Cənab prezident, biz çox sevinirik ki, xalqımızın sizin kimi dahi dövlət xadimi, vətənini, xalqını sevən müdrik bir oğlu vardır. Onu da bilin ki, Ukraynada yaşayan azərbaycanlılar sizin ideyalarınızı, daxili və xarici siyasətinizi tam dəstəkləyir, ürəkdən bəyənirlər. Biz keçirdiyimiz hər bir iclasda, məclisdə bütün bunlar barədə ürəkdən söhbət açırıq, soydaşlarımızla geniş izahat işləri aparırıq. Onlar Sizin siyasətinizi çox gözəl və dərindən başa düşürlər, ürəkdən qəbul edirlər. Biz Sizin siyasətinizi həmişə dəstəkləmişik və indən sonra da dəstəkləyəcəyik, ideyalarınızı, xarici və daxili siyasət sahəsində qazandığınız uğurları geniş təbliğ edirik və edəcəyik.

Cənab prezident, məlumat verim ki, bu günlərdə Ukraynada keçirilən prezident seçkilərində biz cənab Leonid Kuçmanın namizədliyini müdafiə etdik. Ukraynada yaşayan azsaylı xalqlar içərisində Azərbaycanlılar Konqresinin nümayəndələri prezident seçkisi kampaniyasında çox böyük fəallıqla iştirak etdilər. Mətbuatda, televiziyada, iclaslarda tez-tez çıxışlar etdik, bu barədə fikirlərimizi açıq bildirdik ki, biz Leonid Kuçmanı dəstəkləyirik. Əsas səbəblərdən danışarkən onu da bildirdik ki, Leonid Kuçmanın Azərbaycanın dahi rəhbəri Heydər Əliyevlə sıx dostluq əlaqələri vardır. Hər iki ölkənin rəhbərlərinin dostluğu Azərbaycan ilə Ukrayna arasında tarixi əlaqələrin daha da möhkəmləndirilməsinə güclü təkan vermişdir. Ukraynada yaşayan azərbaycanlılar da bu əlaqələrin gündən-günə möhkəmləndirilməsinə çalışacaqlar. Cənab Leonid Kuçma prezident seçkilərindən sonra bizə minnətdarlıq məktubu göndərdi, konqresimizin üzvlərinə təşəkkürünü bildirdi. O, öz məktubunda yazmışdı ki, Ukraynada yaşayan azsaylı xalqların hamısının bir yerə yığışıb ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğunda yaxından iştirak etməsi məni sevindirir və mən Ukraynanın gələcəyini parlaq görürəm.

Heydər Əliyev: Çox sağ olun, verilən məlumata və səmimi sözlərə görə təşəkkür edirəm. Mən bundan çox məmnunam. Xatirinizdədir, mən Ukraynaya rəsmi səfərə gəldiyim zaman çox arzu edirdim ki, burada yaşayan soydaşlarımız birləşsinlər. Dediniz ki, Ukraynada 500 min nəfər azərbaycanlı yaşayır. Bu, böyük bir qüvvədir. Onlar birləşəndə, birincisi, bir-birinə yardım, kömək edəcəklər, ikincisi, xalqımızın adət-ənənələrini, dilimizi unutmağa qoymayacaqlar. Bilirsiniz ki, başqa ölkələrdə yaşayan azərbaycanlılar - təkcə azərbaycanlılar deyil, başqa xalqlar da - müəyyən bir müddətdən sonar assimilyasiya prosesinin təsiri altına düşürlər. Təəssüf ki, azərbaycanlılar arasında bu zəiflik daha da çoxdur, yəni onlar assimilyasiya prosesinin təsirinə məruz qalırlar. Ona görə də sizin bir yerdə olmağınız, bir-birinizə kömək etməyiniz, bir-birinizə dayaq olmağınız və Azərbaycanla daim əlaqə saxlamağınız nəticəsində, yenə də deyirəm, dilimizi, mədəniyyətimizi, musiqimizi, adət-ənənələrimizi unutmayacaqsınız. Bu, böyük məsələdir - gərək xalq, millət yaşasın. Əlbəttə, hər bir ölkənin ayrıca xalqı var. Amma dünyada elə bir ölkə yoxdur ki, orada başqa xalqlar da yaşamasın. Ancaq orada yaşayan xalqın diasporu, birliyi olanda, o diaspor ölkə üçün də yaşayır. Diasporda birlik olanda, demək, orada yaşayan hər bir azərbaycanlının hüququnu qoruya biləcək, ona kömək edəcəkdir. Diasporda birlik olanda ona hökumət tərəfindən münasibət də, əlbəttə, həmişə müsbət olacaqdır.

Mən ötən dəfə bu barədə danışmışdım. Çox məmnunam ki, siz qısa bir zamanda bu işə nail olmusunuz. Sənin burada verdiyin məlumatlar məni çox sevindirdi. Bilirəm ki, Azərbaycanın Ukraynadakı səfirliyi də sizə bu işdə kömək edir. Mən səfirə bu barədə göstəriş vermişdim. Əgər siz özünüz bu işə girişməsəydiniz, səfirlik burada heç bir şey edə bilməzdi. Demək olar ki, siz başqa respublikalara nisbətən bir nümunəsiniz. Rusiyada da azərbaycanlılar çox yaşayır. Orada da bəzi diasporlarda birlik vardır, amma bəzilərində yoxdur. Məsələn, Moskva kimi şəhərdə çoxlu azərbaycanlı yaşayır, amma mən onların birliyini hiss etmirəm. Onlar bəzən də birbiri ilə ədavət aparırlar. Deməli, siz birlik sahəsində yaxşı nümunəsiniz. Mən çox məmnunam. Ukrayna ilə Azərbaycan arasında çox yaxın dostluq əlaqələri vardır. Prezident Kuçma ilə mənim şəxsi dostluğum vardır. Bilirsiniz ki, biz sizə əlimizdən gələn köməyi etmişik və edirik. Yay mövsümündə taxıl yığımı zamanı Ukraynada çox gərgin bir vəziyyət var idi. Biz buraya dərhal lazım olan qədər yanacaq göndərdik. Sonra mənim televiziya ilə müsahibəm olmuşdur. Həmin müsahibə Ukrayna televiziyasında bir neçə dəfə verilibdir. Bu müsahibədə mən Leonid Kuçma barədə öz fikirlərimi dedim və bildirdim ki, Ukrayna xalqı üçün bu seçim daha əlverişli olacaqdır. Mən çox sevinirəm ki, o seçildi. Məhz mənim ona olan hörmətimə və bizim şəxsi əlaqəmizə görə də mən bu gün buraya gəlmişəm.

Mən noyabrın 27-28-də Türkiyədə səfərdə idim. Dünən Bakıda olmuşam, bu gün də buraya gəlmişəm. Dekabrın 2-də isə Bolqarıstan prezidenti Azərbaycana səfərə gəlir. Yəni işlər çoxdur. Amma buna baxmayaraq, mən buraya gəlməyimi vacib bildim və bundan da çox razıyam. Azərbaycanla da daim əlaqə saxlayın. Oradan nə lazımdırsa - kitab, material, film və s. göndərsinlər. Mən bunları ona görə deyirəm ki, gərək biz uşaqların təhsilinə xüsusi diqqət yetirək.

Nazim İbrahimov (Azərbaycanın Ukraynadakı səfiri): Cənab prezident, biz burada Azərbaycan dilində iki məktəb açmışıq.

Heydər Əliyev: Bu, çox yaxşı məsələdir. Uşaqlar, ola bilər, gedib rus, Ukrayna dilində oxusunlar, amma gərək öz dilini, ədəbiyyatını, öz şairlərinin əsərlərini unutmasınlar, öz xalqının tarixini bilsinlər. İnsan gərək öz kökünü, tarixini bilsin, öz millətini yaxşı tanısın. Ümumən, qoy vətənpərvər böyüsünlər, öz milləti, vətəni ilə bağlı olsunlar və yaşadıqları ölkədə daha da yaxşı yaşasınlar. Sizin indiyə qədər gördüyünüz işləri müsbət qiymətləndirirəm və ümidvaram ki, bu ahənglə getsəniz daha da böyük nailiyyətlər əldə edəcəksiniz.

Tələt Əliyev: Cənab prezident, Kiyevdə böyük bir Azərbaycan ansamblı yaradılıbdır. İnşallah, dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə birinci konsertimiz olacaqdır. Ansamblın bədii rəhbəri bizim azərbaycanlımız, Ukraynanın əməkdar artisti Qurban Abbasovdur. Çalışacağıq ki, bu konserti Ukrayna televiziyası ətraflı işıqlandırsın. Bu gün ansamblın məşqi gedir. Azərbaycanın mədəniyyət naziri bizə müəyyən kömək göstəribdir. Ümumiyyətlə, demək istəyirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi, «Azərbaycan Hava Yolları» Dövlət Konserni, respublikanın təhsil və mədəniyyət nazirlikləri bizə böyük məmnuniyyətlə kömək göstərirlər. Biz onlardan çox razıyıq və minnətdarlığımızı bildiririk.

Cənab prezident, bütün bunların hamısı Sizin adınızla bağlıdır. Çünki Sizin kimi dahi bir insanın Azərbaycan dövlətinə rəhbərlik etməsi xalqımızın məğrur bir xalq olmasına gətirib çıxarıb. Siz 1997- ci ildə bizə tövsiyə etdiniz ki, harada olursunuzsa - olun, dilinizi, dininizi, əcdadınızı, ulu babalarmızı unutmayın, qəlbiniz, ürəyiniz həmişə Azərbaycanla döyünsün. Ona görə də biz bu gün burada məktəblər açırıq, ansambl yaradırıq. Biz çalışırıq ki, burada yaşayan istedadlı azərbaycanlı uşaqları aşkara çıxaraq, Azərbaycan xalqının necə gözəl xalq olduğunu bütün Ukraynada göstərək. Cənab prezident, biz gördüyümüz bütün bu işləri məhz Sizin tövsiyələrinizdən ruhlanaraq etmişik.

Heydər Əliyev: Çox gözəl. Mən bunlardan çox məmnunam. Sizə təşəkkür edirəm. Ukraynada yaşayan bütün azərbaycanlılara mənim salamımı çatdırın. Mən güman edirəm ki, siz bundan sonra da uğurlar qazanacaqsınız.

Tələt Əliyev: Cənab prezident, Ukraynada yaşayan bütün azərbaycanlılar Sizə çox böyük cansağlığı arzu edirlər. Biz arzu edirik ki, xalqımızın Sizin kimi müdrik bir oğlu həmişə ölkəmizə rəhbərlik etsin. Azərbaycanı, xalqımızı, vətənimizi işıqlı günə çıxaracaq yeganə şəxsiyyət Sizsiniz, Heydər Əliyevdir. Biz həmişə bu fikirdəyik və bu fikirdə olacağıq. Sağ olun.

Heydər Əliyev: Sağ olun.

Oçerklər


Tarixi arayış

DİASPOR


Əlavə sənədlər

DİASPOR