Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Hərbi kollecinin nümayəndələri ilə görüşdə söhbətindən - 4 mart 2000-ci il


Elizabet Şelton (ABŞ-ınAzərbaycandakı səfirliyinin müşaviri): Cənab prezident, çox böyük nəvaziş göstərib, vaxt ayırıb bu gün bizim qrupumuzla görüşürsünüz. Mən elə bilirəm ki, bu qrupla görüş Sizin üçün çox maraqlı olacaqdır.

Cənab prezident, bu qrupun üzvləri zabitlərdir və onlar Amerika Birləşmiş Ştatlarının Hərbi Donanmasını və Hərbi Hava Qüvvələrini təmsil edirlər. İcazə verin, bizim hərbi kolleclərimizin iş sistemini bir dəqiqə ərzində Sizə izah edim.

Cənab prezident, ABŞ-da belə bir qayda var: orduda fərqlənən zabitlərə bir il müddətində imkan verilir ki, onlar, bizim dediyimiz kimi, bayraq səviyyəsində zabit kimi yetişsinlər, o rütbəyə çatsınlar. Yəni polkovnik, general, admiral rütbəsi alsınlar. Gözlədiyimizə görə, bu zabitlər gələcəkdə Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələrində çox yüksək rütbələr alacaqlar.

Ona görə də bu gün Sizinlə görüşə gələnlər qeyri-adi zabitlərdir. Onlara bir il vaxt ayrılmışdır ki, milli təhlükəsizlik və müdafiə strategiyasını öyrənsinlər. Onlar tədris proqramının praktiki hissəsi kimi müxtəlif ölkələrə səyahətə gedir və həmin ölkələrin liderləri ilə görüşürlər ki, Amerika Birləşmiş Ştatlarının maraq bəslədiyi bu ölkələrdə təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etsinlər.

Onlar çox şaddırlar ki, bu gün Sizinlə görüşə gəliblər. Mən də səfirlik adından Sizə minnətdaram ki, onlara bu imkanı vermisiniz ki. gələcək strategiyanı müəyyən etsinlər. Onlar müxtəlif ölkələrə gedərkən bu səviyyədə görüşməyə heç də həmişə imkanları olmur. Ona görə də Sizə xüsusi minnətdarıq.

Cənab prezident, biz istərdik Sizi söhbətə dəvət edək ki, zabitlərə Azərbaycanın bu regiondakı strateji əhəmiyyəti haqqında məlumat verəsiniz. İcazənizlə, Siz söhbəti bitirdikdən sonra onlar Sizə bir neçə sualla müraciət etmək istəyirlər. Bu görüşə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Səfir Eskudero hazırda Birləşmiş Ştatlardadır, Sizə ən xoş arzularını yetirir və bir həftəyə Azərbaycana dönəcəkdir.

Siz Amerika Birləşmiş Ştatlarında olarkən, orada görüşlər keçirərkən hiss etdiniz ki, ABŞ-ın strateji maraqları baxımından Azərbaycan nə dərəcədə vacib ölkədir. Onu da deyim ki, mən qrupun üzvlərinə məsləhət görmüşəm ki, Zbiqnev Bjezinskinin "Böyük şahmat taxtası" kitabını oxusunlar. Cənab prezident, çox sağ olsun.

Heydər Əliyev: Mən sizin hamınızı salamlayır və "Azərbaycana xoş gəlmisiniz!" deyirəm. Güman edirəm ki, burada olduğunuz müddətdə bizim ölkə ilə tanış ola bilmisiniz. Mənim bildiyimə görə, siz bizim müdafiə naziri, xarici işlər naziri ilə görüşmüsünüz. Başqa görüşlər də olubdur?

Elizabet Şelton: Bəli, olubdur.

Heydər Əliyev: Deməli, Azərbaycanı tanıyırsınız və mənim sizə geniş məlumat verməyimə ehtiyac yoxdur. Bu, mənim vəziyyətimi yüngülləşdirir.

Mən məmnunam ki, Amerika Birləşmiş Ştatlarında, onun dövlətində və Müdafiə Nazirliyində, hərbi hissələrində Azərbaycana diqqət çox artıbdır. Ola bilər, burada oturanların çoxu beş-altı il bundan öncə Azərbaycan kimi bir ölkənin olmasını heç bilmirdilər.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, təbiidir ki, dünyada günü-gündən çox tanınmağa başlayıbdır. Hər bir müstəqil dövlət, Birləşmiş Millətlər Təşkilatının üzvü, təbiidir ki, dünya ölkələrində az da olsa, çox da olsa tanınır. Amma çox böyük maraq mövzusu olan ölkələr var ki, onu sadəcə tanıyırsan və xəritədə göstərə bilirsən ki, bu ölkə nədir. Bundan artıq məlumat almağa ehtiyac olmur.

Bir daha bildirirəm, son illər - Sovetlər İttifaqı dağılandan sonra, Sovetlər İttifaqına mənsub olan respublikalar dövlət müstəqilliyi əldə edəndən sonra dünyanın bir çox ölkələrində bizlərə, o cümlədən Azərbaycana maraq çox artıbdır. Bu baxımdan, hesab edirəm, indi Qafqaz daha çox böyük maraq doğurur. Zahirən ona görə ki, Qafqazda münaqişələr var, müharibələr gedir, qan tökülür. Amma Qafqazla dərindən tanış olanlar, güman edirəm, hiss edirlər ki, Qafqaz dünyanın maraqlı regionudur. Burada, dünya miqyasında kiçik bir ərazidə çox millətlər yaşayır. Bu millətlərdən hər birinin çox qədim tarixi var. Vaxtilə bu millətlərin arasında dostluq da, ziddiyyətlər də olubdur. Ancaq XX əsrin sonunda ziddiyyətlər, münaqişələr də var.

Azərbaycan Qafqazda, Cənubi Qafqazda yerləşən, çox mühüm coğrafi-strateji əhəmiyyətə malik olan bir ölkədir. Birincisi, Azərbaycanı əhatə edən ölkələrə, qonşulara görə. İkincisi, Azərbaycan Avropa ilə Asiya, Şərqlə Qərb arasında, onların qovuşduğu yerdə yerləşdiyinə görə. Üçüncüsü, Azərbaycan Xəzər dənizində geniş mövqeyə malikdir və Xəzər dənizi sahilində ən böyük şəhər, ən böyük liman Bakı şəhəridir və o, Azərbaycanın paytaxtıdır.

Azərbaycanın keçmişini tanıyanlar Azərbaycanı bir neft ölkəsi kimi tanıyırlar. Bu da təbiidir. Çünki neft dünyada həmişə maraqlı bir material olubdur. Bu gün də Azərbaycan dünyanın çox böyük neft ölkələrindən biridir. Amma Azərbaycanın çox maraqlı təbiəti var. Burada hər şey görmək olur: həm çox hündür dağları - Qafqaz dağlarını, həm də səhraları, həm böyük çayları, gölləri, həm də subtropik zonanı. Azərbaycanlılar öz ölkələrini çox sevirlər. Mən onların içərisində, hesab edirəm, birinci yerlərdə duran adamam. Son illərdə dünyada gedən proseslər Azərbaycanın coğrafi-strateji əhəmiyyətini daha da artırıbdır.

Bilirsiniz ki, Azərbaycanın indi çox böyük problemləri vardır. Əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 12 ildən artıqdır ki, bu münaqişə başlayıbdır. Bəzi səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır. Onların əksəriyyəti uzun müddət çadırlarda yaşayır. Ermənistanla Azərbaycan arasında müharibə gedib. Biz indi də müharibə şəraitindəyik, ancaq döyüşlər yoxdur. Çünki 1994-cü ildə biz atəşin dayandırılması haqqında saziş imzalamışıq və məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Bunun da əsas prinsipləri ondan ibarətdir ki, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlar azad olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, yerindən-yurdundan didərgin düşmüş insanlar öz yerlərinə qayıtmalıdır. Kiçik bir vilayət olan Dağlıq Qarabağ - hansına görə ki, münaqişə başlayıbdır - bu da Azərbaycanın torpağıdır, Azərbaycanın tərkibində özünüidarəetmə statusuna malik ola bilər.

Bu məsələlərlə indi ATƏT məşğul olur, onun Minsk qrupu məşğul olur və Minsk qrupunun həmsədrləri Rusiyadır, Amerika Birləşmiş Ştatlarıdır, Fransadır. Biz məsələnin həll olunması üçün Amerika Birləşmiş Ştatları ilə çox sıx əməkdaşlıq edirik. Mən prezident Bill Klinton ilə bu barədə dəfələrlə görüşüb danışıqlar aparmışam və ABŞ hökumətinin başqa üzvləri ilə də görüşlərim, danışıqlarım olubdur. 15 gün öncə mən sizin ölkədə idim, Vaşinqtonda idim. Prezident Bill Klinton ilə də görüşdüm, xarici işlər naziri xanım Olbrayt ilə də, sizin müdafiə naziri cənab Kohen ilə də görüşdüm, Pentaqonda oldum. Enerji naziri, kənd təsərrüfatı naziri, başqa nazirlər ilə bizim görüşlərimiz, təbiidir ki, Amerika-Azərbaycan əlaqələrinin bütün sahələrini əhatə edirdi. Ancaq Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi bizim müzakirələrimizin əsas mövzusu idi.

Azərbaycan müstəqil dövlət kimi gəncdir, onun ordusu da gəncdir. Ancaq ordu möhkəmlənir, inkişaf edir. Hər bir ölkənin ordusu olduğu kimi, bizimki də olmalıdır. Təbiidir ki, buna hələ çox zaman lazımdır. Biz Amerika Birləşmiş Ştatları ilə bu sahədə bir çox əməkdaşlıq əlaqələri yaratmışıq. Güman edirəm ki, müdafiə naziri bu barədə sizə məlumatlar verdi.

Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edir, Şimali Atlantika Assambleyasının işində iştirak edir və başqa proqramlarda da iştirak edirik. NATO-nun 50 illik yubileyində Azərbaycan da təmsil olunmuşdu. Mən orada Azərbaycanın adından nitq söylədim. Bizim ölkəmiz ümumiyyətlə, Amerika Birləşmiş Ştatları ilə çox sıx əməkdaşlıq etdiyinə görə dövlətimizin müxtəlif orqanları, strukturları da bu əməkdaşlığın iştirakçısıdırlar.

Mən 1999-cu ilin aprel ayında Vaşinqtonda olarkən sizin Hərbi Dəniz Donanmanızı ziyarət etdim. O, Vaşinqtonun yaxınlığında yerləşir. O akademiya ilə çox ətraflı tanış oldum. Mənə çox gözəl təəssüratlar bağışladı. Hətta orada gənc dənizçilərlə birlikdə yemək də yedim. Qəribə şeydir, orada bir yerdə 4 min adam yemək yeyir. Mən yeməkdən qabaq onların qarşısında çıxış etdim və onların xoşuna gələn bir ifadə işlətdim: "Bit arm". Bunu çox alqışladılır. Mənim üçün çox maraqlı idi. Mən gördüm ki, sizin orduda və o cümlədən, Hərbi Dəniz Donanmasında nə qədər təcrübəli və nə qədər yüksək səviyyəli məktəblər var, akademiyalar var və nə qədər yüksək səviyyəli kadrlar hazırlanır.

Təbiidir ki, sizin ordunuz çox güclü ordudur. O, son vaxtlar, İkinci dünya müharibəsindən sonra bir neçə yerdə öz gücünü göstəribdir. Körfəz müharibəsi, sonra Yuqoslasiyada NATO-nun tədbirləri - bunlar hamısı Amerika Birləşmiş Ştatlarının ordusunun və NATO-nun doğrudan da böyük qüdrətə malik olduğunu göstərdi. Bu, bizi sevindirir. Çünki biz Amerika Birləşmiş Ştatları ilə yaxın dostuq, strateji əməkdaşlıq münasibətləri həyata keçiririk və dostumuzun belə güclü ordusunun olması, təbiidir, bizi sevindirir.

İndi ordu müharibə etmək üçün lazım deyil. İndi ordu, sadəcə, dünyada sülhün, təhlükəsizliyin təmin olunması üçün lazımdır. Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələri də məhz bu məqsədi daşıyır. Mənim fikrim budur ki, İkinci dünya müharibəsindən sonra dünyada daha böyük müharibə olmamalıdır. Kiçik müharibələrin də qarşısı alınmalıdır. Buna imkan var. Amerika Birləşmiş Ştatları böyük, qüdrətli dövlət olaraq bu sahədə öz xidmətini göstərməlidir. O cümlədən, Qafqazda da, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında da Amerika Birləşmiş Ştatları gərək öz səylərini artırsın.

Siz ki, belə təcrübədən istifadə edirsiniz, yəni öz təhsilinizi tamamlayarkən ayrı-ayrı ölkələrlə tanış olursunuz və diplomatın dediyi kimi, xüsusi əhəmiyyət daşıyan regionlara gedirsiniz, - bu, çox yaxşıdır. Çünki dünyanı yaxşı bilmək lazımdır və hər bir ölkənin xüsusiyyətini bilmək lazımdır, onun tarixini, mədəniyyətini bilmək lazımdır. Biz çalışırıq özümüz üçün bunu edək. Məsələn, mən hesab etmirəm ki, biz Amerikanı çox yaxşı tanıyırıq. Amerika o qədər qəribə bir ölkədir ki, onu tanımaq üçün çox vaxt lazımdır.

Mən, məsələn, Vaşinqton, Nyu-York, Hyüston, Çikaqo şəhərlərində olmuşam. Amma bütün ştatları gəzmək üçün nə qədər vaxt lazımdır. Doğrudur, Klivlenddə də olmuşam - Ohayo ştatıdır. Mən çox arzu edərdim ki, hamısını görüm. Ancaq mümkün deyil. Amma siz gəncsiniz, çalışın daha da çox görün və sizin nazirliyin, yaxud hökumətinizin bu cür təşəbbüsü, hesab edirəm ki, çox dəyərlidir. Əgər siz bu günlər Azərbaycan haqqında müəyyən təəssüratlar əldə etmisinizsə, bu, bizim üçün də əhəmiyyətlidir.

Biz istəyirik dünyanın hər yerində Azərbaycanı olduğu kimi tanısınlar. Nə üçün? Çünki bəzi hallarda ayrı-ayrı ölkələr haqqında və eləcə də bizim Azərbaycan haqqında müxtəlif ölkələrdə, o cümlədən, Amerikada qeyri-obyektiv məlumatlar verirlər, dezinformasiya verirlər. Biz çalışırıq onların qarşısını alaq. Biz çalışırıq inandıraq ki, Azərbaycan haqqında yazılan yalanlar həqiqətən yalandır. Amma bizim ölkəyə gələn adamlar Azərbaycanı öz gözləri ilə görürlər. Doğrudur, deyə bilmərəm ki, gələn adamların hamısı Azərbaycandan yaxşı təəssüratla gedir. Burada da səbəb var. Bəziləri, sadəcə, sizin kimi tanış olmaq, bilmək və təəssüratlar toplamaq üçün gəlirlər. Bəziləri - bu, xüsusən jurnalistlər olur - burada neqativ halları araşdırıb öz qəzetlərində yazmaq üçün gəlirlər. Hər bir ölkədə neqativ hallar var. Dünyada hələ ideal yer yoxdur. O cümlədən siz də öz ölkənizi hər yerdə ideal hesab edə bilməzsiniz. Mən bununla demək istəmirəm ki, bizim həyatımızda olan neqativ halları gizlətmək lazımdır, yaxud da onları bilmək lazım deyil. Amma yaxşını da bilmək lazımdır, pisi də bilmək lazımdır. Hər halda obyektiv olmaq lazımdır. Hər bir insanın obyektiv olması çox əhəmiyyətlidir. Ola bilər, məsələn, Azərbaycanın bəzi yeməkləri sizin xoşunuza gəlməsin. Amma ola bilər ki, çox xoşunuza gəlsin. Mən hesab edirəm ki, çoxları xoşunuza gəlibdir. Elədir, yoxsa yox? Görürəm, təsdiq edən çoxdur.

Hesab edirəm ki, elə buradakı insanlar da zahirən yaxşı insanlardır. Burada oturanların əksəriyyəti kişidir. Yəqin onlar görüblər ki, burada qadınlar da gözəldir. Elədir, yoxsa yox?

Yerdən səs: Bu da doğrudur.

Heydər Əliyev: Amma sizin içərinizdə də görürəm, bir gözəl qadın var. Hər şeyi bilmək lazımdır. Bizim yaxşı, gözəl, zəngin mədəniyyətimiz var, musiqimiz var, gözəl teatrlarımız var. Hər halda bizim öz ənənələrimizə məxsus olan mədəniyyət ocaqlarımız var. Bunların hamısını insan nə qədər çox bilsə, o qədər yaxşı olur. Mən bu barədə sizə çox danışa bilərəm. Amma hesab edirəm ki, siz məndən nəsə soruşmaq istəyirsiniz.

Təbiidir ki, bu görüş yoldaşlıq xarakteri daşıyır. Mən sizinlə rəsmi dövlət məsələlərini müzakirə etmirəm, sadə söhbət aparıram. Ona görə nə sözünüz, sualınız var, buyurun.

Teodor Heyls (mülki vətəndaş): Cənab prezident, biz Rusiyanın Cənubi Qafqazda öz rolunu davam etdirmək arzusu haqqında Sizin fikrinizi öyrənmək istəyirik.

Heydər Əliyev: Görürsən, mən görüşü sadə aparıram, bu isə məni siyasətə çəkir.

Bilirsiniz, Cənubi Qafqaz bir neçə əsr Rusiya imperiyasının tərkibində olub. Məsələn, Azərbaycanı götürsəniz, XIX əsrin əvvəlində iki dəfə Rusiya-İran müharibəsi olubdur, bu müharibələr nəticəsində Azərbaycan parçalanıbdır. Azərbaycanın şimal hissəsi, yəni bizim yaşadığımız Azərbaycan rus imperatorluğunun tərkibinə keçibdir, Azərbaycanın cənub hissəsi İranın tərkibində qalıbdır. Gülüstan müqaviləsi, Türkmənçay müqaviləsi ilə - bu iki müqavilə ilə Azərbaycan iki yerə bölünübdür: yüz il rus imperatorluğunun, 70 il də Sovet imperiyasının tərkibində qalıbdır. Amma fərqi yoxdur, bu da yenə də Rusiyanın hakimiyyəti idi.

Təbiidir ki, Rusiya əgər 200 il Azərbaycanda hakim olubsa, Azərbaycan onun tərkibində olubsa, o cümlədən, Cənubi Qafqazın digər ölkələri - Gürcüstan da, Ermənistan da, - bu barədə müəyyən vaxt fərqi var, - indi Rusiya bu regiondan əl çəkmək istəməz ki. Burada özünün təsir dairəsini saxlamaq istəyir. Amma indi vəziyyət dəyişilibdir. Bu da ondan ibarətdir ki, bizim ölkələr - Cənubi Qafqaz ölkələri, o cümlədən, Azərbaycan müstəqil dövlətdir. Biz səkkiz ildir ki, müstəqilliyimizi saxlayırıq və əsas məqsədimiz - mən hesab edirəm ki, bu barədə biz daim dönməz olacağıq - Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməkdən, inkişaf etdirməkdən ibarətdir.

Təbiidir, biz dünyanın bütün dövlətləri ilə mehriban dostluq, əməkdaşlıq əlaqəsi saxlamaq istəyirik. Azərbaycan kiçik bir ölkədir. Bizim heç bir başqa iddiamız yoxdur. Ermənistanın bizim torpaqlarımıza iddiası var. Biz də buna razı ola bilmərik. Hesab edirik ki, biz bunu da ləğv edəcəyik. Ona görə bizim siyasətimiz bundan ibarətdir ki, dünyanın bütün ölkələri ilə qarşılıqlı anlaşma və qarşılıqlı mehribanlıq münasibətləri yaradaq və əməkdaşlığı inkişaf etdirək. Biz Rusiya ilə də belə münasibətlər həyata keçiririk və bundan sonra da keçirəcəyik. Hər halda Rusiyanın Azərbaycanda kökləri dərindir. Çünki əgər 200 ilə yaxın Azərbaycan Rusiyanın tərkibində olubsa, demək, burada tarixi əlaqələr böyükdür. Biz bunları itirmək istəmirik. Ancaq öz dövlət müstəqilliyimizi də heç vaxt əlimizdən vermərik.

Cənubda bizim qonşumuz İrandır. Güman edirəm, bu sualı da yəqin verəcəksiniz. Orada 30 milyon azərbaycanlı yaşayır. Səkkiz milyonu buradadır, otuz milyonu İrandadır və bizim Azərbaycanda yaşayanlarla İran Azərbaycanında yaşayanlar arasında çox qohumluq əlaqələri vardır. İran ilə Azərbaycan arasında dövlət quruluşu sistemində çox ciddi fərqlər vardır. İran islam dövlətidir. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Ona görə orada olan azərbaycanlılarla burada olan azərbaycanlıların arasında fərq var. Fərq də, sadəcə, hər ölkənin cəmiyyətində olan vəziyyətlə əlaqədardır. Amma biz İran ilə də eyni əlaqələri saxlayırıq və saxlamaq istəyirik. Buyurun.

David Sviət (polkovnik): Cənab prezident, bizim ölkəmiz də gəncdir. Ölkəmizin 200-dən bir qədər çox yaşı vardır. Məlum olduğu kimi, bizim hərbi sistemimiz, silahlı qüvvələrimiz çox inkişaf edibdir. Orduda olanlar, biz zabitlər cəmiyyət tərəfindən bəzən dəstək hiss edirik, bəzən də bu dəstəyi hiss etmirik. Siz Azərbaycanda orduya cəmiyyət tərəfindən dəstəyi necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Bilirsiniz, siz 200 ildir ki, dövlətsiniz və ordunuzun da 200 illik tarixi vardır. Amma bizim ölkənin ordusunun cəmi, - əgər 8 ildir müstəqil dövlətiksə, - ordunun da, tutaq ki, 8 illik tarixi vardır. Keçmişdə Azərbaycan Rusiya imperiyasının tərkibində olanda azərbaycanlılar orduya cəlb edilmirdilər. Çünki onlara etibar etmirdilər, bir də ki, din fərqi var idi. Ancaq tarixdə bəzi azərbaycanlılardan, Azərbaycanın dövlətli adamlarının övladlarından Rusiyanın ali hərbi məktəblərində çox yüksək rütbələrə, general rütbəsinə çatmış adamlar olubdur.

Məsələn, XX əsrin əvvəlində rus-yapon müharibəsində Rusiya ordusunun tərkibində azərbaycanlı general Əliağa Şıxlinski çox şücaətlə iştirak edibdir. Yaxud, Birinci Dünya müharibəsində yenə də Rusiya ordusunun tərkibində Azərbaycan millətinə mənsub olan bir neçə general iştirak edibdir.

Bunlar ayrı-ayrı faktlardır. Rusiya imperiyasının ordusunda gənclərimiz kütləvi surətdə olmayıblar. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra isə sovet ölkəsində bütün vətəndaşlar eyni hüquqa malik olduqlarına görə azərbaycanlılar da orduya cəlb ediliblər. Ancaq az-z adamlar zabit səviyyəsinə gəlib çatırdı. Onların əksər hissəsi, sadəcə, əsgərlik vaxtını keçirəndən sonra ordudan tərxis olunurdular.

İkinci dünya müharibəsində, faşist Almaniyasına qarşı müharibədə azərbaycanlılar çox fəal iştirak etmişlər. O vaxtlar yüksək rütbəli çoxsaylı zabitlər - polkovniklər, generallar meydana gəlmişdi. O zaman sovet hökuməti ordunu daha da gücləndirmək üçün hətta milli diviziyalar da yaratdı. O vaxt bir neçə milli Azərbaycan diviziyası var idi. Onlar çox böyük şücaətlə döyüşmüşdülər və qələbələrin əldə olunmasında fəal iştirak etmişdilər. Amma təəssüflər olsun ki, İkinci dünya müharibəsi başa çatandan sonra bu milli diviziyaları dağıtdılar. Sovet ordusunda əsasən rus, Ukrayna millətlərinə mənsub olan adamlar rəhbər vəzifələrə, yüksək rütbələrə malik idilər. Ona görə də o dövrdə biz özümüz üçün istənilən qədər milli zabit kadrları hazırlaya bilməmişdik. Baxmayaraq ki, bir çox ali hərbi məktəblərdə azərbaycanlılar da təhsil almış, yüksək rütbələr qazanmış və sovet ordusunda xidmət etmişlər. İndi onlar bizim milli ordumuzun zabit heyətinin əsasını təşkil edirlər. Çünki hərbi ixtisas da göydən düşmür. Gərək insan təhsil alsın, təcrübə qazansın.

İndi bizim burada ali hərbi məktəblərimiz vardır. Ola bilər ki, siz onlarla tanış olmusunuz. O illər biz bir ölkənin tərkibində olarkən, ümumiyyətlə, cəmiyyətdə orduya çox müsbət münasibət var idi. İndi, müstəqillik dövründə isə bizim cəmiyyətimizdə, Azərbaycanda orduya çox yaxşı münasibət var. Xalqımız istəyir ki, ordu daha da güclü, yüksək səviyyəli olsun. Yəni cəmiyyətdə orduya mənfi bir münasibət heç vaxt hiss edilməyibdir.

Con Rudolf (polkovnik-leytenant): Cənab prezident, Siz tərəqqi yolunu tutmusunuz. Gənc ölkəniz üçün əsas problemi, çətinliyi, maneəni nədə görürsünüz?

Heydər Əliyev: Çətinliklər çoxdur. Mən sizə dedim, əsas problem Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Bununla bərabər, keçid dövrünün də problemləri vardır. Çünki biz 70 il yaşadığımız cəmiyyətdən, kommunist ideologiyasından, kommunist, sosialist siyasi-iqtisadi, sosial sistemindən imtina etdik. Biz demokratiya yolu ilə, siyasi plüralizm, qanunun aliliyi yolu ilə gedirik.

Ən çox çətinlik iqtisadiyyatdadır. Çünki keçmişdə bütün mülkiyyət dövlətə məxsus idi, insanların şəxsi mülkiyyəti yox idi. Amma indi biz bazar iqtisadiyyatı yolu ilə gedirik, insanlara şəxsi mülkiyyət əldə etmək imkanı vermişik və bunu təmin edirik. Məsələn, keçmişdə Azərbaycanın bütün torpaqları dövlətə məxsus idi. Yəni mən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün yararlı olan torpaqları deyirəm. Amma indi biz bunları kəndlilərə paylamışıq. Hərənin öz şəxsi mülkiyyəti vardır. Bu, öz müsbət nəticələrini verir. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı artır.

Sovet hakimiyyəti illərində Azərbaycanda çox böyük sənaye müəssisələri, infrastruktur, ticarət müəssisələri yaranmışdı. Biz bunları özəlləşdiririk. Onların bir qismini özəlləşdirmişik. Amma bu da asan deyildir. Məsələn, bizdə boru-prokat zavodu vardır. O, poladdan neft boruları istehsal edən bir zavoddur. Orada on min adam işləyirdi, istehsal edilən borular da təkcə Azərbaycanda qalmır, Sovetlər İttifaqının bütün regionlarına göndərilirdi. İnsanlar yaxşı maaş alırdılar. İndi bu zavod işləmir. Ola bilər, 15-20 faiz çalışır. Biz həmin zavodun istehsal etdiyi məhsulları başqa ölkələrə ixrac edə bilmirik. O zavodu yüksək səviyyədə saxlamaq üçün hər il ona kapital qoyulmalıdır. Bu kapital yoxdur. Ona görə də insanların çoxu həmin zavodda işdən azad olunub, işləmir.

Biz həmin zavodu özəlləşdirmək istəyirik. Amma onu özəlləşdirmək istəyən bir şirkət, fiziki şəxs tapa bilmirik. Biz bir neçə xarici sərmayəçiyə bunu təklif etmişik. Onlar gəliblər, baxıblar. Amma hər bir investor ölçüb-biçir ki, buraya nə qədər sərmayə qoyacaq, nə qədər gəlir götürəcəkdir. O görür ki, bu qədər gəliri götürə bilməyəcək, başqa yerə - harada çox gəlir götürəcəksə, oraya gedir. Bu, bazar iqtisadiyyatının prinsipləridir. Ona görə də keçmiş sosialist iqtisadi sistemindən bazar iqtisadiyyatına keçid çox ağırdır. O, işsizlik, başqa problemlər yaradır. Bunlar bizim problemlərimizdir.

Ancaq hesab edirik ki, biz bu yolla getməliyik, çətinliklər müvəqqəti xarakter daşıyır. Düşünürük ki, bazar iqtisadiyyatı prinsipləri tamamilə bərqərar olunandan sonra iqtisadiyyat daha da inkişaf edəcəkdir.

Daha sualınız yozdur?

Tomas Tomson (leytenant-polkovnik): Cənab prezident, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Amerika Birləşmiş Ştatlarının diplomatik missiyasını necə görürsünüz?

Heydər Əliyev: İstəyirəm ki, onlar bu işdə daha da fəal iştirak etsinlər. Amerika Birləşmiş Ştatlarının bu sahədə imkanları çoxdur və bu imkanlardan istifadə etsələr, münaqişənin həllinə tezliklə nail olmaq mümkündür. Siz bir məsələni də bilməlisiniz ki, Amerika Birləşmiş Ştatlarının Konqresi hələ 7-8 il bundan öncə Azərbaycana qarşı ədalətsiz bir maddə qəbul edibdir. 1992-ci ildə Ermənistan-Azərbaycan müharibəsi zamanı Azərbaycan Ermənistanı guya "blokadaya aldığına görə" Konqres "Azadlığı müdafiə aktı"na düzəliş qəbul edibdir və ona görə də Amerika Birləşmiş Ştatlarının dövlət orqanları Azərbaycana birbaşa yardım etməkdən məhrum olublar.

Beləliklə, bizə qarşı ayrı-seçkilik vardır. Əslində Azərbaycan Ermənistanı blokadaya almayıbdır. Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir, bir milyondan çox azərbaycanlını yerindən-yurdundan zorla çıxarıbdır, onlar çadırlarda yaşayırlar. Bu həqiqəti görən Amerika konqresmenləri və Amerika hökuməti bu ədalətsiz maddəni aradan qaldırmır. Nə üçün? Hər dəfə deyirlər ki, Amerikada erməni lobbisi çox güclüdür. Bu məsələ hər dəfə Amerika Konqresində qaldırılanda erməni lobbisi konqresmenlərə təsir göstərir və qərar qəbul etmək mümkün olmur. Görürsünüz, sizin kimi demokratik, ədalətli ölkədə nə qədər ədalətsizlik vardır.

Prezident Bill Klinton da etiraf edir ki, bu, ədalətsiz bir qərardır, onu aradan götürmək lazımdır. Dövlət katibi xanım Olbrayt da dəfələrlə, bu yaxınlarda Konqresdə çıxış edərkən yenə də 907-ci maddənin ləğv olunmasını tələb edibdir Amma bunlar nəticə vermir. Ölkəniz ədalətli, demokratik ölkədir, amma ədalətsiz qanunlar qəbul edirsiniz. Belə çıxır ki, bir milyonluq erməni lobbisi - Amerikada bir milyon erməni yaşayır, Amerikanın əhalisi təxminən 300 milyondur - Amerika Birləşmiş Ştatlarınının qanunlarını belə də, elə də edə bilər.

Mən sizin ölkəni çox təriflədim. Amma sizin sualınız məni məcbur etdi ki, tənqid də edim.

Yaxşı, sağ olun, hamınıza gələcək hərbi xidmətlərinizdə uğurlar arzulayıram. Yenidən Azərbaycana gəlin. Azərbaycana nə qədər çox gəlsəniz, bizim ölkəni bir o qədər yaxşı tanıyacaqsınız. Gələn görüşlərədək.

Elizabet Şelton: Cənab prezident, bunların Sizə bir hədiyyəsi vardır.

Devid Sviət: Cənab prezident, bu, bizim hərbi kollecin baş komandanının Sizə göndərdiyi hədiyyədir. Bu hədiyyəni Sizə təqdim edirik. Çox sağ olun ki, Azərbaycanı daha yaxşı tanımağımız üçün vaxt ayırıb bizə yardımçı oldunuz.

Heydər Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Bu, qartaldır, çox gözəl hədiyyədir. Sağ olun.

"Azərbaycan" qəzeti, 5 mart 2000-ci il.