"Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın ATƏT-in Minsk ‎qrupundakı həmsədri Rudolf Perina ilə söhbətindən" (Prezident sarayı, 25 oktyabr 2001-ci il) sənədinə tarixi arayış


2001-ci il 3-7 aprel Ki-Uest danışıqlarından bur neçə ay sonra amerikalı həmsədr Kerri Kavano bu ölkənin Moldovadakı keçmiş səfiri Rudolf Perina ilə əvəz olunub.

Regionla tanışlıq səfərinə 2001-ci ilin oktyabrında başlayan Perina həmin ayın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşüb. O, Azərbaycanın paytaxtına Ermənistana səfərindən sonra gəlib.

Amerikalı səfirin Heydər Əliyevlə görüşündə ABŞ-a qarşı 11 sentyabr terror aktları, onların beynəlxalq vəziyyətə və Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri məsələləri müzakirə olunub. Azərbaycan Prezidenti həmin zərbələrdən az sonra ABŞ-ın Minsk qrupuna yeni həmsədr təyin etməsini və onun regiona səfər etməsini Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətinin azaltmamasının göstəricisi kimi qiymətləndirib.

Görüşdə Rudolf Perina 11 sentyabr taranlarından sonra ədalətsiz 907-ci maddənin qüvvəsinin dayandırılması imkanlarının da yarandığını bildirib. 11 sentyabrdan sonra beynəlxalq terror şəbəkəsinə qarşı formalaşdırılan koalisiyada Azərbaycan daha fəal iştirak etməyə başlayıb. 2002-ci il yanvarın 25-də isə ABŞ hökuməti Azərbaycana dövlət yardımını qadağan edən həmin maddənin tətbiqinin müvəqqəti saxlanması haqda qərar qəbul edib.

O, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan dövlət başçısının şəxsi iradəsinin böyük əhəmiyyət daşıdığını deyib.

Heydər Əliyev Dağlıq Qarabağ məsələsinin həllinə cəhd edilərkən təcavüzkar separatizmin beynəlxalq terrorizmdən ayırılmamasının böyük əhəmiyyət daşıdığını səfirə bildirib. O, hazırda böyük təhlükəyə çevrilmiş terrorizmin məhz Dağlıq Qarabağ kimi münaqişələrdən qaynaqlandığını səfirə söyləyib.

Rudolf Perina Minsk qrupunda həmsədrliyi zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra ziddiyyətli bəyanatlar verib. 2002-ci ilin fevralında Amerikanın erməni icmasının təmsilçiləri ilə görüşündə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsinə aid olması əleyhinə ifadə işlətsə də, həmin ilin aprelində azərbaycanlı müxbirlə söhbətində ABŞ-ın Dağlıq Qarabağı müstəqil olaraq tanımadığını və bu ərazini Azərbaycanın tərkib hissəsi hesab etdiyini deyib.

Həmsədr kimi Rudolf Perinanın 2001-2004-cü illərdə fəaliyyəti dövründə Minsk qrupunun köməyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və prezidentlərinin şəxsi nümayəndələrinin Praqa prosesi adını alan görüşləri keçirilib.

Perinanın həmsədrliyi zamanı, 2002-ci il avqustun 14-də Azərbaycan və Ermənistan sərhəddində, Naxçıvan ərazisində Heydər Əliyev və Robert Koçaryan arasında son görüş keçirilib.

Heydər Əliyev həmin görüş zamanı hələ o vaxtlar Perinanın sonralar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verəcəyi ziddiyyətli bəyanatlarına bənzər fikirlərin mövcudluğunu bildirib: "İndi bəziləri yenə də beynəlxalq terrorizmlə təcavüzkar separatizmi bir-birindən ayırmaq istəyirlər. Amma bunlar bir-biri ilə bağlı şeylərdir. Ona görə də indiki zamanda qüvvələr daha da cəmləşməlidir. Beynəlxalq terrorizmə qarşı ümumi mübarizə aparılmalıdır." 

2004-cü ilin aprelində o, yeni həmsədr- Stiven Mənnlə əvəz olunub.

22 aprel 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Stiven Mənni qəbul edib. Yeni təyinat münasibətilə diplomatı təbrik edən və bu fəaliyyətində uğurlar diləyən Prezident İlham Əliyev onun Azərbaycanda yaxşı tanındığını, ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrdə bilavasitə iştirak etdiyini və bu istiqamətdə fəaliyyətinin çox müsbət və uğurlu olduğunu vurğulayıb.

13 mart və 21 aprel 2006-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənni qəbul edib. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.

2006-cı ildə ATƏT-in Minsk qrupundakı Amerikalı həmsədr Stiven Mənn Metyu Brayza ilə əvəz olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 avqust 2006-cı ildə Prezident sarayında və 28 avqust 2006-cı ildə onun üçün ayrılmış iqamətgahda, "Grand Union" mehmanxanasında ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri, səfir Metyu Brayzanı qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Minsk qrupu çərçivəsində aparılan danışıqlarla bağlı məsələlər müzakirə edilib.

5 iyun 2007-ci il və 5 mart 2008-ci il tarixlərində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonuncu dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanı 18 sentyabr 2008-ci ildə qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılib.(http://www.president.az/)

Metyu Brayza jurnalistlərə müsahibəsində bildirib ki, Rusiya ilə ABŞ arasında yaranmış soyuq münasibətlərə baxmayaraq, ATƏT-in Minsk qrupu fəaliyyətini davam etdirməlidir. İstənilən halda rəsmi Vaşinqton Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Çünki onun münaqişənin həllində ciddi rolu var. Amerikalı diplomat onu da əlavə edib ki, münaqişənin tənzimlənməsi üzrə proses ilk olaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi prinsipi ilə davam edəcək və bu mövqeyi Ermənistanda səfərdə olarkən ölkə rəhbərliyi ilə keçirilən görüşlərdə də xüsusi vurğulanıb. (http://www.anspress.com/)

Tarixi arayış 20 sentyabr 2008-ci ildə yeniləşdirilib.