Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məsələlərini Ermənistanın Prezidenti Robert Koçaryan ilə müzakirə etmək üçün İsveçrəyə, Cenevrə şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavabı - 15 iyul 1999-cu il


Sual: Cənab Prezident, Sizin Azərbaycanın siyasi rəhbərliyinə gəlməyinizin 30 ili iyulun 14-də tamam oldu. Bu əlamətdar tarixi hadisə münasibətilə Sizi təbrik edirik.

Cənab Prezident, mətbuatda verilən xəbərə görə, Siz İsveçrədə Ermənistan prezidenti Robert Koçaryanla görüşəcəksiniz. Ermənistan-Azərbaycan danışıqlarının bu mərhələsini necə qiymətləndirirsiniz?

Cavab: Birincisi, mənim Azərbaycanda siyasi hakimiyyətə gəlməyimin 30 ilinin tamam olmağından çox məmnunam ki, 30 il yaşamışam, yaratmışam, respublikamıza xidmət etmişəm. Çox məmnunam ki, xalqımız da mənim keçmişdə də, indi də gördüyüm işləri unutmur. Xalqa təşəkkür edirəm.

Mən İsveçrəyə Ermənistan Prezidenti cənab Koçaryanla görüşməyə gedirəm. Biz aprel ayında Vaşinqtonda onunla görüşmüşdük, danışıqlar aparmışdıq. Qərara gəlmişdik ki, bu danışıqları, yəni birbaşa, bilavasitə danışıqları davam etdirək.

Biz Lüksemburqda görüşməliydik. Ancaq mən Lüksemburqa gedə bilmədim. Bundan sonra bir-birimiziə əlaqə saxladıq və belə qərara gəidik ki, Cenevrədə görüşmək münasib olardı. Mən oraya gedirəm ki, onunla görüşüb, şübhəsiz ki, əsas məsələmizi – Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsini müzakirə edək.

Sual: Cənab Prezident, Siz yola düşməzdən əvvəl Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə telefonla danışmısınız. Bu barədə bir neçə söz deyə bilərsinizmi?

Cavab: Mən Türkiyənin Prezidenti hörmətli cənab Süleyman Dəmirəl ilə çox tez-tez telefonla danışıram. Elə olur ki, biz həftədə iki dəfə danışırıq. O mənə, mən də ona telefon edirəm. Mənim dostum Süleyman Dəmirəl indi İsraildədir. O, bu gün səhər mənə telefon etmişdi. Bakı-Ceyhan neft kəmərinin Türkiyədə bəzi məsələləri həll olunur. Bizim nümayəndə heyətimiz də oradadır. Azərbaycan Dövlət Neft Şirkətindən Valeh Ələsgərov orada iştirak edir. Türkiyə tərəfi bəzi məsələləri vaxtında həll etməyi çatdıra bilməyibdir. Bilirsiniz ki, üç aylıq protokol imzalanmışdı. İndi onlar istədilər ki, biz yenidən protokol imzalayaq. Prezident Süleyman Dəmirəl məndən xahiş etdi, mən də Ankarada olan Valeh Ələsgərova göstəriş verdim ki, protokolu imzalasın.

Sual: Cənab Prezident, Dağlıq Qarabağın statusu ilə bağlı Robert Koçaryanla söhbətiniz olacaqmı?

Cavab: Bəs necə! Bütün məsələlər üzrə söhbət olacaqdır. Sağ olun. 

Tarixi arayış

MÜSAHİBƏLƏR