Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının MDB-nin işləri üzrə naziri Leonid Draçevski və onu müşayiət edən şəxslərlə görüşdə söhbətindən - Prezident sarayı, 15 may 2000-ci il


Heydər Əliyev: Hörmətli Leonid Vladimiroviç, hörmətli qonaqlar, mən sizin gəlişinizə şadam. Baş nazir mənə məlumat verdi ki, siz artıq görüş, söhbət keçirmisiniz. Hiss edilir ki, MDB fəallaşır, canlanır.

Leonid Draçevski: Çalışırıq, Heydər Əliyeviç. Demək istəyirəm ki, indiki halda Azərbaycan ona görə seçilməmişdir ki, əlifbada birinci gəlir. Ona görə seçilmişdir ki, biz Abbas Aydınoviç Abbasovla konkret nöqtələr tapmışıq və irəliləyişi də bunlar üzrə irəliləməyi qərara almışıq. Zənnimcə, bu, hamı üçün bir növ meyar olacaq və biz buradan başlayıb hərəkət edəcəyik.

Heydər Əliyev: Bu yaxşıdır. Biz Azərbaycan ilə Rusiya arasında fəal iqtisadi əməkdaşlıq mövqelərində həmişə qəti şəkildə dururuq. Siz əvvəllər, Xarici İşlər Nazirliyində siyasi işlərlə daha çox məşğul olurdunuz. İndi isə hər şeyi, lakin mənə elə gəlir ki, daha çox iqtisadi məsələləri əhatə edirsiniz. Biz bu mövqelərdə ona görə möhkəm dururuq ki, lazımi səviyyədə əməkdaşlığın, iqtisadi əlaqələrin olmaması təbii ki, nə Azərbaycanın xeyrinədir, nə də Rusiyanın.

Bir çox onilliklər ərzində iqtisadi inteqrasiya ilə, iqtisadi əlaqələrlə, vahid komplekslə sıx çulğalaşmış olan ölkələrimiz təbii ki, bu gün də bir-birinə ehtiyac duyurlar. Əvvəla, iqtisadi əlaqələr qırıldıqdan sonra hələ əvvəlki bir çox əlaqələr, necə deyərlər, heç cür özünə gələ bilmir. İkincisi, yeni şəraitdə - Rusiyada da, Azərbaycanda da iqtisadi islahatların aparıldığı, özəl sektorun inkişafda olduğu şəraitdə qarşılıqlı fəaliyyəti və sıx iqtisadi əməkdaşlığı təmin etmək çox vacibdir.

Məsələn, Rusiya bizim üçün həmişə böyük bazar olmuşdur. Doğrudur, o vaxtlar biz bazar demirdik, o zaman vahid iqtisadi kompleks vardı. Biz çox böyük miqdarda pambıq istehsal edərək, Sovet İttifaqının müxtəlif regionlarına göndərirdik. Əlbəttə, onun əksər hissəsindən Rusiyada istifadə olunurdu, müəyyən hissəsi Şərqi Avropa ölkələrinə göndərilirdi.

Yaxud, məsələn, biz təxminən 2 milyon ton üzüm istehsal edirdik. Onun yalnız 5 faizi Azərbaycanda istehlak olunurdu, qalanı Moskvaya, Rusiyaya göndərilirdi. Belə ki, məsələn, Ukraynanın, Moldovanın öz üzümü var. Biz öz məhsulumuzu satmaq üçün Rusiyanın müxtəlif guşələrində beş şərab zavodu tikmişdik.

Bizdə çoxlu meyvə, tərəvəz var. Bir vaxtlar Azərbaycanı ümumittifaq bostanı adlandırırdılar, çünki burada ən faraş tərəvəz yetişdirilir və bu məhsul ən əvvəl Rusiyanın şimal vilayətlərinə göndərilirdi. Bu faraş tərəvəzi Azərbaycandan əvvəl başqa yerdə yetişdirmək mümkün deyildi. İndi biz bu imkandan da məhrum olmuşuq. Düzdür, mənə dedilər ki, bu il xurma göndəriblər.

Abbas Abbasov (Azərbaycan baş nazirinin birinci müavini): 30 min ton.

Heydər Əliyev: Bir vaxtlar, 70-ci illərin axırlarında bizim özəl sektorda ildə təxminən 50 min ton nar tədarük edilirdi. Azərbaycanda nə qədər nar yeyə bilərlər? Rusiyada isə nar delikatesdir. Həkimlər demişlər və bu gün də deyirlər ki, nar müalicəvi xassələrə malikdir. Bizdə indi də nar var və özü də daha böyük miqdarda, çünki özəl sektor kənd təsərrüfatının əsas hissəsini təşkil edir.

Əgər bütün bu iş qaydaya salınsa, təşkil edilsə, onda Rusiya özündə olmayan məhsulları alacaqdır - indiki halda, mən kənd təsərrüfatı məhsullarını deyirəm, Azərbaycan isə öz mallarını satacaqdır. Bunları Rusiya malları, yəni taxıl, ət, yağ, konserv məhsulu, qənnadı məmulatı barəsində də demək olar. Yəni ticarət canlana bilər və adamlar bunun hesabına qazana bilərlər. Bu, hər iki tərəf üçün sərfəli olacaqdır. Təbii ki, bütün bunlar iki suveren dövlət arasında qarşılıqlı münasibətlərdə daha yaxşı mühit yaradacaqdır.

Leonid Draçevski: Heydər Əliyeviç, biz buraya məhz elə bir heyətlə gəlmişik ki, MDB çərçivəsində, ümumi azad ticarət zonası yaradılması çərçivəsində, necə deyərlər, ilk nümunə yaradaq, dolayı vergilər tutulmasının yeni qaydası haqqında saziş imzalayaq. Bu qayda dünyada qəbul olunmuşdur və biz onu rüsum alınmalı olan malların siyahısını nəzərdən keçirmək və azaltmaq, sonra da bu siyahıdan tamamilə imtina etmək üçün uzaq xaric ölkələri barəsində tətbiq edirik. Zənnimcə, bununla da biz ticarət əməkdaşlığımızı genişləndirmək üçün perspektivlər yaradacağıq. Çünki hər necə olsa da, ölkələrimiz arasında qarşılıqlı münasibətlər təkcə sözlə və bəlkə də hər hansı qadağalarla, o cümlədən də bəzən meydana çıxan ticarət qadağaları ilə deyil, insanların özləri tərəfindən müəyyən edilir.

Bu baxımdan belə bir rəqəm, - xəcalət çəkirəm ki, mən onu özüm üçün yalnız bu yaxınlarda aydınlaşdırmışam, - çox maraqlıdır - Bakı ilə Moskva arasında həftədə 31 aviareys həyata keçirilir. Bizimlə Ukrayna arasında cəmi 14 reys, Gürcüstanla cəmi 12 reys, Belarusla cəmi 14 reys yerinə yetirilir. Yəni əlaqələrimiz real surətdə o dərəcədə güclü və o dərəcədə irəlidədir ki, biz geridə qalırıq və bu əlaqələrin təmin olunması üçün adamlar qarşısında məsuliyyət hiss edirik. Eləcə də Rusiyada yaşayan 2,5 milyon azərbaycanlı qarşısında. Nə deyirlərsə, desinlər, kimlərin bazarlarda olmasına, kimlərinsə olmamasına istehza edib-etməsələr də, adamlar bazarlarda da gərəkdir. Bu bazarı təmin edən adamlar…

Heydər Əliyev: Bazarsız həyat yoxdur.

Leonid Draçevski: Məhz belədir. Onlardan əlavə, tanınmış mədəniyyət, elm, texnika xadimləri, müəllimlər, müxtəlif sahələrdə işləyən çoxsaylı adamlar da var. Buna görə də biz əmtəə dövriyyəmizin həcminin cəmi 212 milyon dollar olmasından da razı qala bilmərik. Əlbəttə, bu, kiçik əmtəə dövriyyəsidir. Bununla əlaqədar bizə elə gəlir ki, bu gün gördüyümüz və elə bu gün də başa çatdıracağımız iş elə bir bazisə çevriləcəkdir ki, biz ticarət-iqtisadi əməkdaşlıqda bütün gələcək işlərimizin genişləndirilməsinə ondan başlayacağıq.

Bu gün baş nazirlə və Abbas Aydınoviçlə o barədə də danışdıq ki, biz energetika sahəsində çox böyük ehtiyatlara malikik. Təkcə yanacaq-energetika kompleksində deyil, elektrik elektroenergetikada da. Sənayenin başqa sahələrində də çox böyük ehtiyatlar var. Sizin haqqında danışdığınız sahələrdə əlaqələr qalmışdır, lakin onlar yarıbayarı kəsilmişdir. Bunlar elə istiqamətlərdir ki, onları bu iş üçün bilavasitə məsuliyyət daşıyan adamlar olaraq biz canlandırmağa və normal məcraya yönəltməyə borcluyuq.

Bir sözlə, hər nə desələr də, iqtisadi və humanitar əməkdaşlıq, sadə insanların əlaqələri möhkəm münasibətlərimizin qarşıdakı bir çox əsrlər üçün rəhnidir. Biz bu gün məhz bunu əsas tuturuq.

Heydər Əliyev: Doğrudur. Bu baxımdan biz yekdil rəydəyik.

Azad iqtisadi zona haqqında qərarımız barədə. Yanvarda MDB dövlət başçıları şurasının axırıncı iclasında bu məsələ yenidən qaldırıldı. Amma həll edilməmiş qaldı. İndi MDB dövlət başçılarının görüşü iyunun 21-də olacaqdır. Görünür, həmin vaxtadək hazırlaşmaq lazımdır. Biz bu müqaviləni ratifikasiya etmişik. Hesab edirik ki, bu, gərəkdir.

Xatirimdədir, bu məsələni Qazaxıstan prezidenti Nazarbayev çox fəal qaldırmışdı. O, həmin məsələni hər dəfə qaldırır və hətta gileylənir ki, nə üçün həll edilmir. Artıq burada Rusiya qəti bir qərara gəlməlidir.

Leonid Draçevski: Bax, biz də məhz bütün ölkələrlə ikitərəfli sazişlər bağlamaq istəyirik ki, onları bir yerə toplayıb ratifikasiyaya çıxaraq. Biz onları tez ratifikasiya edərik və ümidvarıq ki, iyunun 21-də bu sənədlərlə gələcəyik.

Heydər Əliyev: Yaxşı. Bir daha deyirəm ki, Azərbaycan Rusiya ilə bütün əlaqələri, xüsusən iqtisadi əlaqələri genişləndirmək mövqelərində möhkəm dayanmışdır. Hər şeyin əsasını iqtisadi əlaqələr təşkil edir. İqtisadi əlaqələr lazımi səviyyədə olarsa, qalan hər şey olacaqdır.

Aydındır ki, bizim mədəniyyət, elm, təhsil xadimləri çox ünsiyyətdə olurlar. Bütün bunlar çox yaxşıdır, ölkələrimiz arasında dostluq şəraiti yaradır. Lakin Rusiya üçün də, Azərbaycan üçün də real olan hər halda iqtisadi əməkdaşlıq, iqtisadi əlaqələr, dediyiniz o əmtəə dövriyyəsidir. Ona görə də biz bunun üzərində möhkəm dururuq. Mən həmişə belə təlimatlar vermişəm, elə səfəriniz ərəfəsində də baş nazirə tapşırdım ki, sizinlə danışsın. Bir sözlə, biz bu işə hazırıq.

Leonid Draçevski: Humanitar əlaqələr barədə danışmaq istəyirəm. Biz burada da Sizin dəstəyinizi, Sizin göstərdiyiniz istiqamətləri hiss edirik. Deməliyəm ki, mədəniyyət naziri Polad Bülbüloğlu Sizin təbrikinizi İrina Konstantinovna Arxipovoya gətirdikdə və o, təbriki oxuduqda onun reaksiyası tamamilə heyrətamiz oldu. Sizin təbrik göndərməyiniz, Poladın özünün gəlməsi, bunu çox gözəl, nəzakətlə etməsi, - o, diz çöküb İrina Konstantinovnanın əlini öpdü, - onu çox həyəcanlandırdı. Onu da demək lazımdır ki, İrina Konstantinovna heç də sentimental qadın deyildir, kifayət qədər sərt adamdır.

Ötən il Rüstəm İbrahimbəyovun filmlərinin retrospektivi, bu il "Rossiya" konsert salonunda Polad Bülbüloğlunun 55 illiyinin qeyd edilməsi, Tahir Salahovun sərgiləri - bütün bunlar böyük əməkdaşlığı zənginləşdirən amillərdir. Əgər buna iqtisadi bazanı da əlavə etsək, onda, zənnimcə, qarşıda bizi yaxşı gələcək gözləyir.

Mən bir ildir Bakıda olmamışam və indi sadəcə heyranam. Necə gözəl, yeni binalar var, necə qəşəng şəhərdir! Bunlar yaxşı təsir bağışlayır.

Abbas Abbasov: Dünən biz bulvarda gəzdik.

Leonid Draçevski: Heyranedicidir.

Heydər Əliyev: Bu sözləri eşitmək xoşdur. Yeri gəlmişkən, bizim bütün mikrorayonlarımızda böyük, çox gözəl parklar yaradılmışdır.

Bulvarın əsası əsrin əvvəllərində qoyulmuşdur və o vaxtlar bütün şəhər mərkəzi hissədən ibarət idi. Bu binadan yuxarıda heç bir ev yox idi və indi parlamentimizin, Şəhidlər xiyabanının olduğu yer şəhərin kənarı sayılırdı. Adamlar oraya istirahətə gedirdilər. Bu, şəhərin başqa hissələrinə də aiddir.

Buna görə də o vaxtlar bulvar, əlbəttə, yeganə istirahət yeri idi. Yadımdadır, uşaq ikən Bakıya ilk dəfə gəldikdə mən bulvarda çox həvəslə gəzirdim. Yeri gəlmişkən, o vaxtlar orada dəniz hamamında çimmək olardı. Mən orada çimmişəm.

Cümə günü mən Hollandiyanın ölkəmizdəki səfirini qəbul etdim. O, bulvarın 1926-cı ildə çəkilmiş fotoşəkilini mənə göstərdi. Onu görmək mənə çox xoş idi. Onlar Bakı buxtasını təmizləmək layihəsini təklif edirlər ki, özünün dediyi kimi, adamlar burada çimə bilsinlər. Mən isə ona dedim: bax, siz 26-cı ili deyirsiniz, mən isə burada 39-cu, 40-cı illərdə dəniz hamamında çimmişəm. Bunun qiyməti 20 qəpik idi.

Xatirimdədir, hətta bir dəfə, - o vaxtlar mənim hələ 13 yaşım vardı, Naxçıvandan gəlmişdim, qardaşımgildə yaşayırdım, - vaxt yadımdan çıxmış və mən çox gecikmişdim. Evdə narahat olmağa başlamışdılar ki, görəsən mən haradayam. Yaxşı ki, qardaşım mənim dəniz hamamında olduğumu bilirdi. Artıq qaranlıq düşürdü. Qardaşım gəlib məni oradan çıxartdı, orada həddindən çox olduğuma görə məni hətta cəzalandırdı. Bir sözlə, o vaxtlar bulvarda su çox təmiz idi.

Bulvar bakılıların həqiqətən sevimli yeridir. İndi biz ona Milli park statusu vermişik, onu abadlaşdırırıq. Bizdə son bir neçə ildə hər bir mikrorayonda yaradılmış çoxlu gözəl parklar var. Elə mikrorayonlar var ki, hərəsində iki park salınmışdır. Adamlar orada istirahət edirlər. Odur ki, bu baxımdan mən öyünə bilərəm.

İftixar hissi ilə deyirəm ki, mən Bakı şəhərinin kütləvi surətdə yaşıllaşdırılmasının banisiyəm. Axı, Bakıda yaşıllıq yox idi. Ağaclar yalnız bulvarda və şəhərin mərkəzi hissəsində vardı. Hətta Maksim Qorkinin belə bir ifadəsi var - o, əsrin əvvəllərində burada olmuş və yazmışdı ki, Bakıda cəmi bir ağac var. Çünki Bakı neft və küləklər şəhəridir. Su yoxdur, burada çaylar yoxdur, ağac isə suvarılmasa bitməz. O, Rusiyadadır ki, hər tərəfdə meşələr var və sair - onları nə suvarmaq lazımdır, nə də qulluq etmək.

70-ci illərdə mən Bakı şəhərinin yaşıllaşdırılmasına dair böyük proqram həyata keçirməyə başladım və belə bir şüar irəli sürdüm: hər bakılı iki ağac əkib becərməlidir. Məsələn, siz hava limanından şəhərə gəlirsiniz, yolun hər iki tərəfində ağaclar görürsünüz. 25 il əvvəl bu ağaclar yox idi. Hər yan çılpaq idi. O vaxtlar mən həmin yolu sahələrə ayırdım, hərəsini rayon partiya komitələrinin birinə tapşırdım, onların arasında yarış təşkil etdim.

Mən yay aylarında adətən şəhər kənarında yaşayırdım və həmişə də bu yol ilə gedib-gəlirdim. Səhər işə gedərkən görürdüm ki, ağacların biri solub, başqa birisi isə quruyubdur. İşə gələn kimi zəng vurub tapşırırdım - gedin, yoxlayın, nə üçün bu ağac belə olmuşdur. Bax, təxminən on beş il, nə qədər ki, burada yaşayırdım, bu işlə məşğul oldum. Doğrudur, məndən sonra bu hərəkat zəiflədi. Hərənin bir şeyə həvəsi var, mənim isə meylim bunadır. Odur ki, qayıtdıqdan sonra, əvvəla, olmadığım dövrdə kəsilmiş ağacları, yaşıllıqları bərpa etdirdim, ikincisi isə, bu işi daha da genişləndirdim. Buna görə də indi bizdə bulvar kimi yerlər çoxdur. Düzdür, bulvar dəniz sahilidir, ancaq bizdə başqa gözəl yerlər də var. Bu dəyişiklikləri gördüyünüzə görə sağ olun.

O ki qaldı sizin dediyiniz humanitar, insani əlaqələrə, bilirsiniz, bəxtimizdən, bu əlaqələrimiz əslində pozulmayıbdır. Rusiyanın, Moskvanın burada nə qədər mədəniyyət günləri keçirilibdir, orada bizim mədəniyyət günlərimiz keçirilibdir. Bizdə keçirilmiş tədbirlərdən birində siz də iştirak etmisiniz.

Leonid Draçevski: Bu, Rüstəm İbrahimbəyovun yubileyi idi.

Heydər Əliyev: Görün, biz Rüstəmə necə yubiley düzəltmişdik.

Leonid Draçevski: Heyranedici idi!

Heydər Əliyev: Yadıma düşdü ki, o vaxt siz bizim "Gülüstan" sarayında olmuşdunuz. Siz mənim Arxipovoya göndərdiyim təbrikdən danışdınız. Mən təkcə ona deyil, lap çoxdan, hələ Bakıda, sonralar isə Moskvada işlədiyim vaxtlarda tanış olduğum bir çox digər görkəmli incəsənət adamlarına da təbriklər göndərirəm. Mən Nazirlər Soveti sədrinin birinci müavini olarkən bir çox sahələrlə yanaşı, mədəniyyətin də kuratoru idim.

Leonid Draçevski: Yadımdadır. O vaxtlar mən idmanda işləyirdim.

Heydər Əliyev: Mən idmanın da kuratoru idim. Dəmir yolunun, dəniz donanmasının, yüngül sənayenin, təhsilin də kuratoru idim və s. Ona görə də mən həmin sahələrdə də onlarla çoxlu ünsiyyətlə olurdum. Mən onları unutmuram və onlar da bizi yaddan çıxarmırlar. Yeri gəlmişkən, onlar burada tez-tez olurlar. Onların, demək olar, hamısı burada olub, böyük konsertlər veriblər. Biz onlar üçün çoxlu tədbirlər təşkil etmişdik. Həmyerlimiz Rostropoviç hər il buraya gəlir, burada ustad dərsləri keçir.

Bir sözlə, bu sahə bizdə yaxşı qalıbdır. Çox yaxşı qalıbdır. Amma gərək iqtisadi hissə də bu səviyyədə olsun.

Leonid Draçevski: Tamamilə doğrudur.

Heydər Əliyev: Hər halda əmin ola bilərsiniz ki, biz Rusiya ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafına yönəldiləcək bütün tədbirləri qətiyyətlə dəstəkləyəcəyik.

İkitərəfli əlaqələr barədə qərarlarınız çox düzgündür. Çünki biz, dövlət başçıları bir yerə toplaşdıqda bütün məsələləri bir gündə həll etmək mümkün deyildir. İkitərəfli müqavilələr olduqda isə, məsələlər həll edilir. Bu, bizə məsələləri dövlət başçılarının görüşündə həll etməyə imkan verəcəkdir.

Vladimir Pokrovski (RF MDB-nin işləri üzrə nazirinin müavini): Heydər Əliyeviç, yadımdadır, Siz nəinki bir çox sahələrin kuratoru idiniz, həm də müəssisə haqqında ilk ittifaq qanunu hazırlanarkən Nazirlər Sovetindən rəhbər idiniz.

Heydər Əliyev: Siz iştirak edirdiniz?

Vladimir Pokrovski: Mən bu işdə Sizə kömək edirdim. Sizi indiyədək xatırlayırlar, o mənada ki, bu, həqiqətən ilk addım idi.

Heydər Əliyev: Bəs siz hansı səviyyədə iştirak edirdiniz?

Vladimir Pokrovski: Mən Prostyakovun müavini idim.

Heydər Əliyev: Həə, Prostyakov. İndi o, harada işləyir?

Leonid Draçevski: O, bizdə nazir müavinidir.

Heydər Əliyev: Mən Prostyakovu yanvarda MDB dövlət başçılarının görüşü zamanı gördüm. O, mənə yaxınlaşdı, ondan soruşdum: Sən haradasan? O dedi: dövlət xidmətinə qayıtmağı qərara almışam.

Sən deyən 1983-cü ildə olub. Bu, əmək kollektivi haqqında qanun, sonralar isə dövlət müəssisəsi haqqında qanun hazırladığımız vaxtlarda ilk addım idi. Birinci addımı 1983-cü ildə, ölkəyə Andropovun rəhbərlik etdiyi vaxtlarda atmışdıq. İkinci addımı isə 1985-ci ildə atdıq. Birinci halda mən Siyasi Büronun üzvü kimi həmin komissiyanın sədri idim, ikinci halda, sədr Rıjkov olmuşdur, mən onun müavini idim. Amma əsas işi mən aparırdım.

Xoşdur ki, mən bu qədər adamla işləmişəm. Doğrudur, vaxt keçib getmişdir. Lakin onlarla görüşmək mənə xoşdur.

Vladimir Pokrovski: Heydər Əliyeviç, xatırlatmaq istəyirəm ki, burada ağacları heç də təkcə sizin adamlar əkmirdilər. Bakıda təbliğatçıların və təşviqatçıların qurultayı keçirilərkən biz də ağac əkmişdik.

Heydər Əliyev: Mənim proqramımı yerinə yetirirdiniz. Çox xoşdur.