Azərbaycan Respublikasının Prezidenti adından Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Bakı,"Xəzər" mərkəzi, 7 aprel 2000-ci il


Zati-aliləri, Qazaxıstan Respublikasının prezidenti hörmətli Nursultan Nazarbayev!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün mən bizə rəsmi səfərə gəlmiş dostumuz, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi Azərbaycanda, Bakıda salamlamağıma şadam. Ənənəvi dostluq münasibətlərimizin, dostluğumuzun, bütün sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün bu səfərin böyük əhəmiyyəti var.

Hörmətli prezident, dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəldiyinizə görə sizə təşəkkür edirəm. Biz ötən vaxt ərzində çox işlər görməyə müvəffəq olduğumuzun şahidiyik. Başlıcası budur ki, biz görüşdük, bir çox məsələlər barəsində mənimlə prezident Nazarbayev arasında açıq, dostcasına fikir mübadiləsi oldu. Mən bu söhbətdən son dərəcə şad və məmnunam. Hesab edirəm ki, Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin, prezident Nazarbayevlə mənim aramda olan dostluğun daha da inkişaf etməsi üçün bu görüşün böyük əhəmiyyəti var. Xalqlarımız eyni köklərə, eyni tarixə, bir çox çətinliklərlə dolu olan ümumi keçmişə malikdirlər. Bizim xalqlarımızı ümumi milli mənəvi dəyərlərimiz - dil, adət və ənənələr birləşdirir. Lakin belə tarixi, çoxəsrlik ənənələrə malik olan xalqlarımızın bir-birinə indiki kimi belə yaxın olmaq imkanı, təəssüf ki, yox idi.

Qazaxıstanın və Azərbaycanın dövlət müstəqilliyi əldə etmələri, əlbəttə, xalqlarımız üçün tarixi hadisədir. Biz bunu yüksək qiymətləndiririk. Bu gün söhbətlərimiz zamanı da hər ikimiz bəyan etdik ki, dövlət müstəqilliyinin, suverenliyin bundan sonra da qorunub saxlanması və möhkəmləndirilməsi bizim ən birinci vəzifəmizdir və tarixin üzərimizə qoyduğu vəzifələri, şübhəsiz, dönmədən yerinə yetirəcəyik.

Biz tarixi münasibətlərimizin bərpa edilməsi, yeni şəraitdə Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın təmin olunması üçün müstəqillik illərində çox işlər görmüşük. Lakin biz görülmüş işləri qiymətləndirməklə yanaşı, bu gün diqqəti nöqsanlara, həll edilməmiş məsələlərə də yönəltdik və müvafiq nazirliklərimizə tapşırdıq ki, əməkdaşlığımızın inkişafı üçün əlavə tədbirlər görsünlər.

Bundan ötrü imkanlar böyükdür. Biz bunu təkbətək söhbət zamanı da, nümayəndə heyətləri arasında danışıqlar zamanı da dedik. Əminəm ki, gələcəkdə daha səmərəli əməkdaşlıq etmək imkanımız olacaqdır, çünki Qazaxıstan da, Azərbaycan da müstəqilliyi, demokratiyanı, siyasi plüralizmi möhkəmlətmək, iqtisadi islahatlar aparmaq, bazar iqtisadiyyatını həyata keçirmək yolunu seçmişlər. Bu yolla gedərək Qazaxıstan və Azərbaycan böyük uğurlar qazanmışlar. Lakin bu, istədiyimiz yüksək məqsədlərə nail olmağımız üçün yalnız bir zəmindir.

Qazaxıstan ərazisinə görə də, əhalisinə görə də, iqtisadi potensialına görə də böyük ölkədir. Qazaxıstan Xəzər dənizində qonşumuzdur. Lakin başlıcası budur ki, Qazaxıstan Azərbaycanın dostudur, etibarlı dostudur.

Bu gün Nursultan Abişoviç Qazaxıstanın son illərdə əldə etdiyi əməli nəticələrdən çox ətraflı danışdı. Bu, bizi çox sevindirir. Biz yaxşı bilirik ki, Qazaxıstanın müstəqillik illərində əldə etdiklərinin hamısı bütün qazax xalqının, bütün Qazaxıstan vətəndaşlarının çox böyük əməyinin nəticəsidir. Ancaq eyni zamanda, bütün bunlarda başlıca xidmət Qazaxıstanın prezidentinə, dostumuz Nursultan Nazarbayevə məxsusdur.

Dostum Nazarbayev kimi, mən də bizim şəraitimizdə ölkəni müstəqillik yolu ilə aparmağın necə çətin olduğunu gözəl bilirəm, Qazaxıstan prezidenti Nazarbayevin qarşısında nə qədər problemlər, nə qədər çətinliklər durduğunu bilirəm. Lakin şadam ki, o, bunları uğurla həll edir. Mən şadam ki, Qazaxıstan müstəqil, suveren dövlət kimi inkişaf edir. Mən şadam ki, iqtisadi inkişaf, xalqın həyat səviyyəsinin, rifahının yüksəldilməsi üçün Qazaxıstanın qarşısında böyük perspektivlər açılır.

Qardaş, dost qazax xalqına, bütün Qazaxıstan vətəndaşlarına, bizim dostumuz, prezident Nazarbayevə bu tarixi yolda ürəkdən uğurlar arzulayıram!

Müstəqil, suveren Qazaxıstanın şərəfinə badə qaldırmağı təklif edirəm!

Qardaş, dost qazax xalqının şərəfinə!

Dostumuz, Qazaxıstanın prezidenti çox hörmətli Nursultan Nazarbayevin şərəfinə!

Sizin sağlığınıza!