Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımızla görüşdə nitqi - Prezident sarayı, 18 oktyabr 2000-ci il


Əziz idmançılar!

Hörmətli xanımlar, cənablar və dostlar!

Bu gün Azərbaycan xalqının böyük bayramıdır. Azərbaycanın dövlət müstəqilliyi haqqında qəbul olunmuş Konstitusiya Aktının 9-cu ildönümüdür. Bu möhtəşəm bayram münasibətilə mən sizi, bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını səmimi-qəlbdən təbrik edirəm, xalqımıza, millətimizə sülh, əmin-amanlıq, rifah, tərəqqi və daimi müstəqillik arzulayıram.

Bu gün eyni zamanda bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır. Biz bu gün buraya Sidneydə XXVII yay olimpiya oyunlarında iştirak etmiş, böyük nailiyyətlər əldə etmiş və böyük qələbə ilə vətəninə, Azərbaycana qayıtmış idmançılarımızı salamlamaq üçün, onlarla görüş üçün toplaşmışıq. Tamamilə təbiidir ki, müstəqillik günü bayramımızda biz müstəqilliyin Azərbaycana bəxş etdiyi bir çox nemətlər və əldə etdiyimiz bir çox nailiyyətlər sırasında idman sahəsində də böyük nailiyyətlər əldə etmişik.

Bu gün bu nailiyyətlərin bayramını biz müstəqillik bayramı münasibətilə bir yerdə keçiririk. Biz avqustun 25-də Zuğulbadakı «Gənclik» kompleksində XXVI yay olimpiya oyunlarına gedən idmançılarımız ilə görüşdük, onlara öz məsləhətlərimizi, tövsiyələrimizi verdik və öz arzularımızı bildirdik. Bizim arzularımız onların arzuları idi. Bizim arzularımız bütün Azərbaycan xalqının arzuları idi. O da ondan ibarət idi ki, Azərbaycan nümayəndə heyəti, Azərbaycanın nümayəndələri müstəqil Azərbaycanı dünyanın ən böyük idman yarışında təmsil edərək qələbələr, nailiyyətlər əldə etsinlər. Azərbaycan bayrağını uzaq Avstraliyada qaldırsınlar.

Mən bu gün bütün xalqımızın iftixar hissini ifadə edərək deyirəm ki, Azərbaycan idmançıları, Azərbaycanı təmsil edən bizim nümayəndə heyəti verdikləri sözə sadiq olmuşlar, çalışmışlar, yarışmışlar, vuruşmuşlar və böyük qələbələr əldə etmişlər. Azərbaycan xalqının tarixində bu böyük qələbə ilk qələbədir. Biz indiyə qədər heç vaxt idman sahəsində bu qədər yüksək zirvələrə çatmamışıq. 200-ə qədər ölkənin nümayəndələrinin, idmançılarının – demək, bütün dünyanın, bütün Yer kürəsinin idmançılarının toplaşıb yarış keçirdiyi bir prosesdə gənc müstəqil Azərbaycanın, o qədər də böyük olmayan bir ölkənin idmançıları iki qızıl medal, bir bürünc medal aldılar və bir neçə idmançımız da çox yaxşı yerlər tutdu. Onlar Azərbaycanın şan-şöhrətini qaldırdılar. Onlar buradadırlar. Biz onlarla görüşə gəlmişik.

Əziz dostlar!

Əziz idmançılar!

Əziz gənclərimiz!

Mən sizi bu qələbə münasibətilə bütün Azərbaycan xalqı adından, millətimiz adından, dövlətimiz adından ürəkdən təbrik edirəm və sizə hədsiz minnətdarlığımızı və təşəkkürümü bildirirəm.

Ötən doqquz ildə Azərbaycanın müstəqillik dövründə bizim nailiyyətlərimiz az olmayıbdır. Ancaq indiyə qədər bütün xalqımızı, bütün vətəndaşlarımızı bu qələbə qədər, bu nailiyyət qədər sevindirən heç bir şey olmamışdır. Bütün xalq sevinmişdir. Siz bizə sevinc gətirmisiniz. Siz bizim xalqımızda böyük ruh yüksəkliyi yaratmısınız. Siz Azərbaycan xalqının, Azərbaycan övladının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmisiniz. Sizə bir daha təşəkkür edirəm. Sizi bir daha təbrik edirəm. Amma eyni zamanda siz avqustun 25-də verdiyiniz sözlərin yerinə yetirilməsi haqqında yəqin ki, raport vermək istəyirsiniz. Doğrudur, siz raportunuzu uzaq Sidneydə verdiniz və oradan gələn sədalar artıq sizin verdiyiniz sözlərə sadiq olduğunuzu göstərdi. Eyni zamanda bu gün biz sizinlə görüşə gəlmişik. Sizi görmək istəyirik və sizin sözlərinizi eşitmək istəyirik.

YEKUN NİTQİ

Əziz idmançılar, əziz olimpiyaçılar!

Mən sizə dedim ki, verdiyim sözə artıqlaması ilə əməl etdim. Sizə verilən zərflərin içərisindəki kağızdır, çekdir. Çünki o qədər pulu oraya yerləşdirmək mümkün deyildir. Bilirsiniz ki, gedib müəyyən yerlərdən, bankdan alacaqsınız. Mən bunları ona görə etdim ki, siz bizim gözlədiyimizdən də artıq nailiyyətlər əldə etmisiniz. Siz Sidneyə yola düşərkən mən dedim ki, hər bir idmançımız qızıl medal alsın. Bu, təbii bir arzudur. Bu təkcə mənim yox, bütün millətimizin arzusudur. Ancaq eyni zamanda, biz yaxşı dərk edirik ki, 199 dövlətin, bütün Yer kürəsinin idmançılarının bir yerə toplaşdığını, bəzi ölkələrin idmançılarının olimpiya yarışlarının başlanmasından indiyə qədər bu oyunlarda iştirak etməsini və bu ölkələrin əksəriyyətinin çox böyük, nəhəng olmasını nəzərə alaraq, gənc, müstəqil Azərbaycanın idmançılarının hamısının medal alması, təbiidir ki, real deyildi, bu bizim arzumuz idi. Biz bunu arzulayırdıq. Ancaq siz Sidneydə çıxış edən zaman ürəyimiz tıp-tıp vururdu ki, necə, nə cür olacaq? Mən hər gün maraqlanırdım, məlumat alırdım. Nəhayət, siz xalqımızı, bizi, vətənimizi sevindirdiniz. Zemfiranın birinci qızıl medal alması böyük bir ruh yüksəkliyi yaratdı, bayram oldu. Ondan sonra Vüqar bürünc medal aldı. Amma biz yenə də gözləyirdik. Namiq Abdullayevin, demək lazımdır ki, çox çətin bir yarışda dünya çempionuna, Amerika kimi böyük bir dövlətin güləşçisinə qalib gəlməsi və qızıl medal əldə etməsi təbiidir ki, bizim sevincimizin ən yüksək zirvəsi oldu. Buna görə də mən bir daha deyirəm ki, siz dövlətimizin, xalqımızın etimadını doğrultdunuz. Siz bizim arzularımızı çin etdiniz. Siz müstəqil Azərbaycana böyük nemət bəxş etdiniz. Siz Azərbaycan xalqının nə qədər böyük işlərə qadir olduğunu dünyaya bir daha nümayiş etdirdiniz. Məhz buna görə də sizin hamınız mükafata layiqsiniz və hətta pul mükafatından əlavə, gördünüz ki, dövlət orden və medalı ilə də təltif edildiniz. Siz bunlara layiqsiniz. Hesab edirəm ki, siz və bütün idmançılarımız bundan sonra daha da həvəslə, əzmlə idmanla, bədən tərbiyəsi ilə məşğul olacaq, həm dünya yarışlarında Azərbaycanın bayrağını qaldıracaqsınız, həm də millətimizin gənclərinin fiziki, mənəvi möhkəmliyini təmin edəcəksiniz.

Ən qədim zamanlardan idman bəşəriyyətin sevdiyi və çox hörmət etdiyi bir sahədir. İdman, bədən tərbiyəsi çox böyük məna daşıyır. Təsadüfi deyildir ki, hələ çox qədim zamanlarda idman icad olunub, ona qayğı göstərilibdir. Bütün bunların nəticəsində dünyada birinci olimpiya oyunları mövcud olubdur. Ona görə də idman, bədən tərbiyəsi Azərbaycan gənclərinin hamısı üçün lazımdır. Bu bizim millətimizin fiziki sağlamlığı, müstəqil Azərbaycanın gələcəyi üçün lazımdır. Bu heç də kiminsə xoşuna gəlmək üçün deyildir.

Mən hesab edirəm ki, sizin bu qələbəniz idmana, bədən tərbiyəsinə daha çox gənclər cəlb edəcək, idman daha kütləvi, Azərbaycan gəncliyi fiziki və mənəvi cəhətdən daha da sağlam olacaqdır. Sizin hər biriniz böyük zəhmət çəkmisiniz, yarışda iştirak etmisiniz. Siz dövlətin idmançılara qayğısı haqqında burada danışdınız, bizə öz təşəkkürlərinizi bildirdiniz. Ancaq bu bizim borcumuzdur. Bu, dövlətin borcudur. Dövlətin, hökumətin hər bir sahədə çox böyük vəzifələri vardır. Əgər biz hansı sahədəsə nəyəsə nail ola biliriksə, demək, biz öz borcumuzu yerinə yetirə bilirik. Mən bu gün böyük qürur hissi ilə deyirəm ki, biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk.

Təbiidir ki, hər bir kütləvi iş təşkilatçılıqdan da çox asılıdır. Bizim qayğımızı hiss edən hər bir idmançı təbiidir ki, öz nailiyyətlərini artırmaq istəyir. Ancaq eyni zamanda, təşkilatçılıq idmançıları, gəncləri bir-birinə daha da yaxınlaşdırır, onlara yardım edir. Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranması ölkəmizin dövlət müstəqilliyinin xüsusi əlamətlərindən biridir. Milli Olimpiya Komitəsi əvvəlki illərdə, təəssüf ki, öz vəzifəsini layiqincə yerinə yetirə bilmirdi. Son illər Milli Olimpiya Komitəsi fəaliyyətini artırıb, genişləndirib, idmançıları, gəncləri daha da səfərbər edib, həvəsləndirib, onlara yardımlar göstəribdir. Ona görə də qələbələri qeyd edərkən Milli Olimpiya Komitəsinin üzvlərinin və onun prezidenti İlham Əliyevin xüsusi xidmətlərini vurğulamaq lazımdır. Biz bir neçə il bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi yaratdıq. Bu, təsadüfi hal deyildir. Biz bu nazirliyi yaradarkən onu nə üçün yaratdığımızı bilirdik. Ona görə yaradırdıq ki, gənclərin tərbiyəsi, gənclərin işi ilə xüsusi məşğul olan bir nazirlik olsun. Biz bunu ona görə yaradırdıq ki, Azərbaycanda bədən tərbiyəsinin, idmanın inkişafı ilə məşğul olan bir nazirlik olsun. Bizim bu təşəbbüsümüz özünü doğrultdu. Gənclər və İdman Nazirliyi də bu sahədə çox işlər gördü və XXYII olimpiya oyunlarına hazırlıq zamanı da onların fəaliyyəti yüksək olmuşdur. Ona görə də mən Gənclər və İdman Nazirliyinin və nazir Əbülfəs Qarayevin də xidmətlərini qeyd edirəm.

Təbiidir ki, idmançıların bu nailiyyətlərinin qazanılmasında onların məşqçilərindən də çox şey asılıdır. Böyük məmnuniyyətlə demək olar ki, indi Azərbaycanda yüksək peşəkar biliyə, təcrübəyə malik məşqçilər dəstəsi yetişmişdir. Onlar olimpiya oyunlarında idmançılarımızın nailiyyətlər qazanması üçün çox xidmətlər göstərmişlər. Təsadüfi deyildir ki, onlar da mükafatlandırıldı və onlara da dövlət mükafatı verildi. Bunlar hamısı tam əsaslıdır. Hörmətli dostlar, siz bunlara layiqsiniz. Bu gün idman sahəsində bizim əldə etdiyimiz nailiyyət Azərbaycanın dövlət müstəqilliyi ilə birbaşa bağlıdır. Əgər Azərbaycan dövlət müstəqilliyini əldə edə bilməsəydi, əgər respublikamız azad olmasaydı, ölkəmiz milli azadlığa çıxmasaydı, bu nailiyyətlər əldə edilə bilməzdi. Mən bunu bir dəfə demişəm və bir daha təkrar etmək istəyirəm. Azərbaycan Sovet İttifaqının tərkibində olanda da respublikamızda çox səriştəli gənclər, idmançılar vardı. Onlar Ümumittifaq yarışlarında iştirak edirdilər, beynəlxalq yarışlarda SSRİ yığma komandasının tərkibində yarışırdılar. Ancaq o vaxt onlar bugünkü nailiyyətləri əldə edə bilməyiblər. Birincisi, ona görə ki, onlar öz xalqına, öz dövlətinə xidmət etmək hissini hələ bilmirdilər. Çünki müstəqil dövlət yox idi. İkincisi, açıq demək lazımdır ki, bizim idmançılara çox vaxt ədalətsiz münasibət göstərirdilər. Xatirinizdədir, o dövrdə çempion, olimpiya çempionu adını bir çox başqa müttəfiq respublikalardan olan idmançılar alırdı, azərbaycanlı idmançılar isə yox. Əgər Cənubi Qafqaz respublikalarını götürsək, bu qonşu ölkələrin idmançıları həmişə bizim idmançılardan daha çox medallar alırdılar, görkəmli yerlər tuturdular. Amma indi Azərbaycan müstəqil dövlət olubdur. Görürsünüz, Azərbaycan öz müstəqilliyindən istifadə edərək və xalqımız öz millətinə, vətəninə xidmət göstərdiyini hiss edərək, nə qədər böyük sıçrayışa nail olmuşdur.

İlham Əliyev bu barədə dedi ki, ən önəmli nəticələrdən biri odur ki, Azərbaycan idmançıları Ermənistan idmançılarını çox geridə qoydular. Amma təkcə bu deyil. Azərbaycan idmançıları olimpiya oyunlarında MDB ölkələri arasında beşinci yerə çıxdılar. Bizdən irəlidə MDB-nin dörd böyük respublikası, müstəqil dövləti vardır.

Əziz dostlar, bunların hamısı bizim müstəqilliyimizin, milli azadlığımızın bəhrəsidir. Mən sizin hamınıza bir daha təşəkkür edirəm. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, komandanın hər bir üzvünə təşəkkür edirəm. Mən qızıl medal almış idmançılarımıza xüsusi minnətdarlığımı bildirirəm. Digər idmançılarımıza təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bunlarla arxayınlaşmayacaqsınız.

Milli Olimpiya Komitəsinin böyük planları vardır. İlham Əliyev burada dedi ki, Milli Olimpiya Komitəsi üçün böyük bir kompleks tikilibdir. Biz bir neçə gündən sonra onun açılışında iştirak edəcəyik. Güclü maddi-texniki baza yaradılıbdır. Təbiidir ki, hər bir iş üçün müvafiq maddi-texniki bazanın yaranması əsas şərtlərdən biridir. Milli Olimpiya Komitəsinin böyük xidmətlərindən biridir ki, komitə bu işlə ciddi məşğul olur və dövlətdən heç bir vəsait almadan, öz imkanları ilə idman üçün, olimpiyaçılar üçün yeni-yeni böyük müəssisələr yaradır. Biz bunu alqışlayırıq, dəstəkləyirik. Biz lazım olan köməyi bundan sonra da edəcəyik. Yenə də deyirəm, ümidvaram ki, siz bu nailiyyətlə qane olmayacaqsınız, çalışacaqsınız, gələn olimpiya oyunlarına qədər olan müddətdə müxtəlif dünya yarışlarında iştirak edəcəksiniz və böyük nailiyyətlərinizlə bizi daim sevindirəcəksiniz.

Bu gün Azərbaycanın müstəqilliyinin, yəni müstəqillik haqqında qəbul olunmuş Konstitusiya Aktının 9-cu ildönümüdür. Xalqımız bunu bayram edir. Biz bayram əhval-ruhiyyəsindəyik. Siz bizim bayramımızı daha da yüksəklərə qaldırdınız, bəzədiniz, gözəlləşdirdiniz. Ona görə də sizə bir daha təşəkkür edirəm. Bu doqquz il ərzində Azərbaycan xalqı ağır, çətin, eyni zamanda, çox şərəfli yol keçibdir. Doqquz il bundan öncəki Azərbaycanın vəziyyətini xatırlayın. İlham Əliyev burada doğru dedi ki, bugünkü idmançılarımız - 18-19 yaşında olan, qələbə qazanmış idmançılarımız o vaxt 10-11 yaşında idilər, yaşları bəlkə bundan da az idi. Demək, onlar Azərbaycanın müstəqilliyi dövründə böyümüş və bu səviyyəyə çatmış gənclərdir. Ancaq doqquz il bundan öncə Azərbaycanda belə şeylər üçün şərait yox idi. Çünki Azərbaycan od içində yanırdı, dağılırdı, parçalanırdı. İndi müstəqilliyimizin doqquzuncu ildönümünü hamımız iftixar hissi ilə qeyd edirik. Amma bir az arxaya baxmaq lazımdır. Bu doqquz illik tarixin hər ilinə, hər ayına baxmaq lazımdır. Onda hamı üçün aydın olar ki, bu müstəqillikdən sonra keçdiyimiz yol nə qədər ağır, çətin, eyni zamanda, nə qədər şərəfli olmuşdur. Biz xoşbəxtik ki, o ağır, çətin dövrdən uğurla keçdik, indi Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu illərdə bizim ən böyük nailiyyətimiz o olub ki, Azərbaycanda ictimai-siyasi sabitlik yarada bildik, 1993- cü ildə ölkəmizi vətəndaş müharibəsindən xilas etdik, Azərbaycanın parçalanmasının qarşısını aldıq, respublikamızda daxili çəkişmələrə, silahlı dəstələrin bir-biri ilə hakimiyyət mübarizəsinə son qoyduq.

Qarşımıza çıxan çətinliklər çox olubdur. Amma ən böyüyü ondan ibarət idi ki, bilirsiniz, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Azərbaycan yenidən böyük təhlükə altında idi. Çünki dövlətimizə, müstəqilliyimizə qarşı dövlət çevrilişi cəhdi göstərilirdi. Həmin qüvvələr çox güclü, silahlı idi. Amma xalq buna imkan vermədi. Xalq dövlət çerilişi cəhdinin qarşısını aldı. Dövlət bunların qarşısını ala bildi. Nə üçün? Çünki dövlət ilə xalqın birliyi yaranmışdı. Çünki xalq dövləti dəstəkləyirdi, apardığımız siyasəti bəyənirdi və ona görə də dövlətin, dövlətçiliyin mübarizəsində sinəsini qabağa verdi.

Azərbaycan ötən doqquz il ərzində böyük inkişaf yolu keçibdir. Bəli, altı il bundan öncə atəşin dayandırılması böyük nailiyyətdir. Çünki təsəvvür edin, əgər müharibə, o vaxta qədər aparılan uğursuz müharibə davam etsəydi, bax bu gün oxuyan, təhsil alan, idmançı olan, istedadlarını göstərən nə qədər gənclərimiz həlak, şəhid olmuşdu. Ona görə də 1994-cü ilin mayında atəşkəsin yaranması Azərbaycanın gələcəyi, bu günü üçün ən böyük şərtlərdən biri idi.

Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir. Biz bu yolu uğurla keçirik. Azərbaycanda demokratiya inkişaf edibdir. Azərbaycanda bütün insanlara azadlıq verilibdir. Azərbaycanda söz, vicdan, insan azadlığı tamamilə təmin olunubdur. Azərbaycanın iqtisadiyyatı 1995-ci ildə tənəzzülə son qoydu, o vaxtdan indiyə qədər inkişaf yolu keçibdir. Bizim dövlət nümayəndələri, nazirlər ayrı-ayrı analitik materiallarda bu barədə çoxlu rəqəmlər göstəriblər. Bütün bu inkişaf yolumuzun rəqəmləri, konkret sübutları göz qabağındadır, biz bu yolu uğurla gedirik və gedəcəyik. Təbiidir ki, biz əldə etdiyimiz nailiyyətlərlə də kifayətlənmirik, razı deyilik. Bunlar Azərbaycanı ancaq siyasi-iqtisadi böhrandan çıxartdı, ölkəmizin iqtisadiyyatında tənəzzülün qarşısını aldı, respublikamızın iqtisadiyyatının inkişafını və Azərbaycan xalqının rifah halının ardıcıl, davamlı surətdə yaxşılaşdırılmasını təmin etdi.

Bizim hələ görüləsi çox işlərimiz var. Biz Azərbaycanın güclü, hüquqi, demokratik, dünyəvi və iqtisadi cəhətdən inkişaf etmiş ölkə olmasına çalışırıq. Azərbaycanın Milli Ordusu yaranıbdır. Bu Milli Orduda bizim gənclərimiz xidmət edir və çox da yaxşı xidmət edirlər. Azərbaycan bir dövlət kimi artıq formalaşıbdır. Bu bizim doqquz illik nailiyyətimizdir. Xalqımız bunu bilir, qiymətləndirir və ona görə də öz dövlətinə, vətəninə sədaqətini və Azərbaycanın demokratiya yolu ilə gedən dövlətinə öz dəstəyini göstərir. Bu da bizi, Azərbaycan prezidenti kimi şəxsən məni daha da çox iş görməyə məcbur edir, yəni mənim qarşımda, dövlətin, hökumətin qarşısında yeni-yeni vəzifələr qoyur. Mən sizi əmin edə bilərəm ki, biz bu vəzifələri yerinə yetirəcəyik, Azərbaycan ilbəil inkişaf edəcəkdir.

Noyabrın 5-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcəkdir. 1995-ci ilin noyabrında müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbul olunması tarixi hadisədir. O vaxt, eyni zamanda, müstəqil Azərbaycanın yeni Milli Məclisi seçildi. Həmin Milli Məclis ötən beş ildə çox işlər gördü. İndi Azərbaycan hüquqi dövlətdir, bizdə hər şey qanunla tənzimlənir. Amma bu qanunları yaratmaq, işlətmək lazımdır. Biz bunları etmişik. Bizim Milli Məclisimiz çox qanunlar qəbul edibdir, işini uğurla başa çatdırır. Azərbaycanın hakimiyyət, icra orqanları bu qanunların yerinə yetirilməsi üçün çalışır və çoxlu nailiyyətlər əldə edibdir. Bu nailiyyətlər bundan sonra daha da çox olacaqdır. Mən inanıram ki, noyabrın 5-dəki seçkilərdə xalq yenə də ədaləti, haqqı, əldə olunan nailiyyətləri dəstəkləyəcəkdir, ayrı-ayrı təxribatçıların, yaxud müxalifətçilərin yalan, böhtan sözlərinə uymayacaqdır. İndi demokratiyadır. Bütün müxalifət partiyalarına imkan verilibdir ki, seçkiqabağı televiziyada çıxış etsinlər – onlar onsuz da qəzetlərdə istədiklərini daim yazırlar – öz seçiciləri ilə görüşsünlər, danışsınlar. Ancaq nə müşahidə olunur? Seçkilərə qoşulan partiyaların tam əksəriyyəti müxalifət mövqeyində duranlardır. Onların hamısı iqtidarı tənqid edir. Tənqid bizə lazımdır, amma təhrif, yalan, böhtan lazım deyildir. Bu, xalqımıza, millətimizə lazım deyildir. Ancaq onlar bu yola düşüblər. Bunların sözünün əvvəli də, axırı da ondan ibarətdir ki, Azərbaycanda demokratiya yoxdur. Əgər demokratiya yoxdursa, müxalifət partiyaları nə üçün bu qədər qəzetlər çıxarırlar və bu qəzetlərdə

olmazın yalanlar, böhtanlar, iftiralar dərc olunur? Əgər demokratiya yoxdursa, müxalifət partiyaları televiziyada, radioda necə sərbəst çıxış edir, iqtidara qarşı böhtan yağdırırlar? Bəli, məhz Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olandan bir neçə vaxt sonra bu partiyalar yavaş-yavaş canlandı və indi onlara bütün imkanlar yaradılıbdır. Amma onlar da, hamı da düşünməlidir ki, bu imkanları kim, hansı hakimiyyət, iqtidar yaradıbdır? Bunu bizim iqtidar yaradıbdır. Bunu biz yaratmışıq. Mən bu günlər televiziyada çıxış edənləri müşahidə edirəm. Müxalifət partiyalarının televiziyada çıxış edən hər bir nümayəndəsi xalqı, milləti müstəqillik aktının doqquz illiyi münasibətilə təbrik edir. Çox gözəl. Bu onların haqlarıdır. Mən bundan çox məmnunam. Amma onlardan soruşmaq lazımdır, bu doqquz illik müddətin yeddi il beş ayı Azərbaycanın bugünkü iqtidarının üzərinə düşür. Əgər Azərbaycan 1991-ci ilin sonunda müstəqilliyini əldə edibsə, ondan sonrakı bir il altı ay müddətində ölkəmizdə hakimiyyətsizlik, hərc-mərclik davam edib və nəhayət, 1992-ci ilin iyununda Xalq Cəbhəsi – Müsavat hakimiyyətə gələndən sonra Azərbaycanın dağıdılması daha da sürətləndi. Bunlar da axırda gətirib vətəndaş müharibəsinə çıxartdı.

1990-cı ilin yanvar hadisələrindən sonra, ondan qabaq da Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuşdu, hərc-mərclik idi. Dövlətin on illərlə qazandığı sərvətlər dağıdılırdı və Azərbaycan bir neçə dəfə fövqəladə vəziyyətdə, avtomatçıların qarşısında yaşayıbdır. 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra Azərbaycanda fövqəladə vəziyyət elan olundu. Bu fövqəladə vəziyyət 1991-ci ilin axırınadək davam etdi. Yalnız müstəqillik elan olunandan sonra Azərbaycanda, Bakıda fövqəladə vəziyyət aradan götürüldü. Ancaq ondan sonra nə oldu? Xalq Cəbhəsi – Müsavat hakimiyyətə gəldi, bir ilin içərisində Azərbaycanda daxili sabitliyi daha da pozdu. Xatırlayın, əvvəllər fövqəladə vəziyyətin əleyhinə çıxan adamlar 1993-cü ilin aprelində Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra, hakimiyyətdə ola-ola, bütün Azərbaycanda fövqəladə vəziyyət rejimi yaratdılar. Həmin fövqəladə vəziyyət rejimində də hakimiyyəti saxlaya bilmədilər. 1993-cü ildə ölkəmizdə vətəndaş müharibəsi başlandı. Ölkənin daxilində müxtəlif proseslər ola bilər. Əgər dövlət, hakimiyyət güclüdürsə və xalqın dəstəyinə malikdirsə, o hər bir şeyin qarşısını ala bilər. 1993-cü ilin iyununda nə üçün Azərbaycanda vətəndaş müharibəsi, siyasi böhran başlandı, nəhayət, həmin hakimiyyət dağıldı? Ona görə ki, onlar xalqın dəstəyini, inamını əldə edə bilmədilər. Əksinə, bir ilin içərisində xalqı özlərindən diksindirdilər, uzaqlaşdırdılar və xalq belə bir hakimiyyətə artıq dözə bilmirdi. Hakimiyyət dağıldı. Hakimiyyətdə olan şəxslər, yəni Azərbaycanın prezidenti, Baş naziri, Milli Məclisin sədri, nazirlər qaçdılar, dağıldılar, gizləndilər. Bəziləri ayrı-ayrı yerlərdə 2–3–4 il gizləndilər. Əgər siz doğrudan da hakimiyyət adamısınızsa, doğrudan da xalq uğrunda mübarizə aparırsınızsa, doğrudan da hakimiyyətə gələrək Azərbaycanı idarə etmək istəyirdinizsə, niyə qaçırdınız, niyə gizlənirdiniz?

1995–1996-cı ildən sonra, Azərbaycanda ictimai-siyasi sabitlik tamam bərqərar olunandan sonra onlar yavaş-yavaş peyda oldular, deyə bilərəm ki, gizləndikləri yuvalarından çıxdılar, indi sərbəstdirlər. Bu sərbəstliyi, bu ictimai-siyasi sabitliyi kim yaradıb? Onu bugünkü iqtidar yaradıbdır. Bugünkü iqtidar bunu yaradaraq, onlara imkan veribdir ki, yenidən həyata qayıtsınlar, öz siyasi fəaliyyətlərini aparsınlar, bunu da qiymətləndirsinlər. Ancaq bunun əvəzində onlar öz çıxışlarında deyirlər ki, yeddi il müddətində heç bir şey görülməyibdir. Bəs onda bu müstəqillik dövründə nə görülübdür? Bəs onda bu müstəqillik münasibətilə siz xalqı niyə təbrik edirsiniz? Mən yenə də deyirəm, bu doqquz ilin yeddi il beş ayı bugünkü iqtidarın rəhbərliyi altında gedibdir. Ondan əvvəl, müstəqillik elan olunandan sonrakı bir il yarım ərzində bir neçə hakimiyyət dəyişilib, hərc-mərclik olubdur və Azərbaycan dağılırdı. Demək, bunları görməyən, yaxud görərək inkar edən adamlar, heç təsəvvür etmək mümkün deyil ki, hansı psixologiyaya malikdirlər. Bir daha deyirəm ki, bu doqquz ildə Azərbaycanın müstəqilliyini təmin edən, yaşadan bugünkü iqtidardır.

Azərbaycanın dövlət müstəqilliyinin elan olunması tarixi zərurətdən meydana gəlmiş bir hadisədir. Bu, o illərdə, ondan əvvəlki bir neçə ildə SSRİ-də və bütün dünyada gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir. Bu müstəqillik talenin bizə bəxş etdiyi nemətdir. Əgər SSRİ dağılmasaydı, heç bir qüvvə, heç bir respublika heç bir müstəqillik əldə edə bilməzdi. Amma indi həmin müxalifətdə olan adamlar döşlərinə vururlar ki, biz mübarizə etmişik, Azərbaycanın müstəqilliyini əldə etmişik. Onda Türkmənistan, Özbəkistan, Ukrayna, Belarus, Qazaxıstan öz müstəqilliklərini necə əldə ediblər? Bəli, SSRİ hökumətinin Dağlıq Qarabağ problemi ilə əlaqədar ədalətsiz mövqeyinə görə xalq  etiraz səsini qaldırdı. Bu etiraz səsini təkcə özü yox, kütlələr bildirib, küçələrə, meydanlara çıxıbdır. Bəli, belə bir xalq hərəkatı olubdur. Ancaq indi bəziləri döşünə döyür ki, biz milli azadlıq hərəkatının liderləri olmuşuq və bunun nəticəsində Azərbaycanın müstəqilliyinə nail olmuşuq. Bu cür yalan heç bir şeyə sığışmır. Yenə də deyirəm, bizim xoşbəxtliyimizdir ki, SSRİ dağıldı. Təbiidir ki, SSRİ dağılanda bu ittifaqa daxil olan bütün müttəfiq respublikalar öz müstəqilliklərini elan etdilər. Onu da bilməlisiniz ki, digər respublikalar öz müstəqilliyini Azərbaycandan əvvəl – 1991-ci ilin iyununda, iyulunda, sentyabrında elan etdilər. Azərbaycan isə 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında akt qəbul etdi. Amma həqiqi müstəqillik 1991-ci il dekabrın 30-da ümumi referendum keçiriləndən sonra olubdur. Yəni biz o vaxt bu məsələdə də irəlidə deyildik. Əgər müstəqillik uğrunda mübarizə aparılırdısa, burada da o biri respublikalardan geri qalmışdıq. Bax, həqiqət budur. Gərək heç kəs bu tarixi həqiqətləri unutmasın və heç kəs də təhrif etməsin.

Bizim bugünkü nailiyyətimiz Azərbaycanda məhz son illər, yəni 1993-cü ilin iyunundan indiyədək aparılan işlərin nəticəsidir və biz bundan sonra daha da böyük nailiyyətlər əldə edəcəyik. Mən bu fikirlərimi sizə çatdıraraq, olimpiya oyunlarında əldə etdiyiniz qələbə münasibətilə sizi təbrik edirəm. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Bir daha deyirəm, sizin bu nailiyyətiniz Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və 1993-cü ildən başlayaraq Azərbaycan iqtidarının apardığı doğru, düzgün daxili və xarici siyasətinin nəticəsidir. Mən bütün Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm və Azərbaycana bir daha, bir daha əbədi müstəqillik arzulayıram. Sağ olun.