Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Yeni İl təbriki - 31 dekabr 1997-ci il


Əziz həmvətənlər, bacılar, qardaşlar, Azərbaycanın vətəndaşları!

Sizi qarşıdan gələn yeni il, 1998-ci il münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bütün ölkələrdə yaşayan azərbaycanlılara səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Vidalaşdığımız 1997-ci il Azərbaycan xalqı üçün uğurlu il olmuşdur. 1997-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da möhkəmlənmişdir. Biz Azərbaycanın ilk demokratik konstitusiyasının qəbul edilməsinin ikinci ilini də başa vururuq. 1997-ci ildə konstitusiyanın müddəalarının həyata keçirilməsi yolunda çox işlər görülübdür, qanunlar qəbul olunubdur, fərmanlar, qərarlar verilibdir və onların əməli surətdə icrası təmin edilibdir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi 1997-ci ildə sürətlə inkişaf edibdir. Ölkəmizin hər sahəsində nailiyyətlər əldə olunubdur.

Azərbaycanın prinsipial, xalqımızın milli mənafelərini təmin edən xarici siyasətinin və həyata keçirilən tədbirlərin nəticəsində Azərbaycanın dünya miqyasında hörməti daha da artmış, əlaqələri genişlənmişdir. 1997-ci ildə bir çox ölkələrə edilmiş rəsmi səfərlər, xarici ölkələrin dövlət və hökumət başçılarının, parlament nümayəndələrinin Azərbaycana ziyarətləri, imzalanmış sazişlər, müqavilələr, birgə bəyanatlar və başqa sənədlər Azərbaycan ilə dünyanın bir çox ölkələri arasındakı əlaqələrin hüquqi-normativ bazalarını yaratmış, onları inkişaf etdirmək üçün çox böyük imkanlar açmışdır. Bunlar hamısı bizim əlaqələrimizi genişləndirmiş və möhkəmləndirmişdir.

1997-ci ildə Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatlarının toplantılarında, müşavirələrində iştirak etmiş, Azərbaycanın problemlərini, Azərbaycanın fikirlərini dünyaya çatdırmışdır. Bunların hamısının nəticəsində biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan dünyada daha çox tanınmış, ölkəmizə maraq daha da çox artmış və Azərbaycan ilə əlaqə qurmaq istəyən dövlətlərin sayı da artmışdır.

Bizim xarici siyasətimizdə əsas yer tutan - Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin həll olunması məsələsidir. 1997-ci ildə bu sahədə gərgin iş aparılmışdır. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması prinsipləri ilk dəfə qəbul edilmişdir. 1997-ci ildə bu prinsiplər ardıcıl surətdə müdafiə edilmiş və ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa məhz bu prinsiplər əsasında məsələnin sülh yolu ilə həll edilməsi üçün təkliflərin işlənməsi, hazırlanması ilə məşğul olmuşlar. Bu prinsiplər bütün ölkələr tərəfindən tanınmış, bu ilin sonunda Kopenhagendə ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşündə də bu prinsiplər və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi barəsində Minsk qrupunun həmsədrləri tərəfindən verilmiş təkliflər bəyənilmişdir.

Beləliklə, 1998-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasi üçün böyük imkanlar yaranmışdır. Biz həmişə bəyan etmişik və bu gün, 1998-ci ilə doğru gedərkən mən bir daha bəyan edirəm ki, respublikamiz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır və məsələnin bu yolla həll edilməsi üçün biz konstruktiv addımlar atmışıq və bundan sonra da onları atacağıq. Əminəm ki, 1998-ci ildə biz bu yolla gedərək müsbət nəticələr əldə edə biləcəyik. Respublikamızın daxilində ən mühüm nəticə ondan ibarətdir ki, ölkəmizdə yaranmış ictimai-siyasi sabitlik daha da möhkəmlənmişdir. Bunun nəticəsində vətəndaşlarımızın rahat, əmin-amanlıq şəraitində yaşaması təmin olunmuşdur, ölkəmizə xarici investorların daha da həvəslə, maraqla gəlməsi müşahidə edilir.

1997-ci ildə Azərbaycanın iqtisadiyyatında müəyyən müsbət nəticələr əldə olunmuşdur. Ümumi daxili məhsul 5,3 faiz artmışdir, sənaye məhsulu istehsalının azalması dayandırılmış,

1997-ci ildə az da olsa - 0,3 faiz artım əldə edilmişdir. İqtisadiyyata kapital qoyuluşu 1 milyard 500 milyon dollar təşkil etmişdir. Azərbaycana xarici investisiyanın gəlməsi 1997-ci ildə daha da artmış, 1 milyard 200 milyon dollara çatmışdir. Xarici ticarət dövriyyəsi artmış, 1 milyard 600 milyon dollar təşkil etmişdir. Burada müsbət hal ondan ibarətdir ki, 1997-ci ildə idxala nisbətən ixrac 30 faiz artmışdır. Əhalinin gəlirləri 1997-ci ildə 31 faiz artmışdır. Qeyd etməliyəm ki, bu da MDB ölkələri içərisində ən yüksək göstəricidir.

Azərbaycana xarici investisiyanın gəlməsində dünyanın böyük neft şirkətləri ilə bizim gördüyümüz müştərək işlər çox əhəmiyyət kəsb edir. Biz artiq bu işlərin əməli nəticəsini görürük. 1994-cü ilin sentyabr ayında imzalanmiş "Əsrin müqaviləsi"nin əməli nəticəsini bu ilin noyabr ayında böyük bayram kimi, bizimlə müştərək işləyən ölkələrin, şirkətlərin nümayəndələri ilə birlikdə qeyd etdik. "Çıraq" neft yatağından ilkin neft alındı və artıq tikilmiş, qurulmuş boru kəməri ilə neft Qara dənizə ixrac olunur. Neftin qərb istiqaməti ilə ixrac edilməsi üçün nəzərdə tutulmuş boru kəməri tikilməkdədir və o, 1998-ci ilin oktyabr ayınadək istifadəyə veriləcəkdir. Bizim bu sahədə işlərimiz genişlənibdir. 1997-ci ildə bir neçə yeni böyük müqavilələr imzalanıbdır. Imzalanmış müqavilələrin hamısı bir yerdə ümumi sərmayəsi, yəni bu sahədə Azərbaycana qoyulan sərmayə 30 milyard dollar həcminə çatmışdır. İqtisadiyyatda bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsi sahəsində gözəçarpan nailiyyətlər əldə edilmişdir. Özəlləşdirmə proqramı ardıcıl surətdə həyata keçirilir və biz artıq onun əməli nəticələrini görürük. Torpaq islahatı, aqrar islahatlar yerinə yetirilir, torpağın xüsusi mülkiyyətə verilməsi prosesi həyata keçirilir və bunlar da öz müsbət nəticəsini verir.

Bazar iqtisadiyyatı Azərbaycanda iqtisadiyyatın demokratik prinsiplər əsasında qurulmasını bir daha nümayiş etdirir. Məhz bunların nəticəsidir ki, son iki ildə ümumi daxili məhsulun əldə edilməsində özəl sektorun payı 15 faizdən 40 faizə, kənd təsərrüfatı məhsullarının istehsalında isə 80 faizə qalxmışdır. Bütün bunların nəticəsində, xarici şirkətlərlə müştərək işlərin görülməsi nəticəsində yeni iş yerləri açılmış, Azərbaycanın vətəndaşlarının bir çoxu bu iş yerlərindən istifadə edərək özlərinin maddi vəziyyətini xeyli yaxşılaşdırmışdır.

Bizi keçən illərdə həyatımızda narahat edən daxili sabitlik yaratmaq idi. 1997-ci ildə bu sahədə görülən işlər, apardığımız siyasət cinayətkarlıqla mübarizəni də gücləndirmiş və ictimai-siyasi sabitliyi pozan cinayətkar ünsürlərin zərərsizləşdirilməsinə nail olunmuşdur. Belə bir şəraitdə vətəndaşlarımız rahat, sərbəst yaşamaq, çalışmaq, təhsil almaq, istirahət etmək imkanları əldə etmişlər.

Bunların hamısı 1997-ci ildə əldə olunmuş böyük nailiyyətlərin kiçik xülasəsidir. 1998-ci ildə bizim qarşımızda böyük vəzifələr durur. Mən əminəm ki, biz bu vəzifələri şərəflə yerinə yetirəcəyik. Biz dövlət müstəqilliyimizin 6 ilini sona çatdırdıq. Son illər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində xüsusi yer tutur. Bunların əsasında Azərbaycanın demokratik konstitusiyasını rəhbər tutaraq, onun müddəalarını, demokratik prinsipləri respublikamızda ardıcıl surətdə həyata keçirərək biz yeni nailiyyətlər əldə edəcəyik. Güman edirəm ki, 1998-ci ildə iqtisadiyyat daha da yüksələcək, özəlləşdirmə proqramı geniş tətbiq olunacaq, həyata keçiriləcəkdir və bu proqramın çox hissəsi artıq sona çatacaqdır. Biz torpaq islahatı və torpağın xüsusi mülkiyyətə verilməsi sahəsində 1998-ci ildə çox işlər görə biləcəyik.

Şübhəsiz ki, bunlar öz müsbət nəticələrini verəcəkdir. 1998-ci ildə biz xarici siyasətdə tutduğumuz yol ilə gedəcəyik. Yolumuz isə Azərbaycanın milli mənafelərini üstün tutaraq prinsipial, müstəqil, sərbəst siyasət aparmaqdan ibarətdir. Bizim məhz bu siyasətimiz dünyanın bir çox ölkələrinin Azərbaycanla sıx əlaqə qurmasının əsasını təşkil edir. Bu siyasət və iqtisadiyyatda aparılan işlər nəticəsində Azərbaycan həm özünün daxili imkanlarından səmərəli istifadə edə bilir, həm də şərq ilə qərb arasında bir körpü olaraq çox faydalı işlər görür. 1998-ci ildə bu işlər də davam edəcəkdir. Bizim tutduğumuz yol demokratiya yoludur. Bizim tutduğumuz yol müstəqillik yoludur. Bizim tutduğumuz yol azadlıq yoludur.

Bizim amalımız Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək və onu əbədi etməkdən ibarətdir. Bizim ali məqsədimiz vətəndaşlarımıza, xalqımıza daha da firavan həyat yaratmaq, qarşıda duran sosial-iqtisadi problemləri həll etmək və çətinlikləri aradan götürməkdən ibarətdir. Bu çətinliklər, problemlər var. Biz bunu açıq-aydın görürük və heç vaxt heç kəsdən də gizlətmirik. Məhz hər şeyə ədalətli münasibət göstərərək, ölkəmizin həyatına, onun hər sahəsinə tam ədalətli, obyektiv münasibət göstərərək, həyatımızda olan qüsurları, çatışmazlıqları, çətinlikləri aradan götürürük və əminəm ki, 1998-ci ildə bu sahədə biz çox nailiyyətlər əldə edəcəyik. Beləliklə, 1998-ci ili böyük ruh yüksəkliyi ilə, nikbinliklə qarşılayırıq. Əminəm ki, 1998-ci il Azərbaycanın hər bir vətəndaşına, hər bir ailəsinə yeni uüurlar, səadət, xoşbəxtlik gətirəcəkdir. Mən sizi yeni il münasibətilə bir daha təbrik edirəm.

Mən yeni il salamlarımı və təbrikimi yerindən-yurdundan didərgin düşmüş, köçkün vəziyyətində, çadırlarda yaşayan soydaşlarımıza çatdırıram. Onların vəziyyəti, qayüıları bizim əsas qayğılarımızdır. Bizim fəaliyyətimizdə bu, mərkəzi yer tutur. Bizim bacılarımız, qardaşlarımız, köçkün vəziyyətində yaşayan soydaşlarımız bilməlidirlər ki, onları bu vəziyyətdən çıxarmaq üçün biz bütün imkanlarımızdan istifadə edirik və bundan sonra da edəcəyik. Mən inanıram ki, biz 1998-ci ildə bu sahədə müsbət nəticələr əldə edəcəyik. mən inanıram ki, işğal olunmuş torpaqlarımız Ermənistan silahlı qüvvələrindən azad ediləcəkdir və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz elinə - obasına qayıdacaq, öz torpağında yaşayacaqlar. Mən buna inanıram.

Mən inanıram ki, bizim apardığımız işlər nəticəsində və dünya birliyinin bizə göstərdiyi dəstəyə arxalanaraq biz Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik, işğal olunmuş torpaqlarımızın hamısı azad ediləcəkdir, Azərbaycan xalqı, dövləti bütün ərazisinə nəzarət edəcək, onun sərhədləri toxunulmaz olacaqdır. Bu bayram axşamı biz vətənimizin, torpağımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş insanları böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Onların qəhrəmanlıq nümunələri bizim qəlbimizdə əbədi yaşayacaqdır. Mən yeni il təbriklərimi və salamlarımı şəhidlərin ailələrinə çatdırıram, onlara yeni ildə uğurlar arzulayıram.

Vətənimizin müdafiəsində xidmətlər göstərmiş, ölkəmizin yaşamasında, inkişaf etməsində böyük xidmətləri olan veteranlar, ağsaqqallar, torpaqlarımızın müdafiəsində şikəst olmuş vətəndaşlarımız böyük hörmətə və ehtirama layiqdirlər. Mən onları yeni il münasibətilə təbrik edirəm və onların hamısına uzun ömür, xoşbəxt həyat arzulayıram.

Məmnuniyyət hissi ilə qeyd edirəm ki, ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsində bizim cəsarətli milli ordumuz durubdur. Sona çatan ildə Azərbaycanın milli ordusu daha da möhkəmlənib, Azərbaycanın silahlı qüvvələri daha da təkmilləşib, öz professional səviyyəsini artırıbdır. Ancaq 1998-ci ildə onların qarşısında daha da böyük vəzifələr durur.

Ən böyük, ən müqəddəs vəzifə torpaqlarımızı etibarlı qorumaq, bizim torpağımıza qəsd edən hər bir qüvvəyə vaxtında, lazımi cavab verməkdən ibarətdir. Mən bu yeni il salamlarımı və bayram təbriklərimi bizim əsgərlərimizə, zabitlərimizə göndərirəm, səngərlərdə duran döyüşçülərimizə göndərirəm, Ermənistan silahlı qüvvələri ilə üz-üzə duraraq sərhədlərimizi qəhrəmancasına qoruyan gənclərimizə göndərirəm. Əziz qardaşlar, mən sizi xüsusi təbrik edirəm və inanıram ki, siz öz müqəddəs vətəndaşlıq borcunuzu layiqincə yerinə yetirəcəksiniz.

Bizim cəmiyyətimizdə qadınlar daim böyük rol oynamışlar. Qəhrəman analar xalqımız üçün gənc əsgərlər yetişdirir, ölkəmizin həyatının bir çox sahələrində fədakarcasına çalışırlar. Yeni il münasibətilə qadınları, anaları xüsusi təbrik edirəm, onlara müqəddəs analıq şərəfini layiqincə daşımağı arzu edirəm.

Yeni il münasibətilə bütün dünyada, dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların hamısını bir daha salamlayıram, təbrik edirəm. Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza olan hörmət və ehtiramımızı bildirirəm, bizim həmrəyliyimizin daha da güclənməsini arzulayıram. Soydaşlarımıza səadət, bütün işlərində uğurlar arzulayıram.

Azərbaycanın vətəndaşları 1998-ci ili böyük ümidlərlə qarşılayırlar. Mən də belə ümidlərlə yaşayıram. Əminəm ki, bizim ümidlərimiz çin olacaqdır, arzularımız yerinə yetəcəkdir.

Yeni iliniz mübarək olsun!

"Azərbaycan" qəzeti, 3 yanvar 1998-ci il