Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Cenevrədən Bakıya qayıdarkən Binə hava limanında Azərbaycan televiziyası müxbirinin sualına cavabı - 23 avqust 1999-cu il


Sual: Cənab prezident, Cenevrədə danışıqların nəticələri barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Salaməleyküm. Bizim danışıqlarımız, Ermənistan prezidenti ilə mənim aramda olan danışıqlar haqqında dünən biz danışıqlar qurtaran kimi mətbuat konfransı keçirdik və orada bəyanat verdik. Güman edirəm ki, bu bəyanat sizə məlumdur.

Orada, Cenevrədə dediyim kimi, bir daha deyə bilərəm ki, bu danışıqlar çox əhəmiyyətlidir və çox faydalıdır. Bu danışıqlar zamanı biz bir çox məsələləri hər iki tərəf üçün aydınlaşdırırıq, dəqiqləşdiririk.

Danışıqlar onu göstərir ki, biz də, Ermənistan tərəfi də bundan sonra məsələnin sülh yolu ilə həll olunması prinsipləri əsasında hərəkət edəcəyik. Ona görə də biz dünən bəyan etdik ki, danışıqların nəticəsi kimi, atəşkəs rejimini bundan sonra da saxlayacağıq, qoruyacağıq və möhkəmləndirəcəyik. Bunun üçün də biz belə bir razılığa gəldik ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi müdafiə nazirlərinə göstərişlər verəcəklər ki, onlar görüşsünlər və cəbhə bölgəsində baş verən bəzi hadisələri aradan qaldırmağa çalışsınlar. Əsas məqsəd ondan ibarətdir ki, gələcəkdə atəşkəs rejiminin pozulmasına səbəb olan heç bir kiçik hadisəyə yol verilməsin.

Şübhəsiz ki, danışıqlarda hər iki tərəf öz mövqeyini müdafiə edir. Bu təbiidir. Minsk qrupunun son təklifləri hələ indiyə qədər gündəlikdədir. Biz bu məsələni də müzakirə etdik, bir daha baxdıq. Ancaq məsələni həqiqətən sülh yolu ilə həll etmək üçün hər iki tərəf eyni fikri ifadə etdi ki, müəyyən kompromislərə getmək lazımdır. Şübhəsiz ki, bunlar asan məsələ deyildir. Ancaq hesab edirəm ki, bizim bu danışıqlarımız, ümumiyyətlə, yeni bir vasitə kimi, bu sülh danışıqları prosesinə bundan sonra kömək edəcəkdir. Güman edirəm ki, bu danışıqlar bundan sonra da davam edəcəkdir.

Mən sizə bundan artıq bir şey deyə bilmərəm. Təşəkkür edirəm. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR