Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşdəki söhbətindən - Moskva, Vorobyovı Qorı, Azərbaycan prezidentinin iqamətgahı, 2 aprel 1999-cu il


Heydər Əliyev: Əziz dostum Eduard Amvrosiyeviç! Sizi səmimi-qəlbdən salamlayır və yenidən görüşmək imkanından çox məmnun qaldığımı bildirirəm. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağı məsələlərin müzakirəsi üçün belə görüşlərin çox əhəmiyyətli olduğunu vurğulamaq istəyirəm.

Eduard Şevardnadze: Mənim əziz dostum və qardaşım Heydər Əliyev! Sizinlə hər bir görüşümüz məndə xoş duyğular oyadır. Bu mötəbər məclisdə Sizinlə yenidən görüşmək imkanı yaranmasından məmnun qaldığımı bildirirəm.

Heydər Əliyev: Azərbaycan ilə Gürcüstan, xalqlarımız arasında qarşılıqlı surətdə faydalı əlaqələrin hazırkı vəziyyətindən razı qaldığımı bildirir və bu əməkdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsinin gündən-günə inkişaf etməsinə çalışmalıyıq.

Eduard Şevardnadze: Əziz dostum, Sizin fikirlərinizlə razı olduğumu vurğulayaraq bildirirəm ki, ölkələrimiz, xalqlarımız arasında dostluq münasibətlərinin, iqtisadi əlaqələrin daha da genişləndirilməsi, bütün bunlar bizi daha da yaxınlaşdırır.

Biz Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunmasına, Ermənistan-Azərbaycan və gürcü-abxaz münaqişələrinin sülh yolu ilə aradan qaldırılmasına var gücümüzlə çalışmalıyıq.

Cənab prezident, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neftin dünya bazarına çıxarılması üçün Bakı-Supsa boru kəmərinin Gürcüstan ərazisindən keçməsində göstərdiyiniz qətiyyətə və köməyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Məlumat verim ki, Poti terminalının tikintisi hazırdır və Sizi bir daha həmin terminalın açılışı mərasiminə dəvət edirəm.

Heydər Əliyev: Dəvəti böyük məmnuniyyətlə qəbul edirəm. Bizim tarixi dostluq ənənələrinə malik olan xalqlarımız arasında münasibətlərin gündən-günə möhkəmlənməsində iqtisadi əlaqələrin son dərəcə böyük əhəmiyyət daşıdığını vurğulayıram. Bütün bunlar qonşu və dost müstəqil dövlətlərimizin bütün sahələrdə əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün mövcud imkanlardan bundan sonra da səmərəli istifadə edilməsi üçün yaxşı əsasdır.

Görüşdən sonra Azərbaycan Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin jurnalistlərin suallarına cavabı:

Sual: Siz zirvə görüşü barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Nə demək olar? Yaxşı keçdi.

Eduard Şevardnadze: Hər halda düşünürəm ki, bu faydalı görüş idi.

Heydər Əliyev: Şübhəsiz, faydalı görüş idi.

Eduard Şevardnadze: Qəbul edilmiş qərarların da , dövlətlərimizin müstəqilliyini nəzərə almaqla, prinsipial əhəmiyyəti, hətta deyərdim, daha müasir əhəmiyyəti var.

Heydər Əliyev: Qəbul etdiyimiz bəyannamənin, eləcə də digər sənədlərin çox böyük əhəmiyyəti var.

Sual: Qısaca deyə bilərsinizmi, bu bəyannamənin konkret məzmunu nədən ibarətdir?

Heydər Əliyev: Özünüz oxuyarsınız. Bəyannamə ki, dərc ediləcəkdir. Ondan qısaca danışmaq mümkün deyildir.

Sual: Cənab prezident, ikitərəfli danışıqlarınızın yekunları necədir?

Heydər Əliyev: Bizim ikitərəfli danışıqlarımız həmişə uğurla keçir. Gürcüstanla Azərbaycan arasında dostluq, mehribanlıq, qardaşlıq münasibətləri var və biz hansısa məsələləri tənzimləmək üçün deyil, təcrübə, informasiya mübadiləsi aparmaq, habelə səylərimizi əlaqələndirmək üçün görüşürük ki, əməkdaşlığımız daha yaxşı olsun, Gürcüstana da yaxşı olsun, Azərbaycana da.

Eduard Şevardnadze: Görüşlərimiz daha tələbata çevrilir. Görüşümüz bir qədər gecikəndə...

Heydər Əliyev: Darıxırıq.

Sual: Necə razılaşdınız, siz Gürcüstanda tezliklə görüşəcəksiniz?

Heydər Əliyev: Bəli, tezliklə görüşəcəyik. Bakı-Supsa neft kəmərinin açılışı olacaqdır.

Sual: Heydər Əliyeviç, Sizin bəyanatınıza münasibət necədir?

Heydər Əliyev: Sizin münasibətiniz necədir?

Müxbir: Bizim münasibətimiz yaxşıdır.

Heydər Əliyev: Lap yaxşı.

Sual: Yuqoslaviya məsələsinə dair birgə mövqe bildirildimi?

Heydər Əliyev: Yox

Sual: Heç nə qəbul etmədiniz?

Heydər Əliyev: Qətiyyən.