Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın xalq şairi, görkəmli ictimai xadim Süleyman Rüstəmin anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsində nitqi - Respublika sarayı, 26 mart 1998-ci il


Hörmətli xanımlar, cənablar, dostlar!

Biz bu gün bu möhtəşəm saraya şer, ədəbiyyat, mədəniyyət bayramına - ölməz şairimiz Süleyman Rüstəmin yubiley bayramına toplaşmışıq. Bu bayram münasibətilə sizi ürəkdən təbrik edirəm və hamınıza cansağlığı, səadət arzulayıram.

Süleyman Rüstəm Azərbaycan tarixinə, Azərbaycan mədəniyyəti, ədəbiyyatı tarixinə daxil olmuş görkəmli simalardan biridir. Sona çatan XX əsr ədəbiyyatının, mədəniyyətinin 60 ildən çox bir hissəsini əhatə edən Süleyman Rüstəm yaradıcılığı xalqımızın milli sərvətidir.

Süleyman Rüstəm 16 yaşında ilk bədii əsərini cəmiyyətimizə təqdim edibdir, ömrünün sonuna qədər Azərbaycan şerinin, ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsinə sədaqətlə xidmət göstərərək böyük, şərəfli bir ömür yaşayıbdır.

Süleyman Rüstəm kimi insanlar nadir insanlardır. Belə insanlar Tanrının onlara verdiyi fitri istedadı fədakarlıqla xalqına, millətinə sədaqətlə birləşdirib belə zirvələrə qalxa biliblər. Biz Süleyman Rüstəm kimi böyük şairimizlə fəxr edirik və güman edirəm ki, gələcək nəsillər də Süleyman Rüstəmin xidmətlərini və onun yaradıcılığını heç vaxt unutmayacaqlar.

Xalqımız şeri, ədəbiyyatı sevən xalqdır. Eyni zamanda şerin, ədəbiyyatın hər bir insanın həyatında və xalqımızın, cəmiyyətimizin, millətimizin həyatında daim böyük rolu olmuşdur. Məhz buna görədir ki, Azərbaycanda şairlər, yazıçılar, mədəniyyət, incəsənət xadimləri həmişə hörmətli olublar, bu gün də biz onların hörmətini daim saxlayırıq və yüksəltməyə çalışırıq. Bu, tək onlar, onların şəxsiyyəti üçün deyil. Bu, bizim xalqımız, cəmiyyətimiz, millətimiz üçün çox vacibdir.

Süleyman Rüstəmin şerləri, bədii yaradıcılığı çox rəngarəngdir və bir çox nəsillərin təhsilinə, mənəviyyatına, formalaşmasına böyük təsir etmişdir. Bu, böyük həqiqətdir. Mənim nəslim 30-cu illərdə Süleyman Rüstəmin və Süleyman Rüstəmlə eyni yaşda olan, Azərbaycan ədəbiyyatına onunla bir zamanda gələn böyük yazıçılarımızın, şairlərimizin əsərlərinin təsiri altında təhsil almış, böyümüş, vətənpərvər olmuş, vətənini, millətini dərk edə bilmişdir.

Burada Süleyman Rüstəmin yaradıcılığı barədə gözəl sözlər deyildi. Mən isə onu qeyd etmək istəyirəm ki, Süleyman Rüstəmin şerləri, əsərləri, bütün yaradıcılığı xalqımızda birinci növbədə vətəni sevmək, vətənə sadiq olmaq, vətənpərvər olmaq, millətimizlə, xalqımızla fəxr etmək hissləri, duyğuları yaradıb, inkişaf etdirib. Adamları insan, vətəndaş edən, insanları yüksək mənəviyyata qaldıran amillərdən biri də bizim mədəniyyətimizdir, ədəbiyyatımızdır, şerimizdir. Süleyman Rüstəmin şerləri, əsərləri bizim ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdirərək XX əsrdə keçdiyi böyük, mürəkkəb, çətin yolda xalqımıza dayaq olmuş, xalqımızı irəliyə aparmış, yüksəltmişdir.

XX əsr bütün dünya üçün çox mürəkkəb bir dövrdür. Azərbaycan da bunda istisna deyil və xüsusən ona görə ki, biz keçmişdə Rusiyanın bir hissəsi olaraq, sovet hakimiyyəti qurulandan sonra o quruluşu, ideologiyanı, ictimai sistemi qəbul edib onun çərçivəsində yaşamışıq, həyat sürmüşük. Tarix tarixdir. Onun hər bir mərhələsinin, hər bir səhifəsinin özünəməxsus mənası, müsbət və mənfi cəhətləri vardır. O illərdə yaşamış, yazmış-yaratmış yazıçılarımız, şairlərimiz, mədəniyyət xadimlərimiz şübhəsiz ki, o illərin çərçivəsində olmalı idilər. İndi kimsə istəyir desin ki, belə olmamalı idi, - o, sadəcə, həqiqətdən kənardır. Əlbəttə, biz bu gün o illərdən çox uzaqlaşdığımız bir zaman belə "qəhrəmanlar" meydana çıxır.

Ancaq bunların hər birinin öz xüsusiyyətinə aid olan proseslər çərçivəsində təhlili və qiyməti verilməlidir.

Akademik Bəkir Nəbiyev Süleyman Rüstəmin yaradıcılığı haqqında danışarkən Süleyman Rüstəmin partiya, komsomol, sovet hakimiyyəti, sovet ideologiyası haqqında yazmasına müəyyən qədər bəraət qazandırmağa çalışırdı. Bilirsiniz, mən bunu keçmişdə də demişəm, bu gün də təkrar etməyim yerinə düşərdi: Hansı dövrdə hansı şair padşahları vəsf etməyibdir? Hansı dövrdə hansı şair, hansı yazıçı yaşadığı dövrü tərənnüm etməyibdir? Belələrini tapmaq mümkün deyil. Əgər bəziləri varsa, onları bayraq edib, bütün qalanlarına qara yaxılması düzgün deyildir.

Bəli, xüsusən 1920-1930-cu illər ağır repressiya illəri olubdur. Bizim xalqımız çox itkilər veribdir. Biz bu repressiya illərini ürək ağrısı ilə xatırlayırıq. İtirdiyimizi itirmişik, ancaq şükür etməliyik ki, qalanlar, bu xatadan qurtaranlar, repressiyalardan xilas olanlar bizim həyatımızı, mədəniyyətimizi, ədəbiyyatımızı, təhsilimizi, həyatımızın başqa sahələrini yaradıblar.

Bəli, biz Hüseyn Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli şəxslərin repressiya qurbanları olması haqqında on illərdir ki, böyük ürək ağrısı ilə danışırıq. Onlar əlimizdən getdi. Əgər hamısı getsəydi, onda bizim bu ədəbiyyatımızı, elmimizi, mədəniyyətimizi kim yaradacaqdı?

İndi kimsə hesab edir ki, o vaxtlar gərək Səməd Vurğunu da həbs edib öldürəydilər, Rəsul Rzanı, Süleyman Rüstəmi də öldürəydilər. Onda deyərdilər ki, bunlar qəhrəman idi və biz oturub onları da on illərlə ağlayacaqdıq. Yenə də deyirəm, biz Allaha şükür etməliyik ki, belə insanlar o ağır dövrdə o xatalardan qurtara bildilər. Əgər 30-cu illərdə o itirdiklərimizlə yanaşı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və bizim o nəsildən olan görkəmli başqa şairlərimiz olmasaydı, onlar yazıb-yaratmasaydılar, o əsərlərimiz olmasaydı, indi bizim o dövr tariximizin ədəbiyyatı, mənəviyyatı, mədəniyyəti nədən ibarət olardı? Mən bizim ədəbiyyatımızı Səməd Vurğunsuz da, Rəsul Rzasız da, Süleyman Rüstəmsiz də təsəvvür edə bilmirəm. Ancaq, eyni zamanda, böyük şairlərimiz, yazıçılarımız bizim xalqımıza, millətimizə, cəmiyyətimizə nə qədər böyük xidmətlər göstərmişlər, bir daha deyirəm ki, mədəniyyətimizi zənginləşdirmişlər.

Süleyman Rüstəmin şerlərini, başqa əsərlərini oxuyarkən, dinləyərkən insan hər dəfə heyran olur ki, bu insanda nə qədər yüksək şer sənəti, dil zənginliyi vardır. Bunu hər adam edə bilməz və bu, hər adama məxsus deyildir. Süleyman Rüstəmin əsərlərinin ana xətti vətənpərvərlik, vətənə, millətimizə, xalqımıza sədaqətdir. Biz bu gün müstəqil Azərbaycan Respublikasında iftixar hissi ilə deyirik ki, bizim dövlət dilimiz, gözəl ana dilimiz, Azərbaycan dilimiz vardır və bu, müstəqilliyimizin rəmzidir. Dilimizi yaşadan, zənginləşdirən, gözəlləşdirən bizim yazıçılarımız, şairlərimiz, mədəniyyət xadimlərimiz olubdur.

SSRİ tərkibində bir respublika kimi bizim öz dilimizdə danışmağa, yazmağa, oxumağa ixtiyarımız var idi və biz də bundan çox səmərəli istifadə etmişik. Ancaq bütün dövlət işləri o vaxt hakim olan rus dilində gedirdi. Əgər bizim ədəbiyyatımız inkişaf etməsəydi, əgər yazıçılarımız, şairlərimiz yeni-yeni əsərlər yaratmasaydılar, onu yaymasaydılar və xalqımız bu ədəbiyyat nümunələrindən istifadə etməsəydi, bizim dilimiz bu cür yaşaya bilməzdi. Mən hesab edirəm ki, Azərbaycan dilinin bütün o çətin dövrlərdən keçib yaşamasında, inkişaf etməsində, bugünkü yüksək səviyyəyə çatmasında Süleyman Rüstəmin də böyük bir xidməti, payı vardır.

Süleyman Rüstəm öz şerlərində Azərbaycan gənclərini vətənpərvərliyə, mərdliyə, igidliyə dəvət edirdi.

İkinci dünya müharibəsi, alman faşizminə qarşı gedən müharibə zamanı Süleyman Rüstəmin əsərləri Azərbaycan gənclərində, azərbaycanlılarda vətənpərvərlik hisslərinin inkişaf etməsində, qəhrəmanlıq nümunələrinin yayılmasında, genişlənməsində çox böyük rol oynamışdır. Vətən deyəndə bunun nə demək olduğunu hər kəs anlayır. Vətən hər bir adam üçün onun evidir, kəndidir, torpağıdır, ölkəsidir.

Azərbaycan hansı ideologiya, hansı dövlət quruluşu çərçivəsində olmasına baxmayaraq, doğma vətənimizdir, min il bundan öncə də vətənimiz olubdur, 1930-1940-1950-1960-1970-ci illərdə də vətənimizdir, bu gün də bizim vətənimizdir.

Süleyman Rüstəm öz şerləri, əsərləri ilə insanları vətənpərvər edərkən Azərbaycan xalqını daim bu hisslərlə yaşatmağa çalışıbdır. Bu, böyük xidmətdir. Biz onu yüksək qiymətləndirməliyik.

Vətənə, Azərbaycana bağlılıq Süleyman Rüstəmin Təbrizlə əlaqədar şerlərində də və böyük Azərbaycan, İran şairi Şəhriyarla yazışmalarında da özünü göstərir. Yalnız vətənini, millətini hədsiz sevən və ona sadiq olan bir insan, şair Süleyman Rüstəmin yazdığı şerləri yaza bilərdi. Əgər o hisslər olmasaydı, o, belə şerləri yazmazdı, o hisslər olmasaydı Şəhriyarla yazışmazdı, ona şerlər ithaf etməzdi və ondan şerlər almazdı. Bunlar bizim ədəbiyyat, mədəniyyət tariximizin qızıl səhifələridir. Biz bunları qiymətləndirməliyik. Süleyman Rüstəm çox fəal ictimai-siyasi xadim olubdur. Azərbaycan Respublikasının Ali Soveti 1938-ci ildə yaranıbdır. O yaranan zamandan Süleyman Rüstəm ömrünün axırına qədər, demək, 50 il Azərbaycan Respublikası Ali Sovetinin deputatı olubdur. Bu, sadə bir şey deyildir. Süleyman Rüstəm o çərçivədə, o dövrdə, o mühitdə öz xalqına xidmət edibdir.

Mən xatırlayıram, həqiqətən, 1971-ci ildə respublikaya rəhbərlik edən zaman mənim təklifimlə Süleyman Rüstəm Ali Sovetin sədri vəzifəsinə seçildi və o, bu vəzifəni ömrünün axırına qədər şərəflə yerinə yetirdi.

Süleyman Rüstəmin yazdığı şerlərə, qəzəllərə çox mahnılar qoşulubdur, bəstələnibdir və hər bir mahnı bizdə, azərbaycanlılarda böyük ruh yüksəkliyi, xoş əhval-ruhiyyə yaradır, bizə ilham verir. Süleyman Rüstəm öz xasiyyəti, yaradıcılığı ilə çox hərarətli bir insan olubdur. Mənim xatirimdədir, ona "alovlu şair" deyirdilər. Bu, həqiqətən də belə idi. Həyatda da belə idi. Çox mərd insan idi. Mən onun şerlərini orta məktəbdə sevə-sevə oxumuşam. Süleyman Rüstəmin əsərlərini gənc vaxtlarımda oxuyaraq onlardan böyük mənəvi qida almışam.

70-80-ci illərdə Süleyman Rüstəmlə bir yerdə işlədiyimiz zaman da mən həmişə onu böyük bir insan kimi görmüşəm. Xalqımız ona hörmət edibdir. O da həmişə xalqına, millətinə sadiq olubdur, böyük hörmət və ehtiramla yaşayıbdır. Mən onu şəxsən yaxından tanıdığıma görə onu sənət ustası olmağından əlavə, bir insan kimi də yüksək qiymətləndirirəm. Burada Elçin də, Anar da onun gözəl insani xüsusiyyətləri haqqında xatirələrini söylədilər. Məndə də belə xatirələr çoxdur.

Süleyman Rüstəm xoşbəxt bir insandır. Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcəkdir. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur. Süleyman Rüstəm bizim ölkəmizdə, Azərbaycan xalqının həyatında böyük iz qoyub dünyasını dəyişmiş görkəmli şəxsiyyətlərdən biridir. Ona görə də Süleyman Rüstəmin yubileyini keçirmək sadəcə, bizim tərəfimizdən onun xidmətlərinə, şəxsiyyətinə, onun Azərbaycan xalqına qoyub getdiyi irsə göstərdiyimiz hörmətdir. Burada qeyri-adi heç bir şey yoxdur.

Burada səsləndi və mən bunu bilirəm, əgər kimsə 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində tariximizin böyük bir hissəsini cırıb atmaq istəyirdisə və bəzən onlar buna nail olurdusa, özləri - heç bir xidmət etməmiş adamlar xalqa sədaqətlə xidmət etmiş insanları aradan çıxarmağa çalışırdılarsa, bunlar keçici bir şeydir. Gördünüz ki, onlar keçdilər, getdilər. Bu gün onu deyə bilərəm ki, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan hansısa nüansları tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır. Belə adamların özləri xalq, millət, ölkə üçün heç bir şey etməyiblər. Əgər bizim xalq dili ilə desək, onlar nə Səməd Vurğunun, nə Rəsul Rzanın, nə Süleyman Rüstəmin dırnağı qədər də ola bilməzlər.

Biz tariximizi, keçmişimizi unutmamalıyıq. Onsuz da bizim tariximizi təhrif edənlər, düşmənlər çox olubdur. Biz içimizdən buna imkan verməməliyik. Yenə də deyirəm, çünki bizim düşmənlərimiz çoxdur. Bəziləri hesab edirlər ki, biz bir millət, xalq deyilik, hansısa bir tərəkəmədən, köçəridən doğulmuş insanlarıq. Bizim içimizdə belə nadürüstlər, nankorlar və xalqımıza xəyanət edənlər də vardır. Biz tariximizi, millətimizi, xalqımızı belə adamlardan qorumalıyıq.

Biz Süleyman Rüstəmin yubileyini iki ildir ki, - 1996-cı ilin mart ayından 1998-ci ilin mart ayına qədər respublikamızda sevə-sevə qeyd etməklə bir daha həmin bədxahlara, Azərbaycan xalqına xəyanət edənlərə tutarlı cavablar veririk. Süleyman Rüstəmin parlaq yaradıcılığı, onun əsərləri, onun böyük siması bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Eşq olsun şerə! Eşq olsun ədəbiyyata! Eşq olsun Süleyman Rüstəm yaradıcılığına!

* * *

Yubiley konserti qurtardıqdan sonra Heydər ƏliyevinAzərbaycanın incəsənət ustaları ilə görüşü: Axşamınız xeyir olsun. Çox sağ olun, sizə təşəkkür edirəm. Süleyman Rüstəmi biz də sevmişik, siz də sevmisiniz. Şübhəsiz ki, bugünkü təntənəli gecədə hamımızın iştirakımız onun xidmətlərinə olan hörmət və ehtiramımızdır.

Konserti çox yaxşı keçirdiniz. Buna görə çox sağ olun. Bizim yazıçıların, şairlərin və mənim sözlərimi siz öz musiqinizlə, gözəl ifalarınızla daha da zənginləşdirdiniz. Çox sağ olun.

Biz yenidən böyük bir mədəniyyət bayramı ilə rastlaşdıq. Görürsünüz, biz də, xalqımız da mədəniyyətə nə qədər böyük fikir veririk. Bu saraya toplaşan insanların hamısı Süleyman Rüstəmin xatirəsi naminə toplaşıblar. Bir də bizimlə görüşməyə, mədəniyyətlə, incəsənətlə təmasda olmağa toplaşıblar. Siz də çox sağ olun ki, mədəniyyətimizi yaşadırsınız, inkişaf etdirirsiniz.

Süleyman Rüstəmin də arzusu bu olubdur ki, xalqımız, mədəniyyətimiz yaşasın. Siz də bunu edirsiniz.

Hamınız çox sağ olun. Bu, çox gözəl konsert oldu. Həmişə bir-birindən yaxşı olur. Amma hər dəfə o birisindən yaxşı olur.

"Azərbaycan" qəzeti, 27 mart 1998-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT