Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Dövlət Departamentinin Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və Yunanıstan üzrə nümayəndəsi Lin Pasko ilə görüşdə söhbəti - Prezident sarayı, 8 noyabr 2001-ci il


Heydər Əliyev: Cənab Lin Pasko!

Cənab səfir!

Azərbaycana xoş gəlmisiniz. Bir neçə il bundan öncə biz sizinlə əməkdaşlıq etmişik. Siz o vaxt həmsədr kimi, Minsk qrupunda Amerika Birləşmiş Ştatlarını təmsil edirdiniz. Ondan sonra başqa yerə getdiniz. İndi yenidən bizim bölgə ilə bağlısınız. Mən sizi yeni vəzifənizlə əlaqədar təbrik edirəm, Azərbaycana gəlişinizdən və sizinlə görüşümdən çox məmnun olduğumu bildirmək istəyirəm.

Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinə daim çox böyük əhəmiyyət veririk. Mən məmnuniyyətlə deyə bilərəm ki, bizim əlaqələrimiz inkişaf edir. Bir neçə sahədə yaxşı nailiyyətlərimiz var. Xüsusən iqtisadi sahədə, Azərbaycanın neft və qaz ehtiyatlarının istifadə olunması sahəsində. Amma indi sizin kimi, bizim də hamımızı narahat edən 11 sentyabr hadisələridir, Amerika Birləşmiş Ştatlarında - Nyu-Yorkda, Vaşinqtonda baş vermiş dəhşətli terror hadisələridir. Biz dərhal sizinlə - Amerika Birləşmiş Ştatları ilə bərabər, bir yerdə olduğumuzu bildirdik. Bir alyansda, bir koalisiyada beynəlxalq terrorizmlə mübarizə aparmaqda öz imkanlarımızı təqdim etdik. Biz bu gün də bu mövqeyimizdəyik. Çünki beynəlxalq terrorizm artıq çox böyük təhlükələr törədir. Bunun da ən böyük göstəricisi odur ki, beynəlxalq terrorizm Amerika kimi böyük və qüdrətli bir dövlətin ən iri şəhərlərində terror aktları həyata keçirə bilmişdir.

Sizinlə bir neçə il bundan öncə məşğul olduğumuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də hələ ki, həll olunmamış qalır. Ona görə də bu bizim üçün çox böyük əhəmiyyət kəsb edən bir məsələdir. Bu barədə də biz sizin ölkənizlə əvvəllər olduğu kimi, əməkdaşlığımızı davam etdiririk və buna da çox ümidlər bəsləyirik. Mən sizi dinləməyə hazıram.

Lin Pasko: Cənab Prezident, icazə verin, Sizə bir daha minnətdarlığımı bildirim. Bu gün Sizinlə görüşmək mənim üçün çox xoşdur. Sizə məlum olduğu kimi, mən Bakıda dəfələrlə olmuşam. Hər dəfə burada olarkən biz Sizinlə regiona və ölkəyə aid çox vacib məsələləri müzakirə etmişik. Sizin doğru qeyd etdiyiniz kimi, mən bir ara görünmürdüm, Malayziyada çalışırdım. Çox şadam ki, yenidən bu regionla və əlaqələrimizlə bağlı işlə məşğul olacağam.

Hər şeydən əvvəl, icazə verin öz prezidentimin və dövlət katibinin salamlarını Sizə yetirim. Terrorizmə qarşı apardığınız mübarizə ilə əlaqədar olaraq, icazə verin, bütün Amerika xalqının rəğbətini Sizə yetirim. Hazırda Azərbaycanın adı ABŞ-da, onun Konqresində daim çox dəbdəbə ilə çəkilir. Azərbaycanın adı ölkəmizə yaxşı məlumdur. Biz sizinlə əməkdaşlığı hər sahədə genişləndirmək əzmindəyik. Deməyə ehtiyac yoxdur ki, ölkəmizdə baş vermiş dəhşətli hadisələrdən sonra bizim qarşımızda duran ən əsas məsələ terrorizmlə mübarizə aparmaqdır. Lakin eyni zamanda Qafqaz regionunda, bu ölkədə olan vəziyyəti də biz izləyirik. Bu ölkədə inkişafa nail olmaq üçün əlimizdən gələni daim edirik.

İcazə versəydiniz, bir qədər sonra Sizinlə region haqqında daha geniş müzakirələr aparardıq. Çünki mən bir qədər bundan əvvəl regionun digər ölkələrində, Mərkəzi Asiyada olmuşam. Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, məni qəbul edirsiniz. Mən Bakıda çox qısa müddətdə qalacağam və bu müddətdə imkan tapıb məni qəbul etdiyinizə görə Sizə minnətdaram.

Heydər Əliyev: Cənab prezident Corc Buşun və dövlət katibi Kolin Pauellin mənə çatdırdığınız salamlarına görə təşəkkür edirəm. Onların hər ikisi yaxın vaxtlarda mənə telefon etmişdi və bizim çox məzmunlu və səmərəli telefon danışığımız oldu. Mən onlara bəyan etdim, bu gün bir də deyirəm ki, biz Amerika Birləşmiş Ştatları ilə geniş əməkdaşlıq etməyə hazırıq. Bu məsələlər bizim həmin telefon danışıqlarımızda geniş müzakirə olunmuşdur. İndi sizin bu səfəriniz də, təbiidir ki, elə bu məsələlərlə əlaqədardır. Eyni zamanda bölgədə olan başqa məsələləri də müzakirə edə bilərik. Ona görə hesab edirəm, vaxt itirmək lazım deyildir.

Lin Pasko: Mətbuat nümayəndələrinin burada olmasından istifadə edərək demək istəyirəm ki,  son zamanlar iki ölkənin liderləri arasında telefon əlaqələrinin intensivləşməsi bizim ölkənin rəhbərliyinin Sizin məsləhətlərinizə nə dərəcədə böyük əhəmiyyət verdiyinə dəlalət edir.