Yaponiyanın baş naziri zati-aliləri cənab Keydzo Obuçiyə - Bakı şəhəri, 22 oktyabr 1999-cu il


Zati-aliləri!

İlk əvvəl icazə verin sizi bir daha Liberal Demokratik Partiyanın sədri və həmçinin Yaponiyanın baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edim. Eyni zamanda, fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı fövqəladə yaxın münasibətlərə nümunə olan dost və səmimi məktubunuz üçün təşəkkürlərimi izhar etmək istərdim.

2000-ci ilin yanvar ayında Yaponiya səfirliyinin Bakıda fəaliyyətə başlamasının hökumətiniz tərəfindən qərarlaşdırılmasını üzümüzə gələn minillikdə ikitərəfli münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin zəmanəti kimi qiymətləndirir və bu xəbəri xoş müjdə olaraq qarşılayırıq.

Qeyd etməyi vacib hesab edirəm ki, Yaponiyanın "İpək yolu" regionundakı diplomatiyasının yüksək dərəcədə fəaliyyəti "Tarixi İpək yolunun bərpası" layihəsinin inkişafına zəmanətdir.

Yaponiya tərəfindən müxtəlif səviyyələrdə regionumuza həyata keçirilən mühüm səfərlərdən biri kimi Yaponiya Parlamenti Nümayəndələr Palatasının üzvü cənab T.Nakayamanın təşəbbüsü ilə onun başçılığı altındakı "Dostluq" nümayəndə heyətinin səfərini Yaponiya tərəfinin "İpək yolu" diplomatiyası istiqamətində atdığı növbəti bir addım kimi yüksək qiymətləndiririk. Bu nümayəndə heyətinə Yaponiya parlament üzvlərinin, hökumət orqanları və özəl sektorun aparıcı şirkətlərinin təmsilçilərinin daxil olması bu səfərin mümkün ən yüksək səviyyədə məhsuldar keçməsinə şərait yaratmış olduğundan əminliyimi ifadə etməyə imkan verir.

Müstəqilliyimizi yenidən əldə etdiyimiz bir zamanda, ərazimizin 20 faizinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildiyi və bu münaqişə nəticəsində ölkədə bir milyondan çox qaçqın mövcud olması kimi, qarşılaşdığımız çətinlikləri aradan qaldırmağa ehtiyac duyduğumuz bir vaxtda ölkəmizə göstərilən humanitar və texniki əvəzsiz yardıma görə minnətdarlığımı bildirirəm. Möhkəm dövlətçiliyimizin əsas şərtlərindən biri kimi güclü iqtisadiyyatın yaradılması üçün çox vacib olan kredit verilməsinin və sərmayə qoyulmasının Yaponiya hökuməti və şirkətləri tərəfindən fəal və artan şəkildə həyata keçirilməsini, həmçinin neft müqavilələrində Yaponiya tərəfinin xüsusi fəallıqla iştirakını yüksək qiymətləndirir və Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlığının genişlənməsinə səylə çalışacağımızı əmin edirəm.

Zati-aliləri, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlığa gəldikdə isə bu əməkdaşlığın hər zaman gücləndirilməsindən çıxış etdiyimizi və Yaponiyanın BMT çərçivəsində həyata keçirdiyi çox əhəmiyyətli missiya ilə bağlı olaraq, onun həmin təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvlüyünə seçilməsinin lehinə olduğumuzu bir daha böyük məmnuniyyətlə təsdiq etmək istərdim.

Məktubunuzda qeyd edildiyi kimi, Yaponiyaya səfərim və xüsusilə sizinlə görüşüm yaxşı yadımdadır. İnanıram ki, şəxsi dialoqumuz bundan sonra da davam edəcəkdir. Həmçinin, səhhətimlə bağlı ifadə etdiyiniz diqqət və qayğınıza görə təşəkkür edirəm və bildirmək istərdim ki, hal-hazırda sağlamlığım müstəqilliyini yeni bərpa etmiş Azərbaycan Respublikasının dövlət quruculuğu yolunda tam güclə işləməyə imkan verir.

Yekun olaraq, ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün göstərdiyiniz səyləri yüksək qiymətləndirdiyimi vurğulayır və bu istiqamətdə atılacaq mühüm bir addım kimi sizi münasib bir zamanda Azərbaycana səfər etməyə dəvət edirəm.

Zati-alilərinizə möhkəm cansağlığı, işlərinizdə böyük müvəffəqiyyətlər və Yaponiyaya hər zaman inkişaf yolunda irəliləyiş arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya