Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton ilə görüşdəki söhbətindən - Davos, 29 yanvar 2000-ci il


Bill Klinton:  Hörmətli cənab prezident!

Sizinlə yenidən görüşməyimdən çox məmnunam. Keçən ilin noyabr ayında İstanbulda Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə tarixi sazişin imzalanması mərasimində iştirakımı məmnuniyyətlə xatırlayıram. Mən əminəm ki, Xəzər hövzəsi ölkələrinin zəngin enerji ehtiyatlarının dünyanın aparıcı neft şirkətləri ilə birgə işlənilməsi regionun bütün dövlətlərinin inkişafına xidmət edəcək, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin suverenliyi və müstəqilliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir. Onu da deməliyəm ki, Bakı-Ceyhan və Transxəzər boru kəmərləri kimi nəhəng layihələrin həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayır. Mən məmnunam ki, ötən illər ərzində prezident Əliyev ilə aramızda olan sıx əməkdaşlıq yaxın dostluğa çevrilmişdir.

Ümidvaram ki, ölkələrimiz arasında enerji sektorunda memarı olduğumuz "Əsrin müqaviləsi"ndən başlanan çox uğurlu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir. Mən Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında yaranmış strateji əməkdaşlığı yüksək qiymətləndirirəm.

Əminəm ki, ölkələrimizin bütün sahələrdəki qarşılıqlı surətdə faydalı əlaqələri bundan sonra daha da genişlənəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Sizinlə prezident Robert Koçaryan arasında aparılan birbaşa danışıqlar Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənir. Bu münaqişənin tezliklə aradan qaldırılması üçün şəxsi səylərimi artırmağa və Minsk qrupunda Amerika Birləşmiş Ştatlarının fəaliyyətini gücləndirməyə hazıram.

Əminəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına, region dövlətlərində demokratiyanın inkişaf etməsinə və onların arasında iqtisadi əməkdaşlığın genişlənməsinə kömək edəcək və bu regionda yaşayan xalqların maddi rifah halının yüksəlməsinə öz töhfəsini verəcəkdir.

Heydər Əliyev: Hörmətli cənab Bill Klinton! Sizinlə növbəti dəfə görüşməyimdən məmnunam. Mən Sizinlə olan şəxsi dostluq münasibətlərimi də yüksək qiymətləndirirəm. Ötən ilin noyabr ayında ATƏT-in İstanbul zirvə görüşü çərçivəsində məşhur "Çırağan" sarayında Bakı-Ceyhan əsas İxrac neft boru kəmərinin çəkilməsi barədə sazişin imzalanmasını tarixi hadisə kimi dəyərləndirirəm. Bu mərasimdə Amerika Birləşmiş Ştatları prezidentinin iştirak etməsi, sazişə imza atması həmin sənədin həyata keçirilməsi üçün əhəmiyyətlidir.

Azərbaycanın və bütün regionun inkişafına təkan verən bu nəhəng layihələrin həyata keçirilməsinə verdiyiniz dəstəyə görə Sizə, cənab Klintona minnətdarlığımı bildirirəm. Mən əminəm ki, Azərbaycanın zəngin enerji ehtiyatlarının Amerika Birləşmiş Ştatlarının və Qərbin aparıcı neft şirkətləri ilə birgə işlənilməsi sahəsində ölkəmizin əməkdaşlığı bundan sonra da davam edəcəkdir.

Onu da deməliyəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün prezident Koçaryanla apardığım danışıqlar barədə Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Olbrayt ilə görüşümdə ətraflı müzakirələr keçirmişik.

Bu Sülh prosesinin davam etməsini daim diqqətinizdə saxladığınıza və danışıqların uğurla başa çatması üçün göstərdiyiniz şəxsi səylərə və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan ilə Amerika arasındakı strateji tərəfdaşlıq münasibətləri bundan sonra daha da güclənəcəkdir.

Ölkələrimiz arasında çoxtərəfli iqtisadi əlaqələrin bütün sahələrdə genişlənməsi üçün bu yaxınlarda Amerika Birləşmiş Ştatları və Azərbaycan hökumətləri arasında birgə işçi qrupunun yaradılması barədə əməkdaşlıq memorandumunun imzalanması mühüm əhəmiyyət daşıyır. ABŞ-ın işgüzar dairələrinin Azərbaycanda qarşılıqlı surətdə faydalı iş görməsi və sərmayə qoyması üçün bundan sonra da hər cür şərait yaradılacaqdır.