Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankara Höcəttəpə Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində çıxışı - 9 fevral 1994-cü il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli rektor.

Əziz rektor yardımçıları.

Dəyərli professor və müəllimlər, tələbələr.

Əziz dostlar və qardaşlar!

Bu gün Türkiyənin çox hörmətli, böyük universitetində - Höcətəpə Universitetində olduğuma görə özümü xoşbəxt hesab edirəm. Buraya dəvət olunduğuma görə universitetin rektorluğuna və bütün professor-müəllim heyətinə öz təşəkkür və minnətdarlığımı bildirirəm.

Burada siz son vaxtlar mənim Azərbaycan prezidenti kimi gördüyüm işlərdən danışdınız, keçdiyim həyat yolu barədə qısa da olsa məlumat verdiniz. Siz məni öz universitetinizin fəxri doktoru alına layiq gördünüz. Mən bütün bunlara görə sizə təşəkkür edir və hədsiz minnətlarlığımı bildirirəm. Sağ olun!

Bildiyiniz kimi, müstəqil Azərbaycan Respublikasının böyük elmi, intellektual potensialı var. Azərbaycanda böyük universitetlər fəaliyyət göstərir, professorlar, elm adamları, mədəniyyət xadimləri, görkəmli sənətkarlar var. Onların böyük bir dəstəsi mənimlə birlikdə Türkiyəyə gəlib, burada bu salondadırlar. Onların adları bütün dünyada məşhurdur, onlar Azərbaycan elmini, mədəniyyətini bütün dünyaya tanıdıblar. Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini əldə edib. İndi Azərbaycan müstəqil bir dövlətdir, dünya dövlətləri birliyinin üzvüdür və onların tərəfindən tanınıbdır. Bunların hamısı Azərbaycan ziyalılarının, siyasətçilərinin, gərkəmli şəxsiyyətlərinin xidmətlərinin nəticəsidir. Ona görə də sizin mənə verdiyiniz doktorluq adını bütün Azərbaycan elminin, siyasətinin, dövlətçiliyinin qazandığı nailiyyətlərə verdiyiniz yüksək qiymət hesab edirəm.

Höcətəpə Universiteti kimi təhsil ocağının doktoru adını almaq böyük iftixar hissi oyadır. Bir daha deyirəm, mən bunu bütün Azərbaycana şamil edir, bütün Azərbaycana verilən qiymət kimi qarşılayıram. Burada mənim də xidmətim, payım var. Odur ki, şəxsən öz adımdan sizə minnətdarlığımı bildirirəm və sizi əmin etmək istəyirəm ki, bugünkü görüşümüz və sizin mənə verdiyiniz yüksək ad Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi və inkişaf etməsi üçün yeni bir addımdır. Əmin ola bilərsiniz ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı, bütün azərbaycanlılar Türkiyə ilə dostluğa, qardaşlığa, əbədi birliyə daim sadiq qalacaqlar.

Azərbaycan öz müstəqilliyinə nail olub, öz dövlətini qurubdur, öz ordusunu yaradır, öz ərazi bütövlüyünü qorumağa çalışır və qarşıda duran sosial-iqtisadi məsələlərin həlli ilə məşğuldur. Bunların hamısı birlikdə Azərbaycanda vəziyyəti həddindən artıq çətinləşdirir. Lakin siz bilin ki, Azərbaycan xalqı müstəqillik yolundan dönməyəcək və öz müstəqilliyini heç vaxt əlindən verməyəcəkdir. Azərbaycan xalqı artıq öz taleyinin, öz sərvətlərinin, öz torpaqlarının və öz ölkəsinin sahibidir. Bu məsuliyyəti aydın duyan Azərbaycan xalqı bundan sonar öz həyatını, öz dövlətini demokratik prinsiplər əsasında quracaqdır.

Azərbaycanda demokratik quruculuq prosesi gedir və inkişaf edir, hüquqi demokratik cəmiyyət qurulur, hər bir vətəndaşın hüquqları qorunur və qorunacaqdır. Azərbaycanda bütün vətəndaşlar bərabər hüquqa malikdirlər. Respublikamızda çoxpartiyalı sistem artıq bərqərar olmuşdur. Sözlərim eləcə də fikir müxtəlifliyinə, siyasi plüralizm prinsiplərinə aiddir. Bu prinsiplər gələcəkdə daha da güclənəcəkdir. Yəni Azərbaycan dövləti, Azərbaycan hökuməti tam demokratiya yolu ilə, hüquqi dövlət quruculuğu yolu ilə gedəcək və beləliklə də, Azərbaycan dünya demokratik dövlətlər birliyinin üzvü kimi bu yoldan dönməyəcəkdir.

Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Ölkəmiz bütün dövlətlərlə sülh və əminamanlıq əlaqələri yaratmaq istəyir. Azərbaycan dövləti öz xarici siyasətini məhz bu istiqamətdə yeridəcəkdir. Buna görə də Azərbaycan qonşu dövlətlərlə daha sıx əlaqələr yaratmağı xüsusilə önəmli hesab edir. Lakin burada bizim Türkiyə ilə əlaqələrimiz xüsusi yer tutur. Çünki Türkiyə ilə Azərbaycanın birgə tarixi keçmişi var. Xalqlarımız bir kökdəndir. Bizim mədəniyyətimiz də, tariximiz də, ənənələrimiz də birdir, dilimiz, dinimiz də birdir. Bütün bunlar əsrlər boyu bizi birləşdirmişdir. Hətta son dövrdə ayrı düşməyimiz də bu birliyimizi əlimizdən almamışdır. Indi biz bu birliyi davam etdirmək üçün bütün imkanlara malikik və Azərbaycan ilə Türkiyə arasında əlaqələr dostluq, qardaşlıq əlaqələri olmaqla yanaşı, həm də iş əlaqələridir. Biz bu əlaqələri də sürətlə davam etdirəcəyik.

İndi Azərbaycan Respublikasının ən çətin, ağır problemi onun Ermənistan tərəfindən məruz qaldığı təcavüzdən qurtarması və müharibəyə son qoyulmasıdır. Bildiyiniz kimi, Ermənistan tərəfindən altı ildir Azərbaycan torpaqlarına təcavüz edilir, torpaqlarımızın bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bunun nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının bir milyondan çoxu öz ölkəsində qaçqın vəziyyətinə düşüb, köçgün vəziyyətinlə yaşayır, öz el-obasından, ev-eşiyindən didərgin salınıbdır. Onlar ağır şəraitdə yaşayırlar. Bütün bunlar ölkəmizin daxili vəziyyətini olduqca gərginləşdirmiş və Azərbaycan xalqının, Azərbaycan dövlətinin üzərinə böyük və məsuliyyətli vəzifələr qoymuşdur.

Biz öz torpaqlarımızı qorumağa, Vətənimizi müdafiə etməyə alışırıq. Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini qoruyub saxlamağa çalışırıq. Buna görə də apardığımız müharibə ədalətli müharibədir. Biz hücum etmirik, torpaqlarımızı müdafiə edirik.

Biz hücum etmirik, bizə hücum edən erməni silahlı qüvvələrini torpaqlarımızdan qovub çıxarmağa çalışırıq. Biz işğal olunmuş torpaqlarımızı azad etmək istəyirik. Bu, ədalətli işdir və biz onu davam etdirəcəyik. Bu sahədə Türkiyə dövlətinin, türk xalqının bizə mənəvi dayaq olması, bizimlə birlikdə olması bizə daha böyük qüvvət verir. Odur ki, bu müddətlə Türkiyə tərəfindən, türk xalqı tərəfindən, hər bir Türkiyə vətəndaşı tərəfindən Azərbaycana göstərilmiş kömək və yardıma görə minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Son illər Azərbaycan Respublikası erməni təcavüzünə məruz qalmaqla yanaşı, ölkəmizin daxilində də ictimai-siyasi vəziyyət çox gərgin olmuşdur. Bildiyiniz kimi, ayrı-ayrı qruplar hakimiyyət uğrunda mübarizə apararaq, Azərbaycanın daxili vəziyyətini mürəkkəbləşdirmiş və ağırlaşdırmışlar. Bunlar isə erməni silahlı qüvvələrinə Azərbaycan torpaqlarını işğal etmək üçün çox əlverişli imkanlar yaratmış və 1993-cü ildə ölkəmizdə olduqca ağır bir vəziyyətə gətirib çıxarmışdır. Hətta vəziyyət vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Mən sizə böyük iftixar hissilə deyə bilərəm ki, biz bu çətinliklərin də öhdəsnidən gəldik. Indi Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət, demək olar, sabitdir, gərginlik aradan götürülüb. Ayrı-ayrı siyasi qüvvələrin, ayrı-ayrı siyasi partiyaların fəaliyyətinə tam şərait yaradılıbdır, Lakin onların hamısınıi fəaliyyəti Azərbaycanın bütövlüyünə, birliyinə və müdafiə olunmasına yönəldilməlidir. Elə Azərbaycan dövləti, mən də bir prezident kimi çalışıram ki, bu qüvvələrin hamısını birləşdirib, bir yerə cəmləşdirib, Azərbaycanda, milli həmrəyliyi, vətəndaş həmrəyliyini gücləndirib respublikamızı bu ağır vəziyyətdən çıxaraq. Azərbaycan iqtisadi-sosial böhran içərisindədir. Bu böhrandan da çıxmaq üçün biz bütün qüvvələrimizi birləşdirməliyik. Mən sizi əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti, Azərbaycan dövləti və şəxsən mən bir prezident kimi bu sahədə daim fəaliyyət göstəririk və bundan sonra da fəaliyyətdə olacağıq. Ölkəmizdəki bütün siyasi qüvvələri, siyasi partiyaları birləşdirərək Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa, onun ərazi bütövlüyünü təmin etməyə çalışacağıq. Əmin olun ki, biz buna nail olacağıq, çünki bizim işimiz haqq işidir, bizim işimiz ədalət işidir və bizim Türkiyə kimi, türk xalqı kimi yaxın dostumuz və qardaşımız vardır.

Bu gün mənim üçün unudulmaz bir gündür. Mən Türkiyənin böyük bir təhsil ocağında - Höcətəpə Universitetindəyəm. Burada fəaliyyət göstərən professor-müəllim heyəti ilə, türk ziyalıları ilə görüşürəm. Mən bununda fəxr edirəm. Əmin ola bilərsiniz ki, mən bu görüşləri öz həyatımda əlamətdar bir hadisə kimi qəbul edərək, eyni zamanda Azərbaycan ilə Türkiyə arasında elmi, mədəni əlaqələrin bundan sonra daha da möhkəmlənməsinə və inkişaf etməsinə çalışacağam, Azərbaycan və Türkiyə universitetləri arasındakı əlaqələrin inkişaf etməsinə səy göstərəcəyəm. Azərbaycan gənclərinin burada, sizin universitetdə və başqa universitetlərdə təhsil almalarını bundan sonra da davam etdirəcəyik. Professor və müəllimlərimiz arasında əlaqələr xalqlarımız arasında əlaqələrin inkişafına daha da kömək edəcək və bizi daha da yaxınlaşdırıb qovuşduracaq, daha möhkəm birləşdirəcəkdir.

Mən sizə bir daha öz minnətdarlığımı və təşəkkürümü bildirir və sizi əmin etmək istəyirəm ki, Höcətəpə Universitetinin fəxri doktoru adını ləyaqətlə daşıyacağam.