Azərbaycan Prezidenti Heydər Əliyevin tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Bakıdakı məzarı yanında xatirə mitinqində çıxışı - 9 may 1996-cı il


Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Həzi Aslanovun məzarı önündə mən sizin hamınızı Böyük Vətən müharibəsində, alman faşizminə qarşı müharibədə qələbə bayramı münasibətilə təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.

Azərbaycanın on minlərlə, yüz minlərlə qəhrəman oğulları alman faşizminin qarşısına çıxaraq, Sovet Ordusunun tərkibində Vətənin müdafiəsində həlak olmuşdur. Həlak olanların ruhunu bu gün biz böyük minnətdarlıq hissi ilə yad edirik. Həzi Aslanov da o həlak olanlardan biridir, o qəhrəmanlardan biridir.

Bu gün Azərbaycanın bütün guşələrində Böyük Vətən müharibəsinin qəhrəmanları xatırlanır, bu müharibədə çalınmış zəfər şərəfinə şəhər və qəsəbələrdə ucaldılmış abidələr önündə Qələbə bayramı qeyd olunur. Biz bu bayramı böyük iftixar hissi ilə qeyd edirik. Çünki Azərbaycan xalqı öz qəhrəman oğullarının cəbhədə igidlikləri ilə bu qələbənin çalınmasında böyük xidmət göstərmişdir, bu qələbədə onun böyük payı var. Eyni zamanda Azərbaycan xalqı Sovet Ordusunun və ümumiyyətlə, o vaxt alman faşizminin təcavüzünə qarşı ayağa qalxmış bütün ölkənin, bütün xalqın neft ilə, neft məhsulları ilə təmin olunmasında, bu qələbənin çalınmasında arxa cəbhədə xüsusi xidmətlər göstərmişdir. Ona görə də bu Qələbə bayramını hər il qeyd etməyə mənəvi haqqımız var. Bu, bizim əziz bayramımızdır. Çünki, bir daha qeyd edirəm, on minlərlə, yüz minlərlə azərbaycanlı, Azərbaycan oğulları bu qələbənin əldə olunması uğrunda canlarını qurban vermişlər.

Bu gün biz Böyük Vətən müharibəsində həlak olanların hamısının ruhu qarşısında baş əyirik, yaşayan veteranlara onların qəhrəmanlığına və şücaətinə görə bir daha təşəkkür edirik. Bütün müharibə veteranlarına ən əvvəl cansağlığı, səadət və suveren Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında və Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə işlərimizdə uğurlar arzulayıram.

Sizi bir daha təbrik edirəm. Sizinlə bir də görüşəcəyik. Lakin bu müqəddəs yerdə həm həlak olanların ruhunu yad edərək, həm də yaşayanlara müstəqil Azərbaycan dövlətinin təşəkkürünü bildirərək, ürəyimdən gələn bu sözləri sizə çatdırıram. Sağ olun.

"Müstəqilliyimiz əbədidir" Heydər Əliyev, Azərnəşr, VI cild, səh 258, Bakı-1998.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər