Səudiyyə Ərəbistanından vətənə yola düşərkən jurnalistlərlə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - 13 iyul 1994-cü il


Bu səfəri ölkəmizin xarici siyasətində böyük nailiyyət kimi qiymətləndirmək olar. Səudiyyə Ərəbistanı dünyanın görkəmli ölkələrindən biridir, həm islam dünyasında, həm də ümumdünya birliyində layiqli yer tutur, iqtisadi cəhətdən inkişaf etmiş bir ölkədir. Səudiyyə Ərəbistanı tarixi ənənələri və islam dini ilə əlaqədar Azərbaycanla bağlı bir ölkədir. Ona görə də belə bir ölkə ilə əlaqə yaratmaq və gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək gənc, müstəqil Azərbaycan Respublikası üçün çox gərəklidir.

Qeyd etmək lazımdır ki, indiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında heç bir əlaqə olmamışdır. Biz cəmi üç ay qabaq bu ölkəyə öz səfirimizi təyin etmişik. İndi, səfər günlərində gördüm ki, Səudiyyə Ərəbistanında Azərbaycan haqqında çox az məlumat var. Bir çox məlumatlar böyük ölkələrin informasiya orqanlarının mənbələrindən gəlir ki, onların da çoxu qeyri-obyektiv xarakter daşıyır. Ona görə də Səudiyyə Ərəbistanına gəlmək, burada Azərbaycanı tanıtmaq, ölkəmizin həqiqi vəziyyətini təbliğ etmək özü bir nailiyyətdir.

Mən Səudiyyə Ərəbistanının dövlət başçısı ilə və digər rəhbər şəxslərlə görüşlərimi və söhbətlərimi çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, onların hamısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında gələcək əlaqələrin inkişaf etməsi üçün yaxşı əsasdır.

Dini mərasimlərdə iştirakımız və rəsmi görüşlərimiz bir-biri ilə bağlıdır. Bura islam ölkəsidir. İslamın müqəddəs abidələri burada yerləşir. Ona görə də Səudiyyə Ərəbistanının həm daxili, həm də xarici siyasətində islamı, müqəddəs Məkkə və Mədinəni təbliğ etmək və onlarla bağlı söhbətlər aparmaq bu ölkə üçün səciyyəvi cəhətdir. Ziyarətdən başqa, bizim çox səmərəli, əhəmiyyətli danışıqlarımız olub. Bu, xüsusilə Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudla danışıqlara aiddir.

Səudiyyə Ərəbistanı Nazirlər Kabinetinin iclasında Azərbaycanın iqtisadi problemləri ilə bağlı məsələ müzakirə edilmiş və cənab məlik Fəhd ibn Əbdül Əziz əl-Səudla görüşdə də bu haqda geniş söhbət olmuşdur. Onun tapşırığı ilə Həcc naziri Nazirlər Kabinetinin həmin iclası barədə mənə məlumat verdi, orada Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalması, torpaqlarımızın işğal edilməsi və bununla əlaqədar olaraq Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlarda, beynəlxalq aləmdə mövqeyinin müəyyən edilməsi məsələsinin müzakirə olunduğunu bildirdi. Mövqe də ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. İclasda Azərbaycanla iqtisadi əlaqələr yaradılması barədə də məsələ müzakirə olunmuş və qərara alınmışdır ki, - həm də dövlət başçısının belə bir əmri var - yaxın günlərdə Azərbaycana böyük bir nümayəndə heyəti göndəriləcək, respublikanın bugünkü ictimai-siyasi, habelə iqtisadi vəziyyəti haqqında məlumatlar toplayacaqdır. Nümayəndə heyəti bizim təkliflərimizə yerindəcə baxacaqdır. Məlikə bu barədə məlumat veriləcək və bundan sonra Fəhd ibn Əbdül Əziz əl-Səud öz ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri barədə qərarlar qəbul edəcəkdir.

"Azərbaycan" qəzeti, 14 iyul 1994-cü il