Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşdəki söhbətindən - Tbilisi, "Krsanisi" dövlət iqamətgahı, 22 mart 2000-ci il


Eduard Şevardnadze: Əziz dostum, qardaşım, prezident Heydər Əliyev! Sizi Gürcüstan torpağında qarşılamaq mənə böyük şərəf verir. Xoş gəlmisiniz. Sizin Gürcüstana səfərinizin xüsusi əhəmiyyəti var. Dəvətimi qəbul edib Tbilisiyə rəsmi səfərə gəldiyinizə görə Sizə ürəkdən minnətdarlığımı bildirirəm. Bu səfər müstəqil dövlətlərimiz arasındakı münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələ açır.

Heydər Əliyev: Gürcüstana rəsmi səfər etmək barədə dəvətə, mənə və Azərbaycan nümayəndə heyətinə göstərilən səmimi və xoş münasibətə görə təşəkkür edirəm, əziz dostum və qardaşımla yenidən görüşməyimdən dərin məmnunluq duyuram. Biz bu gün müstəqil Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlərin inkişafına dair hərtərəfli, geniş müzakirələr aparacaq, regional, beynəlxalq miqyaslı məsələlər barədə ətraflı fikir mübadiləsi edəcəyik.

Xəzərin zəngin karbohidrogen yataqlarının işlənilməsinə və enerji ehtiyatlarının dünya bazarlarına nəqlinə, o cümlədən XX əsrin sonunun ən böyük və nadir regional layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin reallaşdırılması ilə bağlı məsələlərə xüsusi diqqət yetirməliyik.

Eduard Şevardnadze: Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair sazişin imzalanması məhz bu layihənin təşəbbüskarı və müəllifi olan Azərbaycan prezidenti Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti, qətiyyətli mövqeyi, əzmkarlığı sayəsində gerçəkləşdi. Tariflər məsələsinin həllində Sizin qərarınızı yüksək qiymətləndirir və Sizə dərin minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Bütün bunlarla yanaşı əlbəttə ki, biz mühüm məsələ - Cənubi Qafqazda və ümumən Qafqazda təhlükəsizlik məsələsi haqqında ətraflı fikir mübadiləsi aparmalıyıq. Onu da xüsusi qeyd etməyi vacib bilirəm ki, ölkələrimiz arasındakı ənənəvi, tarixi dostluq münasibətlərinin müstəqillik dövründə daha da dərinləşdirilməsinin və genişləndirilməsinin əhəmiyyəti xüsusi ilə böyükdür. Hələ 1996-cı ildə bəyan etdiyimiz "Qafqazda sülh" təşəbbüsünün aktuallığını bir daha qeyd edərdim. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Abxaziya-Gürcüstan münaqişələrinin sülh yolu ilə tezliklə aradan qaldırılması, regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi çox vacibdir.

Eduard Şevardnadze: Səmimi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Gürcüstan münasibətlərinin geniş imkanları və perspektivləri vardır.