İtaliyanın milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 4 iyun 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi İtaliya Respublikasının milli bayramı - Respublika gününün 54-cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. İtaliya xalqına sülh, əmin-amanlıq və rifah arzu edirəm.

Öz zəngin, qədim tarixinə, ənənələrinə və dünya mədəniyyətinə bəxş etdiyi töhfələrə görə İtaliya dünyada çox məşhur olan bir ölkədir. Bütün bunlara görə dünyanın hər yerində, demək olar ki, bütün xalqlar İtaliyaya həmişə ən böyük maraq, həm də böyük məhəbbət göstəriblər. Azərbaycan xalqı da İtaliyaya həmişə çox böyük maraqla, sevinc və məhəbbətlə baxıbdır.

Biz çox məmnunuq ki, Azərbaycan müstəqil dövlət kimi İtaliya ilə bilavasitə əlaqələr qurubdur və əməkdaşlığımız ildən-ilə inkişaf edir, həm Azərbaycan xalqına, həm də İtaliya xalqına öz faydasını verir.

Cənab səfir, 1997-ci ildə İtaliyaya- sizin ölkənizə rəsmi səfərimi mən də çox böyük məmnuniyyətlə xatırlayıram. Həmin səfər zamanı İtaliya ilə Azərbaycan arasında imzalanmış, çox böyük əhəmiyyətə malik olan ilk sənədləri yüksək qiymətləndirirəm.

İtaliya möcüzələr ölkəsidir. Tarixi-memarlıq abidələrinə, gözəl musiqisinə, təbiətinə, həm də dəyərli rəsm nümunələrinə, heykəllərə görə dünyada ikinci belə ölkə tapmaq mümkün deyildir. Mən də bütün insanlar kimi, İtaliyanı çox sevirəm və son dəfə sizinlə bərabər İtaliyada keçirdiyim günləri - həm Romada, həm Neapolda, Pompeydə və xüsusən Kapridə keçirdiyim günləri çox böyük məhəbbətlə xatırlayıram. Kapridə bizim keçirdiyimiz axşam mərasimi indiyə qədər xatirimdədir. Azərbaycanın məşhur müğənnisi Azər Zeynalov İtaliya mahnılarını çox gözəl ifa edirdi və bizim oturduğumuz yerin ətrafında Kapridə yaşayan insanlar, sakinlər bu musiqinin sədaları altında həm oxuyurdular, həm də rəqs edirdilər. Unudulmaz bir gecə idi.

Əlbəttə, bu, sadəcə, insani, şəxsi hisslərdir. Ancaq bundan da önəmli, bundan da əhəmiyyətli bizim dövlətlərimiz arasında yaranmış və inkişaf edən dostluq və əməkdaşlıq əlaqələridir. Biz buna çox böyük əhəmiyyət veririk və öz tərəfimizdən çalışırıq ki, bu əlaqələr daha da genişlənsin, daha da inkişaf etsin.

İtaliyanın iqtisadiyyatı, onun böyük şirkətləri Azərbaycanda yaxşı təmsil olunub və onlar ölkəmizlə apardıqları müştərək işlərin nəticələrini artıq görüblər. "Acip" şirkəti bu yolu açanlardandır və onun da bəxti gətiribdir: "Şahdəniz" yatağı ilə bağlı müqavilədə onun böyük bir payı var. O yataqda həddindən çox qaz aşkar edilibdir. Buna biz də sevinirik, siz də sevinirsiniz.

"Kürdaşı" neft yatağına dünyanın çox böyük şirkətləri maraq göstərirdilər. Amma onun böyük bir hissəsi - 25 faizi "Acip"ə çatdı. Təbiidir ki, burada keçirilən tenderin də böyük əhəmiyyəti vardır. Siz də bilirsiniz, mən də çox məmnunam ki, artıq "Kürdaşı" yatağında qazma işləri gedir və oradan da biz çox gözəl nəticələr gözləyirik.

Ancaq bizim üçün də əhəmiyyətlidir, siz də bunu qeyd etdiniz ki, Azərbaycanla əlaqələr, İtaliya şirkətlərinin əməkdaşlığı qeyri-neft sektorunda daha da sürətlə inkişaf etdirməlidir. Doğrudur, ticarət sahəsində əməkdaşlığımız çox yaxşıdır. Azərbaycanın, Bakının mağazalarında indi olduqca çox istehlak malları var. Adamları bu malların əksəriyyətini İtaliyadan gətirirlər. Əgər burada adamların geyimlərinə baxsanız, onların 70 faizi İtaliya mallarıdır. O cümlədən, mənim geydiklərim də . Hər halda İtaliya malları bütün ölkələrdə insanlar üçün istehsal olunan istehlak mallarının hamısından yüksək keyfiyyətə malikdir.

İtaliyada, Neapolda qalstuk almaq üçün mən bir mağazaya getdim. Orada mənə dedilər ki, bütün dövlət başçıları bu mağazaya gəlir, o cümlədən prezident Klinton da qalstuklarını gəlib buradan alır. Yəni demək istəyirəm ki, İtaliya malları dünyanın hər yerinə yayıldığı kimi, Azərbaycana da yayılıbdır.

Amma biz bununla qane ola bilmərik. İqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün imkanlar çoxdur. Biz də, İtaliya da gərək çalışaq ki, bu imkanlardan daha səmərəli istifadə edək.

1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün ATƏT-in Minsk qrupu yarananda onun ilk sədrliyini İtaliya aparıbdır. O vaxtdan 8 il keçibdir. Sədrlər dəyişibdir, ancaq məsələ həll olunmayıbdır. Amma ümid edirəm ki, həll olunacaqdır. İtaliya Minsk qrupunun üzvü kimi, ümumiyyətlə beynəlxalq təşkilatlarda çox fəal mövqe tutduğuna görə, təbiidir ki, bizə bu barədə bundan sonra daha da çox yardım etməlidir.

Azərbaycan Avropa ölkəsidir, Avropa qitəsinə mənsubdur. Ona görə də Azərbaycan çalışır ki, bütün Avropa strukturlarında, o cümlədən Avropa Şurasında təmsil olunsun.

Bizə məlumdur ki, İtaliya bu barədə çox konstruktiv, pozitiv mövqe tutur. Avropa Şurasının Nazirlər Komitəsində də İtaliyanın xarici işlər naziri sədrlik edir. Bunlara görə mən inanıram ki, İtaliya bu mərhələdə də Azərbaycana öz müsbət münasibətini göstərəcəkdir. Azərbaycan Avropa Şurasına daxil olması üçün öz səylərini əsirgəməyəcəkdir.

Siz doğru dediniz, İtaliyanın xarici işlər nazirinin müavini bu ayın ortasında Azərbaycana gələcəkdir. Biz çox məsələlər ətrafında məsləhətləşmələr aparacağıq. Güman edirəm ki, bu da İtaliya-Azərbaycan əlaqələrinin inkişaf etməsinə yardım göstərəcəkdir.

İtaliyanın, xüsusən "Acip" şirkətinin Azərbaycanda qaçqınlar və köçkünlərə göstərdiyi yardımları biz qiymətləndiririk. Ancaq bu yardımların artırılmasına da böyük ehtiyac vardır.

Bir sözlə, İtaliya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün biz ölkənizdə 54 il bundan öncə demokratik respublikanın yaranmasını sizinlə bərabər bayram edirik.

Azərbaycan da müstəqilliyini əldə etdikləri sonra demokratiya ilə getdiyini bəyan edibdir və bu yolla gedir. Bunun üçün dünya təcrübəsindən, Avropa ölkələrinin, o cümlədən İtaliyanın təcrübəsindən istifadə etməyə çalışırıq.

İtalyanlar çox qızğın təbiətli adamlardır, yaxşı oxuyurlar, musiqini sevirlər. Bu da təsadüfi deyil. Dünyanın ən gözəl klassik musiqi əsərləri İtaliyada yaranıbdır. Amma italyanlar spagettini də çox sevirlər. Mən də sevirəm. Ancaq Azərbaycanda spagetti yoxdur. Onu yemək üçün gərək yenə İtaliyaya gedək.

Siz doğru dediniz, bizim adət-ənənələrimizdə çox böyük oxşarlıq var. İnsanlarımızın xasiyyəti, xüsusiyyətləri də bir-birinə bənzərdir. Xarici görünüşünə görə sifətlərində də oxşarlıq var. Bunların hamısı əlaqələrimizin daha da möhkəm olması üçün çox vacib amillərdir. Biz bunlardan istifadə etməliyik.

Cənab səfir, sizin və xanımınızın burada mədəniyyət işləri ilə məşğul olmasını da mən yüksək qiymətləndirirəm. Bu sahədə sizə uğurlar arzulayıram.

Bayramınızı bir daha təbrik edirəm.

Dost İtaliya xalqına bir daha sülh, əmin-amanlıq, firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!


"Azərbaycan" qəzeti, 5 iyun 2000-ci il.