Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Parlamentində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anma mərasimində çıxışı - 2 noyabr 1994-cü il


Türkiyə Böyük Millət Məclisinin başqanı hörmətli Hüsaməddin Cindoruk!

Hörmətli millət vəkilləri!

Hörmətli nazirlər, cənablar və xanımlar!

İki gündür ki biz sizin ölkənizdə, bizim öz ölkəmizdə müsafirik, qonağıq. Bizim bir kökdən, bir tarixdən olduğumuzu bir daha dünyaya nümayiş etdirən Məhəmməd Füzulinin anadan olmasının 500 illiyini iki gündür ki, birlikdə, bərabər qeyd edirik.

Məhəmməd Füzuli haqqında dünən də, bu gün də çox sözlər deyildi. 500 ildir ki, Məhəmməd Füzuli yaşayır. 500 ildir ki, Məhəmməd Füzulinin törəmələri - onun ideyaları ilə yaşayan, onun əsərlərindən ilham alan türklər, türk xalqları öz həyatını sürür və bugünkü xoşbəxt bir səviyyəyə gəlib çatmışlar. Füzuli haqqında Türkiyədə, Azərbaycanda böyük elmi əsərlər yazılıbdır. Şairlərimiz, yazıçılarımız ona öz əsərlərini həsr ediblər. Bəstəkarlarımız, rəssamlarımız onun əsərləri əsasında böyük əsərlər yaradıblar. Azərbaycanda elə bir yazıçı, şair tapmaq olmaz ki, o, Füzuli haqqında bir əsər yazmamış olsun. Ancaq bunların hamısından ən önəmlisi odur ki, Füzuli əsərinə, Füzuli yaradıcılığına, Füzuli irsinə əsrin əvvəlində - hələ o vaxt, xalqımızın, demək olar, çox qaranlıqda yaşadığı bir dövrdə, bilik, savad çox az adama qismət olduğu dövrdə dahi bəstəkar Üzeyir Hacıbəyov Füzulinin "Leyli və Məcnun" əsəri əsasında Şərq aləmində, türk dünyasında ilk dəfə böyük klassik, professional opera - "Leyli və Məcnun" operası yaradıbdır.

1909-cu ildə Bakıda Opera teatrı yaranıbdır və ilk yaradan Üzeyir Hacıbəyov öz əsəri ilə Azərbaycan professional musiqisinin əsasını qoymuşdur. Bir əsrdir ki, biz bu əsasda Azərbaycan musiqisinin inkişaf etməsinin şahidiyik.

Füzuli 500 il bundan qabaq da nurlu bir ulduz kimi parlayıbdır, dünyaya öz şüalarını yayıbdır. Füzuli təkcə Şərqdə yox, müsəlman aləmində, türk dünyasında yox, bütün dünyada, o cümlədən inkişaf etmiş Qərb ölkələrində çox məşhur olmuşdur. Amma Azərbaycan xalqı üçün, bizim üçün Füzuli daha əziz olmuş, son əsrdə xüsusilə yüksək zirvələrə qaldırılmışdır. Bu gün çox böyük iftixar hissi ilə deyə bilərik ki, Füzuliyə bizim Azərbaycan xalqının, Azərbaycan alimlərinin verdiyi qiymət, onun əsərlərindən daim bəhrələnmələri xalqımızın öz kökünə, adət-ənənəsinə, öz keçmişinə, öz tarixinə, dininə, dilinə nə qədər sadiq qalmasını sübut edir.

Azərbaycan xalqının həyatı böyük, çətin mərhələlərdən keçibdir. Ancaq bütün çətinlikləri keçməkdə Azərbaycan xalqına onun böyük insanlarının, böyük şəxsiyyətlərinin yaratdıqları sənət əsərləri kömək edibdir. Füzuli bunların arasında görkəmli yer tutur.

Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olub. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin demək olar ki, tam əksəriyyəti (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşayan vaxtda Füzuli bizi yaşadıb, bu günlərə gətiribdir. Bu gün biz həm Azərbaycanda, həm Füzulinin doğulduğu yerdə - Kərbəlada, Bağdadda, həm Ankarada, Türkiyədə Füzulinin 500 illiyini qeyd edərkən, artıq keçmişdəki kimi parçalanmış vəziyyətdə deyilik. İndi böyük Türkiyə Cümhuriyyətinin yanında digər türk cümhuriyyətləri də vardır. Əziz dostum və qardaşım Süleyman Dəmirəlin dəfələrlə dediyi sözü demək istəyirəm ki, ay-ulduzlu Türkiyə bayrağının yanında indi artıq beş müstəqil türk cümhuriyyətinin bayrağı durubdur. Bu bayraqlardan biri də Azərbaycanın bayrağıdır. Azərbaycanın müstəqillik bayrağı Türkiyə ilə bağlı, Türkiyənin təsiri altında qalxıbdır.

Azərbaycanda ilk dəfə müstəqil demokratik dövlət yarananda - 1918-ci ildə də bu, Türkiyə ilə bağlı, Türkiyənin təsiri altında, Türkiyənin köməyi ilə olubdur. Ondan sonrakı dövrdə biz müəyyən siyasi, ideoloji səbəblərə görə, düşdüyümüz vəziyyətə görə Türkiyədən ayrı olduğumuz halda qəlbimiz həmişə bir olub, Füzuli Türkiyədə də, Azərbaycanda da səslənib. Tək Füzuli yox, bizim xalqlarımızın Füzuli kimi böyük sənət adamları, şəxsiyyətləri bizi ayrılmağa qoymayıblar. Yəni bizi daim birləşdirib və bizi ayıran qüvvələrin qarşısını almağa kömək edib.

Ona görə də bu iki gündə burada bizim bu böyük mərasimi bərabər keçirməyimiz sadəcə bir təntənəli mərasim deyil. Bunun böyük tarixi, mənəvi, milli və deyə bilərəm ki, siyasi əhəmiyyəti vardır. Biz böyük məmnuniyyət hissi ilə bu gün Füzuli günlərini Türkiyədə başa çatdırırıq. Lakin o, başa çatmır, bizimlə gələn adamların bir çoxu burada elmi konfranslar, simpoziumlar keçirəcək, orada iştirak edəcəklər, Füzuli günləri hələ davam edəcəkdir.

Güman edirəm, biz buraya böyük bir heyətdə gəldiyimiz kimi, Türkiyədən də, şübhəsiz ki, bundan da böyük bir heyət Azərbaycana gələcəkdir. Çünki əgər yeddi milyonluq Azərbaycandan buraya belə bir heyətlə gəlibsə, onda Türkiyədən Bakıdakı Füzuli yubileyinə nə qədər qardaşlarımız gələcəkdir.

İndi bizim vəziyyətimiz ağırdır, çətindir. Həyatımızın çox çətin dövrünü yaşayırıq. Ancaq qəlbimiz genişdir. Türkiyənin hörmətli, dəyərli insanları, siz qəlbimizdə həmişə yaşayırsınız. Sizi qəlbimizdə, könlümüzdə həm Füzuli bayramında, həm də bütün bayramlarda qəbul etməyə, qarşılamağa həmişə hazırıq. İnanıram ki, siz bu dəvətimizi qəbul edəcəksiniz. Füzuli günləri Azərbaycanda davam edəcək, başa çatacaq və gələcəyimiz üçün böyük yolların açılmasına böyük kömək edəcəkdir.

Bu iki gün müddətində Füzulinin yaradıcılığına verilən qiymət, eyni zamanda müstəqil Azərbaycan dövlətindən buraya gəlmiş heyətə göstərilən hörmət və ehtiram bizi həm sevindirir, həm də bizdə böyük təşəkkür hissi oyadır. Biz bunu bir tərəfdən təbii hesab edirik. Çünki biz dost və qardaşıq. Bir millətik və bir-birimizlə çox bağlıyıq. Eyni zamanda bunu Türkiyə xalqının, Türkiyə Cümhuriyyətinin, Türkiyə dövlətinin Azərbaycana böyük qayğısı, diqqəti kimi qiymətləndiririk. Ümumiyyətlə, Füzuli yubileyi təkcə Füzulinin şəxsiyyətinə, onun yaradıcılığına verilən qiymət deyil. Füzuli yubileyi xalqlarımızın birləşdirilməsinə, yaxınlaşmasına, gələcəkdə bir yolla əzmlə getməsinə şərait yaradan böyük bir hadisədir. Ona görə də mən bütün türk qardaşlarımızı, Türkiyə vətəndaşlarını bu bayram münasibətilə bir daha təbrik edirəm. Bizə göstərilən qonaqpərvərliyə, hörmət və ehtirama görə təşəkkür edirəm. Türkiyədə Füzuli yaradıcılığına verilən belə yüksək qiymətə görə öz sevgimi, məhəbbətimi bildirirəm.

Bu mərasimin təşkili, şübhəsiz ki, Türkiyə dövlətinin sayğısı, diqqəti və qayğısı nəticəsində olmuşdur. Türkiyənin cümhur başqanı, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəlin bu mərasimdə bilavasitə iştirak etməsi, Füzuli haqqında geniş nitq söyləməsi, mən hesab edirəm ki, həm Türkiyə üçün, həm Azərbaycan üçün, həm də bütün türk dünyası üçün böyük bir hadisədir.

Bu gün Türkiyənin Böyük Millət Məclisində belə bir böyük mərasimin toplaşması və Füzuliyə həsr olunmuş belə bir gecənin keçirilməsi Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin, onun başqanı, hörmətli dostumuz, qardaşımız Hüsaməddin Cindorukun bu hadisəyə və Türkiyə-Azərbaycan dostluğuna göstərdiyi qayğının, hörmətin rəmzidir, təzahürüdür.

Bilirsiniz, bu gün mən qardaşım Hüsaməddin Cindoruka dedim, bu il fevral ayında mən Azərbaycanın prezidenti kimi Türkiyədə rəsmi səfərdə olarkən Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində mənə millət vəkillərinə xitab etmək imkanı yarandı. Mən Türkiyənin Böyük Millət Məclisi qarşısında, millət vəkilləri qarşısında böyük həyəcan hissi ilə çıxış etdim. Oraya gələrkən hansı hisslər keçirdiyimi mən bu gün qardaşım Hüsaməddin Cindoruka dedim. Cocuq ikən, gənc yaşlarımda Türkiyəyə böyük hörmətim, məhəbbətim var idi. İndi ola bilər ki, elə böyük sirr deyil açım, o vaxtlar mən türk dili lüğətini, türk dili dərsliyini götürmüşdüm - türk dilini öyrənirdim. Bunu da açıq deyə bilərəm ki, müəllim də var idi, bir müddət - iki-üç il mənə türk dili öyrədirdi. Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim. Gənc ikən - indi mənim yaşımda olan adamlar ola bilər ki, bunu xatırlasın. Məsələn, Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı bizim hamımızı heyran edən bir əsər idi. Son vaxtlarda "Çalıquşu" yenə yada düşdü, onun əsasında böyük bir film yarandı. O film təkcə türk ölkələrində yox, məsələn, mən bilirəm, Rusiyada da çox böyük hörmət, çox böyük şöhrət qazandı. Ancaq mən "Çalıquşu"nu 13-14 yaşında oxumuşdum. O məni heyran etmişdi.

Bir "Çalıquşu" deyil, biz o vaxtlar Türkiyənin böyük şairlərini, yazıçılarını öyrənirdik. Əbdülhəq Hamid, Tofiq Fikrət və bir neçə başqaları bizim o vaxt, orta məktəbdə oxuduğumuz illərdə ədəbiyyat dərsliklərimizə daxil idi. Ədəbiyyat dərsliklərində Türkiyənin bu böyük yazıçılarının, şairlərinin rəsmləri indi də gözümün qabağındadır. Yəni mən gənc vaxtlarımda, - bu da təbiidir, burada heç bir qeyri-təbii şey yoxdur, içərimdən, kökümdən, qəlbimdən, mənəviyyatımdan gələn bir hissiyyatlardır ki, Türkiyəyə böyük maraqla, heyranlıqla baxırdım. Qəzetlərdə və başqa yerlərdə Türkiyənin Böyük Millət Məclisi haqqında oxuyanda həmişə onu əzəmətli bir millət məclisi sanırdım, düşünürdüm, fikirləşirdim ki, Türkiyənin bu Böyük Millət Məclisi nə böyük işlər görür.

Həyat elə gətirdi ki, mən gəlib Türkiyənin Böyük Millət Məclisində millət vəkilləri qarşısında söz demək imkanı aldım. Türkiyəyə və millət vəkillərinə xitab etdim. Bu, mənim üçün böyük şərəfdir. Mən bunu heç vaxt unutmayacağam. O gün orada ürəyimdə olan sözləri böyük həyəcanla öz dostlarıma, qardaşlarıma çatdırdım.

Biz bu gün yenə də Türkiyənin Böyük Millət Məclisindəyik. Hüsaməddin bəy mənə dedi, Türkiyənin 80-dən çox millət vəkili bu salonda bizimlə birlikdədir, biz onlarla birlikdəyik. Həm Füzuli yubileyini qeyd edirik, həm də Türkiyə-Azərbaycan dostluğunun daha da möhkəmlənməsi üçün hər tərəfdən səylər göstəririk. Bunlar bizim yaşadığımız günlərin reallığı, gerçəkliyidir. Allaha şükürlər olsun ki, biz gəlib bu günlərə çatdıq, bu günləri gördük. Mən sizə deyə bilərəm ki, Azərbaycanda nə qədər adamlar bu günlərin həsrəti ilə yaşadı, lakin gəlib bu günləri görə bilmədi. Azərbaycanda belələri çox olub - çox dəyərli adamlar, xalqlarımızın dostluğunu görmək istəyən adamlar.

Biz Türkiyə ilə Azərbaycan arasında həsrət körpüsünü, ümid körpüsünü yaradanda da mən bu hissiyyatlarla yaşadım. O vaxt mən Naxçıvanda yaşayırdım. Həyatım belə gətirdi ki, mən Naxçıvanda doğuldum, böyük bir yol keçdim, Moskvaya getdim. Ondan sonra gəlib, doğulduğum yerdə yaşamağa məcbur oldum. Mənim üçün bu da çox gözəl bir dövrdür. Ona görə gözəl bir dövrdür ki, Türkiyə ilə Azərbaycan arasında əsrlər boyu həsrətində olunan körpünün tikilməsində iştirak etdim, o körpünün inşasını apardım və Türkiyənin böyük oğlu Süleyman Dəmirəllə, Türkiyənin millət vəkilləri ilə, nazirləri ilə birlikdə həsrət, ümid körpüsünü bir yerdə açdıq.

Demək istəyirəm ki, yəni Azərbaycanda belə həsrətlərlə yaşamış adamlar çox olub. Onların bir çoxu bu günləri görmədən həyatını dəyişib. Ancaq biz xoşbəxtlərdənik ki, bu günləri gəlib görmüşük. Türkiyə ilə Azərbaycanın bərabərliyini, dostluğunu görürük, onun şahidiyik və bu dostluğu daha da inkişaf etdirmək üçün fəaliyyət göstəririk. Bu gün Türkiyənin Böyük Millət Məclisinin salonunda millət vəkilləri ilə birlikdə Türkiyə-Azərbaycan dostluğunu bayram edirik. Füzuli sənətinin bayramını keçiririk.

Bu bayramlar münasibətilə, Füzuli bayramı münasibətilə mən sizi təbrik edirəm və sizi əmin etmək istəyirəm ki, mənim türkiyəli qardaşlarım, dostlarım, Azərbaycan xalqı bu dostluğu daim möhkəmləndirməyə çalışacaq, bu dostluq sarsılmaz olacaq, əbədi olacaq və gələcək nəsillərimiz bu dostluğun, bu qardaşlığın daha gözəl bəhrələrini görəcəklər. Sizi bir daha təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 4 noyabr 1994-cü il.

Tarixi arayış

MƏDƏNİYYƏT