Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "AMOKO" şirkətinin rəhbərlərini qəbul etmişdir - 30 yanvar 1994-cü il


Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-ın "AMOKO" neft şirkətinin Avrasiya ölkələri üzrə sədri Robert Blantonu, həmin şirkətin prezidenti Don Steysi, "Azəri" və "Çıraq" layihəsinin meneceri Tom Dossu qəbul etmişdir. Dövlət başçısı qonaqları salamladıqdan sonra bildirmişdir ki, "AMOKO" şirkəti ilə əməkdaşlığı davam etdirmək neft sənayesi sahəsində respublikanın strateji xəttidir və burada heç bir dəyişiklik ola bilməz. Prezident müqavilə bağlanmasının ləngiməsi səbəbini ekspert qrupunun təqdim etdiyi təkliflərin Dövlət Neft Şirkətini razı salmaması ilə əsaslandırmışdır. O demişdir ki, "mütəxəssislərimizin yeni təklifləri var, onları nəzərdən keçirdikdən sonra danışıqlarımızı davam etdirə bilərik".

Heydər Əliyev demişdir ki, otuz il üçün nəzərdə tutulan bağlaşma Azərbaycandan ötrü faydalı olmalıdır. "Biz tam əmin olmalıyıq ki, xalqımız öz təbii sərvətindən maksimum səmərə götürəcəkdir. Digər tərəfdən, bağlayacağımız müqavilə xaricdə Azərbaycanın siyasi mövqelərinin möhkəmlənməsinə imkan yaratmalıdır". Dövlət başçısı qeyd etmişdir ki, "AMOKO" şirkətinin ABŞ-da nüfuzu böyükdür və onunla əlaqələrimiz Azərbaycanla ABŞ arasında ikitərəfli faydalı əməkdaşlığa kömək etməlidir.

Prezident qonaqlara müraciətlə demişdir: "Siz Azərbaycandakı qaçqın və köçkünlərin uşaqlarına humanitar yardım gətirmisiniz. Hazırda respublikamızda bir milyon qaçqın var. Onlar Ermənistanın təcavüzü nəticəsində doğma ev-eşiklərini tərk etməyə məcbur olmuşlar. Azərbaycan özünün ərazi bütövlüyünü qoruyur. Bu mübarizədə biz beynəlxalq təşkilatların köməyinə, onların həmrəyliyinə ümid bəsləyirik".

Robert Blanton Prezident Heydər Əliyevlə yeni görüşdən məmnun olduğunu bildirərək demişdir ki, Azərbaycan haqqında həqiqətləri ABŞ-da xarici siyasətlə məşğul olan dairələrə, mətbuata öz imkanları daxilində çatdırır. O əmin etmişdir ki, Vaşinqtona qayıdarkən bu sahədə öz səylərini yenə də əsirgəməyəcəkdir. Robert Blanton qaçqın və köçkünlərin uşaqları üçün 10 min dəst paltar gətirdiyini bildirmiş, yardımın bundan sonra da davam edəcəyini söyləmişdir.

"AMOKO" şirkəti idarə heyətinin sədri "Azəri" və "Çıraq" yataqlarının istismarı ilə bağlı danışıqlara tezliklə yenidən başlanmasını arzu etdiyini bildirmişdir. O, danışıqların tezliklə başa çatacağına, əməkdaşlığın yeni mərhələsinin başlanacağına ümid bəslədiyini qeyd etmişdir.

AzərTAc

"Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında, I hissə, Bakı - 2002, səh.56-57.