Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə təkbətək görüşü - Prezident sarayı, 17 sеntyаbr 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəmizə işgüzar səfərə gəlmiş Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezəri sentyabrın 17-də Prezident sarayının önündə səmimiyyətlə qarşıladı.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə təkbətək görüşü oldu.

Ali qonağı hörmətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev onun dəvətini qəbul edərək, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin tikintisinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Bakıya səfərə gəldiyinə görə Prezident Əhməd Necdət Sezərə təşəkkürünü bildirdi.

Qardaş ölkənin dövlət başçısının Azərbaycana səfərini yüksək qiymətləndirən respublikamızın prezidenti Bakı–Tbilisi–Ceyhan kəmərinin tikintisinin başlanması mərasimində birgə iştirak edəcəklərindən məmnunluqla söhbət açdı.

Prezident Heydər Əliyev «Əsrin müqaviləsi»nin reallaşması çərçivəsində əsas mərhələ olan ixrac boru kəmərinin tikintisinə başlanmasının siyasi, iqtisadi, mədəni, humanitar sahədə xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Azərbaycana səfərə dəvətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən, 2002-ci ilin iyul ayında İstanbulda vəAnkarada Prezident Heydər Əliyev ilə keçirdiyi görüşləri və apardığı danışıqları yüksək qiymətləndirən Prezident Əhməd Necdət Sezər dövlətimizin başçısı ilə yenidən görüşmək imkanından çox məmnun qaldığını söylədi.

Türkiyə prezidenti Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılmasında, eləcə də Xəzərin Azərbaycan sektorundakı enerji ehtiyatlarının dünyanın nüfuzlu dövlətlərinin iri neft şirkətləri ilə birgə işlənilməsi, hasil olunan neftin dünya bazarına ixracı sahəsində Prezident Heydər Əliyevin müstəsna xidmətlərini, cəsarətli və qətiyyətli addımlarını yüksək qiymətləndirdi. Cənab Əhməd Necdət Sezər Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin də reallaşacağına əmin olduğunu bildirdi.

Azərbaycan–Türkiyə əməkdaşlığının möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan prezidentlər bölgədə mövcud olan problemlər barədə geniş fikir mübadiləsi apardılar, qardaş ölkələrimizin bütün məsələlər barədə eyni mövqedə olduqlarını bir daha nəzərə çatdırdılar.

Ölkələrimizin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrinin strateji xarakter daşıdığını, Azərbaycan ilə Türkiyənin qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha vurğulayan dövlət başçıları bildirdilər ki, hər iki dövlət iqtisadi, siyasi, sosial, mədəni və humanitar sahədə əməkdaşlığın daha da inkişafı üçün öz səylərini əsirgəməməlidir.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə bölgədə vəziyyət və hər iki tərəfi maraqlandıran bir sıra məsələlər barədə də müzakirələr aparıldı.

 

AzərTAc