Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimindən sonra birgə bəyanat və mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - 7 aprel 2000-ci il


Zati-aliləri, Qazaxıstan Respublikasının prezidenti hörmətli Nursultan

Nazarbayev!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Qazaxıstan prezidentinin Azərbaycana səfəri bizim respublikamızın həyatında, Qazaxıstan-Azərbaycan münasibətlərində mühüm hadisədir.

Biz bu gün bir çox məsələlər barəsində fikir mübadiləsi etmək, danışıqlar aparmaq və mühüm sənədlər imzalamaq imkanı əldə etdik. Qazaxıstan-Azərbaycan münasibətləri dostluq, qardaşlıq xarakteri daşıyır. Azərbaycan və Qazaxıstan öz dövlət müstəqilliklərini qazandıqdan sonra biz əməkdaşlığımızın inkişafı üçün çox işlər görmüşük. Həm də kifayət qədər yaxşı müqavilə-hüquqi baza yarada bilmişik. İndiyədək bizim dövlətlərimiz, hökumətlərimiz, ayrı-ayrı idarələrimiz arasında 50-dən çox sənəd imzalanmışdır. Bu gün bunlara daha 10 sənəd əlavə olundu. Bu, çox yaxşı nəticədir.

Prezident Nazarbayevlə təkbətək görüşümüz zamanı biz dövlətlərarası münasibətlərimizlə bağlı bir çox məsələlər, regionumuzun, MDB-nin problemlərinə, beynəlxalq problemlərə aid məsələlər barəsində fikir mübadiləsi apardıq. Sevindirici haldır ki, biz münasibətlərimizin və baxışlarımızın eyni olduğunu gördük.

Başlıcası odur ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq ildən-ilə inkişaf edir və möhkəmlənir. Bu gün biz münasibətlərimizin bundan sonra da inkişafı, onların hərtərəfli dərinləşməsi üçün imkanlar açdıq.

Mənim dəvətimi qəbul edib rəsmi səfərə gəldiyinə görə, bizim artıq çox iş görə bildiyimizə görə prezident Nazarbayevə olduqca minnətdaram. Sabah yenə görüşlər olacaqdır. Hörmətli prezident Nazarbayev o birisi gün də Azərbaycanda olacaq ki, bu da ona bizim həyatımızla yaxından tanış olmaq imkanı verəcəkdir.

Hörmətli prezident, bu gün mühüm sənədlər imzalaya bildiyimizə görə sizə təşəkkür edirəm. Sözü sizə verirəm.

Sual (Frans Press Agentliyinin Azərbaycandakı müxbiri): Cənab Nazarbayev, siz Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri sistemi ilə ixracının perspektivlərini necə görürsünüz? Siz bu boru kəməri ilə neft vurulmasının həcminə təminat verməyə hazırsınızmı, əgər hazırsınızsa, onda nə vaxt? Sağ olun.

Nursultan Nazarbayev: Bu məsələnin tarixi hamıya məlumdur. Həmin prosesin digər iştirakçıları kimi, Qazaxıstan da vaxtilə Ankara Bəyannaməsini, Amerika Birləşmiş Ştatları prezidentinin iştirakı ilə İstanbul bəyannaməsini imzalamışdır. Qazaxıstan neftin Bakı-Ceyhan marşrutu ilə nəql edilməsini dəstəkləyir.

Biz konkret həcm göstərməmişik, ona görə ki, sizə məlum olduğu kimi, 2001-ci ildə Şimali Xəzər neft kəməri istifadəyə veriləcəkdir. Burada iştirak payının təxminən 20 faizi Rusiyanın, bir o qədəri də bizimdir, qalan pay xarici şirkətlərə məxsusdur. Biz "Tengiz" yatağından çıxarılan nefti bu boru kəməri ilə nəql edəcəyik.

Lakin biz Xəzər dənizi şelfində qazma işlərinin qurtarmasını gözləyirik. Proqnozlarımıza görə, bunun nəticələri ehtiyatlarımızı dəfələrlə artıracaqdır. Odur ki, bizə neftimizi dünya bazarına nəql etmək üçün yeni marşrutlar lazım olacaqdır. Biz həmin həcmə çatdıqdan sonra, şübhəsiz, hamımız üçün vacib olan bu layihəyə dərhal qoşulacağıq.

Sual ("Kazaxstanskaya pravda" qəzeti): Bu gün biz neftdən danışırıq. Lakin Qazaxıstanın ixracının taxıl kimi eyni dərəcədə mühüm sahəsi də var. Bilmək istərdim, Azərbaycana taxıl satışı məsələləri müzakirə edildimi? Sağ olun.

Heydər Əliyev:  Deyə bilərəm ki, Qazaxıstan çox iri taxıl istehsalçısıdır. Biz isə taxıla olan tələbatımızı hələlik ödəyə bilmirik, hərçənd, Azərbaycanda onun istehsalı ildən-ilə artır. Buna görə də kənardan taxıl gətiririk, amma bunu daha dövlət xətti ilə etmirik. Artıq bütün bunlar özəlləşdirilib, özəl şirkətlərin ixtiyarındadır. Onlar nə qədər bacarırlarsa, bir o qədər də taxıl gətirirlər.

Əlbəttə, indi taxıl çoxdur. 1994-cü ildə, bütün bunlar dövlətin ixtiyarında olduğu dövrdə nə kimi çətinliklər çəkdiyimizi xatırlayıram. Daha haralara müraciət etmirdik, nə qədər xərc çəkirdik və necə çətin yaşayırdıq. Yadımdadır, 1995-ci ildə mən Nursultan Abişoviçdən bizə taxıl göndərilməsini xahiş etdim və biz razılığa gəldik. Lakin sonra biz çörəyin və taxılın qiymətlərini sərbəstləşdirdik, bunların hamısını özəl sektora verdik.

Biz bununla daha məşğul olmuruq.

Bilirəm ki, Qazaxıstandan bizə taxıl gətirir, burada satırlar. Bununla özəl şirkətlər məşğul olur. Çox istəyirəm ki, Azərbaycanın da, Qazaxıstanın da özəl şirkətləri bu sahədə daha uğurla əməkdaşlıq etsinlər. Çünki Qazaxıstan taxılı çox keyfiyyətlidir. Çörək bişirənlər haradan və hansı taxılı almaq lazım olduğunu bilirlər. Hər halda, Azərbaycan firmalarının Qazaxıstandan satın aldıqları taxılın həcminin artması, təbii olaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsinin də artmasına təsir göstərəcəkdir.

Nursultan Nazarbayev: Biz ənənəvi olaraq Azərbaycana ərzaq taxılı göndərirdik. Son qarmaqarışıqlıq illərində bütün bunlar pozuldu, əsasən də ona görə ki, məhsulun Rusiya ərazisi ilə aparılmasına böyük tariflər qoyulmuşdu. Lakin Bakı ilə Aktau limanı arasında yol açıldıqdan sonra gəmilərlə gündə 2 milyon tondan çox məhsul daşımaq imkanı yarandı. Biz yük terminalı tikirik. Mənə elə gəlir ki, bu terminal rəqabət qiyməti üzrə taxıl göndərməyə imkan verəcəkdir. Mənə deyiblər ki, bu il sizə Qazaxıstandan 150 min tonadək ərzaq taxılı gətiriləcəkdir.

Sual ("Naş vek" qəzeti, Azərbaycan): Sual hər iki prezidentədir. Xəzərin statusunun müəyyən edilməsi məsələsi hansı mərhələdədir? Xəzər dənizinin səthindən birgə istifadə barədə Rusiyanın təklifi necə qiymətləndirilir? Sağ olun.

Heydər Əliyev:  Bilirsiniz, Xəzərin hüquqi statusu haqqında məsələ gündəlikdə artıq çoxdan durur. Xəzəryanı ölkələrin nümayəndə heyətləri çox görüşlər keçirmiş, müxtəlif variantları müzakirə etmişlər. Ancaq bu görüşlər hələlik bir nəticə verməmişdir.

Siz bilirsiniz ki, Azərbaycan lap əvvəldən Xəzərin həm suyun səthi üzrə, həm də dənizin dibi üzrə sektorlara Xəzəryanı ölkələr arasında bölünməsi mövqeyində durur. Biz 1993-cü ildən başlayaraq bunda israr edirik.

Doğrudur, o vaxt biz bu baxımdan tək idik. Sonra proseslər ona gətirib çıxardı ki, digər ölkələr də dənizin sektorlara bölünməsi mövqeyinə keçməyə başladılar. Məlumdur ki, Qazaxıstan Rusiya ilə orta xətt haqqında saziş imzalamışdır. Düşünürəm ki, Xəzər dənizinin statusunu birdəfəlik müəyyənləşdirmək üçün biz bu danışıqları davam etdirməliyik. Bizim mövqeyimiz belədir.

Nursultan Nazarbayev: Gördüyünüz kimi, Qazaxıstan və Azərbaycan tərəflərinin mövqeləri əsasən uyğun gəlir. 1998-ci ildə mən və Rusiya prezidenti sahillərdən eyni uzaqlıqda olan orta xətt haqqında saziş imzalamışıq. Biz bu əsasda işləyirik, çünki Xəzərin mərkəzi üzrə Qazaxıstan yalnız Rusiya ilə, cənubda isə Türkmənistanla həmsərhəddir. Azərbaycan və Türkmənistan isə həm də İranla həmsərhəddir. Buna görə də belə düşünürəm ki, mövqelər yaxınlaşır.

Hər dövlət öz sektorunda iş aparır və bu mövqe belə sututarların bölgüsünə dair dünya konvensiyasına, məncə, uyğundur. Buna görə də bütün dövlətlər, əlbəttə, belə bir ümumi qənaətə gəlməlidirlər ki, Xəzər dənizi əmin-amanlıq, etimad dənizi olmalı və bütün Xəzəryanı ölkələrin firavanlığına xidmət etməlidir. Ən başlıcası, belə saziş vasitəsilə Xəzər dənizinin çox həssas ekologiyasının və bioloji ehtiyatlarının, onun təkindəki ehtiyatların mühafizəsinə gəlib çıxmaqdır. Bütün dövlətlər birlikdə işləmək üçün ümumi qənaətə, ortaq məxrəcə gəlməlidirlər.

Qazaxıstanın mövqeyi bundan ibarətdir. Bilirəm ki, Azərbaycanın da mövqeyi bu cürdür.

Sual (Qazaxıstanın "Xabar" milli agentliyi): Hörmətli Heydər Əliyeviç, hörmətli Nursultan Abişoviç, siz xatırlatdınız ki, söhbətiniz zamanı MDB daxilində qarşılıqlı münasibətlərdən danışmısınız. Dəqiqləşdirmək istərdim: siz Rusiyada prezident seçkilərindən sonra bu ölkə ilə qarşılıqlı münasibətlər məsələsini müzakirə etmisinizmi? Sağ olun.

Heydər Əliyev: Bəli, biz bu məsələ barədə fikir mübadiləsi apardıq. Sizə məlumdur ki, Rusiyada prezident seçkilərindən əvvəl, yanvarın 25-də Moskvada MDB ölkələri dövlət başçılarının görüşü olmuşdur. Orada biz fikir mübadiləsi apardıq və bütün prezidentlər - birlik ölkələrinin dövlət başçıları bildirdilər ki, Rusiya prezidenti vəzifəsi uğrunda seçki kampaniyasında Vladimir Vladimiroviç Putini dəstəkləyirlər.

Məsələn, mən şadam, zənnimcə, Nursultan Abişoviç də şaddır ki, arzumuz çin oldu və Vladimir Vladimiroviç Putin Rusiyanın prezidenti seçildi. Biz buna böyük ümidlər bəsləyirik, çünki dəfələrlə demişik ki, Müstəqil Dövlətlər Birliyi öz təyinatını hələlik doğrultmur, öz fəaliyyətini hələlik səmərəli həyata keçirmir.

Son illər bu birliyin mövcudluğu müəyyən dərəcədə formal xarakter, hətta protokol xarakteri daşımışdır. Ona görə də birliyin daha dinamik və səmərəli olması üçün çox güclü impuls gərəkdir. Şübhə yoxdur ki, biz, - Azərbaycan, bilirəm, həm də Qazaxıstan, - MDB çərçivəsində fəal əməkdaşlığa həvəs göstəririk, çünki birlik ölkələrinin hər biri bundan böyük fayda götürə bilər, xüsusən də iqtisadiyyat sahəsində. Lakin indiyədək olanlar bundan ötrü lazımi şərait yaratmamışdır.

Təkrar edirəm, biz böyük ümidlər bəsləyirik ki, Vladimir Putin öz prezident vəzifələrinin icrasına başlayandan sonra, yəqin ki, MDB-nin fəaliyyətində yeni mərhələyə qədəm qoymağımız üçün addımlar, - təbii ki, təkcə onun tərəfindən deyil, həm də bütün MDB dövlət başçıları tərəfindən, - atılacaqdır.

Aydındır ki, MDB-nin meydana gəldiyi vaxtdan Rusiya birliyimizdə üstün mövqe tutur. Ona görə də biz axırıncı görüşümüzdə Vladimir Vladimiroviç Putini yekdilliklə MDB Dövlət Başçıları Şurasının sədri seçdik. İnanırıq ki, Rusiyanın yeni prezidenti ümidlərimizi doğruldacaqdır.

Nursultan Nazarbayev: Biz Rusiyada istər Dumaya, istərsə də prezident vəzifəsinə seçkiqabağı mübarizələrin başa çatmasını alqışlayırıq. Ümidvarıq ki, bütün istiqamətlərdə fəal və dəqiq siyasət aparılacaqdır.

Heydər Əliyeviçin dediyi kimi, indi, hər şeyin müəyyən edildiyi, bütün prezidentlərin öz yerlərində olduğu bir vaxtda MDB ölkələri dövlət başçılarının, habelə gömrük dördlüyünün sammiti keçiriləcəkdir. MDB dövlətlərinin inteqrasiyası üçün bu gün həll edilməmiş başlıca məsələ azad ticarət zonası və gömrük rüsumlarının eyniləşdirilməsi haqqında müqavilənin bütün ölkələr tərəfindən ratifikasiya olunmasından ibarətdir. İndiki vəziyyət normal ticarət etməyə imkan vermir. Razılaşmalar əldə edilmişdir. Yaşayarıq, görərik. Zənnimcə, istər birgə yaşayışın tarixi təcrübəsinə, istərsə də əvvəlki iqtisadi əlaqələrə əsaslanaraq, MDB dövlətləri arasında inteqrasiyanın inkişaf etdirilməsi, etimadın möhkəmləndirilməsi həm Rusiyanın qonşularının, həm də Rusiyanın özünün mənafelərinə uyğundur. Əminəm ki, məhz bu cür siyasət aparılacaqdır.

Qazaxıstan Rusiya ilə sıx dostluq münasibətlərinə sadiqdir, siz bunu yaxşı bilirsiniz, çünki o, bizim ticarət meydanımızdır. Rusiya bizim ən yaxın qonşumuzdur, dövlətlərdən hər birinin müstəqilliyi və suverenliyi şəraitində Qazaxıstan onunla bərabərhüquqlu münasibətlər yaratmaq istəyir. Vladimir Putin axırıncı sammitdə bu cür bəyanat vermişdir. Əminəm ki, belə də olacaqdır.