"Azərbaycan Prezidenti Heydər Əliyevin xalq artisti Qəmər xanım Almaszadəyə məktubu" (Bakı şəhəri, 9 mart 2000-ci il) sənədinə tarixi arayış


Azərbaycanın görkəmli balet rəqqasəsi, respublikanın xalq artisti Qəmər Hacıağa qızı Almaszadə 1915-ci il martın 10-da Bakı şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1929-cu ildən başlayıb və 1932-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet artisti kimi çalışıb. O, 1932-33-cü illərdə Moskvada Bolşoy Teatr nəzdindəki xoreoqrafiya məktəbində oxuyub, sonralar isə təhsilini Leninqradda (indiki Sankt-Peterburq) davam etdirib. Təhsilini tamamlayaraq Bakıya qayıdan Qəmər xanım ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Mahnı və Rəqs Ansamblının əsasını qoyub. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını edib. Məşhur balerina səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb. O, ölkəmizdən kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil edib. Belə ki, Fransada, Hindistanda, Nepalda da çıxış edib. 1970-ci ildə isə Bağdada İraq xalq rəqsləri ansamblını yaratmaq üçün dəvət edilib. Qəmər xanım 90-cı illərdə Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışıb.

Qəmər Almaszadə respublikanın ictimai həyatında da yaxından iştirak edib, Azərbaycan Ali Sovetinin deputatı seçilib. O, bir sıra orden və medallarla yanaşı Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2000-cı il martın 9-da xalq artisti Qəmər Almaszadəyə 85 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib. Məktubunda Heydər Əliyev yubilyarın Azərbaycan baletinin parlaq ulduzu kimi yaratdığı surətlərin milli incəsənət xəzinəsinin qızıl fonduna həmişəlik daxil olduğunu xüsusi qeyd edib: "Avropa və rus klassiklərinin şah əsərlərində yaratdığınız dolğun, rəngarəng səhnə obrazları öz təkrarolunmaz ifa tərzi və yüksək peşəkarlıq səviyyəsinə görə həmişə balet mütəxəssisləri tərəfindən əsl sənət inciləri kimi qiymətləndirilib. Məhz bu baxımdan sizi mübaliğəsiz olaraq Azərbaycan baletinin təşəkkül tapmasında başlıca rol oynamış sənətkar adlandırmaq olar".

Tarixi arayış 15 yanvar 2008-ci ildə tərtib edilib.