İsrail dövlətinin 50 illiyi münasibətilə təşkil olunmuş qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 30 aprel 1998-ci il


Hörmətli səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi İsrail dövlətinin yaranmasının 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Bütün İsrail vətəndaşlarına və dünyada yaşayan yəhudilərə sülh, əmin-amanlıq və səadət arzulayıram.

İsrail dövlətinin yaranması təkcə yəhudilər üçün yox, bütün dünya üçün əlamətdar tarixi hadisə olmuşdur. Əsrlər boyu böyük çətinliklər, böyük zillət və böyük əziyyət çəkəndən sonra, nəhayət, yəhudilər öz milli dövlətini və müstəqil ölkəsini əldə edə bilmişlər. Keçmiş zamanlarda dünyada bir xalqın o biri xalqa qarşı, bir ölkənin o biri ölkəyə qarşı təcavüzü və aparılan müharibələr, xüsusən soyqırımları ümumiyyətlə, bəşər tarixində çox ağır və sarsıdıcı izlər qoymuşdur. Yəhudilərə, yəhudi xalqına qarşı tarix boyu edilən ədalətsizliklər və nəhayət, İkinci dünya müharibəsi zamanı dəhşətli soyqırımı və yəhudilərin kütləvi surətdə öldürülməsi bütün bəşəriyyəti hiddətə gətirmişdir.

Azərbaycan xalqı tarix boyu təcavüzə, zorakılığa qarşı və soyqırıma qarşı həmişə öz etirazını bildirmişdir. Baxmayaraq ki, Azərbaycan xalqının özü də belə dəhşətli hadisələrin qurbanı olmuşdur. Son iki əsr ərzində Azərbaycan xalqına qarşı edilmiş soyqırım hadisələri, halları hər bir insan üçün, hər bir xalq üçün onun nə qədər dəhşətli olduğunu bizə yaxşı bildiribdir. Ona görə də biz yəhudilərə qarşı edilən soyqırımı, onlara qarşı edilən vəhşilikləri həmişə pisləmişik və bu gün də pisləyirik. Eyni zamanda böyük məmnuniyyət hissi doğurur ki, 50 il bundan öncə bütün bu dəhşətlərə son qoyulmuşdur və yəhudi xalqı İsraildə öz milli dövlətini yaratmışdır. İndi dünya birliyində bir müstəqil dövlət kimi İsaril özünə layiq yerini tutur.

50 il ərzində İsrail dövlətinin keçdiyi yol çətin, ağır olubdur. Amma, nəhayət, öz yekunlarına görə uğurlu olubdur. Biz İsrail dövlətinin əldə etdiyi nailiyyətlərə görə sevinirik və İsrail dövlətinə gələcəkdə də böyük uğurlar arzulayırıq.

İndi Azərbaycan ilə İsraili bağlayan bizim dövlətlərarası münasibətlərimizdir. Ancaq bununla bərabər, Azərbaycanda əsrlər boyu azərbaycanlılarla yanaşı, yəhudilərin rahat və sərbəst yaşaması bizim bir xalq kimi xeyirxah, sülhsevər xalq olduğumuzu nümayiş etdiribdir. Azərbaycanda yəhudilərlə azərbaycanlılar arasında mövcud olan və tarix boyu hökm sürmüş dostluq münasibətləri buna əyani sübutdur. Bizim ölkəmizdə - müstəqil Azərbaycanda yaşayan hər bir kəs dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bərabər hüquqlara malik Azərbaycan vətəndaşıdır. Azərbaycanda yaşayan yəhudilər Azərbaycan xalqının bu tarixi ənənələrindən həmişə bəhrələnmişlər, indiki zamanda isə müstəqil Azərbaycan dövlətinin qayğısı altındadırlar. Bu amil də Azərbaycan ilə İsrail arasında mövcud olan ikitərəfli faydalı əlaqələrin və əməkdaşlığın gözəl bir nümayişidir. Ümidvaram ki, bizim bu əməkdaşlığımız, sıx əlaqələrimiz bundan sonra da davam edəcək və hər iki ölkə üçün, hər iki xalq üçün faydalı olacaqdır.

Hörmətli dostlar, mən sizi bu bayram münasibətilə bir daha təbrik edirəm, sizin hamınıza cansağlığı arzu edirəm və İsrail dövlətinə yeni-yeni uğurlar diləyirəm.

Çox sağ olun.

"Azərbaycan" qəzeti, 2 may 1998-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış