Əməkdar incəsənət xadimi Musa Mirzəyevə - Bakı şəhəri, 25 yanvar 2003-cü il


Hörmətli Mirzəyev!

Sizi - Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsini anadan olmağınızın 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə milli simfonik musiqisinin inkişafına öz layiqli töhfəsini vermiş sənətkarlardansınız. Siz zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin sinfini bitirdikdən sonra keçən yarıməsrlik müddət ərzində dahi müəlliminizin sənət məktəbinin ənənələrini ləyaqətlə davam etdirmək yolunda yorulmadan çalışmısınız. Yaradıcılığınızın əsas hissəsini təşkil edən simfonik əsərləriniz sizin milli musiqi irsimizin tükənməz imkanlarından məharətlə istifadə etmək bacarığınızı nümayiş etdirir. Vokal-simfonik və kamera-instrumental janrlarında bəstələdiyiniz musiqi nümunələri dərin poetik lirizmi, zərifliyi, musiqi dilinin zənginliyi ilə seçilir. Məhz elə buna görə də siz xarici ölkələrdə əsərləri tez-tez ifa olunan Azərbaycan bəstəkarlarından birisiniz.

Bakı Musiqi Akademiyasının professoru kimi pedaqoji fəaliyyətiniz təqdirəlayiqdir. Əsərlərinizin müxtəlif tədris proqramlarına daxil edilməsi də Azərbaycanda gənc musiqiçilər nəslinin yetişdirilməsi işinə xidmət edir. Ölkəmizin görkəmli musiqi xadimlərinin iri həcmli əsərlərinin yenidən hazırlanaraq tamaşaya qoyulması sahəsində apardığınız işlər sizin musiqi xəzinəmizin nümunələrinə göstərdiyiniz dərin ehtiram, diqqət və qayğının təzahürüdür. İnanıram ki, simfonik və kamera musiqimizin inkişaf etdirilməsi üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcək, zəngin təcrübə və yüksək peşəkarlığınızdan istifadə edərək musiqi həvəskarlarının yeni əsərlərlə sevindirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 yanvar 2003-cü il.

Tarixi arayış

MƏDƏNİYYƏT