Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev başda olmaqla Rusiyadakı Azərbaycan diasporunun nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 4 aprel 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, bilirəm, işləriniz çoxdur, amma gəlib-gedin, Vətəni yaddan çıxarmayın. Dövlətimizin başçısı vurğuladı ki, Moskvada Ümumrusiya Azərbaycan Konqresinin yaradılmasından və Bakıda Dünya azərbaycanlılarının birinci qurultayı keçiriləndən sonra Azərbaycan diasporu hər yerdə, o cümlədən Rusiyada da canlanmış, fəaliyyəti genişlənmişdir.

Lakin bu sahədə görülən işlərə diqqət daha da artırılmalı, Azərbaycan diasporunun mütəşəkkil bir qüvvəyə çevrilməsi üçün müntəzəm və məqsədyönlü fəaliyyət göstərilməlidir.

Prezident Heydər Əliyev xüsusi nəzərə çatdırdı ki, Vətəndən uzaqlarda yaşayan azərbaycanlıların xalqımızın milli adət və ənənələrini, ilk növbədə gözəl, doğma ana dilini unutmamasına böyük diqqət yetirilməlidir. Müasir dövrdə dünyanın ən geniş yayılmış dillərini bilmək yaxşıdır, amma hamı ilk növbədə öz doğma dilini dərindən öyrənməli, bilməlidir.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Rusiya Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Məmmədbağır Əliyev vaxt ayırıb nümayəndə heyətini qəbul etdiyinə görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirdi, ona möhkəm cansağlığı arzuladı.

Məmmədbağır Əliyev Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti haqqında qısa məlumat verərək dedi ki, təşkilindən cəmi yarım ilə yaxın vaxt keçməsinə baxmayaraq, Konqres qeyri-peşəkar qurumdan peşəkar struktura çevrilmişdir. Hazırda onun konkret vəzifələri yerinə yetirən 9 komitəsi, ştatlı icra aparatı var. Rusiya Federasiyasının rəhbərliyi ilə yaxından əlaqələr yaradılmışdır. Konqres respublikamızın Moskvadakı səfirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Daha sonra Ümumrusiya Azərbaycan Konqresinin işi, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.