Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın "Lazma" şirkətinin prezidenti Co Darbi və Braziliyanın "Petrobraz" şirkətinin icraçı direktoru Renato Bertari ilə görüşdəki söhbətindən - London, Azərbaycan prezidentinin iqamətgahı, 20 iyul 1998-ci il


Heydər Əliyev: Hörmətli cənab Co Darbi və cənab Renato Bertari! Sizi salamlayıram və rəhbərlik etdiyiniz şirkətlərin müstəqil Azərbaycan Respublikası ilə əlaqələr qurmağa, bu əlaqələri genişləndirməyə maraq göstərməyinizi razılıqla qarşılayıram.

Co Darbi: Cənab prezident! Vaxt tapıb bizi qəbul etdiyinizə görə sizə təşəkkür edirik, bu görüşdən şərəf duyduğumuzu bildiririk.

İcazə versəydiniz sizə rəhbərlik etdiyim şirkət barədə məlumat verərdim. "Lazma" nisbətən cavan şirkətdir, 27 il bundan əvvəl yaranmışdır. Əsasən kəşfiyyat və istismar sahəsində ixtisaslaşan bir şirkətdir. Biz Azərbaycanda çox böyük imkanların olmasından xəbərdarıq. Sizinlə bu görüşə gəlməyimizin məqsədi Azərbaycana sərmayə qoymağa ciddi marağımız olduğunu bir daha nümayiş etdirməkdir. "Lazma" şirkəti dünyanın 13 ölkəsində iş görür. Bizim əsas işimiz Böyük Britaniyada və İndoneziyadadır. Biz Venesuela, Əlcə-zair, Liviya və Pakistanda da xeyli iş görürük. Sizin razılığınızla biz fəaliyyət göstərdiyimiz ölkələr arasında ən çox Azərbaycana invenstisiya qoymaq niyyətindəyik. Sizə bildirmək istəyirəm ki, biz Xəzərin Azərbaycan sektorunda geniş fəaliyyət göstərmək istəyirik.

Renato Bertari: Cənab prezident, bizimlə bu görüşə vaxt ayırdığmıza görə sizə təşəkkür edirik. Bizim "Petrobraz" şirkəti Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.

Heydər Əliyev: Hörmətli cənablar, başçılıq etdiyiniz hər iki şirkətin respublikamıza böyük həcmdə sərmayə qoymaq arzusunda olduğunuzu razılıqla qarşılayaraq bildirirəm ki, biz 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi barədə "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra ən nüfuzlu xarici şirkətlərin ölkəmizə marağı ildən-ilə artır. Biz bunu yüksək qiymətləndiririk və bütün şirkətlərin ölkəmizlə qarşılıqlı surətdə faydalı əlaqələr qurmasına hər cür şərait yaratmışıq. Azərbaycanda bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial imkanlar vardır və bildirirəm ki, respublikamız öz qapılarını xarici şirkətlərin üzünə geniş açmışdır və biz hər bir şirkətin xalqımız, ölkəmiz üçün faydalı olan təkliflərinə həmişə diqqətlə yanaşırıq.

Renato Bertari: Cənab prezident, Braziliyada Sizin rəsmi səfərinizi səbirsizliklə gözləyirlər. Mən ölkəmizin prezidentinin Sizi Braziliyaya rəsmi səfərə dəvətini bir daha xatırlatmaq istəyirəm. Əminəm ki, Sizin bu səfəriniz Azərbaycan-Braziliya əməkdaşlığında yeni bir mərhələ açacaqdır.

Heydər Əliyev: Xoş sözlərə görə minnətdarlığımı bildirirəm. Mən bu ölkəyə rəsmi səfərə dəvət olunmağım barədə Braziliya prezidentindən məktub almışam, vaxt tapan kimi bu dəvətdən istifadə etməyə çalışacağam. Mən "Lazma" və "Petrobraz" şirkətləri ilə Azərbaycan arasında əməkdaşlığın ardıcıl surətdə inkişaf etməsinə tərəfdar olduğumu vurğulayıram.