Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Portuqaliyanın xarici işlər naziri Joze Jaymi Matuş da Qama ilə söhbətindən - 12 iyul 2001-ci il


Heydər Əliyev: Hörmətli cənab nazir!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz. Mən sizi Azərbaycanda salamlayıram. Əgər səhv etmirəmsə, bu, Portuqaliyadan Azərbaycana gələn ən yüksək səviyyəli nümayəndə heyətidir.

Sizin bu ziyarətinizin xüsusiyyəti, mən hiss edirəm, ondan ibarətdir ki, siz həm Portuqaliyanın xarici işlər naziri kimi bizim ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə gəlmisiniz, həm də ki, ATƏT-in gələn ildən sədri vəzifəsini yerinə yetirdiyinizə görə indidən bu işlə tanış olursunuz. Əgər mən düz deyirəmsə, onda həm birinci məqsəd, həm də ikinci məqsəd bizim üçün çox əhəmiyyətlidir.

Təəssüflər olsun ki, Portuqaliya ilə Azərbaycan arasındakı əlaqələr, xüsusilə iqtisadi əlaqələr istənilən səviyyədə deyildir. Amma Azərbaycanda Portuqaliya, xüsusən Lissabon çox məşhurdur. ATƏT müxtəlif ölkələrdə zirvə görüşləri keçirmişdir. 1996-cı ildə ATƏT-in zirvə görüşü Lissabonda keçirilərkən, - doğrusu, bizim tələblərimizə uyğun olan sənəd alınmasa da, orada ATƏT-in sədrinin xüsusi bəyanatı elan edildi. Bu bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin prinsipləri əks olundu. Biz bu bəyanatı qiymətləndiririk. Baxmayaraq ki, zirvə görüşünün əsas sənədinin layihəsində daha lazımlı müddəalar vardı. Ona görə də o vaxtdan Lissabon sammiti Azərbaycanda daha populyar olubdur.

Lissabon zirvə görüşündən artıq beş il keçibdir. Ancaq hələ indiyə qədər Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunmayıb və Lissabon sammitinin qəbul etdiyi bəyanat da Ermənistan tərəfindən tamamilə qəbul olunmayıbdır. Azərbaycanda da bizim cəmiyyətimizin böyük hissəsi onu qəbul etməyibdir. Amma dövlət, hakimiyyət və şəxsən mən onu qəbul etmişəm və onu həyata keçirməyə hazır olduğumuzu həmişə bildirmişəm. İllər keçib, indi ATƏT-in sədri olacaq Portuqaliya bu məsələ ilə məşğul olmağa məcburdur. Ona görə də mən sizin səfərinizi bu nöqteyi-nəzərdən xüsusilə əhəmiyyətli hesab edirəm.

Təbiidir ki, biz Portuqaliya ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etməsinə də çox böyük əhəmiyyət veririk. Bu baxımdan da sizin bu səfəriniz çox əhəmiyyətlidir. Buyurun.

Joze Jaymi Matuş da Qama: Cənab prezident, mənə göstərdiyiniz qonaqpərvərliyə və səfərim zamanı vaxt tapıb məni qəbul etdiyinizə görə Sizə öz təşəkkürümü bildirirəm. Bu görüşdən istifadə edərək mən Portuqaliyada, Lissabonda şəxsən görüşdüyünüz prezidentin və baş nazirin də ən səmimi salamlarını Sizə yetirirəm.

Azərbaycanlı həmkarım ilə keçirdiyim görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə ətraflı müzakirələr apardıq. Azərbaycan ilə Portuqaliya arasında səfirlərin qarşılıqlı mübadiləsi, onların təyin olunması və digər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə fikir mübadiləsi etdik və qəti razılığa gəldik.

Bildirmək istəyirəm ki, Portuqaliya Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması prosesində ölkənizə yaxından dəstək vermişdir. Eyni zamanda Azərbaycanın Avropa Birliyi ilə tərəfdaşlıq və əməkdaşlıq proqramının həyata keçirilməsində, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında fəal iştirakının təmin olunmasında ölkənizə daim dəstək verir və yardım göstərir.

Bu səfərimin gələn ildən ATƏT-in sədrliyi vəzifəsinə başlayacağımızla da əlaqəsi vardır. Bildiyiniz kimi, Portuqaliya indi üçlüyün üzvlərindən biridir və Minsk qrupunun bu fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün sizin regiona səfər etməyə başladım. Bir daha demək istəyirəm ki, gələn ildən başlayaraq biz ATƏT-də sədrliyi bilavasitə həyata keçirəcəyik, bu işlərlə məşğul olacağıq.

Bu gün ATƏT-in Azərbaycandakı səfirini və ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsini də özümlə bu görüşə gətirmişəm. Onu da bildirmək istəyirəm ki, biz bu gün Azərbaycanda ATƏT-in nümayəndəliyinin yeni ofisinin açılmasında da iştirak edəcəyik.

Bildiyiniz kimi, bu regiona mənim səfərim ATƏT-in Minsk qrupu həmsədrlərinin səfəri ilə də üst-üstə düşmüşdür. Biz bu səfərləri də bir-birimizlə əlaqələndirmişik.

Münaqişəyə bilavasitə müdaxilə etməsək də, Azərbaycanın hakimiyyət dairələri ilə sıx təmaslarımızı və fikir mübadilələrimizi genişləndirmək yolu ilə problemin həllinə hər hansı töhfə verə biləriksə, bu işdə yardımçı olmaq niyyətindəyik. Eyni zamanda, bildirmək istəyirəm ki, biz prezidentlər arasındakı birbaşa dialoqun davam etdirilməsini dəstəkləyirik. İndiyədək hər iki prezidentin əldə etdiyi anlaşmanı və atdıqları addımları bəyəndiyimizi və belə təmasların bundan sonra da davam etdirilməsinə ehtiyac olduğunu bildiririk.

Mən buraya gəlmişəm ki, əsasən sizləri dinləyəm. Daha çox danışmaqdansa sizləri dinləyib mövqelərinizlə tanış olam.

Heydər Əliyev: Təşəkkür edirəm. Birincisi, ATƏT-in burada ofisinin açılması münasibətilə sizi təbrik edirəm.

ATƏT-in yeni ofisinin açılışında bizim hökumətimizin üzvləri iştirak edəcəklər. Güman edirəm ki, burada ATƏT-in daimi nümayəndəliyinin olması ATƏT-lə Azərbaycan arasındakı əməkdaşlığın bütün sahələrdə inkişafına yardım edəcək, xüsusən bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına öz köməyini göstərəcəkdir.

Dediniz ki, buraya bizi dinləməyə gəlmisiniz. Amma geniş söhbətə keçməmişdən əvvəl onu xatırlatmaq istəyirəm ki, ATƏT-in əsas prinsipləri hər bir dövlətin ərazi bütövlüyüdür və hər bir dövlətin sərhədlərinin toxunulmazlığıdır, hər bir dövlət tərəfindən beynəlxalq hüquq normalarına riayət edilməsidir. Ancaq Azərbaycanla bu münaqişəni başladıqdan sonra Ermənistan ATƏT-in bu prinsiplərini tamamilə pozubdur. ATƏT də buna biganədir. Əgər ATƏT 1992-ci ildə bu münaqişənin həll olunması üçün xüsusi Minsk qrupu yaradıbsa, deməli, bu vəzifəni öz üzərinə götürübsə, bu vəzifəni həyata keçirmək üçün gərək birinci növbədə beynəlxalq hüquq normaları əsas götürülsün, ATƏT-in əsas prinsiplərindən olan hər bir ölkənin ərazi bütövlüyü əsas götürülsün, sərhədlərin toxunulmazlığı əsas götürülsün. Azərbaycan bu prinsipləri pozmayıbdır. Biz Ermənistanın ərazi bütövlüyünü pozmamışıq, onun sərhədlərini pozmamışıq və beynəlxalq hüquq normalarına riayət edirik. Amma o biri tərəf - Ermənistan beynəlxalq hüquq normalarını, ATƏT-in prinsiplərini pozub Azərbaycan ərazisinin 20 faizini işğal edibdir və indi də işğal altında saxlayır. İşğal olunmuş yerlərdən 1 milyondan artıq azərbaycanlını zorla çıxarıbdır.

Belə olan halda ATƏT ya gərək öz prinsiplərindən imtina etsin, ya da öz prinsiplərinin həyata keçirilməsini təmin etsin. Təəssüflər olsun ki, bu müddətdə ATƏT, onun Minsk qrupu həmin o prinsiplərin burada, bizim bölgədə təmin edilməsi məsələsi ilə ciddi məşğul olmur. Mən 1996-cı ildə ATƏT-in Lissabondakı zirvə görüşünü xatırladım. Orada əvvəlcədən hazırlanmış yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün ATƏT-in prinsiplərinə uyğun olaraq yazılmışdı ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilir və Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyi təmin olunur. Bunlarla ATƏT-in bütün üzvləri razı idi. Amma Ermənistan buna etiraz etdi. Əgər xatırlayırsınızsa, orada biz çox gərgin iş apardıq. Amma bizə verilən izahat ondan ibarət idi ki, ATƏT-in qərarları konsensusla qəbul olunur, Ermənistan isə həmin maddənin qəbul olunmasına razılıq vermir.

Biz nə qədər çalışdıq ki, orada ədaləti təmin edək, bu, mümkün olmadı. Onda başqa yol qalmadı, Azərbaycanın prezidenti kimi mən də bəyan etdim ki, ATƏT-in bütün sənədinin hamısına, başdan-ayağa konsensus vermirəm. Bundan sonra, deməli, ATƏT-in yekun sənədinin qəbul olunması təhlükə altına düşdü. Bir neçə böyük dövlətin başçıları, orada olanlar hamısı gəlib məni inandırmaq istəyirdilər ki, siz bunu etməyin, belə olsa, Lissabon sammiti nəticəsiz qalacaqdır. O cümlədən sizin ölkənizin baş naziri də bu barədə mənimlə çox ətraflı danışdı. Qəribə bir mənzərə yaranmışdı: Ermənistan ədalətli maddəyə konsensus vermir, onu normal hesab edirdilər. Biz isə çıxılmaz vəziyyətdə olduğumuza görə bu yola, hesab edirəm, cəsarətli yola getdik. Ondan sonra hamı bizdən xahiş edirdi ki, siz konsensus verin. Mən bununla razı olmadığım halda, nəhayət, ATƏT-in o vaxtkı sədri, İsveçrənin xarici işlər naziri Kotti bir neçə dəfə mənimlə danışdı. O, həmin bəyanatın verilməsi təklifini irəli sürdü. Doğrudur, o bəyanat bizi tam təmin etmir. Amma biz ATƏT-in zirvə görüşü sənədinin pozulmasına razı olmadığımıza görə o bəyanatı qəbul etmişik.

İndi ATƏT-in Minsk qrupu deyir ki, siz gərək öz aranızda danışasınız. Minsk qrupunun həmsədrləri elə 1996-cı ilə qədər, 1996-cı ildən sonra, 1997-ci ildə, 1998-ci ildə iki təklif irəli sürdülər. Onların ikisini də biz qəbul etdik. Ermənistan qəbul etmədi. Nəhayət, 1998-ci ilin sonunda Ermənistanın keçmiş prezidenti təkliflərdən birinin qəbul olunmasına razılıq verdiyinə görə, onun əleyhinə cürbəcür hərəkətlər oldu, o, vəzifəsindən istefa verməyə məcbur oldu.

1999-cu ildən Azərbaycan və Ermənistan prezidentləri arasında bilavasitə danışıqlar gedir. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də fəaliyyət göstərirlər. Demək istəyirəm ki, bu il onlar əvvəlki illərə nisbətən fəaliyyətlərini daha da gücləndiriblər. Burada yenə nədən söhbət gedir: Ermənistanla Azərbaycan arasında müəyyən kompromislər olmalıdır. Təbiidir ki, bizim tərəfimizdən olan kompromislər beynəlxalq hüquq normalarını pozur və Azərbaycana zərər verir. Amma buna baxmayaraq biz müəyyən kompromislərə getməyə hazır olduğumuzu bildirdik. Baxmayaraq ki, onlar ATƏT-in prinsipləri, beynəlxalq hüquq normaları çərçivəsindən kənara çıxır. Ermənistan isə guya hansısa kompromislərə getmək istəyir, amma o kompromislərin özü də çox minimal xarakter daşıyır. Belə vəziyyətdə biz məsələni həll edə bilmirik. ATƏT isə öz prinsiplərini həyata keçirmək üçün çalışmaq əvəzinə hər dəfə bizə məsləhət verir ki, siz danışın, kompromislərə gedin. Deməli, ATƏT-in prinsipləri, beynəlxalq hüquq normaları çərçivəsindən kənara çıxmaq lazımdır. Əsas məsələ bax budur.

İndi mən bilmək istəyirəm: ATƏT öz prinsiplərinə sadiqdir, yoxsa yox? Əgər bir yerdə ATƏT öz prinsiplərinin pozulmasına yol verəcəksə və yaxud, hətta bu işə dəstək verəcəksə, bu, ATƏT-ə böyük bir presedent yaratmayacaqmı? Onda belə çıxır ki, bəzi məsələlərin həll edilməsində ATƏT-in prinsipləri kənarda qalır. Amma biz hesab edirik ki, ATƏT-in prinsipləri dəyişilməz, pozulmaz olmalıdır. Onun əksinə olaraq hansısa qərarlar qəbul edilir. Biz doğrudan da hansısa kompromislərə getsək, bunlar Azərbaycan üçün o qədər zərərli olacaqdır ki, ona getmək mümkün olmayacaqdır. Yenə deyirəm, belə çıxır ki, ATƏT də buna biganə qalır. ATƏT-in prinsiplərini pozan Ermənistan cəzasız qalır. Hər iki ölkəyə eyni münasibət göstərilir. Baxmayaraq ki, bir ölkə təcavüzkardır, o birisi isə təcavüzə məruz qalmışdır. Əgər təcavüzkara lazımi cavab verilməsə, onun qarşısı alınmasa, yaxud təcavüzkar cəzalanmasa, təcavüzkarlar başqa yerlərdə də belə hərəkət edəcəklər. Bilirəm ki, siz hələ ATƏT-in sədrliyinə başlamamısınız. Ancaq ATƏT-in fəal üzvüsünüz. Bu suallara cavab vermək, bəlkə də, çətin olacaqdır. Amma həqiqət bundan ibarətdir. Mən sizə həqiqəti deyirəm.

Eyni zamanda, bütün bunlara baxmayaraq, biz müəyyən kompromislərə gedib məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq ədalət naminə gərək Ermənistanın getdiyi kompromislərlə Azərbaycanın getdiyi kompromislər, heç olmasa, bir-birinə bərabər olsun. Bu da yoxdur.

Ermənistan öz təcavüzkar hərəkətlərinin nəticələrindən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayaraq, öz istədiyini diktə edir. ATƏT də bir münsif kimi, bu işlərə necə deyərlər, müəyyən qədər biganədir.

Bilirsiniz ki, mən 8 ildir ki, bu işlə məşğul oluram. Həddindən artıq görüşlər keçirmişəm, o cümlədən ATƏT-in Budapeşt, Lissabon, İstanbul zirvə görüşlərində. Amma təkcə zirvə görüşlərində yox, Minsk qrupunun həmsədrləri ilə, demək olar ki, ildə 5-6, 7-8 dəfə görüşürük. Amma bir şey alınmır. Güman edirəm ki, ATƏT öz nüfuzu haqqında da düşünməlidir. Vəziyyət belədir.

Joze Jaymi Matuş da Qama: Cənab prezident, mən bu münaqişənin tarixi ilə əlaqədar, münaqişənin həllinə qlobal yanaşmanız və öz mövqelərinizi açıq bildirməyinizlə əlaqədar Sizə təşəkkür edirəm. Sizin ATƏT-ə ünvanlanmış fikirlərinizi də məmnuniyyətlə qəbul etdim. Hesab edirəm ki, bunları biz heç də tam açıq-aşkar tənqid kimi qəbul etməyir, əksinə, Sizin fikirlərinizi bizim fəaliyyətimizi daha da gücləndirmək üçün bir stimul kimi qəbul etdiyimizi deyirəm.

Cənab prezident Əliyev, Sizin bizə söylədiklərinizdə xüsusi bir məqama önəm verirəm. Cənab prezident, həmin məqamdan söhbət gedəndə Sizin, həm də ATƏT-in mövqeləri tamamilə üst-üstə düşür. O da ATƏT-in prinsiplərinə hər tərəfdən hörmətlə yanaşılması və bir də münaqişənin həlli üçün kompromislərə hörmətlə yanaşmaq məsələsidir.

Cənab prezident, beynəlxalq təşkilat kimi ATƏT-in prinsiplərinə riayət edilməsinə, bunların təmin olunmasına ehtiyac duyulduğu barədə fikirlərinizə biz tam qoşuluruq. ATƏT-in prinsipləri də qlobal xarakter daşıyır. Özündə bir sıra ölçüləri ehtiva edir. Məhz buna görə də ATƏT də soyuq müharibə dövründən sonrakı mərhələdə özünün qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi ehtiyacını görmüşdür. Bu baxımdan qeyd etmək istəyirəm ki, ATƏT-in sonuncu Paris Xartiyası beynəlxalq hüquqdan irəli gələn bir sıra öhdəlikləri, qlobal münasibətlərdəki müxtəlif ölçüləri bir çərçivəyə yığmaq baxımından çox mühüm sənəd olmuşdur. Bu xartiyada təkcə birdəfəlik formalaşmış prinsiplərə yox, həm də dinamik surətdə inkişaf edən prinsiplərə də diqqət yetirilmişdir. Burada yeni beynəlxalq münasibətlərdə münaqişələrin, problemlərin həll olunması üçün kompromislərin bir vasitə olduğu da açıq-aşkar göstərilmişdir. Ona görə də, cənab prezident Əliyev, kompromislərə getməyin lüzumluluğu, onların qarşılıqlı olması barədə dediklərinizi mən hörmətlə qəbul edirəm. Beynəlxalq birliyin, ATƏT-in, onun Minsk qrupunun, bu qrupun həmsədrlərinin, sizin regiondakı dövlətlərin də səyləri məhz buna yönəlmişdir. Məqsəd də sizin regionunuzu münaqişə regionundan çıxararaq, özünün ənənəvi əlaqələrinin qurulduğu, çiçəklənən bir regiona çevrilməsinə nail olmaqdan ibarətdir.

Mən qəti əminəm ki, münaqişə həll edildikdən, sülh əldə olunduqdan sonra həyata keçiriləcək böyük bərpa və quruculuq işlərində beynəlxalq birlik fəal iştirak edəcəkdir. Mənim üçün çox önəmli idi ki, prezident Əliyevin də bu məsələyə necə yanaşmasını bilavasitə özüm öyrənim.

Sizə onu da bildirmək istəyirəm ki, Ermənistanda olarkən mən, - bu münaqişəni bir kənara qoymaq şərti ilə, - gördüm ki, orada prezident Əliyevin liderliyinə, dövlət xadimliyinə olduqca böyük hörmət var və Azərbaycan xalqına da böyük hörmət vardır.

Hesab edirəm ki, bu, problemi həll etmək səlahiyyətində olan şəxslərə yardımçı ola biləcək müsbət məqamlardır.

Mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, heç kəs bu problemin prezident Əliyevsiz həll olunacağına inanmır. Biz də bunu arzulayanların sırasındayıq.

Biz bu prosesdə həlledici amil, fəal oyunçu deyilik. Sadəcə, bu prosesə dəstək verə bilərik. Əminəm ki, əgər biz bu münaqişənin həllinə nail ola bilsək, bunu mümkün edən şəxslər dünya ictimaiyyətinin gözündə qaliblər sayılacaqlar. Məsələnin həll edilməsi də ən böyük nəticə olacaqdır.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən həmişə belə düşünmüşəm və indi də hesab edirəm ki, ATƏT bu işə təkcə dəstək verməklə kifayətlənməməlidir. ATƏT doğrudan da dünyanın ən mötəbər təşkilatlarındandırsa gərək ədalətli hakim olsun. Mən belə fikirləşirəm. Ona görə mən bu sözləri sizə deyirəm. Əgər düşünsəydim ki, siz, sadəcə, elə o tərəfə də, bu tərəfə də dəstək verirsiniz və sizin prinsiplər pozulur, siz də ona biganəsiz, mən bu sözləri sizə heç deməzdim. Mən yaxşı dərk edirəm ki, bu münaqişənin sülhlə nəticələnməsi bizim bölgədə vəziyyəti tamamilə dəyişdirəcəkdir. Bu məsələdə Ermənistan da, Azərbaycan da eyni istəkdə olmalıdır.

Bizi narahat edən torpaqlarımızın işğal altında olması, ərazi bütövlüyümüzün pozulması, bir milyondan artıq insanın qaçqın vəziyyətində çadırlarda yaşamasıdır. Ermənistanda bunlar yoxdur. Amma eyni zamanda onların da başqa problemləri vardır. Onlar iqtisadi cəhətdən çox böyük çətinliklər içərisindədirlər. Əgər bu məsələ həll olunarsa, onların kommunikasiyaları tamamilə açılacaq və iqtisadiyyatda çox ciddi nailiyyətlər əldə edəcəklər. İki qonşu ölkə sülh şəraitində yaşayacaqdır. Bu, bütün Qafqaz bölgəsinə öz təsirini göstərəcəkdir. Ona görə də bunda həm Ermənistan, həm də Azərbaycan maraqlı olmalıdır. Biz çox maraqlıyıq. Amma gərək Ermənistan daha da çox maraqlı olsun. Bizim torpaqlarımızı nə qədər işğal altında saxlayacaqlar? Nə qədər? Ömür boyu? Bu gün də olmasa, sabah vaxt gələcəkdir ki, bunların hamısı dəyişiləcəkdir. Amma lazımdır ki, məsələ bu gün həll olunsun.

Mən həmişə demişəm və bu gün də deyirəm, məsələnin sülh yolu ilə həll olunmasına çalışmışıq və bundan sonra da çalışacağıq. Sizin fikrinizlə mən razıyam ki, əgər burada sülh əldə edilsə, bu münaqişə ləğv olunsa, təbiidir ki, beynəlxalq ictimaiyyət bunu yüksək qiymətləndirəcəkdir. Bunun təşkilatçılarını, təbiidir ki, daha da yüksək qiymətləndirəcəkdir. Amma mən xalqımın, ölkəmin, millətimin zərərinə olaraq heç bir şöhrət qazanmaq istəmirəm. O vaxt ola bilər ki, qəbul etdiyimiz qərarlar xalqımız, ölkəmiz, dövlətimiz üçün münasib olsun. Ondan sonra buna nə qiymət verəcəklər-verməyəcəklər, bu məni o qədər də maraqlandırmır. Bu barədə çox danışmaq olar. Yekun olaraq bildirmək istəyirəm ki, biz sülh tərəfdarıyıq, məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Ancaq məsələnin ədalətli həll edilməsini istəyirik. Biz ölkəmizə qarşı hər hansı ədalətsizliyə yol verməyəcəyik. Lazımdır ki, ATƏT də, onun Minsk qrupu da bunu yaxşı bilsin. Nəinki bilsin, öz prinsiplərinin həyata keçirilməsi üçün daha da ciddi səylər qoysun. Bu qədər.