Xalq rəssamı Kamil Əliyevə - Bakı şəhəri, 27 dekabr 1999-cu il


Sizi - Azərbaycanın görkəmli rəssamını, milli dekorativtətbiqi sənətimizin tanınmış nümayəndəsini yaradıcılığmızın 60 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz respublikada bütün ömrünü xalqımızın mədəniyyət tarixində mühüm yer tutan xalçaçılıq sənətinin qədim zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam kimi tanınırsınız. Xalqımızın Nizami, Füzuli, Nəsimi, Mirzə Fətəli Axundov kimi dühalarına həsr etdiyiniz xalçalar Azərbaycanın milli sərvəti kimi incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur.

Çeşidləriniz əsasında toxunmuş xalçalar süjet, ornament və kompozisiya rəngarəngliyi ilə səciyyələnir. Onlarda xalqımızın mənəvi aləmi - xarakteri, estetikası və həyat fəlsəfəsi, Azərbaycan təbiətinin füsunkar gözəllikləri öz parlaq təcəssümünü tapır.

Xalq sənətinin mürəkkəb bədii ifadə vəsitələrindən böyük ustalıqla istifadə edərək hazırladığınız portretlər öz orijinallığı, monumentallığı və yüksək texniki üslubu ilə seçilir. Milli ornament və xalçaçılıq sənətinin özünəməxsus səhifəsini təşkil edən əsərbriniz dünyanın bir çox ölkələrində uğurla nümayişetdirilərək Azərbaycan xalçasının şöhrətini daha da artırmışdır. Mahir xalça rəssamı olmaqla yanaşı, sizin bacarıqlı təşkilatçı kimi fəaliyyətiniz də təqdirəlayiqdir. Rəhbərlik etdiyiniz "Azərxalça" Dövlət Birliyinin kollektivi qədim kökləri olan bu xalq sənətinə yeniliklər gətirən bənzərsiz xalça nümunələri ilə fəxr edə bilər.

Əminəm ki, yaradıcılığınızın bu müdrik dövründə qədim xalçaçılıq sənətimizin sirlərini gənclərə öyrətmək üçün əlinizdən gələni bundan sonra da əsirgəməyəcək, sənətsevarlərin zövqünü oxşayan yeni əsərlər yaratmaqla tətbiqi incəsənətimizin daha da inkişaf etməsinə xidmətlərinizi davam etdirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və böyük yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT