Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Avropa Birliyinin nümayəndə heyətinin rəhbəri, İtaliyanın xarici işlər nazirinin müavini xanım Marqarita Boniveri və onu müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən - Prezident sarayı, 8 iyul 2003-cü il


Heydər Əliyev: Hörmətli xanım Marqarita Boniver!

Hörmətli nümayəndə heyətinin üzvləri!

Mən sizi səmimi qəlbdən salamlayıram və Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığını, əldə edilmiş nailiyyətləri çox yüksək qiymətləndirirəm. Avropa ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət daşıyır. Bu bizim xarici siyasətin prioritetlərindən biridir. Bu prinsiplər əsasında biz Avropa Birliyi ilə əlaqə saxlayırıq və onun inkişaf etməsinə çalışırıq, bunu arzu edirik.

Biz Avropa Birliyi ilə təxminən 1993-1994-cü illərdən əməkdaşlıq edirik. Ancaq 1996-cı ildə Avropa Birliyi ilə tərəfdaşlıq haqqında saziş imzalanandan sonra bu əməkdaşlıq daha da sürətlə inkişaf edir. Avropa Birliyi yarandığı dövrdən indiyə qədər çox işlər görüb və dünya birliyinə çox gözəl töhfələr veribdir. Biz bununla əlaqədar sizin Azərbaycana səfərinizi çox əhəmiyyətli hesab edirik. Güman edirəm ki, siz bu səfəriniz vaxtı və bundan sonra da Azərbaycana daha da çox diqqət yetirəcəksiniz.

Marqarita Boniver: Cənab prezident. Çox sağ olun ki, məni nümayəndə heyəti ilə birlikdə qəbul edirsiniz. Bu, həqiqətən bizim üçün çox xoş olan bir görüşdür. Sizinlə bundan əvvəlki görüşdən xoş xatirələri hələ də yaddaşımda saxlayıram. Mənim üçün böyük başucalığıdır ki, nümayəndə heyətinə rəhbərlik edirəm. Çünki nümayəndə heyətimizdə görkəmli adamlar təmsil olunmuşlar. Məndən sağ tərəfdə Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi təyin olunmuş cənab Heyki Talvitye əyləşmişdir.

Heydər Əliyev: O, keçmişdə də bizimlə işləyibdir.

Marqarita Boniver: Bəli, indi onu Cənubi Qafqaz ölkələri üzrə səfir simasında görürsünüz.

Heydər Əliyev: Çox gözəl, təbrik edirəm.

Heyki Talvitye: Cənab prezident, çox sağ olun.

Marqarita Boniver: Məndən sol tərəfdə isə Avropa Komissiyasının Xarici Əlaqələr üzrə Baş Direktorluğunun müavini cənab Maykl Leq və Irlandiya XİN-in Şərqi Avropa, ATƏT və Avropa Şurası İdarəsinin rəisi xanım Barbara Cons əyləşmişdir. Cənab Ştefan Lehne Avropa Birliyinin Şura Katibliyinin MDB və Qərbi Balkan məsələləri üzrə direktoru, cənab Maykl Svan isə Avropa Birliyinin Şura Katibliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə inzibatçısıdır.

Cənab prezident. bizim bu dəfəki gəlişimizin məqsədi Sizə belə bir siyasi məlumatı çatdırmaqdır ki, biz Avropa Birliyi olaraq Sizin təsisatlarla bütün mümkün sahələrdə işləməyə hazırıq. Biz bütün mümkün yollarla ölkənizin inkişaf etməsinə yardımçı olacağıq.

Heydər Əliyev: Siz xanım Marqarita Kostanı heç təqdim etmədiniz.

Marqarita Boniver: Cənab prezident, bilirəm ki, Siz onu yaxşı tanıyırsınız. Bizim üçün böyük başucalığıdır və biz çox fəxr edirik ki, Bakıda belə bir səfirimiz vardır.

Heydər Əliyev: O, sonra inciyər ki, siz onun adını çəkmədiniz. Buyurun.

Marqarita Boniver: Dediyim kimi, bizim əsas məqsədimiz yardımçı olmaqdır. Biz iqtisadi və siyasi islahatlar sahəsində Sizin ölkəyə yardımçı olmaq istəyirik. Siz siyasi və iqtisadi islahatları uğurla həyata keçirirsiniz. Ümumiyyətlə, biz demokratikləşmə prosesinə yardımçı olmaq istəyirik. İnsan haqlarının qorunması, qanunun aliliyinin təmin olunması sahələrində bütün mümkün yollarla Sizə kömək etmək istəyirik.

Bundan başqa, bizim çatdıracağımız bir neçə sözümüz də vardır. Həm Azərbaycanda, həm də Azərbaycandan sonra səfər edəcəyimiz Gürcüstanda və Ermənistanda da bu sözləri təkrarlayacağıq. Biz Avropa Birliyi olaraq istəyirik ki, regional münaqişələr yalnız sülh yolu ilə həll olunsun. İstəyirik ki, seçkilər burada demokratik əsaslarla keçirilsin.

Heydər Əliyev: Siz buna tamamilə əmin ola bilərsiniz. Baxmayaraq ki, bizim torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və biz 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalamışıq və indiyədək bu sazişə sadiqik.

İndi Azərbaycanda müxtəlif fikirlər var. Bir çoxları tələb edirlər ki, torpaqlarımızı müharibə, hərb yolu ilə geri alaq. Bu, təbiidir. Çünki 9 ildir ki, atəşkəs haqqında saziş bağlanıbdır. Ancaq məsələ həll olunmayıbdır. Müsbət cəhət odur ki, Ermənistan da, Azərbaycan da bu sazişi saxlayırıq, qoruyuruq və o sazişin pozulmasına yol vermirik. Ancaq insanlar dözə bilmirlər. Çünki yerlərindən-yurdlarından olublar, çadırlarda yaşayırlar, vətənlərini görmək istəyirlər, onlar çox çətin maddi və başqa şəraitlərdə yaşayırlar. Ona görə onların bu cür fikirlərinin ortaya çıxması təbiidir.

Ancaq mən çox məmnunam ki, hətta qaçqınlar da, bizim ölkədə çox əziyyət çəkən insanlar təbəqəsi də mənim siyasətimi qəbul edirlər, mənim siyasətimi anlayırlar və atəşkəs sazişini qoruyub saxlayırlar. Biz belə düşünürük ki, Avropa Birliyi gərək bu məsələyə daha da ciddi yanaşsın və öz imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında bizə yardım etsin.

Başqa məsələlərdə siz arxayın ola bilərsiniz. Azərbaycanda demokratiya qurulub, hökm sürür. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Çox böyük islahatlar həyata keçirmişik və onların nəticəsi olaraq bizim iqtisadi inkişafımız, insan haqlarının qorunması, söz azadlığı, mətbuat azadlığı - bunlar tamamilə təmin olunub. Bir sözlə, Azərbaycan demokratik ölkədir. Ancaq bu demokratik ölkənin hələ çox problemləri var.

Biz onları da ardıcıl surətdə həll edirik. Biz çox sevinirik ki, bu illərdə - Azərbaycanda çox ağır proseslər getdiyi bir dövrdə iqtisadiyyatımızı ardıcıl surətdə inkişaf etdirmişik. Bizim iqtisadiyyatımız bu gün inkişaf edir və əgər MDB-nin başqa respublikaları ilə müqayisə etsəniz, görərsiniz ki, biz irəlidəyik.

Qarşıda seçkilər var. Azərbaycanda prezident seçkiləri olacaqdır. Siz əmin ola bilərsiniz ki, bu seçkilər tam şəffaflıq şəraitində, ədalət prinsipi əsasında, demokratik prinsipləri qoruyaraq keçiriləcəkdir və biz bu seçkilərin nəticəsi ilə Azərbaycanda demokratiyanın yüksəlməsini bir daha nümayiş etdirəcəyik. İndi bizdə, Azərbaycanda ictimai-siyasi vəziyyət tam sabitdir. Mən son günlərdə büdcədən maliyyələşən bütün təşkilatların işçilərinin əmək haqlarını 50 faiz artırmışam. Keçirilən sorğular onu göstərir ki, xalqın tam əksəriyyəti Azərbaycan iqtidarını dəstəkləyir və şübhə yoxdur ki, bu iqtidarın seçilməsinə də səs verəcəklər.

Mən başqa məsələlərə toxunmaq istəmirəm. Çünki mən bilirəm, siz bizim vəzifəli şəxslərin hamısı ilə görüşmüsünüz. Xüsusilə baş nazir Rasizadə ilə görüşmüsünüz. O, sizin görüşünüzü, söhbətinizi mənə söylədi. Güman edirəm ki, siz burada özünüz üçün lazımi təəssürat əldə edə bilmisiniz.

Marqarita Boniver: Cənab prezident, çox sağ olun. Həqiqətən çox düz deyirsiniz. Bütün gün ərzində gündəlikdə olan məsələləri Sizin rəsmilərlə müzakirə etdik. Lap çətin məsələlərdən ən sadə məsələlərə qədər hamısına toxunduq. Mən nümayəndə heyətinin adından desəm yanılmaram, ümumiyyətlə, biz keçirdiyimiz görüşlərdən, burada aldığımız təəssüratlardan tamamilə məmnunuq. Elə bilirəm ki, bu yüksək əhval-ruhiyyə ilə regionun digər ölkələrinə də səfərə çıxa bilərik.

Heydər Əliyev: Çox gözəl.

Marqarita Boniver: Bundan sonra Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye bu regiona tez-tez səfərlərə çıxacaqdır. Düşünürəm ki, ona tapşırılmış mandatı o, uğurla həyata keçirəcəkdir.

Heydər Əliyev: Mən də belə düşünürəm.

Marqarita Boniver: Cənab prezident, icazə versəydiniz, Sizinlə sağollaşmazdan əvvəl mən bir məsələyə də toxunardım. Bu da genişlənmiş Avropa haqqındadır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkələr arasında ümumi sərhədin olması heç də lazım deyildir. İnsanları birləşdirən onların sülhü sevməsi və demokratiyaya yaxınlaşmasıdır. Çox sağ olun.

Heydər Əliyev: Elədir. Genişlənən Avropanı biz dəstəkləmişik, bu gün də dəstəkləyirik. Sağ olun.

"Azərbaycan" qəzeti, 9 iyul 2003-cü il.