Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskva Akademik Satira Teatrının Qriqori Qorinin eyni adlı pyesi əsasında hazırlanmış "Bəxtli və bəxtsiz" tamaşasına baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşdə çıxışı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, 20 iyun 1998-ci il


Mən sizə təşəkkür etməyə, Azərbaycana gəldiyinizə görə, Bakıda istilərə baxmayaraq, burada çox müvəffəqiyyətlə keçən tamaşalarınıza görə və parlaq sənətinizə görə sizə çox sağ olun deməyə gəldim. Çox sağ olun.

Bakıda bu vaxt belə isti olduğunu xatırlamıram. Bizdə adətən iyulda çox isti olur. Sizin teatr böyük şöhrətə malikdir. Azərbaycanda sizin teatrı həmişə sevmişlər. Mən, oğlum, övladlarım sizin teatrın, sizin sənətin pərəstişkarlarıyıq. Keçmiş vaxtlarda siz Bakıya gəlirdiniz və biz görüşürdük. Mən Moskvada yaşayıb işləyən vaxtlarda da sizin teatrınıza gedirdim. Şadam ki, sizi böyük fasilədən sonra yenidən görürəm. Doğrudur, sizi, xüsusən Mixail Mixayloviçi və Aleksandr Anatolyeviçi televiziya ilə bəzən görürəm. Sizə baxdıqda sevinirsən ki, heç dəyişməyibsiniz, qocalmayıbsınız, yenə də gözəl, yenə də şən, gülərüzsünüz, həmişə də öz yaradıcılığınızı təkmilləşdirirsiniz. Mən sizin teatrın uğurlarına çox şadam. Sizi Azərbaycanda uğurlu qastrol və Bakı səhnəsində müvəffəqiyyətli çıxışlar münasibətilə təbrik edirəm.

Teatra, konsertə getmək mənim üçün heç də vəzifələrin formal şəkildə yerinə yetirilməsi demək deyildir, bu mənim şəxsi istəyimdir. Bizdə hamının, o cümlədən də mənim işlərim çoxdur. Respublikamızda işlər və problemlər hər hansı ölkədəkinə nisbətən daha çoxdur. Siz ölkəmizdə nə kimi mürəkkəb məsələlər və çətinliklər olduğunu yəqin bilirsiniz. Lakin çox məşğul olsaq da, teatrla görüş, incəsənətlə görüş həmişə bizi sevindirir, böyük ilham verir və işdə kömək edir. Buna görə də mən Azərbaycanda olmuş Slava Rostropoviçin konsertlərinə, bizim Musiqi Akademiyasında onun şagirdlərinin konsertinə getdim, Nadejda Pavlovanın və Vyaçeslav Qordeyevin balet gecəsində oldum. Söz düşmüşkən, onlar Azərbaycana ilk dəfə olaraq gəlmişdilər. Ancaq biz öz mədəniyyətimizi də unutmuruq. Mən milli teatrımızın tez-tez qonağı oluram. Teatrsız həyat yoxdur. Bilirsinizmi, mən Respublika sarayında Nadejda Pavlovanın və Vyaçeslav Qordeyevin balet gecəsində olarkən ziyalıların nümayəndələri ilə görüşdüm və onların çoxu mənimlə söhbət əsnasında dedi ki, maddi çətinliklərə baxmayaraq, incəsənət onlar üçün hər şeydən mühümdür. Azərbaycanda dünya incəsənətinin nümayəndələri ilə görüşmək üçün hər cür şərait yaradılması ziyalılarımızı çox sevindirir. Biz öz milli incəsənətimizi çox qiymətləndiririk, lakin Rusiya incəsənətini də dəyərləndiririk, bizim mədəniyyətimiz qarşılıqlı surətdə çox sıx bağlıdır. Azərbaycan incəsənəti kimi bizə rus incəsənəti də əzizdir. Çox sağ olun. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Aleksandr Şirvindt (Rusiyanın xalq arlisti): Hörmətli cənab prezident, səmimi, xoş sözlərə görə sağ olun! Sağ olun ki, vaxt tapıb tamaşamıza gəldiniz. Biz artıq dörd gündür Bakıdayıq. Sizinlə birlikdə biz də Slava Rostropoviçin konsertində, sonra Vyaçeslav Qordeyevin və Nadejda Pavlovanın balet gecəsində olduq. Bu gün Siz bizim qonağımızsınız. Elə təsəvvür yarana bilər ki, Sizin dövlət işləriniz çox deyildir, amma əslində başqa cürdür. Yəni dövlətin rəhbəri onun ölkəsinin mədəniyyətinin nə ilə yaşadığını bilmək istəyir. Əgər Siz üstəlik başqa ölkənin mədəniyyətinə də diqqət yetirirsinizsə, deməli, mədəniyyət yaşayacaqdır. Çox sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT