Fransanın milli bayramı şərəfinə təşkil edilmiş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 14 iyul 1999-cu il


Hörmətli cənab səfir!

Xanımlar və cənablar!

Sizi Fransanın 14 iyul milli bayramı - Bastiliyanın alınması günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza xoşbəxtlik, səadət arzulayıram.

Fransa inqilabı - Bastiliyanın alınması təkcə Fransa üçün yox, bütün bəşəriyyət üçün bir dönüş nöqtəsi oldu. Fransa inqilabının irəli sürdüyü prinsiplər - demokratiya, insan haqları, qanunun aliliyi prinsipləri o vaxtdan başlayaraq dünyanın bir çox ölkələrində özünə yer tapdı və beləliklə, demokratiyanın inkişafı başlandı. Bu gün 14 iyul gününü qeyd edərək biz də Azərbaycanda demokratiyanın, insan haqlarının yaranması üçün bu inqilabın böyük əhəmiyyətini qiymətləndiririk və o vaxt bu təşəbbüslə irəli çıxmış insanlara təşəkkürümüzü bildiririk.

Azərbaycan gənc müstəqil dövlətdir və müstəqil dövlət kimi öz dövlət quruculuğunun prinsplərini məhz demokratiya, insan hüquqları, azadlıq, dünyəvi və hüquqi dövlət yaratmaq prinsipləri əsasında qurur. Biz Fransanın Bastiliya günündən sonra keçdiyi yola diqqət edirik, o təcrübədən bəhrələnməyə çalışırıq və öz ölkəmizdə bütün müsbət təcrübələri, o cümlədən Fransanın təcrübəsini tətbiq etməyə çalışırıq.

Fransa böyük tarixə, zəngin mədəniyyətə malik olan ölkədir. Fransa bu gün dünyanın qüdrətli və inkişaf etmiş dövlətlərindən biridir və beynəlxalq siyasətdə onun özünəməxsus yeri var. Biz Fransa ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Bu gün mən Azərbaycanın gənc müstəqillik illərində - 1993-cü ilin dekabr ayında Fransaya ilk rəsmi səfərimi xatırlayıram. O vaxtdan ötən illərdə Azərbaycan ilə Fransa arasında əlaqələr, əməkdaşlıq genişlənib və indi bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Fransanın böyük neft şirkətləri "Elf Akiten", "Total" Azərbaycanın Xəzər dənizindəki sektorunda zəngin neft, qaz yataqlarının müştərək işlənilməsində iştirak edirlər. Fransanın bir çox başqa şirkətləri də Azərbaycanda özlərinə yer alıblar və ölkəmizlə iqtisadi əməkdaşlıq edirlər. Biz bu əməkdaşlığı bundan sonra da genişləndirəcəyik. Ancaq Fransa - Azərbaycan əlaqələrində ən çox əhəmiyyət kəsb edən odur ki, Fransa 1997-ci ilin əvvəlindən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaranmış Minsk qrupunun həmsədrlərindən biridir.

Son illərdə biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək məsələlərini Fransa ilə dəfələrlə müzakirə etmişik və bu gün məmnuniyyətlə qeyd edə bilərəm ki, Fransanın prezidenti cənab Jak Şirak bu məsələlərə şəxsən münasibət göstərir və böyük səylər qoyur. Bu ilin aprel ayında Vaşinqtonda prezident Jak Şirakla görüşüm və danışıqlarım əsasən bu məsələ, yəni Ermənistan - Azərbaycan münaqişəsinin həll edilməsi məsələsi ətrafında oldu və biz çox əhəmiyyətli fikir mübadiləsi apardıq. Çox məmnunam ki, prezident cənab Jak Şirakla mənim aramda səmimi dostluq əlaqələri yaranıb və ümidvaram ki, bu dostluq əlaqələri, bizim gələcək görüşlərimiz Azərbaycanın əsas probleminin - Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına yardım edəcəkdir.

Bir daha sizi bu bayram münasibətilə təbrik edirəm, Fransanın Azərbaycandakı səfirliyinə Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməsində uğurlar arzulayıram. Fransa xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.


"Azərbaycan" qəzeti, 15 iyul 1999-cu il.