Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO-nun baş katibi Havyer Solananın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdəki danışıqlarından - Prezident sarayı, 30 sentyabr 1998-ci il


Heydər Əliyev:  Hörmətli qonaqları səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Cənab Baş katib, sizinlə yenidən görüşməyimdən çox məmnun olduğumu bildirirəm. Mən 1994-cü ilin may ayında, dörd il bundan öncə ilk dəfə Brüsseldə NATO-nun, baş qərargahına gəldim və NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına imza atdım. 1996-cı ilin may ayında ikinci dəfə Brüsselə gəldim və cənab Baş katib, sizinlə görüşdük və onda Azərbaycanın NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması haqqında prezentasiya sənədini sizə təqdim etdim. Beləliklə, biz bu proqrama qoşulduq və sizinlə əməkdaşlıq edirik. NATO-nun Baş katibi cənab Havyer Solana, Siz ötən ilin fevralında ilk dəfə Bakıya səfər etdiniz, Sizinlə iki dəfə - Madriddə və Nyu-Yorkda görüşüb maraqlı və əhəmiyyətli söhbətlər apardığımızı məmnuniyyətlə yada salıram. İndi siz yenidən Azərbaycanı ziyarət edirsiniz. Deyə bilərəm ki, ötən dörd il içərisində Azərbaycanla NATO arasındakı əlaqələr və "Sülh naminə tərəfdaşlıq" proqramında Azərbaycanın iştirakı yaxşı inkişaf edibdir. Biz bunu qiymətləndiririk və bu əməkdaşlığı davam etdirmək istəyirik. Güman edirəm, sizin Bakıya ziyarətiniz zamanı bu barədə bir çox məsələləri ətraflı müzakirə edə bilərik.

Havyer Solana: Xoş sözlərə görə, cənab prezident, Sizə təşəkkürümü bildirirəm. Ötən il, yəni 1997-ci ildə Azərbaycan dövlətinin başçısı ilə üç dəfə görüş düyümü və Sizinlə ünsiyyətdə olmağımı həmişə məmnunluqla xatırlayıram. Başlıcası budur ki, biz nəinki "Sülh naminə tərəfdaşlıq" proqramı üzrə ümumi işi təhlil etmək üçün, həm də dünyada təhlükəsizliyə aid digər məsələləri müzakirə etmək üçün toplaşmışıq. Fikrimcə, prezident Heydər Əliyevlə ən geniş məsələlər barəsində söhbətdən həmişə çox şey öyrənmək olar.

Belə hesab edirəm ki, XXI əsr ərəfəsində isə məsələlər daha da çox olur, çünki dünya sürətlə dəyişir, dünyada hər şey sürətlə qloballaşır, regional səviyyədə daim təşəbbüslər irəli sürülür. Tarixi İpək yolunun bərpasına dair Azərbaycanın təşəbbüsü ilə bu yaxınlarda Bakıda keçirilmiş konfrans buna inandırıcı sübutdur. Bu konfrans, bir tərəfdən, qloballaşmaya, digər tərəfdən isə regional əməkdaşlığa sübutdur və göstərir ki, həmin konfransa toplaşan 30-dan çox ölkə birlikdə irəliləmək istəyir. Bu, sabitlik və təhlükəsizlik naminə iqtisadi əməkdaşlıq, ticarət, birgə təşəbbüslər vasitəsilə həyata keçirilən qarşılıqlı fəaliyyətə gözəl nümunədir. Mən belə hesab edirəm ki, qarşıdakı əsr ərəfəsində sabitlik və təhlükəsizlik məsələsinə daha geniş mənada yanaşmaq lazımdır.

Əlbəttə, "sabitlik" sözünün praktiki mənası var, lakin onun digər cəhətləri də var ki, bunlar da iqtisadi inkişafla, ticarətlə, gələn əsrdə dünyamızı daha təhlükəsiz və daha sabit edəcək digər məsələlərlə bağlıdır. Cənab prezident, Sizi irəli sürdüyünüz təşəbbüslər münasibətilə təbrik edirəm. Azərbaycan ilə NATO arasında ikitərəfli münasibətlər çox yaxşı irəliləyir və mən buna çox şadam. Biz istərdik ki, Azərbaycan və NATO ikitərəfli səviyyədə daha geniş qarşılıqlı fəaliyyət göstərsinlər. Mən səmimi qonaqpərvərliyə görə Sizə təşəkkür edərək, Bakıda olmaqdan böyük sevinc duyduğumu bildirirəm.

Heydər Əliyev: Mən Sizə, NATO-nun Baş katibinə təşəkkürümü bildirir və söylədiyiniz fikirlərlə tam razı olduğumu nəzərə çarpdırıram, həqiqətən, bu əsrin sonunda dünya çox sürətlə dəyişir və biz artıq XXI əsrə doğru gedərək dünyada təhlükəsizliyin daha da təmin edilməsinə nail olmalıyıq. Hər bir ölkə üçün, bütün dünya üçün sabitlik, təhlükəsizlik lazımdır. Bizim üçün, Azərbaycan üçün isə bu, xüsusi əhəmiyyət kəsb edir. Nəzərinizə çarpdırıram ki, Azərbaycan çox əlverişli coğrafi-strateji mövqeyə malikdir. Bundan təkcə respublikamız üçün yox, əməkdaşlıq etdiyimiz bütün ölkələr üçün də daha səmərəli istifadə etmək istəyini açıqlamaq istəyirəm. Onu da qeyd edim ki, Azərbaycanın bir çox problemləri var. Sizə məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ ləğv olunmayıbdır. Bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazisinin 20 faizi işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, azərbaycanlılar zorla çıxarılıblar. İndi onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar. Dörd il bundan öncə biz atəşi dayandırmışıq. Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıbdır. Ancaq məsələ həll olunmayıbdır. Biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik, ATƏT-in Minsk qrupu və onun həmsədrləri - Rusiya, ABŞ, Fransa bu işlə məşğul olurlar. Ümid edirik ki, biz məsələnin sülh yolu ilə həllinə nail olacağıq. Ancaq belə bir vəziyyətdə bizi narahat edən amillər da vardır. Məsələn, Ermənistanla Azərbaycan arasında atəşkəs rejimi mövcud olduğu halda son üç ildə Rusiyadan Ermənistana gizli olaraq, qanunsuz yolla bir milyard dollar dəyərində ağır texnika, silahlar və sursatlar verilmişdir. Biz buna etiraz etmişik. Ancaq hələ bu barədə müsbət nəticə əldə olunmayıbdır. Yaxud, Rusiyanın Ermənistan ərazisində hərbi bazasının və çoxsaylı ordu hissələrinin saxlanılması, Gürcüstan ərazisində ordu hissələrinin saxlanılması bizi narahat edir. Biz Qafqazda sülhün bərqərar olmasına çalışırıq. Qafqazda olan ölkələr müstəqil dövlətlərdir. Başqa bir ölkənin Ermənistanın, ya da Gürcüstanın ərazisində ordu, hərbi baza saxlamasına heç bir əsas, ehtiyac yoxdur. Şübhəsiz ki, bunlar bizim bölgədə, Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan amillərdir. Sentyabrın 7-8-də Bakıda keçirilmiş, Böyük İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransa çox yüksək qiymət verdiyinizə görə Sizə, NATO-nun Baş katibinə təşəkkürümü bildirirəm. Həqiqətən, biz XXI əsrə doğru gedərkən tarixin böyük bir səhifəsini açırıq. 32 dövlətin nümayəndələrinin, o cümlədən doqquz prezidentin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin belə bir beynəlxalq konfransda iştirak etməsi bunların hamısının eyni istiqamətdə düşünməsini göstərir. Bu konfrans böyük iqtisadi məsələləri müzakirə etmişdir. Eyni zamanda, qəbul olunmuş qərarlar, bəyanatlar bizim bölgədə, ümumiyyətlə, İpək yolu xəttində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə yönəlibdir. Bu gün səhər Bakıda daha bir beynəlxalq konfrans və Qafqaz müsəlmanlarının X qurultayı işə başladı. Sizə məlumat verim ki, mən orada iştirak etdim. Orada həm Qafqazda olan dövlətlərdən, islam ölkələrindən gələn nümayəndələr, həm də din xadimləri iştirak edirlər. Bu beynəlxalq konfransın da əsas məzmunu, mənası sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunmasıdır. Yəni bildirmək istəyirəm ki, biz bu istiqamətdə çox müsbət addımlar atırıq. Ancaq eyni zamanda sülhün, təhlükəsizliyin təmin olunması yolunda meydana çıxan maneələr də az deyildir. Bizim arzumuz, istəyimiz ondan ibarətdir ki, həqiqətən, bütün əməkdaşlığımız hər yerdə, o cümlədən bölgəmizdə təhlükəsizliyin təmin olunmasına yönəldilə bilsin. Hesab edirəm ki, sizin bölgəmizə ziyarətiniz, bugünkü danışıqlarınız da bu məqsədə xidmət edir. Mən buna görə sizə təşəkkür edirəm.

Havyer Solana: Mən Sizə bir daha minnətdarlığımı bildirirəm və inanıram ki, Bakıya səfərim səmərəli və uğurlu olacaqdır.