Azərbaycan Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Sədərək rayonunun sakinləri ilə görüşdə çıxışı - 14 avqust 2002-ci il


Əziz sədərəklilər!

Mən sizi səmimi qəlbdən salamlayıram. Uzun müddət sizdən ayrılıqdan sonra yenidən sizinlə görüşməyimdən çox böyük məmnunluq hissi duyuram.

Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı, hə, düz deyirəm?

Sakinr: Bəli, cənab prezident, düz deyirsiniz.

Heydər Əliyev: Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasir tipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, - yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, sovet vaxtı başqaları da gedib-gəlirdi, - onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim. Layihələr hazırlandı, qəsəbə tikildi və sədərəklilərin bəziləri də buraya köçüb yaşamağa başladılar.

Təəssüflər olsun ki, o ağır illərdə, xatirimdədir, 1989-1990-cı illərdə ermənilər bu tərəflərə hücum etmişdilər, qəsəbəni atəşə tutmuşdular, evlərin bir çoxu dağılmışdı və insanlar köçüb kəndə getmişdilər.

Mən 1990-cı ildə Naxçıvana gələndə yaşayış məntəqələrinə ilk gedişim Sədərək rayonu oldu. Yəqin ki, onu da xatırlayırsınız. Mən Naxçıvana gələndən 3-4 gün sonra Sədərəyə gəldim. Nə üçün Sədərəyə? Çünki bu bizim həm ucqar yaşayış məntəqəmizdir, rayonumuzdur, həm də ki, insanlar burada ermənilərin hücumundan, onların atəşlərindən çox əziyyət çəkmişdilər.

Onda o qəsəbə dağılmışdı. Mən birbaşa kəndə gəldim. Siz orada məni çox hərarətlə, dostcasına, qardaşcasına qəbul etdiniz. Xatirinizdədir, qoyunlar kəsdiniz. Bəzi televiziya lentləri qalıbdır, mənim kəndə gəlməyimi və sizin klubdakı görüşümüzü Azərbaycan televiziyası hərdən göstərir. Onu görmüsünüzmü?

Səslər: Görmüşük.

Heydər Əliyev: Mən bir neçə gün idi ki, Naxçıvana gəlmişdim, ilk çıxışımı Sədərəkdə etdim. Məhz buna görə, sədərəklilərin qəhrəmanlıqlarına görə, Azərbaycan torpağının bu ucqar yerində, sərhədində möhkəm dayandıqlarına görə və göstərdiyi şücaətə görə mən buraya gəldim.

Ancaq bu qəsəbənin dağılması məni çox incidirdi. O vaxt nə edə bilərdim? Yadınızdadır, Naxçıvan blokada şəraitində idi. Mənim özüm də çox ağır vəziyyətdə yaşayırdım. Bizi onda nəinki ermənilər sıxırdılar, bir tərəfdən də Azərbaycanın rəhbərləri sıxırdılar. Bunlar hamısı xatirinizdədir.

Yəqin xatirinizdədir ki, 1992-ci il mayın 17-dən 18-nə keçən gecə buraya ermənilər hücum etdilər. Orada dağın üstündə postlara, Mil təpəsinə hücum etdilər. Bizim oradakı əsgərlərimizdən 8 nəfər həlak oldu. Yadınızdadırsa, orada 40 gün atışma getdi. O vaxt mən bütün dünyaya haray saldım. Biz körpü tikmişdik. Hələ körpü açılmamışdı. Ancaq o körpüdən Türkiyədən nə qədər müxbirlər tökülüb Naxçıvana, həmin döyüş yerinə gəldilər. Onda bizim nəyimiz vardı? Ordumuz yox idi, silah-sursatımızı oradan-buradan yığmışıq. Amma o döyüşdə sədərəklilər yəni naxçıvanlılar - təkcə sədərəklilər yox, onda mən buraya bütün Naxçıvanı tökmüşdüm,- hamı bir yerdə döyüşürdü, onları susdururdular.

Yadımdadır, sonra mən Türkiyəyə gəlmişdim, orada mənə dedilər ki, Arazın o tərəfindən biz görürdük, siz atəş açırdınız. Armaş sizin atəşlərlə yandı, İğdırdan onun yandığını gördük. Bəli, biz o vaxt onları susdurduq. Ondan sonra atəş dayandı. O vaxt bu atışmanın başqa səbəbləri də olmuşdu. İndi o keçmişdə qalıbdır. Bunu Anar yaxşı bilir. Təkcə Anar yox, başqaları da yaxşı bilirlər. Burada bəzi adamlar təxribat etmişdilər, elə içimizdən də təxribat edənlər olmuşdu. Ancaq vəziyyət elə idi ki, bir on gün, deyəsən, biz gedib oradan əsgərlərimizin meyitlərini gətirə bilmirdik. Elədirmi? Yadınızdadırmı?

Səslər: Biz meyitləri mayın 28-də götürdük, onda Siz körpünün açılışında iştirak edirdiniz.

Heydər Əliyev: Bəli, körpünün açılışı günü oldu. O vaxt mən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin nümayəndələrini çağırdım. Bu təşkilatların nümayəndələrinin iştirakı ilə gedib oradan, həmin o Mil təpəsindən bizim şəhidləri götürdük.

Burada vuruşan əsgərlərin, adamların bəziləri yaralanmışdı. Mən onları Türkiyəyə göndərdim. Bunlar yadınızdadır. Onlar Ərzurum xəstəxanasında müalicə olundular. Biri, - Sultan idi, qıçlarından yaralanmışdı, deyəsən, qıçlarını kəsmişdilər.

Səslər: Xeyr, kəsmədilər.

Heydər Əliyev: Kəsmədilər. Mən Türkiyəyə getmişdim. Ərzurumda oldum, xəstəxanada yaralılarla da görüşdüm. Bunların hamısı o illərin xatirələridir. Amma bir bu deyil. Mən Azərbaycana uzun illər rəhbərlik etdiyim zaman Naxçıvan Muxtar Respublikasına və xüsusən Sədərəyə xüsusi qayğı göstərmişəm. İndi də bu qayğını göstərirəm. Görürsünüz, imkan var, biz Dünya Bankını cəlb etdik. Onların nümayəndələri buraya gəldilər və sizin qəsəbədəki bu evlərin hamısını bərpa ediblər. Vasif Talıbovun mənə dediyinə görə, bu evlərin əksəriyyətində artıq yaşayış var. Burada məktəb tikilibdir. Sədərək rayonunun bütün rəhbərliyi buraya köçübdür. Elədirmi?

Amma o vaxt belə deyildi. Qəsəbə dağıldığına görə hamı kəndə getmişdi. İndi camaat buraya köçüb, məktəb var. Hətta görürəm ki, burada Sədərək rayonunun prokurorluğu da var. İndi yenə də deyirəm, bu, mənim Sədərəyə olan ikinci qayğımdır. Biri, o vaxtlar bu qəsəbəni tikdirmişdm, dağıtdılar. İndi Allah elə etdi ki, mənə imkan verdi, tikdirdiyim bu qəsəbəni ikinci dəfə bərpa etdim və siz də yaşayırsınız.

Səslər: Çox sağ olun, var olun. Allah sizdən razı olsun.

Heydər Əliyev: Siz bilirsiniz ki, mən buraya Ermənistan prezidenti Koçaryan ilə görüşə gəlmişdim. Bu görüşlər vaxtaşırı baş verir. Bir dəfə də mən 1999-cu ildə burada onunla görüşmüşdüm, yəqin ki, yadınızdadır. İndi də görüşə gəlmişdim və bir neçə saat danışıqlar apardıq. Onlar istəyirlər ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunsun. Biz də istəyirik ki, işğal olunmuş torpaqlarımız azad edilsin. Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, yerindən-yurdundan didərgin düşmüş qaçqınlarımız öz yerinə-yurduna qayıtsın. Biz danışıqlarda bunları qoyuruq, bunları istəyirik.

Ancaq danışıqlar çətin, ağır gedir. Amma nə qədər çətin olsa da, nə qədər ağır olsa da, biz bu danışıqları aparırıq və aparacağıq. Çünki təkcə mən yox, bütün beynəlxalq təşkilatlar belə fikirdədirlər. Minsk qrupu və onun həmsədrləri, böyük dövlətlər, Rusiya, Amerika Birləşmiş Ştatları məsələni sülh yolu ilə həll etmək fikrindədirlər. Sülh yolu ilə... Müharibəni həmişə etmək olar. Ancaq düşünmək lazımdır, bunu etmək lazımdır, yoxsa, lazım deyil, nə vaxt lazım deyil? Ancaq indi bizim məqsədimiz və mənim keçirdiyim görüşlər, apardığım danışıqlar ona yönəldilibdir ki, məsələni sülh yolu ilə həll edə bilək. Bu sırada belə bir görüşün əhəmiyyəti vardır. Ona görə də biz görüşdük, danışdıq, indi də mən burada olarkən sizinlə görüşməmiş buradan gedə bilməzdim.

slər: Çox sağ olun, biz Sizdən çox razıyıq.

Heydər Əliyev: Vasif Talıbovdan soruşuram. Deyir ki, indi sədərəklilər torpaqda yaxşı işləyirlər. Yadımdadır. Mən burada işləyən vaxtlarda burada bağlar var idi. Onlara o qədər yaxşı baxmırdılar. Bəziləri ora-bura getmişdilər, vəziyyət ağır idi. Amma indi Naxçıvanda vəziyyət normaldır, hər şey yaxşıdır, torpaqları bölüb kəndlilərə vermişik, mal-qaranız, torpağınız artıb, suvarma məsələsi həll olunubdur.

Səslər: Tamamilə həll olunubdur.

Heydər Əliyev: Görürsünüz, suvarma məsələsi tamamilə həll edilibdir. Beləliklə, Vasif Talıbov, mənə deyin, bunların bu il nə qədər taxılı olacaq?

Vasif Talıbov: 1000 tondan yuxarı.

Səslər: Xeyr, 2500 ton...

Heydər Əliyev: 2500! Bəlkə biri də 3000 ton dedi. Taxılınız 2500 ton olacaqdır. Deyirlər, mal-qaranız artıb, mən eşitmişəm. Ümumiyyətlə, indi torpaqda, kənddə daha yaxşı işləyirlər və torpağa daha da bağlanıblar. Düzdür, bəziləri başqa yerlərə də gediblər.

Səslər: Cənab prezident, gedənlər də qayıdıblar.

Heydər Əliyev: Gedənlər də qayıdır. Görürsünüzmü, gedənlər də qayıdır. Bəziləri bizneslə, alverlə məşğuldur. Qoy o da olsun, o da lazımdır. Bəzən gedirəm haradasa biznesmen görürəm, soruşuram haradansan? Deyir, mən sədərəkliyəm. Çox şadam ki, sizin işləriniz yaxşı gedir və inana bilərsiniz ki, bundan sonra da yaxşı gedəcəkdir. Bizim siyasətimiz, apardığımız islahatlar və iqtisadiyyatda gördüyümüz işlər təmin edir ki, bütün Azərbaycanda ilbəil inkişaf olsun. O cümlədən də Naxçıvan Muxtar Respublikasında bu inkişaf var və Naxçıvan Muxtar Respublikasının ən ucqar və strateji nöqteyi-nəzərindən ən əhəmiyyətli Sədərək rayonunda da var. Mən buna çox şadam. Buna görə də sizi bir də salamlayıram. Sizin hamınıza cansağlığı diləyirəm, xoşbəxtlik arzulayıram.

Tarixi arayış