Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistanın Dövlət Müstəqilliyi Günü şərəfinə Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Hyatt-Recensi-Naxçıvan" mehmanxanası 23 mart 1997-ci il


Hörmətli xanımlar və cənablar, hörmətli səfir!

Mən sizi Pakistan İslam Respublikasının yaranmasının 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, Pakistan xalqına sülh, əmin-amanlıq və səadət arzulayıram.

Pakistan bizim üçün - Azərbaycan üçün dost, qardaş ölkədir. Pakistan Asiya qitəsində böyük ölkələrdən biridir, dünya birliyində özünə layiq yer tutmuşdur. Pakistan xalqı Pakistan Respublikasının yaranmasının 50 illik yubileyini qeyd edir. 1940-cı il martın 23də Pakistanın qabaqcıl, öncül adamları Məhəmməd Çinnə başda olmaqla Pakistanın müstəqilliyi uğrunda mübarizəyə qoşulmuş və nəhayət, 1947-ci ilin avqustunda Pakistan öz dövlət müstəqilliyini əldə etmişdir. Bu hadisə, yəni 50 il bundan öncə Pakistan xalqının milli azadlıq, dövlət müstəqilliyi əldə etməsi tarixi bir hadisədir, həm Pakistan xalqı üçün, həm də illər, əsrlər boyu əsarət altında yaşamış və öz müstəqilliyi, milli azadlığı uğrunda çalışmış bütün xalqlar üçün çox əlamətdar tarixi hadisədir. Məhz buna görə də bu gün İslamabadda, Pakistanda İslam Konfransı Təşkilatı ölkələrinin dövlət başçıları, dövlət nümayəndələri toplaşıb bu hadisənin 50 illik yubileyini təntənə ilə qeyd edirlər.

Mən çox təəssüf edirəm ki, çox ciddi səbəblərə görə əvvəlcədən nəzərdə tutduğum planı həyata keçirə bilmədim, yəni bu gün Pakistanda olan yubiley tədbirlərində iştirak edə bilmədim. Ancaq Milli Məclisin sədri Murtuz Ələsgərov başda olmaqla Azərbaycan Respublikasının nümayəndə heyəti bu gün İslamabaddadır, Pakistan respublikasının 50 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimlərdə iştirak edir. Mən bizim nümayəndə heyəti vasitəsilə, parlamentin başçısı Murtuz Ələsgərov vasitəsilə Pakistan xalqına Azərbaycan xalqının təbrikini və xoş arzularını çatdırmışam. Bu axşam isə sizinlə birlikdə Azərbaycanda, Pakistanın səfirliyində bayramı, 50 illik yubileyi qeyd edirik. Biz böyük dostluq, məmnuniyyət hissi ilə qeyd edirik ki, Pakistan xalqı 50 illik müstəqillik dövründə çox yüksək səviyyələrə çatmış və böyük nailiyyətlər əldə etmişdir.

Pakistan ilə Azərbaycan arasında dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələri gündən-günə inkişaf etməkdədir. Azərbaycan Respublikası dövlət müstəqilliyini elan edərkən onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Pakistan olmuşdur. Pakistan ilə Azərbaycan arasında dövlətlərarası əlaqələrin inkişaf etdirilməsində 1995-ci ilin sonunda Pakistan prezidenti cənab Fərrux Əhməd Xan Leqarinin Azərbaycana səfəri və keçən il mənim Pakistana səfərim zamanı imzalanmış sənədlər və aparılmış danışıqlar çox mühüm rol oynamışdır. Biz Pakistan ilə Azərbaycan arasındakı əlaqələrə xüsusi qiymət veririk, bu əlaqələrin bütün sahələrdə inkişaf etməsinə, genişlənməsinə çalışırıq və bundan sonra da çalışacağıq. Pakistan islam ölkəsi, müsəlman ölkəsi olaraq eyni zamanda demokratik prinsiplər əsasında yaşayır, inkişaf edir. Pakistanda demokratik prinsiplərin bərqərar olması və tətbiqi islam aləmində, islam ölkələri arasında ona xüsusi hörmət və ehtiram qazandırmışdır. Pakistanın böyük təbii sərvətləri, geniş iqtisadi imkanları var və şübhə yoxdur ki, müstəqil dövlət kimi Pakistan öz ölkəsində demokratik prinsipləri inkişaf etdirərək bundan sonra daha böyük nailiyyətlər əldə edəcəkdir.

Dost, qardaş ölkə kimi Pakistanın həyatında gedən proseslərə biz çox böyük maraq və diqqət göstərir, bu prosesləri dostluq, qardaşlıq münasibətləri baxımından izləyirik və Pakistanın qarşısında duran bütün problemlərin müvəffəqiyyətlə həll olunmasını arzu edirik. Şübhə yoxdur ki, 50 illik müstəqillik yolu keçən, eyni zamanda çox qədim, zəngin tarixə, çox dəyərli milli, mənəvi ənənələrə malik olan Pakistan xalqı bundan sonra da yüksəklərə qalxacaq və yeni-yeni nailiyyətlər əldə edəcəkdir. Pakistan ilə Azərbaycan arasında yaranmış və daim inkişaf edən əməkdaşlıq, dostluq, qardaşlıq əlaqələri bundan sonra da bizim ölkələrə fayda gətirəcək və bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına kömək edəcəkdir.

Pakistan Respublikasının Azərbaycandakı səfirliyi ölkələrimiz arasında əlaqələrin inkişafına layiqli xidmət edir və səfirliyə öz fəaliyyətində bundan sonra da uğurlar arzulayıram.

Hörmətli dostlar, xanımlar və cənablar, sizi bu bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, səadət arzulayıram. Pakistan xalqına sülh, əmin-amanlıq və yeni-yeni uğurlar arzulayıram. Təşəkkür edirəm.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya