Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Azərbavcan Respublikası prezidentinin şərəfinə Birləşmiş krallığın xarici işlər üzrə dövlət naziri Daq Hendersonun təşkil etdiyi rəsmi qəbulda nitqi - Edinburq, Qədim kral qəsri, 23 iyul 1998-ci il


Hörmətli cənab nazir!

Hörmətli lord-merlər!

Hörmətli xanımlar və cənablar!

Birləşmiş Krallığa mənim rəsmi səfərim sona çatır. Mən dördüncü gündür ki, sizin ölkənizdə rəsmi səfərdəyəm. Səfərimin sonuncu günü Şotlandiyaya, Edinburqa həsr olunubdur.

Mən sizin ölkənizdə keçirdiyim günlərə nəzər salaraq, onlara bir qədər yekun vuraraq deyə bilərəm ki, bu səfər çox uğurlu olubdur və mən burada keçirdiyim görüşlərdən, apardığım danışıqlardan çox razıyam. Məndən tez-tez soruşurlar ki, gününüz necə keçir, səfər proqramınız gərgindirmi? Mən isə cavab verirəm ki, iş çoxdur, görüşlər həddindən artıq çoxdur, ancaq heç də gərgin deyil və bu məni yormur. Çünki keçirdiyim hər bir görüşdə, apardığım hər bir danışıqda, iştirak etdiyim hər bir toplantıda biz Birləşmiş Krallıqla Azərbaycan arasındakı əlaqələrin gələcək perspektivləri haqqında məsələlər müzakirə etmişik və çox yaxşı nəticələrə gəlmişik.

Kraliça ilə görüşmək mənim üçün tarixi bir hadisə olmuşdu. Mən bu görüşdən və apardığımız söhbətlərdən həddindən ziyadə razıyam. Çox şadam ki, indi biz sizin ölkənin krallarına məxsus olmuş qədim, əzəmətli kral sarayında, qəsrdə toplaşmışıq.

Güman edirəm ki, əlahəzrət kraliça ilə görüşümlə indi bu tarixi-memarlıq abidəsində keçirdiyimiz görüş arasında çox üzvü əlaqə vardır. Birləşmiş Krallıqda keçirdiyimiz çoxsaylı görüşlərdə biz ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsi üçün müzakirələr aparmışıq və deyə bilərəm ki, hər dəfə birgə fikirdə olmuşuq.

Baş nazir cənab Toni Bleyr ilə mənim görüşüm, apardığımız danışıqlar xüsusi əhəmiyyətə malikdir. Biz ölkələrimizin əlaqələrinin genişləndirilməsinə və ümumiyyətlə beynəlxalq məsələlərə, regionumuza dair bir çox siyasi, iqtisadi məsələləri müzakirə etdik.

Baş nazir və Azərbaycan prezidenti Birləşmiş Krallıq ilə Azərbaycan arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamışlar. Bu siyasi bəyannamədə ölkələrimiz arasında əlaqələrin demək olar ki, bütün sahələri əhatə edilmişdir. Biz danışıqlarımızda iqtisadi və digər məsələlərlə birlikdə, ölkələrimiz arasında siyasi məsələlər barəsində də əlaqələrin inkişaf etdirilməsi haqqında eyni fikrə gəlmişik.

Cənab nazir, beləliklə mən sizin bu gün burada bəyan etdiyiniz fikirlə tamamilə razıyam ki, Birləşmiş Krallıqla Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri yaranıbdır. Mən sizi əmin edirəm ki, biz belə əlaqələrin yaranmasında maraqlıyıq. Əmin ola bilərsiniz ki, biz çox etibarlı tərafdaş olacağıq.

Birləşmiş Krallıq ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr son illər çox inkişaf etmişdir. Cənab nazir, sizin bu gün bu barədə bəyan etdiyiniz fikirlərlə mən tamamilə razıyam. Bu günlərdə bizim apardığımız danışıqların və imzalanmış müqavilələrin nəticəsində bu əlaqələrin daha da sürətlə inkişaf etdirilməsi sahəsində böyük start götürmüşük.

Çox məmnunam ki, mən bu dörd gün ərzində dövlət, hökumət nümayəndələri ilə yanaşı, sizin ölkənin ictimaiyyətinin nümayəndələri ilə də çoxlu, geniş görüşlər keçirdim. Britaniya-Azərbaycan Cəmiyyətinin yaranması ölkələrimiz arasındakı əlaqələrdə tarixi hadisədir. Mən bu cəmiyyətin toplantısında böyük sevinc hissi ilə iştirak etdim. Bildirmək istəyirəm ki, həmin toplantıda bir neçə yüz adamın iştirak etməsi Britaniya-Azərbaycan Cəmiyyətinin artıq yüksək səviyyədə olduğunu sübut edir.

Mən Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun böyük auditoriyasında tədqiqatçılar, elm adamları, mətbuat, dövlət, hökumət nümayəndələri, ayrı-ayrı ölkələrin səfirləri qarşısında geniş çıxış etdim. Kral İnstitutunun salonuna 300-ə qədər adam toplaşmışdı. Bu, Azərbaycana, Böyük Britaniya ilə Azərbaycan arasında olan əlaqələrə göstərilən böyük marağın sübutu idi.

Xüsusi şirkət tərəfindən Londonda «Azərbaycanda biznes» mövzusunda, respublikamızın iqtisadi imkanları və ölkəmizə sərmayə qoyuluşu problemləri ilə əlaqədar böyük bir konfrans keçirilmişdir. Sizin ölkənizin işgüzar dairələrinin nümayəndələri ilə bərabər, bir çox başqa ölkələrdən bu konfransda iştirak etmək üçün xüsusi nümayəndə heyətləri var idi. Mən orada Azərbaycana sərmayə qoyuluşunun imkanları və gələcəyi haqqında geniş nitq söylədim. Birləşmiş Krallığa səfərimdə məni müşayiət edən, müxtəlif sahələri tamsil edən nazirlər Azərbaycanda iqtisadi vəziyyət və ölkəmizlə iqtisadi əlaqələrin qurulması problemləri barədə çox geniş məlumatlar verdilər.

Nəhayət, bu gün mən Şotlandiyadayam, Edinburqdayam. Edinburqun lord-provostu bizə çox qonaqpərvərlik göstərdi və cənab Miliqan ilə bizim çox gözəl görüşümüz, danışıqlarımız oldu.

Mən buraya gələn kimi dedim, buradan yola düşərkən də demək istəyirəm ki, əgər Birləşmiş Krallığa gəlmisənsə, Şotlandiyanı ziyarət etməmisənsə, hesab et ki, heç bir şey görməmisən. Şotlandiyaya gəlmək mənim arzum idi. Mən çox təşəkkür edirəm ki, siz bu arzumu yerinə yetirdiniz.

Şotlandiya qeyri-adi bir diyardır. Mənim dostum, hörmətli nazir cənab Henderson Şotlandiyanın tarixi haqqında bəzi məlumatlardan danışdı. Mən də onlara əlavələr edə bilərəm, ancaq siz bunları yaxşı bildiyinizə görə buna ehtiyac duymuram. Sadəcə, demək istəyirəm ki, bura çox gözəl diyardır. Burada çox mərd, cəsarətli, zəkalı və qəhrəman insanlar yaşayırlar. Şotlandlar həmişə öz məğrurluqları ilə fərqlənmişlər. Birləşmiş Krallığı dünyada tanıdan və ona hörmət gətirən amillərdən bir çoxu məhz Şotlandiyaya məxsusdur. Ölkənizin nefti də, ən gözəl mənzərələri də, meşələri də buradadır. Sizin ölkənin ən qədim qəsri də buradadır və biz sizinlə bu qəsrin salonundayıq. Amma Şotlandiyanı məşhur edən bir amil də vardır, o da Şotland viskisidir. Şotland viskisi indi dünyada böyük şöhrət qazanıbdır. Azərbaycanda belə içkilər çoxdur. Azərbaycan eyni zamanda üzümçülük, şərabçılıq diyarıdır.

Əziz dostlar, beləliklə, artıq sabah mən öz ölkəmə böyük razılıq hissi ilə dönürəm. Biz sizinlə birlikdə çox dəyərli işlər gördük. Biz bu günlər Birləşmiş Krallıqla Azərbaycanı bir-birinə daha da yaxınlaşdırdıq, gələcəyin proqramını müəyyən etdik. İnanıram ki, biz bu proqramı yerinə yetirəcəyik. Ona görə də mən bu rəsmi səfərimi çox uğurlu hesab edirəm.

Hörmətli dostlar, bu uğurun əsas səbəbi Azərbaycana göstərdiyiniz diqqət, qayğı və dostluq münasibətidir. Məhz bunun və bir-birimizə olan inamın nəticəsində biz gələcək əməkdaşlığımız haqqında eyni fikrə gəldik, siyasi sahədə də əmakdaşlığın zəruri olduğunu qeyd etdik.

Mən bildirmək istəyirəm ki, burada olduğumuz bütün günlər, saatlar, dəqiqələr ərzində sizin ölkənizdə dostluq, mehribanlıq və yüksək qonaqpərvərlik hiss etdik. Mən bütün bunlara görə sizə səmimi qəlbdən təşəkkür edirəm.

Bəzən elə fikirlər yayılır ki, guya şimalda yaşayan insanlar adətən soyuq, cənubda yaşayan insanlar isə isti xarakterli olurlar. Mən düşünürəm ki, belə fıkirlər düzgün deyildir. Çünki bizim burada olduğumuz günlərin hamısı ərzinda, o cümlədən bu gün də hətta yağışa, havanın sərin olmasına baxmayaraq, biz hər daqiqə, har saat çox hərarətli münasibət hiss edirik. Bunlar hamısı bizim ölkələrimizin, xalqlarımızın münasibətlərinin və şəxsi münasibətlərimizin nə qədər səmimi olduğunu sübut edir.

Mən bütün bunlara göra sizə və Birləşmiş Krallığın bütün dövlət və hökumət orqanlarının rəhbərlərinə təşəkkür edirəm. Bugünkü çox gözəl gün və bu qədim qəsrdə təşkil olunmuş rəsmi qəbul üçün mən həm hörmətli nazirə, həm də şotlandların hamısına təşəkkürümü bildirirəm.

Mən sizin hamınızı Azərbaycana dəvət edirəm. Siz bizim əziz və hörmətli qonağımız ola bilərsiniz. Bizdə hava da, iqlim da istidir, amma qəlbimiz ondan da istidir. Ona görə də sizin bizə göstərdiyiniz qonaqpərvərliyi və hərarətli münasibəti Azərbaycanda da hiss edəcəksiniz.

Sizə, ölkənizə, xalqınıza, Birləşmiş Krallığın bütün vətandaşlarına sülh, əmin-amanlıq, səadət arzulayıram. Sağ olun.

Təklif edirəm ki, əlahəzrət kraliçanın şərəfinə badə qaldıraq.