Almaniyadakı Azərbaycan Diasporunun nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Bonn, 1 iyul 1996-cı il


Hörmətli xanımlar və cənablar, hörmətli dostlar!

Mən sizin hamınızı Azərbaycan xalqı adından, Azərbaycan Respublikasının vətəndaşları adından səmimi qəlbdən salamlayıram və sizinlə bugünkü görüşümdən çox məmnun olduğumu bildirirəm. Bir neçə saat bundan öncə Azərbaycandan buraya, Bonn şəhərinə gəlmişəm və sabah mənim Almaniyada rəsmi səfərim başlanır, Almaniyanın dövlət və hökumət başçıları ilə görüşlərim və Almaniya Bundeştaqında, ayrı-ayrı şirkətlərdə çox əhəmiyyətli görüşlərim olacaqdır.

Bizim səfir mənə bildirdi ki, bu axşam bu salona Azərbaycanın dostları toplaşıblar. Onlar bəzi xarici ölkələrin buradakı səfirləri, Almaniyada yaşayan azərbaycanlılar və soydaşlarımızdır. Mən bu görüşdən məmnun olduğumu bildirirəm. Əvvəlcə sizin hamınızı Londonda Avropa futbol çempionatının final görüşündə Almaniya yığma komandasının qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. Bildirmək istəyirəm ki, Azərbaycanın futbol azarkeşləri dünən bu görüşün televiziya ilə yayımını çox diqqətlə izləmişlər və deyə bilərəm ki, Azərbaycanın futbol həvəskarlarının əksəriyyəti Almaniya komandasına azarkeşlik etmişdir. Elə mən özüm də Almaniya futbolçularının qalib gəlməsini istəmişdim. Almaniya komandası çempion adını qazandıqda mən də sizinlə birlikdə sevinmişəm.

Almaniyaya səfərimdə məqsəd Almaniya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsindən ibarətdir. Azərbaycan gənc müstəqil dövlətdir. Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan müstəqillik əldə etmişdir və dövlət müstəqilliyinin cəmi beşinci ilini yaşayır. Almaniya dünyanın ən böyük dövlətlərindən biridir, iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrdən biridir. Almaniya Avropada və dünyada demokratiya nümunəsi göstərən dövlətlərdən biridir.

Almaniya böyük, Azərbaycan isə gənc və kiçik bir dövlətdir. Almaniya böyük dövlətçilik tarixinə malik olan dövlətdir. Azərbaycan isə dövlət müstəqilliyinə yenicə nail olan bir dövlətdir. Bu fərqlərə baxmayaraq, bizim aramızda yaxşı əməkdaşlıq üçün çox böyük imkanımız var. Bu əməkdaşlığın əsası nədən ibarətdir? Birincisi, ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlətdir və öz müstəqilliyini daim qoruyub saxlayacaqdır. Azərbaycanda demokratik, hüquqi dövlət qurulur. Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirilir, dünya iqtisadiyyatı ilə birləşir. Azərbaycanın zəngin təbii sərvətləri, zəngin iqtisadi potensialı var. Azərbaycan zəngin elmi potensiala malikdir. Azərbaycanın çox mühüm coğrafi-siyasi və strateji əhəmiyyəti var.

Almanlar Azərbaycanda XIX əsrin əvvəllərindən yaşamışlar. Onlar az olsalar da, ölkəmizdə bu gün də yaşayırlar. Alman kapitalı keçən əsrin axırlarından Azərbaycanda mövcud olmuşdur. Alman kapitalının Azərbaycana bu gün də gəlməsi üçün böyük imkanlar var. Ən əhəmiyyətlisi odur ki, azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər. Onlar hər bir qonağı çox mehribanlıqla, çox səmimiyyətlə qarşılamağa, qəbul etməyə hazırdır.

Azərbaycanın qarşısında bir çox problemlər durur. Lakin biz bu problemlərin həlli yollarını bilirik və onları həll edəcəyik. Azərbaycanın iqtisadi cəhətdən, dövlətçilik baxımından, demokratiya cəhətdən çox parlaq gələcəyi var. Buna görə də mən Almaniyanı Azərbaycana dəvət edirəm. Mən Almaniyanı Azərbaycanın xarici siyasətində, iqtisadi məqsədlərində strateji bir tərəfdaş kimi qəbul edirəm və hamınızı Azərbaycana çağırıram. Hamınıza cansağlığı və səadət arzulayıram. Alman xalqına xoşbəxtlik və qarşısında duran bütün məqsədlərə çatmasını arzulayıram. Almaniya dövlətinə dünya miqyasında tutduğu yeri daha da möhkəmləndirməyi və inkişaf etdirməyi arzulayıram. Alman-Azərbaycan dostluğuna eşq olsun!

"Azərbaycan" qəzeti, 4 iyul 1996-cı il