Azərbaycan - Qazaxıstan münasibətləri


                                                       

 
 
Münasibətlərin tarixi: Azərbaycan və Qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub.

Qeyri-rəsmi məlumatlara görə hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. 1990-ci illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük Qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib.

İkitərəfli siyasi münasibətlər: Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərində konsulluğu fəaliyyətə başlayıb.

Azərbaycan Prezidenti Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Türk dövlətləri başçılarının ikinci zirvə görüşündə iştirak edən Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək, iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərini həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli şəkildə qurmaq haqda qərar qəbul edilib.

Heydər Əliyevin Nursultan Nazarbayevlə növbəti görüşü 1995-ci il fevralın 9-da Almatıda keçirilən MDB ölkələri dövlət başçılarının zirvə toplantısında baş tutub. Həmin il faşizm üzərində qələbənin 50 illik yubiley tədbirlərində iştirak edən Heydər Əliyev Nursultan Nazarbayevlə yenidən görüşüb. 1995-ci il oktyabrın 25-də BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Prezident Heydər Əliyev və Prezident Nursultan Nazarbayev görüçərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Heydər Əliyevlə Nursultan Nazarbayevin görüşündə bir daha Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivi müzakirə olunub.

İki ölkə arasında münasibətlərin inkişafında növbəti addım olan dövlət başçıları səviyyəsində görüş 1996-cı il mayın 14-də, EKO-nun dövlət başçılarının zirvə toplantısında keçirilib. Görüş zamanı Heydər Əliyev Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə dəvət edib.

1996-cı il sentyabrın 16-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı Heydər Əliyevin və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni sahələri olub.Görüş zamanı Preziden Heydər Əliyev çıxış edib: "... İndi, Qazaxıstan və Azərbaycan müstəqil, suveren dövlətlər olduğu bir vaxtda münasibətlərimiz keyfiyyətcə yeni xarakter kəsb etmişdir və bu münasibətləri dərinləşdirmək, inkişaf etdirmək üçün böyük imkanlarımız və ehtiyaclarımız var. Azərbaycan buna maraq göstərir, ona görə də mən Qazaxıstanın dövlət başçısının səfərini olduqca məmnuniyyətlə qarşıladım və münasibətlərimizin perspektivləri baxımından bu səfərə böyük ümidlər bəsləyirəm...". Səfər çərçivəsində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında munasibətlərin əsasları haqqında Muqavilə, investisiyaların təşviqi və qorunması haqqında saziş, neft qaz sənayesi sahəsində əməkdaşlıq haqqında saziş, hava əlaqəsi haqqında saziş, Xəzər dənizi məsələləri uzrə Birgə Bəyannamə, Azərbaycan Respublikası Xarici İslər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İslər Nazirliyi arasında əməkdaslıq haqqında saziş, Azərbaycan Respublikası Milli təhlukəsizlik nazirliyi ilə Qazaxıstan Respublikası Milli Təhlukəsizlik Komitəsi arasında əməkdaslıq və qarsılıqlı fəaliyyət haqqında saziş, Azərbaycan Respublikasının Milli bankı ilə Qazaxıstan Respublikasının Milli Bankı arasında hesablasmaların təskili haqqında saziş və digər sazişlər imzalanıb. Azərbaycanla Qazaxıstanın Xəzərin statusu və digər məsələlərdə birgə siyasət nümayiş etdirməsi ölkələrin diplomatik arenadakı səylərini də xeyli yaxınlaşdırıb. 1996-cı ilin oktyabrında Türkdilli ölkələrin dövlət başçılarının dördüncü Zirvə görüşü zamanı da iki dövlət başçısı arasında danışıqlar olub. 1997-ci mayın 13-14-də İqitisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən görüşü zamanı isə Nursultan Nazarbayev Heydər Əliyevi Qazaxıstana rəsmi səfərə dəvət edib.

1997-ci il iyunun 10-11-də Prezident Heydər Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfər zamanı Prezident Heydər Əliyevlə Prezident Nursultan Nazarbayevin təkbətək görüşü olub. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivi müzakirə edilib.

Səfərin yekunlarına əsasən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında bir sıra xüsusi əhəmiyyət kəsb edən sənədlər imzalanıb. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında əməkdaslığın daha da inkişafı və dərinləşdirilməsi haqqında Bəyannamə, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında neftin beynəlxalq bazarlara nəql olunması uzrə əməkdaşlıq haqqında memorandum, Azərbaycan Respublikası Hokuməti və Qazaxıstan Respublikası Hokuməti arasında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası vətəndaşlarının vizasız gediş gəlişi haqqında saziş, azad ticarət haqqında saziş, mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında saziş, neft maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında saziş və digər sənədlər imzalanıb. Qazaxıstana etdiyi ilk rəsmi səfər çərçivəsində Heydər Əliyev həmçinin, Qazaxıstan parlamentinin hər iki palatasının deputatları qarşısında çıxış edib.

1998-ci il mayın 8-də Heydər Əliyev Qazaxıstanın baş nazirinin müavini Janıbek Karibjanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1998-ci il iyunun 9-10-da isə Heydər Əliyev Türkdilli dövlətlərin başçılarının beşinci Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstanda səfərdə olub və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüb.

2000-ci il aprelin 7-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev yenidən Azərbaycana səfər edib. Preziden Heydər Əiyevlə Prezident Nursultan Nazarbayev arasında təkbətək görüş keçirilib. Səfərin zamanı Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin Birgə Bəyanatı və tərəflər arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafını nəzərdə tutan bir sıra başqa sənədlər imzalanıb. Qazaxıstan prezidenti Bakıda keçirilən Türkdilli dövlət başçılarının VI zirvə görüşündə iştirak edib.

2001-ci il fevralın 15-də Qazaxıstan prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Kayrat Əbuseyidov Azərbaycanda səfərdə olub. 2001-ci ilin ikinci yarısında isə Heydər Əliyev və Nursultan Nazarbayev daha 2 dəfə, MDB dövlət başçılarının zirvə görüşləri çərçivəsində görüşüb, danışıqlar aparıblar.

29 noyabr 2001-ci ildə Moskvada Azərbaycan və Qazaxıstan arasında Xəzərin dibinin bolusdurulməsinə dair saziş imzalanıb. Bu saziş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından cox ciddi əhəmiyyətə malik olub.

2002-ci il aprelin 23-də isə Heydər Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə Nursulıtan Nazarbayevlə görüşərək fikir mübadiləsi aparıb.

Heydər Əliyevin hakimiyyəti illərində ölkələr bir sıra formatlarda, o cümlədən Türkdilli dövlətlərin toplantısı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. formatlarda çox uğurla əməkdaşlıq ediblər. Prezident İlham Əliyevin səyi nəticəsində bu əməkdaşlıq daha strateji və daha intensiv xarakter alıb.

Prezident İlham Əliyev Qazaxıstana ilk rəsmi səfərini 2004-cü il martında edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçısı neft və qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusilə Bakı-Tbilisi-Ceyhan layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyiblər. O da qeyd olunub ki, gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə tutulur. İlham Əliyevin bu səfərindən sonra Azərbaycanla Qazaxıstan əməkdaşlığı yüksələn xətlə davam edib.

2005-ci il mayın 24-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Səfərin zamanı ölkələr arasındakı münasibətlərin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaslıq və muttəfiqlik munasibətləri haqqında Muqavilə də daxil olmaqla 6 sənəd imzalanıb.

2006-cı il iyunun 6-da isə Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfər edib. Səfərin əsas nəticəsi isə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" müqavilənin imzalanması olub.

Azərbaycan-Qazaxıstanla münasibətləri həm ikitərəfli, həm də müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq formatında qurulub. 2006-cı il noyabrın 17-də Prezident İlham Əliyev Antalyada, Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşündə və Xəzəryanı dövlət başçılarının 2007-ci il oktyabrın 16-da Tehranda keçirilən görüşü çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüb. 2007-ci il avqustun 7-də Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfər zamanı Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə, Qazaxıstanın baş naziri və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Səfər dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin Birgə Bəyanatı, Azərbaycanla Qazaxıstan arasında ticarət və televiziya sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfəri 2008-ci il mayın 5-ə təsadüf edib. Qazaxıstana səfər edən İlham Əliyev Astana şəhərinin 10 illiyinə həsr olunmuş iclasda iştirak edib.

2009-cu il sentyabrın 11-də Prezident İlham Əliyev Qazaxıstana növbəti səfər edib. Qazaxıstanda Prezident İlham Əliyevin, Prezident Nursultan Nazarbayevin, Prezident Dmitri Medvedevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə görüş keçirilib. Görüşdə qaz və neft sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

2009-cu il oktyabrın 2-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. İlham Əliyevlə Nursultan Nazarbayev arasında keçirilən təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşlər və sənədlərin izalanması mərasimi keçirilib. Mərasimdə Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz infrastrukturunun obyektlərinin birgə istifadəsi haqqında Memorandum, Transxəzər layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə əlaqədar birgə fəaliyyət haqqında Müqavilə, Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Saziş və digər sənədlər imzalanıb.

İqtisadi əlaqələr: Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də əməkdaşlıq ediblər və bu ənənə bu gün də davam edir. 2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak edib. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanıb. Ölkələr İƏT çərçivəsində də fəal əməkdaşlıq edirlər.

2010-cu ilin I rübündə Azərbaycanın Qazaxıstanla ticarət əlaqələri göstərilən kimi olub ( min ABŞ dolları). İdxal 43 653,3, ixrac 119 424,2, xarici ticarət saldosu 75 770,9. 2008-ci il (yanvar-oktyabr) aylarında isə belə olub. İdxal 187.9, ixrac 276.7, ticarət saldosu 88.8. Ancaq 2007-ci ildə prezidentlər səviyyəsində bildirilib ki, ticarət dövriyyəsinin həcminin 1 milyard dollara çatdırılması vəzifəsi qarşıya qoyulub.

Mədəni Əlaqələr: Azərbaycan və Qazax xalqları tarixi, mədəni və ənənələr baxımından bir-birinə bağlı xalqlar olduğu üçün mədəni əlaqələrin genişləndirilməsi üçün heç bir maneə yoxdur. Hər iki xalq müstəqillik əldə etdikdən sonar bu əlaqələr intensiv xarakter alıb. Azərbaycanın ağır illərində onun haqq səsini dünyaya çatdıran XX yüzilin ən qüdrətli şairlərindən olan Oljas Süleymanovun məşhur "Az-Ya" kitabı, şeirləri və məqalələri 1980-cı illərdən Azərbaycanda nəşr olunmağa başlayıb.

1997-ci il iyunun 10 Azərbaycan Prezidenti Heydər Əliyevə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

1998-ci ildə isə Qazaxıstan ilə dostluq münasibətlərinin inkişafında göstərdiyi xidmətə görə Heydər Əliyevə "Astana" dövlət medalı təqdim olunub. Qazaxıstan Prezidenti N.Nazarbayev 2000-ci ilin aprel ayında Bakıda "Kitabi Dədə Qorqud" dastanının 1300 illiyində iştirak edib.

1 mart 2004-cu ildə Astanada Azərbaycan Respublikası Hokuməti və Qazaxıstan Respublikası Hokuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmuddətli əməkdaslıq Proqramı imzalanıb.

25 sentyabr 2006-cı ildə Qazaxıstanın Cambul vilayətində "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Qazaxıstanın səfirliyi 2009-cu ilin oktyabr ayının 28-də Heydər Əliyev adına "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin 15 illik yubileyi münasibətilə tədbir keçirib. 2008-ci ildə mədəniyyət və informasiya nazirimizin müavini A.Buribayev, görkəmli ictimai xadim O.Süleymenov, TÜRKSOY-un baş direktoru D.Kaseinov və digər mədəniyyət nümayəndələri Azərbaycanda səfərdə olublar.

2007-ci ilin iyun ayından Qazaxıstanda Azərbaycan diasporunun "Vətən" qəzeti nəşr olunur. Sumqayıt və Aktau şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə imzalanıb. Bu ölkələr Türkdilli dövlətlər arasında mədəni-humanitar əməkdaşlığın genişləndirilməsində böyük rol oynayan TÜRKSOY təşkilatı çərçivəsində də əlaqələrini geniçləndirirlər.

Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Azərbaycan-Qazaxıstan beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Məhz bu cür strateji yanaşmanın nəticəsidir ki, Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində heç bir problem yaşanmayıb, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə razılığa gələ biliblər. Azərbaycan və Qazaxıstan bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə də əməkdaşlıq edirlər. Qazaxıstan Orta Asiyada Azərbaycanın ən yaxın tərəfdaşıdır. 27 oktyabr 2006-cı il tarixində Vyanada ATƏT-in Daimi Şurasının Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədrlik məsələsi ilə bağlı xüsusi plenar iclasında Azərbaycan bu təklifi dəstəkləyib. 5 dekabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Brüsseldə keçirilmiş ATƏT-in Nazirlər Şurasındakı çıxışında Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədrlik məsələsinin Azərbaycan tərəfindən dəstəkləndiyini bir daha qeyd edib. Hazırda Qazaxıstan ATƏT-də sədrlik edir. Qazaxıstan Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır.

Ümumi tarixi arayış 26 iyun 2010-cu il tarixdə tərtib olunub.