Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarının rəhbərləri ilə görüşdə nitqi - 8 sentyabr 2000-ci il


Mən sizi ürəkdən salamlayıram. Sizinlə yenidən görüşməyimdən çox məmnunam. Bizim bu görüşlərimiz artıq müəyyən qədər ənənəvi xarakter daşıyır. Mən həmişə Amerika Birləşmiş Ştatlarına gələndə Nyu-Yorkda da, Vaşinqtonda da belə görüşlər keçirirəm. Çox məmnunam ki, sizin bəziləriniz Azərbaycanı ziyarət edə bilmisiniz və Azərbaycan ilə tanışsınız.

Bizim sizinlə dostluğumuz xüsusi xarakter daşıyır. Çünki biz sizin təşkilatların və hər bir şəxsin simasında Azərbaycanın dünyada, o cümlədən Amerika Birləşmiş Ştatlarında yaxın dostunu görürük. İstəyirəm ki, bizim bu dostluğumuz həmişə etibarlı olsun və davam etsin. Bizim buna ehtiyacımız var. Amma güman edirəm ki, siz də, dünyanın yəhudi təşkilatları, xüsusən Amerika Birləşmiş Ştatlarındakı yəhudi icması, əlbəttə ki, Azərbaycan ilə həmişə maraqlanmısınız və bundan sonra da maraqlanacaqsınız.

Keçən görüşlərimizdə mən sizə bildirmişdim ki, Azərbaycanda yəhudilər əsrlər boyu, bəlkə minilliklər boyu yaşayıblar, çox dəyərli izlər qoyublar. Xüsusilə XX əsrdə Azərbaycanın sosial, iqtisadi inkişafında, mədəniyyətinin, elminin, təhsilinin, incəsənətinin inkişafında da yəhudi millətinə mənsub olan Azərbaycan vətəndaşları çox iş görüblər. Biz bunları həmişə yüksək qiymətləndirmişik. Zaman keçdikcə, hadisələrin bəziləri tarixə çevrildikcə onların qiyməti daha da çox artır. Hesab edirəm ki, Azərbaycandakı yəhudilər bu gün də yaxşı şəraitdə yaşayırlar.

Bilirsiniz, təxminən 1988, 1989-cu illərdən başlayaraq Sovetlər İttifaqından Qərb ölkələrinə, Amerikaya, İsrailə yəhudilərin axını güclü olmuşdur. Azərbaycandakı bu proses, eyni zamanda Azərbaycanda gedən ictimai-siyasi proseslər Ermənistan-Azərbaycan müharibəsinə görə və daxildə vəziyyət çox gərgin olduğuna görə daha da çətin olmuşdur. Ancaq 1993-cü ildən biz Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edə bildik və insanların miqrasiyası çox kəskin şəkildə dayandı. Hətta sizə deyə bilərəm ki, vaxtilə Azərbaycandan İsrailə köçmüş insanlar - yəhudilər indi artıq Azərbaycana dönürlər. Son zamanlar Azərbaycana 40 belə ailə dönübdür.

Təbiidir ki, onlar İsraildə olduqlarından narazı deyillər. Amma Bakının, Azərbaycanın həyatına keçmişdə o qədər bağlı idilər ki, ona görə də nostalgiya hissi onları yenidən geriyə qaytarıbdır. Amma o ailələr ki, yerlərindən tərpənməyiblər, qalıblar, onların yaşayışı günü-gündən yaxşılaşır.

İndi Azərbaycanda dörd sinaqoq fəaliyyət göstərir. Onun biri Bakıdadır, biri Qubadadır, ikisi də Oğuz, Şəki zonasındadır. Həm də bilirsiniz ki, Azərbaycanda yəhudilərin üç icması vardır. Birincisi, bizim öz yəhudilərimizdir. Onlara dağ yəhudiləri deyirlər. Əgər o yəhudilərin kökünü axtarmaq istəyirsinizsə, onların orada nə vaxtdan yaşamasını müəyyənləşdirmək lazımdır. Bu kök çox dərindir.

Mən ayın 7-də baş nazir Barak ilə görüşdüm. Çox yaxşı mehriban, dostcasına söhbətimiz oldu. Mən keçən il noyabrda onunla İstanbulda da görüşdüm, çox yaxşı söhbət etdik. O mənə dedi ki, biz yəhudilərin hələ 11 tayfasının kökünü tapa bilməmişik. Onda dedim ki, gəlin, Azərbaycanda axtarışlar aparın. Orada mütləq taparsınız. Dağ yəhudiləri həm paytaxtda, Bakıda yaşayırlar, həm də bizim Bakının yaxınlığında rayonlar var, orada yaşayırlar.

Məsələn, Bakının yaxınlığında Quba rayonu var, orada Qırmızı qəsəbə deyilən bir yer vardır. Orada yalnız onlar yaşayırlar. Mən xatırlayıram, Qırmızı qəsəbədə ilk dəfə 1952-ci ildə olmuşdum. Sonra bir il bundan qabaq oraya getdim, oranı tanımadım. Elə villalar tikdiriblər ki, heç burada, sizdə elə villalar yoxdur. Çox yaxşı yaşayırlar.

Demək, bizdə üç yəhudi icması vardır. Birincisi, dağ yəhudiləri, ikincisi, Avropa yəhudiləri, üçüncüsü, gürcü yəhudiləri. Hər icmanın öz başçısı vardır. Amma mən onlarla görüşəndə üç icmanın başçıları bir yerdə gəlirlər. Ancaq xarakterik cəhət bir də ondan ibarətdir ki, bizdə müsəlman konfessiyası, xristian, pravoslav konfessiyası, - əsasən ruslardır, bir də yəhudi konfessiyası var. Demək, bizim üç dini rəhbərimiz vardır. Həmişə üçü də qol-qola gəzirlər. Bizim dövlət tədbirlərində həmişə üçü də yan-yana otururlar.

1998-ci ildə prezident seçkilərində onlar üçü də bir yerə yığışıb bəyanat verdilər ki, Heydər Əliyevin namizədliyini dəstəkləyirlər və axıra qədər də dəstəklədilər. Mən yəhudilərdən 100 faiz səs aldım. Bu, bizim əlaqələrimizə aid kiçik bir xülasədir. Mən bununla bir daha bəyan etmək istəyirəm ki, bizim dostluğumuz sarsılmazdır.

Mən keçən dəfələrdə də demişəm - bizim sizə ehtiyacımız ondan ibarətdir ki, siz Amerika Birləşmiş Ştatlarında çox böyük lobbiyə, böyük gücə malik olan bir icma kimi Azərbaycana yardım edəsiniz.

Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarının münasibətləri çox yaxşıdır. Son beş-altı ildə çox sürətlə inkişaf edibdir. Birinci növbədə, iqtisadi sahədə. Çünki Amerikanın ən böyük neft şirkətlərinin hamısı Azərbaycanda böyük işlər görürlər.

Azərbaycanın Xəzər dənizindəki sektoru çox böyük neft və qaz ehtiyatlarına malikdir. Biz 19 böyük müqavilə imzalamışıq. Bu müqavilələrdə ümumi həcmi 60 milyard dollar olan sərmayə qoyulması nəzərdə tutulur. Bunun təxminən 30 faizi Amerika Birləşmiş Ştatlarının şirkətlərinin payına düşür. Bir-iki şirkət də var ki, mən bilirəm, onlar məhz yəhudilərə məxsusdur: "Amirada hets" və sabah biz bir dənə də müqavilə imzalayacağıq - "Monkrift oyl" şirkətilə.

Biz aprel ayında burada, Vaşinqtonda, Senatda bir müqavilə imzalamışıq. Sabah birini də imzalayacağıq. Mənə o şirkətin tarixini danışıblar. O, bir ailənin şirkətidir, bir ailəyə məxsusdur. Bu ailə də yəhudi ailəsidir.

Amerika ilə Azərbaycan arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Amma bizim bu əlaqələrimizin inkişaf etməsinə maneçilik törədən, - keçən dəfələrdə də demişəm, - Azərbaycana qarşı ədalətsiz ayrı-seçkilik aktıdır.

1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olaraq burada, Konqresdə ermənipərəst konqresmenlər Azərbaycana qarşı ədalətsiz 907-ci maddə tətbiq ediblər və buna görə də Amerikanın Azərbaycana hər türlü yardımına embarqo qoyulubdur. Biz neçə ildir mübarizə aparırıq ki, 907-ci maddə götürülsün. Hökumət, prezident Klinton, xanım Olbrayt, başqaları dəfələrlə bəyan ediblər ki, bu, ədalətsiz bir aktdır, bunu aradan götürmək lazımdır. Bu barədə Konqresdə bir-iki dəfə müəyyən layihələr verilibdir.

Məsələn Nyu-Yorkdan olan konqresmen cənab Kinq belə bir layihə vermişdir və çox da çalışmışdır. Ancaq Konqresdə cəmi bir neçə səs çatmamışdır ki, o qanun, yəni 907-ci maddənin ləğv olunması təmin olunsun. Yaxud da, məsələn, bilirsiniz ki, senator Braunbək keçən il böyük bir təşəbbüslə bağlı - qədim İpək yolunun bərpası ilə əlaqədar Amerika Konqresinin, Senatının qanun layihəsini təqdim etmişdir. Keçən ilin aprel ayında biz - İpək yolunun üzərində olan 11 dövlətin prezidentləri Braunbəkin rəhbərliyi altında Senatın binasında böyük bir müşavirə keçirdik. Orada hökumətdən cənab Sendi Berker də çıxış etdi. Cənab Bjezinski də çıxış etdi. Keçmiş dövlət naziri cənab Beyger də çıxış etdi. Bütün prezidentlər, o cümlədən mən də çıxış etdim. Hamımız Braunbəkin bu layihəsini dəstəklədik. Layihədə 907-ci maddənin götürülməsi nəzərdə tutulmuşdur, amma Senatdan keçərkən yenə bəzi ermənipərəstlər o hissənin əleyhinə çıxdılar.

Doğrudur, artıq Senatda da səslərin nisbəti bizim xeyrimizə dəyişibdir. Orada bizim lehimizə 47, amma əleyhimizə 53 səs verildi. Demək, üç səs çatmadı. Amma əvvəldən senatorlar söz vermişdilər ki, 60 səs verəcəklər. Hətta mənə deyirlər ki, ermənipərəst konqresmenlər keçmiş konqresmen Doulu ora gətiriblər. O, öz dostları Sarbonesə, Makkeynə, Abrahama təsir edibdir, onlar da bizim əleyhimizə səs veriblər.

Əgər bu qanunda 907-ci maddənin götürülməsi məsələsi bizim xeyrimizə həll olunmasa da, biz 47 səs almağı özümüz üçün müəyyən bir irəliləyiş hesab edirik. Bu işlərdə sizin, yəhudi icmasının bizim xeyrimizə olan təsirini də qiymətləndiririk. Ona görə də arzu edərdim ki, bizim bu əməkdaşlıq prosesi davam etsin. Siz öz təsirinizi daha da artırasınız. Ancaq ədalət naminə. Biz ədalətsiz heç bir şey istəmirik. İş bundadır ki, kiminlə danışırsan, deyirlər, 907-ci maddə ədalətsizlikdir. Amma səs verməyə gələndə... Siz buna demokratiya deyirsiniz. Amma biz buna güclünün gücsüzə olan münasibəti deyirik.

Əlbəttə ki, biz günahkar deyilik. Yaxud Allaha şikayət edə bilmərik ki, Amerikada nə üçün Azərbaycanın ermənilər qədər lobbisi yoxdur. Allah hər millətə bir şey bəxş edir. Allah Azərbaycana çox gözəl təbiət bəxş edibdir, zəngin təbii sərvətlər bəxş edibdir və XXI əsrdə Xəzər dənizi, Xəzər hövzəsi dünyanın ən böyük neft regionlarından biri olacaqdır. Bunun da təşəbbüskarı Azərbaycandır. Amma Allah ermənilərə dağ-daş qismət edibdir. Bu dağ-daşda da onlar yaşamadığına görə dünyanın çox yerinə səpələniblər. O cümlədən Amerikaya gəliblər. Burada zənginləşiblər. İndi nə edək? Bu bizim taleyimizdir.

Amma eyni zamanda bizim sizin kimi dostlarımız vardır. Hesab edirəm ki, sizin kimi dostlarla biz irəliyə gedə bilərik. Doğrudur, bu, çətin yoldur. Amma hesab edirəm ki, biz irəliyə gedə bilərik.

Ayın 7-də hörmətli baş nazir Barak ilə də bizim bu barədə çox yaxşı söhbətimiz oldu. Mən sizə qısa məlumatlar verdim. Amma indi sizi də dinləməyə hazıram.