Azərbaycan Prezidenti Heydər Əliyevin ölkəmizin paytaxtında məşhur Rusiya rəssamı Nikas Safronovun sərgisinin açılışında çıxışı - 15 may 1998-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar, qonaqlar, dostlar!

Mən sizin hamınızı bugünkü hadisə münasibətilə təbrik edirəm. Hörmətli Nikas Safronov, Azərbaycanda öz sərginizi açmağa qərara aldığınıza görə sizi xüsusi təbrik edirəm.

Həqiqətən, rəssam Nikas Safronovun adı çox istedadlı, özgür, orijinal bir rəssam kimi qısa vaxtda bütün dünyada məşhur olmuşdur. O, qısa dövr ərzində bir çox yüksək dəyərli təsviri sənət əsərləri yaratmışdır. Buna görə də rəssam Nikas Safronovun Azərbaycana diqqət yetirməsi və öz rəsmlərini Azərbaycanda nümayiş etdirmək arzusu respublikamıza, ölkəmizə, xalqımıza diqqət göstərilməsi deməkdir. Azərbaycan xalqı isə ümumiyyətlə incəsənəti, xüsusən də təsviri sənəti qiymətləndirir. Azərbaycanda bir çox görkəmli rəssamlarımız var, onlar öz rəsm əsərləri sayəsində dünya şöhrəti qazanmışlar. Azərbaycanın rəngkarlıq, təsviri sənət məktəbi dünyada layiqli yer tutmuşdur. Biz bununla fəxr edirik. Biz fəxr edirik ki, tarixən qısa bir vaxtda Azərbaycanda gözəl, güclü təsviri sənət məktəbi, rəngkarlıq məktəbi təşəkkül taparaq yaranmışdır.

Azərbaycan qədim mədəniyyət ölkəsidir, Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox olduqca qiymətli mədəniyyət əsərləri, memarlıq, sənət abidələri, olduqca dəyərli təsviri sənət əsərləri bəxş etmişdir. Lakin keçmişdə, uzaq keçmişdə Azərbaycanın təsviri sənəti öz ifadəsini özgün, milli sənətdə, miniatür sənətində tapmışdı. Buna görə də fəxr edirik ki, Azərbaycan xalqı təsviri sənətdə öz dəst-xəttinə malikdir. Biz onunla da fəxr edirik ki, bizim Sultan Məhəmməd kimi dahi rəssamımız var. O, 500 il bundan əvvəl misilsiz miniatür sənəti əsərləri yaratmışdır. Biz bununla fəxr edirik. Lakin bununla bərabər biz şadıq ki, Azərbaycan rəssamları, Azərbaycan xalqı Avropa rəngkarlıq məktəbinə də yaxınlaşmışlar. Bu, həm intibah dövrünün, həm də sonrakı dövrlərin sənət ustalarının təsiri altında baş vermişdir. Odur ki, XX əsrdə Azərbaycanda belə güclü rəngkarlıq məktəbi əmələ gəlmişdir və rəngkarlarımızın əsərləri nəinki Azərbaycan muzeylərini bəzəyir, eləcə də Azərbaycan incəsənətini dünyada layiqincə təmsil edir.

Bütün bunlarda rus sənət ustalarının, Rusiya rəngkarlığının göstərdiyi təsirin böyük əhəmiyyəti var. Azərbaycanlılar onların təsiri altında və Moskvada, Leninqradda rəssamlıq institutlarında və akademiyalarında onlardan öyrənərək yüksək professional təhsil almış, rəngkarlıq ustaları təsviri sənət ustaları olmuşlar. Buna görə də indi Azərbaycanda gözəl mühit, gözəl şərait mövcuddur və bu sənət növü dərk edilir. Azərbaycanda rəngkarlığı və təbii olaraq, öz ustalarımızın və digər ölkələrin ustalarının əsərlərini yüksək qiymətləndirirlər. Bununla əlaqədar Nikas Safronovun Azərbaycanda açılmış sərgisi xalqımızın estetik səviyyəsini daha da yüksəltmək, adamlarımızı Nikas Safronovun simasında təsviri sənətin yeni nümunələri ilə tanış etmək üçün çox yaxşı imkandır.

Şübhə etmirəm ki, biz burada gözəl əsərlər görəcəyik. Ona da şübhə etmirəm ki, bakılılar bu sərgiyə gələrək, bu sənət əsərləri ilə təmasda olduqca böyük zövq alacaqlar. Mən şübhə etmirəm ki, Nikas Safronov Azərbaycanda, Bakıda özünün bu sərgisi ilə öz məşhurluğunun səviyyəsini daha da qaldıracaqdır.

Təkrar edirəm, Azərbaycan xalqı sənətin gözəl nümunələrini başa düşür, qiymətləndirir. Mən belə düşünürəm ki, onlar sərgiyə təqdim etdiyiniz rəsmlərə görə sizə minnətdar olacaqlar.

Mən sizi ürəkdən təbrik edirəm, sizə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əziz Nikas, sizə gələcəkdə yaradıcılıq uğurları diləyirəm. Siz gəncsiniz, qarşınızda hələ böyük yaradıcılıq yolu var. Şübhə etmirəm ki, gələcək sizə daha çox yeni uğurlar, yeni müvəffəqiyyətlər gətirəcəkdir.

Bu imkandan istifadə edərək, rəsm əsərinizə görə, mənim portretimi çəkdiyinizə görə sizə təşəkkür edirəm. Əlbəttə, mən bütün bunlara çox təvazökarlıqla yanaşıram. Bunu bu adamlar və Azərbaycan rəssamları da bilirlər. Bununla belə, buna mane olmağa haqqım yoxdur.

Buna görə çox sağ olun. Mən bunu sizin tərəfinizdən şəxsən mənə böyük diqqətin ifadəsi kimi qiymətləndirirəm.

Mən Azərbaycan Rəssamlar İttifaqına mənə bağışladığınız bu rəsm əsərinə görə təşəkkür edirəm. Bu mənzərə rəsmi, həqiqətən, nadir bir əsərdir. Naxçıvanda olmayan, Naxçıvanı əhatə edən dağları görməyən bu əsərin əhəmiyyətini tam qiymətləndirə bilməz. Yəqin ki, mən bu əsərin həmin qeyri-adi dağı - İlanlı dağı nə dərəcədə dəqiq əks etdirdiyinə hələ sonra da baxacağam.

Mən bir çox ölkələrdə olmuşam, çox dağlar görmüşəm. Amma Naxçıvandakı kimi dağlara və İlanlı dağ kimi dağa şəxsən mən rast gəlməmişəm. Bəlkə də digər, daha maraqlı, daha gözəl dağlar var, lakin bu dağ özünəməxsusluğu ilə fərqlənir, belə dağı təbiətin özü yaradıbdır. Maraqlıdır ki, günün müxtəlif vaxtlarında, günəş şüalarından asılı olaraq bu dağın rəngi köklü surətdə dəyişir. Bu nə isə nadir bir haldır. Mən bu dağın zirvəsinə qalxmamışam. Bu, çox çətindir. Amma uşaqlıq, gənclik çağlarımda mən bu dağın ətəklərində dəfələrlə olmuşam və həmişə də heyran qalmışam.

Bu əsərə görə sağ olun.

Azərbaycan rəssamlarına yeni uğurlar arzulayıram. Bayaq dedim ki, Azərbaycanda gözəl təsviri sənət məktəbi, gözəl rəssamlar, gözəl ustalar var. Mən sizə yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

Sağ olun!

"Azərbaycan" qəzeti, 17 may 1998-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT