Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin NTV televiziya kanalının əməkdaşları İrfan Sapmaz və Didəm Tuncaya verdiyi müsahibə - Ankara, Azərbaycan prezidentinin iqamətgahı – Camlı köşk, 15 mart 2001-ci il


Sual: Hörmətli Cümhur başqanım, əvvəlcə Sizə çox təşəkkür edirik ki, qiymətli vaxtınızdan bizə də ayırdınız. Siz dörd gündür, bazar ertəsindən indiyədək Türkiyədə görüşlər keçirirsiniz. Doqquzuncu Cümhur başqanı Süleyman Dəmirəl ilə çox yaxın bir əlaqəniz vardı. Amma Ankarada Cümhur başqanı Sezərin ilk dəfə qonağı oldunuz. Qısaca olaraq Sizin Türkiyəyə səfərinizə münasibətinizi bildirməyi rica edirik. Süleyman Dəmirəlin Cümhur başqanlığından ayrılması Türkiyə–Azərbaycan əlaqələrinə təsir etdimi? Bu barədə fikirlərinizi bilmək istərdik.

Cavab: Təşəkkür edirəm. Birincisi, mən çox böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, Türkiyənin 10-cu Cümhur başqanı hörmətli Əhməd Necdət Sezər bu vəzifəyə seçiləndən sonra xarici ölkəyə ilk səfərini Azərbaycana etdi. Bu təbiidir. Çünki Türkiyə üçün Azərbaycan çox yaxın dost, qardaş ölkədir. Azərbaycan üçün də belədir. Bunu da həm mən, eyni zamanda bizim xalqımız, millətimiz çox yüksək qiymətləndirdi. O məni Türkiyəyə dəvət etdi. Mən də bu dəvəti qəbul etdim və artıq indi, ayın 12-dən buradayam.

Türkiyənin Cümhur başqanı ilə mənim çox maraqlı, çox əhəmiyyətli, iki ölkə üçün, təkcə iki ölkə üçün yox, ümumiyyətlə, Qafqazdakı məsələlərimiz, o cümlədən Dağlıq Qarabağ, Ermənistan–Azərbaycan münaqişəsinin həll olunması yolları barədə çox danışıqlarımız, çox əhəmiyyətli söhbətlərimiz oldu. Mən bundan çox məmnunam. Bilirsiniz ki, başqa görüşlərim də oldu. Ancaq mən əziz dostum, qardaşım Süleyman Dəmirəl ilə də görüşdüm. Dünən axşam onunla görüşdüm, söhbət etdik. Mən heç vaxt dostu unutmaram. Süleyman Dəmirəl ilə mənim dostluğumun 30 ildən artıq bir tarixi var. Yəni bu keçmişdəndir.

Sual: Hörmətli Süleyman Dəmirəlin Cümhur başqanlığından ayrılması Türkiyə–Azərbaycan əlaqələrinə təsir etdimi?

Cavab: Bilirsiniz, əlbəttə, mən dostum Süleyman Dəmirəlin ayrılmasını istəmirdim. Mən həmişə səmimi insanam. İstəmirdim, ancaq sizin Konstitusiyanız vardır. Heç kəs Konstitusiyanın əleyhinə çıxa bilməz. Ona görə də mən hesab edirəm ki, Türkiyə dövləti öz Konstitusiyasına həmişə sadiq olmalıdır. Amma Süleyman Dəmirəl də bunu tamamilə real qəbul edir, yəni onun da bu barədə bir problemi yoxdur və kefi də çox yaxşıdır. Onu çox sağlam gördüm. O indi Cümhur başqanlığından ayrılıbdır. Ancaq dünya problemləri ilə, Azərbaycanın problemləri ilə çox məşğul olur. Yəni hər şeyi öyrənir, bilir, o cümlədən bizim Türkiyə–Azərbaycan əlaqələrinin daha da yaxın olmasını, daha da yaxşı olmasını istəyir. O deyir ki, bu əlaqələr mənim vaxtımdakından daha da yaxşı olsun. O bunu istəyir. Bir də təbiidir ki, biz onunla 7-8 il birlikdə Ermənistan–Azərbaycan münaqişəsinin çözülməsi məsələləri barəsində çalışmışıq, bir yerdə məsləhətləşmişik. Biz bu problem haqqında danışdıq, söhbət etdik.

Sual: Cənab Prezident, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yetərli hesab edirsinizmi və bu əlaqələr hansı səviyyəyə qədər inkişaf etdirilə bilər?

Cavab: Mən o qədər yetərli görmürəm. Mənim arzum, istəyim daha çoxdur. Ancaq indi nə mümkündür, odur.

Sual: Hörmətli Cümhur başqanım, ziyarətiniz zamanı bu sahədə irəliyə doğru addımlar atılması üçün söhbətləriniz oldumu?

Cavab: Bilirsiniz, Türkiyə təhsil sahəsində Azərbaycan ordusuna çox yaxşı yardımlar edir. Mən buna görə minnətdaram. Məsələn, Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqlik, ittifaq yaranıbdır ki, əgər Rusiyaya hansı bir dövlət hücum etsə, Ermənistan ona yardım edəcəkdir, Ermənistana etsə, Rusiya ona yardım edəcəkdir. Amma iş bir bunda deyildir. İş ondadır ki, Rusiya Ermənistanda böyük hərbi bazalar saxlayır, silahlar saxlayır. Son vaxtlarda hətta Gürcüstandan çıxarılan 70 tankı da Ermənistana yerləşdirdi. Təxminən 29-a qədər ən modern hərbi təyyarəni, MİQ–29-ları aparıb orada yerləşdiribdir. S–300 raketləri yerləşdiribdir. Ona görə də burada vəziyyət fərqlidir.

Sual: Cənab Prezident, Türkiyə ilə Azərbaycan arasında hərbi anlaşma olmasını söyləmək istəyirsiniz?

Cavab: Əlbəttə, yaxşı olardı.

Sual: Türkiyədə Bakı–Ceyhan neft kəməri layihəsinə marağın azaldığını düşünmürsünüz ki?

Cavab: Bilirsiniz, mən son vaxtlar bir az buna diqqətin azaldığını hiss etdim. Ona görə də bu barədə bəyanatlar verdim. Eyni zamanda biz hələ əvvəllərdə də danışmışdıq ki, Azərbaycanda böyük təbii qaz ehtiyatları olacaqdır. İlk öncə onun Türkiyəyə satılması lazımdır. Bizim məmurlarımızın bu barədə danışıqlarından gördüm ki, Türkiyədə buna əngəl etmək istəyən bəzi bürokratlar vardır. Ona görə də mən bu barədə bir-iki açıqlama verdim. Amma hər şeyi çözdük, anlaşma imzaladıq. Həm hökumətlərarası anlaşma, həm də alqı-satqı haqqında anlaşma ki, ilkin olaraq Azərbaycanın 6 milyard kubmetr təbii qazı Türkiyəyə satılacaqdır. Ondan sonra bu artıb ildə 15–20 milyard kubmetrə çatacaqdır.

Sual: Hörmətli Prezident, Bakı–Ceyhan boru xətti layihəsinin həyata keçib-keçməməsi 2002-ci ilin iyun ayında mühəndis-layihə işlərinin tamamlanması ilə ortaya çıxacaqdır. Sizcə, bu layihənin gerçəkləşməmək ehtimalı varmı?

Cavab: Güman edirəm, gerçəkləşəcəkdir.

Sual: Hörmətli Cümhur başqanım, cənab Pauell həm Sizi, həm də Ermənistanın dövlət başçısını Dağlıq Qarabağ problemi ilə əlaqədar aprelin 3-də Amerika Birləşmiş İtatlarına dəvət etmişdir. Oraya gedəcəksinizmi?

Cavab: Əlbəttə, gedəcəyəm.

Sual: Məsələnin çözülməsinə ümidiniz varmı?

Cavab: Bilirsiniz, biz 1994-cü ildə Ermənistanla Azərbaycan arasında müharibəni dayandırdıq. Atəşkəs haqqında saziş imzaladıq. O vaxtdan bu işi sülh yolu ilə həll etmək istəyirik. Bunun üçün də ATƏT-in Minsk qrupu var. Orada 12 dövlət, onun içində Türkiyə də vardır. Minsk qrupunun həmsədrləri – Rusiya, Amerika, Fransa var. Onlar da çalışdılar. Amma onların verdikləri təkliflərin çoxunu Ermənistan qəbul etmədi. Son olaraq, birini də biz qəbul etmədik. Ona görə sonra iki cümhur başqanının təkbətək danışması problemi meydana çıxdı. Biz də 15 dəfə görüşüb danışmışıq. Son dəfə də Parisdə görüşdük. Siz bilirsiniz. Sonra bu görüşə Şirak da qatıldı. İndi mən hiss edirəm ki, Minsk qrupunun həmsədrləri – həm Amerika, həm Rusiya, həm də Fransa bir-biri ilə daha da yaxınlaşıblar və bu məsələnin çözülməsi üçün çalışırlar. Ancaq onlar belə deyirlər: Ermənistan və Azərbaycan prezidentləri hansı qərara gəlsələr, biz o qərarı dəstəkləyəcəyik və onun həyata keçirilməsinə yardım edəcəyik.

Amma qərara gəlmək də çox çətindir. Çünki Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini işğal edibdir. Orada silahlı qüvvələrini saxlayır. İşğal olunmuş torpaqlardan 1 milyon azərbaycanlı zorla çıxarılıb, çadırlarda yaşayırlar. Ona görə də Ermənistan şərtlərini daha da sərtləşdirir. Biz öncədən belə danışmışdıq ki, hər iki tərəfdən kompromis olmalıdır. Amma onlar istəyirlər ki, Azərbaycan tərəfdən daha çox kompromis olsun, nəinki Ermənistan tərəfindən. Ona görə də əgər doğrudan da bu iş ədalətli getsəydi, dünyada ədalət olsaydı və beynəlxalq hüquq normaları hər bir yerdə qorunsaydı, belə bir şey olmazdı.

Sual: Sizcə, Amerikanın bu məsələ ilə bağlı araya girməsi, bu problemin çözümü yolunda çalışmaları nəticə verə bilərmi?

Cavab: Amerika indi yox, çoxdan araya giribdir. Bu, tamamilə normal bir şeydir.

Sual: Hörmətli Prezident, Siz Fransaya getməzdən əvvəl parlamentdə aparılan müzakirələrdə bəzi müxalifət dairələri bu məsələnin ancaq müharibə yolu ilə həll edilə biləcəyini söylədilər.

Cavab: Sən neçə illərdir Azərbaycanda yaşayırsan. Azərbaycanda müharibəni görmüsən. Mənim yaddaşım yaxşıdır. Sən Şuşanın işğal olunmasını gözünlə görmüşdün və mənə söylədin. Xatırlayırsanmı?

İrfan Sapmaz: Bəli, yaxşı xatırlayıram. Siz onda Naxçıvandaydınız.

Heydər Əliyev: Bəli, 1992-ci ildə Naxçıvanda sən bunu mənə söylədin. Müharibəni həmişə etmək olar. Ancaq indi dünyada heç kəs müharibəni dəstəkləmir. Bu, birincisi. İkincisi, müharibə harada olacaqdır? Müharibə Azərbaycan torpağında olacaqdır, Ermənistan torpağında yox. Müharibə Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün olacaqdır. Ermənistan gəlib Azərbaycan torpaqlarında oturubdur. Ona görə də müharibə heç vaxt proqramdan çıxmır. Ancaq nə vaxt lazımdır, lazım deyil... Sən Azərbaycanda yaşayırsan, müharibənin nə olduğunu bilməyən bəzi adamlar bunu deyəndə mən anlayıram. Amma vaxtilə, müharibə zamanı Azərbaycanın daxilində sabitliyi pozub hakimiyyət uğrunda, iqtidara gəlmək uğrunda mübarizə aparan adamlar deyəndə... Surət Hüseynov tankların, topların bir qismini cəbhədən çıxarıb Bakıya hücum etdi ki, cümhur başqanı olsun. Xalq Cəbhəsinin rəhbərləri də özlərini qorumaq üçün cəbhə bölgəsindən qüvvələrin bir qismini çıxartdı və bundan Ermənistan faydalandı, Azərbaycanın torpaqlarını işğal etdi. Yəni müharibə edib, müharibədə uduzan, Azərbaycanda vətəndaş müharibəsini başlayan, yaradan, ondan sonra qaçıb 4-5 il gizlənən adamlar indi yenə «müharibə, müharibə» deyirlər.

Sual: Siz Cümhur başqanı olduğunuz üçün müharibənin ağırlığı birinci növbədə Sizin üzərinizə düşəcək...

Cavab: Bəli, onlar müharibə deyirlər. Amma onlar müharibə edən deyillər. Əgər müharibə olsa, bu müharibəni mən etməliyəm. Müharibəni onlar etməyəcək. Doğrudur, deyirlər hamımız müharibəyə gedəcəyik. Amma mən də demişəm ki, bir-iki avtobus tutacağam, onların hamısını avtobusa birinci qoyacağam. Hərəsinə də bir avtomat verəcəyəm. Getsinlər irəliyə. Ondan sonra da başqaları getsin.

Sual: Hörmətli Cümhur başqanım, Fransadakı görüşləriniz zamanı Dağlıq Qarabağa xüsusi status verilməsini qəbul etməyiniz barədə bəzi iddialar vardır. Bunlar doğrudurmu?

Cavab: Ermənistan bunu qəbul etmir.

Sual: Azərbaycan qəbul edir?

Cavab: Biz veririk, onlar qəbul etmir.

Sual: Cənab Prezident, Kipr məsələsi barədə soruşmaq istəyirəm. Türkiyə ilə Azərbaycanın hər zaman dost və qardaş ölkə olduqlarını Siz hər dəfə ifadə edirsiniz. Şimali Kipr Türk Cümhuriyyətini nəyə görə tanımırsınız?

Cavab: Bilirsiniz, hər bir türk mənim üçün əzizdir. Ya Türkiyədədir, ya Kiprdədir, ya digər yerdədir. Çünki biz bir kökdən əmələ gəlmiş qardaş millətlərik, dostlarıq. Ona görə də mənim başım öz işlərimlə məşğuldur. Kipr işləri ilə siz məşğul olun.

Sual: Gələcəkdə bunu tanımağı planlaşdırırsınızmı?

Cavab: Sağlıq olsun, əgər biz Ermənistan–Azərbaycan müharibəsini bitirsək, ölkəmizin torpaq bütövlüyünü təmin edə bilsək, ondan sonra hər şey ola bilər.

Sual: Cənab Prezident, Siz bu gün müayinədən keçdinizmi və hazırda sağlamlığınız necədir?

Cavab: Bununla çox maraqlanırlar. Mənim sağlamlığımı siz necə görürsünüz?

İrfan Sapmaz: Çox yaxşı görürük.

Heydər Əliyev: Sən məni tez-tez görürsən. Bu gözəl xanım ilk dəfə görür. Sən necə görürsən?

Didəm Tuncay: Cənab Prezident, çox sağlam görünürsünüz.

Heydər Əliyev: Demək, mən sağlamam. Dişlərimdə problemlər var. Ondan ötrü Gülhanəyə getdim. Bilirsiniz ki, mənim həkimlərim türklərdir, onlar Gülhanənin həkimləridir.

Didəm Tuncay: Cənab Prezident, müsahibə üçün çox sağ olun. Təşəkkür edirik.