Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliya Respublikasının Prezidenti Oskar Luici Skalfaro ilə təkbətək görüşdə söhbətindən - Roma, "Kuirinal" sarayı, 25 sentyabr 1997-ci il


Hörmətli cənab Skalfaro!

İlk öncə məni ölkənizə rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Mən bu dəvəti məmnunluqla qəbul edib şəxsi əlaqələr yaratmaq və ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı məsələlərini müzakirə etmək üçün buraya gəlmişəm. Ölkəmiz haqqında, habelə Azərbaycan - İtaliya əlaqələrinin daha da inkişafının əhəmiyyəti barədə dediyiniz fikirlərə görə Sizə razılığımı ifadə edərək bildirirəm ki, SSRİ-nin dağılmasından sonra, 1991-ci ilin sonunda Azərbaycan yenidən öz müstəqilliyini bərpa edibdir. İtaliya Azərbaycanın müstəqilliyini dərhal tanıdığına, habelə ölkəmizə səfir təyin etdiyinə görə fürsətdən istifadə edib təşəkkürümü bildirirəm. Azərbaycanda İtaliya səfirliyinin olması ölkələrimiz arasında münasibətlərin inkişafına göstərilən diqqətin təzahürüdür. Yeri gəlmişkən qeyd edim ki, yaxın vaxtlarda biz də İtaliyaya öz səfirimizi təyin edəcəyik. Biz İtaliya ilə münasibətlərimizə böyük əhəmiyyət veririk. İtaliyaya Avropanın böyük demokratik ənənələrə, inkişaf etmiş iqtisadiyyata malik dövlət, əməkdaşlıq üçün çox yaxşı tərəfdaş kimi baxırıq.

Ölkəmizdə gedən proseslərə göstərdiyiniz diqqətə və Azərbaycanın dövlət müstəqilliyinin inkişafı və möhkəmlənməsinin necə baş verməsini yaxşı təsəvvür etdiyinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, xarici və daxili xarakterli çətinliklərə baxmayaraq, biz dövlət müstəqilliyimizi möhkəmləndirmək və dönməz etmək üçün əlimizdən gələni edirik. Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bazar münasibətləri prinsipləri, dünya iqtisadiyyatına inteqrasiya əsasında iqtisadiyyatımızı yenidən qururuq. Bildirirəm ki, son illər ölkəmizdə bu proseslər uğurla gedir.

Cənab Skalfaro! Doğru dedinız ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə daxili siyasi vəziyyət sabit deyildi. Böyük çətinliklər vardı, hətta 1993-cü ildə vətəndaş müharibəsi başlamışdı. Biz bunların hamısını aradan qaldıra bildik. Son üç-dörd ildə Azərbaycanda daxili siyasi vəziyyət sabitdir və bunun özü də dönməz xarakter daşıyır. Siyasi plüralizm, demokratik təsisatlar üçün hər cür şərait yaradılıbdır. Çoxlu siyasi partiya fəaliyyət göstərir, çoxsaylı qəzetlər çıxır. Müxalifətdə olan partiyalar, qəzetlər var və bunlar bizim bugünkü gerçəkliyimizin reallığıdır. Nəzərə çatdırıram ki, 1995-ci ilin axırlarında ölkəmizdə ilk demokratik Konstitusiya qəbul olundu, çoxpartiyalılıq əsasında demokratik parlament seçkiləri keçirildi. Respublikamızda aparılan iqtisadi islahatlar sahəsində də ciddi addımlar atılmışdır və qeyd edim ki, bu islahatlar, o cümlədən özəlləşdirmə, torpaq islahatı, xarici ticarətin sərbəstləşdirilməsi uğurla həyata keçirilir. İslahatlar öz müsbət nəticələrini verir, iqtisadiyyatda vəziyyət sabitləşir, ümumi daxili məhsul istehsalında müəyyən artım var. İnflyasiya son dərəcə azalıb, milli valyutamızın məzənnəsi möhkəmlənir.

Lakin vurğulamaq istəyirəm ki, bütün bunlarla yanaşı, ölkəmizin böyük problemi də var. Bu problemin - Ermənistan Azərbaycan münaqişəsinin yaranmasında biz günahkar deyilik. Həmin məsələ Dağlıq Qarabağı ilhaq etmək məqsədi ilə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində yaranıbdır. Müəyyən səbəblərə görə Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal edə bilmişlər. Bu ərazilərdən bir milyondan artıq azərbaycanlı zorla qovulub çıxarılmışdır və dörd-beş ildir çox ağır şəraitdə, əksəriyyəti çadırlarda yaşayır. Xüsusi vurğulayıram ki, Azərbaycanın 7,5 milyonluq əhalisinin bir milyonu qaçqın vəziyyətindədir. Bütün bunlara baxmayaraq, 1994-cü ilin mayında biz atəşkəs haqqında saziş imzalamışıq və problemi sülh yolu ilə həll etmək üçün danışıqlar aparırıq.

Cənab Skalfaro, Siz atəşkəsin uğurlu olduğunu, ona əməl edildiyini vurğuladınız. Bəli, atəşkəs o mənada uğurludur ki, üç ildən artıqdır ona əməl olunur. İkincisi, biz buna münaqişə zonasına heç bir kənar sülhyaratma qüvvələri daxil etmədən əməl edirik.

Cənab Skalfaro, zənnimcə, bu münaqişə barədə xəritə vasitəsilə məlumat verilməsi daha çox yerinə düşər: Bu, Azərbaycanın ərazisidir. Rənglənmiş hissə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin təqdim etdikləri təkliflərə əsasən, yaşıl rənglə rənglənmiş rayonlar birinci mərhələdə azad olunmalıdır. Sarı rənglə göstərilən ərazidə iki rayon - Laçın və Şuşa rayonları yerləşirə Dağlıq Qarabağı Ermənistanla birləşdirən yol bu ərazidən keçdiyinə görə onların ikinci mərhələdə azad olunması və bu mərhələdə Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladım ki, ATƏT-in Lissabon Zirvə görüşündə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllının üç prinsipi müəyyənləsdirilmişdir: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa özünüidarə statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinə təminat verilməsi. Münaqişə başlayana qədər Dağlıq Qarabağda 170 min nəfər yaşayırdı, onun 70 faizi ermənilər, 30 faizi azərbaycanlılar idi. Azərbaycanlıların hamısı oradan zorla qovulub çıxarılmışdır. İndi orada yalnız ermənilər - təxminən 80-100 min adam yaşayır.

... Sizin suallarınıza cavab olaraq bildirirəm ki, münaqişə başlayanda Ermənistanda 300 minədək azərbaycanlı yaşayırdı. Onları zorla oradan çıxartdılar və indi hamısı Azərbaycanda yaşayır. Bunun müqabilində Azərbaycanın başqa ərazilərində yaşayan ermənilər də çıxarıldı. Fərq bundadır ki, onların əksəriyyəti Ermənistana deyil, Rusiyaya, Avropaya, Amerikaya və başqa yerlərə gedibdir.

Problemin indiyədək həll olunmamasının səbəbindən danışarkən onu demək olar ki, ATƏT-in Lissabon Zirvə görüşündə bu münaqişənin həlli barədə qəbul edilmiş üç prinsipə 54 dövlətdən 53-ü səs verdi, Ermənistan isə bunları qəbul etmədi. Ermənistan Dağlıq Qarabağın dövlət müstəqilliyi statusu almasına çalışır. Şübhəsiz ki, Azərbaycan bununla razılaşa bilməz. Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına razı ola bilmərik.

Skalfario: Yəqin ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlər.

Heydər Əliyev: Beynəlxalq hüquqa görə onlar Dağlıq Qarabağı Ermənistana birləşdirə bilməzlər. Onların fikrincə, Dağlıq Qarabağ formal surətdə müstəqil olacaq, faktiki olaraq isə Ermənistana birləşdiriləcəkdir.

Cənab Skalfaro, görüşümüzdən xatirə olaraq Sizə ölkəmizin ərazisində tapılmış və üzərində qədim Roma imperiyasi ilə bağlı latın dilində yazı olan daş kitabənin fotoşəklini hədiyyə edirəm. Qobustan qoruğunda - Böyükdaş dağının cənub-sərq ətəyindəki qaya üzərində iki min ilə yaxın tarixi olan həmin kitabədə bu sözlər yazılmışdır: "İmperator Domisian Sezar Avqust Germanik. L.(Yusi) Yuli Maksim, Fulminatın XII legionunun senturionu".

Cənab Skalfaro, Sizi ölkəmizə rəsmi səfərə dəvət edirəm.