Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın xarici işlər üzrə dövlət katibi Reno Müzelyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 1 oktyabr 2002-ci il


Reno Müzelye: Fransa Sizə tam dəstək verir, Azərbaycanla dost ölkədir, bizim ölkələrimizin bir-biri ilə çox yaxın əlaqələri və münasibətləri vardır.

Heydər Əliyev: Fransa ilə Azərbaycan arasında çox yaxın dostluq, əməkdaşlıq əlaqələri vardır. Bu əlaqələri biz çox yüksək qiymətləndiririk və onların möhkəmləndirilməsi üçün səylər göstəririk. Güman edirəm ki, belə səfərlər, görüşlər bizim əlaqələrimizin inkişaf etdirilməsi üçün çox böyük əhəmiyyətə malikdir.

Bir neçə gün bundan öncə Fransanın, Amerika Birləşmiş Ştatlarının və Rusiyanın ATƏT-dəki nümayəndələri ilə birlikdə biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələlərini müzakirə edirdik. Amma sizinlə isə Fransa-Azərbaycan əlaqələrinin geniş miqyasda inkişaf etdirilməsi üçün lazımi danışıqlar aparırıq.

Reno Müzelye: Cənab prezident, bizi qəbul etdiyinizə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Demək istəyirəm ki, Azərbaycana mənim gəlişim bu vəzifəyə təyin olunduqdan sonra xarici ölkəyə birinci rəsmi səfərimdir. Bu baxımdan mən bu gün burada olmağımdan çox şadam. Mən Fransa Respublikasının prezidenti cənab Jak Şirakın salamlarını Sizə çatdırıram. Bu, həmçinin onun arzusu idi ki, mən sizin ölkənizə səfər edim. Cənab Jak Şirak Sizin bütün səylərinizə dəstək verir və Sizə böyük ehtiram bəsləyir. Buna görə də mən bu gün çox vacib bir məkana, çox önəmli bir ölkəyə gəlmişəm. Azərbaycan çox mühüm bir ölkədir.

Heydər Əliyev: Dostum prezident Jak Şirakın salamlarını mənə çatdırdığınıza və onun mənə ünvanladığı məktubu gətirdiyinizə görə sizə təşəkkür edirəm.

Prezident Jak Şirak ilə mənim aramda çox səmimi dostluq əlaqələri yaranıbdır. Mən bunu yüksək qiymətləndirirəm. Çünki bu əlaqələr Fransa-Azərbaycan əməkdaşlığının inkişaf etməsində çox mühüm rol oynayır. Mən həm Parisdə, həm də bir sıra beynəlxalq təşkilatlarda olduğum zaman prezident Jak Şirakla dəfələrlə görüşmüşəm və çox əhəmiyyətli, ətraflı danışıqlar aparmışam. Bir də qeyd etmək istəyirəm, prezident Jak Şirakın Azərbaycana və onun problemlərinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına diqqətini, qayğısını mən daim hiss edirəm və buna görə təşəkkür edirəm.

Çox sevindirici haldır ki, bizim əlaqələrimizdə məktublaşma prosesi də mühüm yer tutur. Siz onun məktubunu mənə verdiniz. Təbiidir ki, mən bunu diqqətlə oxuyub ona cavab yazacağam. Bizim çox əhəmiyyətli telefon danışıqlarımız da olur. Ona görə mən bir daha təşəkkürümü bildirirəm və xahiş edirəm ki, mənim bu hisslərimi, bu münasibətimi prezident Jak Şiraka çatdırasınız.

Beynəlxalq terrorizmlə mübarizə məsələsinə gəldikdə, sentyabr ayının 11-də, ABŞ-da bu hadisə baş verən kimi bəyan etdik ki, biz beynəlxalq terrorizmə qarşı mübarizə üçün yaranan koalisiyaya daxilik və bu koalisiyanın fəal iştirakçısıyıq. Ötən dövrdə də biz bu barədə üzərimizə düşən vəzifələri yerinə yetiririk. Terrorizm, xüsusilə beynəlxalq terrorizm indi bütün dünyaya ən böyük təhlükədir. Bunu biz indiyə qədər görmüşük və bunun böyük ağrılarını çəkmişik. Bilməlisiniz ki, Ermənistan ilə Azərbaycan arasında müharibə getdiyi zaman Ermənistan Azərbaycana bir çox terror aktları həyata keçirmişdir. 1993-1994-cü illərdə Azərbaycanda metronu məhz Ermənistan xüsusi xidmət orqanları tərəfindən göndərilmiş şəxslər partlatmışdılar və orada çoxlu insan tələfatı baş vermişdi. O illərdə Ermənistan müharibədən əlavə, Azərbaycana qarşı 32 terror aktı həyata keçirmişdir. Ona görə də biz beynəlxalq terrorizmin bütün formalarının əleyhinəyik və bu məsələdə sizinlə, koalisiyanın başqa üzvləri ilə bərabər mübarizə aparmağa hazırıq.

Azərbaycana qarşı edilmiş bütün bu ədalətsizliklərə baxmayaraq, biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Burada ATƏT-in Minsk qrupunun, onun həmsədrlərinin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın böyük rolu vardır. Bizim birbaşa görüşlərimiz, danışıqlarımız da çox böyük əhəmiyyətə malikdir.

Azərbaycan torpaqlarının 20 faizi işğal olunubdur, bir milyondan çox soydaşımız yerindən-yurdundan didəgrin düşübdür, onların əksəriyyəti indi çadırlarda yaşayır. Bütün bunlara baxmayaraq, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Hesab edirəm ki, prezident Jak Şirakın bu işdə xüsusi xidmətləri olubdur və bundan sonra da ola bilər. Parisdə prezident Jak Şirakın iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar aparılmışdır. Bu danışıqlar zamanı mən prezident Jak Şirakın bu məsələnin ədalətli həll olunması ilə əlaqədar mövqeyini bir daha hiss etdim. Ona görə ümid edirəm ki, bundan sonra da bizim bu əməkdaşlığımız davam edəcəkdir.

Reno Müzelye: Hesab edirəm ki, günahsız insanların bu terror aktları nəticəsində məhv edilməsi qəbuledilməzdir. Sizin ölkəniz Fransa üçün çox vacibdir. Biz fransızlar Azərbaycana çox diqqətlə yanaşırıq.

Qeyd etmək istəyirəm ki, Azərbaycan möhkəm sabitlik olan bir ölkədir. Bu, digər ölkələr üçün də çox vacibdir. Bilirik ki, Siz ölkəniz üçün böyük xidmətlər göstərmisiniz. Siz insanları yaxşı tanıyırsınız. Müdrikliyiniz, Qafqazı yaxşı tanımağınız, insanları yaxşı anlamağınız işinizdə Sizə kömək edir. Hesab edirəm ki, bütün bu imkanlar məhz Ermənistan-Azərbaycan münaqişəsinin həllinin tapılmasında da Sizə kömək edəcəkdir. Ümid edirəm ki, Fransa prezidenti Jak Şirak öz tərəfindən bütün imkanlarını və vaxtını sərf edəcəkdir ki, məhz bu məsələ sülh yolu ilə həll olunsun.

Cənab prezident, Fransa müəssisələrinin nümayəndələri burada müştərək iş aparırlar və bundan çox məmnundurlar. Onlar Sizə və ölkənizə etimad göstərirlər, Azərbaycanla əməkdaşlıq etməkdən çox məmnundurlar.

Hesab edirik ki, bizim birgə səylərimiz nəticəsində, dostluq və müdriklik əsasında Azərbaycan daha böyük inkişafa nail ola biləcəkdir. Beləliklə, istəyirik ki, Fransa ilə Azərbaycan bir-birinə daha yaxın olsun, əlaqələrimiz daha da sıxlaşsın.

Heydər Əliyev: Bizim xalqımız öz milli mənəvi dəyərlərinə bağlı olaraq, eyni zamanda ümumbəşəri dəyərləri, Avropa dəyərlərini qəbul edibdir və bu dəyərlər indi xalqımızın həyat tərzinin əsasını təşkil edir.

Ölkəmizin bazar iqtisadiyyatı yolu ilə getməsi, aparılan iqtisadi islahatlar artıq Azərbaycana çox böyük fayda veribdir. Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurmuşuq. Demokratik dəyərlərin hər yerdə bərqərar olması üçün çalışırıq. Onların hamısı bizi bir-birimizlə daha da yaxınlaşdırır, daha da birləşdirir.

Reno Müzelye: Biz Azərbaycana çox diqqətlə yanaşırıq. Xüsusilə də biz ölkənin Avropa strukturlarına inteqrasiyasına çox önəm veririk. Azərbaycan bütün sahələrdə nailiyyətlər əldə edibdir.


"Azərbaycan" qəzeti, 2 oktyabr 2002-ci il.

Tarixi arayış