Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İstanbuldan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərə verdiyi müsahibə - 16 oktyabr 2002-ci il


Heydər Əliyev: Mənim bu səfərim haqqında sizin məlumatınız var. Yaxşı ki, bizim Azərbaycan televiziyası hər yerdən canlı yayım verir. İƏT-in VII zirvə görüşü haqqında məlumatlar verilibdir. Sonra mənim orada Türkiyənin iş adamları ilə görüşməyim haqqında da məlumatlar verilibdir. Ona görə sizə deyiləsi sözüm yoxdur, hər şeyi bilirsiniz.

Mən onu deyə bilərəm ki, zirvə görüşü çox yüksək səviyyədə keçdi, çox səmərəli oldu. Bu, çoxdandı keçirilməmişdi. Bu tədbirin əhəmiyyəti var, bizim ölkələrimizin iqtisadi əlaqələrinin inkişaf etməsi çox zəruridir, lazımdır.

Mən sonra orada olan prezidentlərin, demək olar, hamısı ilə ikitərəfli görüşlər keçirdim. Birinci növbədə, Türkiyənin Prezidenti hörmətli Əhməd Necdət Sezər ilə yenidən görüşdük. Türkiyə–Azərbaycan əlaqələri haqqında söhbət etdik, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kəmərləri haqqında danışdıq, onların problemləri barədə danışdıq. Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr dostluq, mehribanlıq, qardaşlıq əlaqələridir.

Sonra mən İran Prezidenti cənab Xatəmi ilə çox səmərəli görüş keçirdim. Pakistanın Prezidenti cənab Pərviz Müşərrəf ilə çox səmərəli görüşüm olubdur. Əfqаnıstanın müvəqqəti hökumətinin başçısı Həmid Kərzai ilə ilk dəfə görüşdüm, tanış oldum, yaxşı söhbətimiz oldu. Başqaları ilə də olubdur.

Dünən İstanbulda Türkiyənin, demək olar, ən böyük, ən hörmətli iş adamları ilə görüşdük, geniş söhbət apardıq.Onlar çıxış etdilər. Bizim tərəfdən məlumatlar verildi. Azərbaycanın bugünkü iqtisadi vəziyyəti, iqtisadi imkanları haqqında, Azərbaycanda xarici investorların görə biləcəyi işlər haqqında məlumat verildi. Çox səmərəli görüş oldu. Mən də orada nə lazımdırsa, onlarla danışdım. Mən bunu çox əhəmiyyətli hesab edirəm. Hesab edirəm ki, bu görüş Türkiyə iş adamlarının Azərbaycana gəlib yenidən böyük sərmayələr qoymasına yaxşı əsas yaradacaqdır. Bütün bu işləri qurtarıb gəlmişik. Mən çox razıyam, hesab edirəm ki, səfər çox səmərəli, əhəmiyyətli olmuşdur.

Sual: Cənab Prezident, Siz İstanbulda olduğunuz vaxt belə bir məlumat yayıldı ki, Türkiyə Ermənistanla sərhədləri açmaq istəyir. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Elə şey yoxdur. Belə məlumatlar çox yayılır. Onlar sərhədləri açmayacaqlar. Mən Prezident Əhməd Necdət Sezər ilə görüşümdə yenə bu məsələni xüsusi olaraq qoymuşam.

Sual: Cənab Prezident, Siz dediniz ki, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərləri müzakirə olundu. Xarici mətbuatın yazdığına görə, guya Siz bildirmisiniz ki, Bakı–Tbilisi–Ceyhan işə düşəndən sonra Bakı–Supsa kəməri fəaliyyətini dayandıracaqdır. Bu, həqiqətə uyğundurmu?

Cavab: Elə şey olmayıbdır. Kimsə nədənsə, haradasa istifadə edir. Təbiidir ki, Bosfordan tankerlərin keçməsi ekoloji cəhətdən Türkiyəyə, İstanbula çox zərər verir. İş adamlarıilə görüşdə mən onlara dedim. Bakı–Tbilisi–Ceyhan layihəsinin çətinliklərindən biri də bundan ibarət idi ki, onun hazırlanmasında iştirak edən şirkətlər – onlar sizə məlumdur – bir neçə il bundan öncə layihəni bir az təxirə salmaq, Supsa xəttini genişləndirmək istəyirdilər. Mən o vaxt bunun əleyhinə oldum. Əgər siz o vaxtları xatırlayırsınızsa, bunu bilirsiniz. Bu barədə çox ciddi mübarizə getdi. Hətta o vaxt Türkiyənin Prezidenti Süleyman Dəmirəl bəyanat verdi ki, əgər Supsadan əlavə neft gəlsə, tankerlər boğazlardan buraxılmayacaqdır. Mən bunu orada dedim. Bunu deyəndə bir az zarafat da etdim ki, ola bilər, Bakı–Tbilisi–Ceyhan tamam işə düşəndən sonra Supsaya ehtiyac olmayacaqdır. İndi bunun quyruğundan niyə tutursan? Hələ Bakı–Tbilisi–Ceyhan işə düşə, onun gücü 60–70 milyon tona çata, ondan sonra görək nə olacaq.

Sual: Cənab Prezident, Rusiya Abxaziyadan Ermənistana dəmir yolunun çəkilməsi ilə əlaqədar işlərə başlayıbdır. Buna rəsmi Bakının münasibəti necədir?

Cavab: Bilirsiniz, bunlar hamısı söhbətdir. Ona görə mən münasibət bildirmək istəmirəm.

Sual: Cənab Prezident, Sizin türk iş adamları ilə görüşünüzə türk–erməni biznes şurasının həmsədri də dəvət edilmişdi. O özü demişdi ki, mən də dəvət olunmuşam...

Heydər Əliyev: O kimdir, ermənidir?

Jurnalist: Xeyr, türkdür.

Heydər Əliyev: Yaxşı, nə olsun, dəvət edilmişdi? Bütün iş adamları dəvət olunmuşdular. Bunların başında damğa yoxdur ki, soruşam, bu kimdir, haranın iş adamıdır. Nə qədər iş adamı dəvət olunmuşdu. Mən onları tanımıram ki!

Sual: Cənab Prezident, NATO-nun Avropadakı müttəfiq qoşunlarının komandanı Bakıdadır. Onun bu gün Sizinlə görüşü nəzərdə tutulur. Bu görüşdə NATO ilə Azərbaycan arasında əməkdaşlığın hansı sahələri müzakirə olunacaqdır?

Cavab: Vallah-billah, mən sizin hamınızı çox istəyirəm. İstəyirəm ki, yaxşı jurnalist olasınız. Yaxşı suallar hazırlayasınız, verəsiniz. Sən deyirsən ki, o Bakıdadır, Sizinlə görüşəcəkdir. Amma görüşəcəyik, görüşməyəcəyik, hələ məlum deyildir. Deyirsən, NATO ilə Azərbaycan arasında hansı əlaqələr məsələsində danışacaqsınız. Əgər danışacağаmsa, mən bunu sizə demərəm. Axı belə şeylərlə niyə özünüzün də, mənim də vaxtımı alırsınız. Konkret kimin nə sualı var?

Sual: Cənab Prezident, «Şahdəniz» layihəsinin maliyyələşdirilməsi ilə bağlı məsələ müzakirə olundumu?

Cavab: Orada elə bir problem yoxdur.

Sual: Cənab Prezident, Sizin mətbuatın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir neçə göstərişiniz olubdur. Bir təklif var idi...

Cavab: Mətbuata kredit də verdik, hər şey də verdik. Bundan artıq nə ola bilər? Mən o təklifi bilmirəm, biləndə münasibətimi bildirəcəm. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR