Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun Fransalı həmsədri, Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Üq Pernenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən - Prezident sarayı,14 iyun 2002-ci il


Qonaqları səmimiyyətlə salamlayan Azərbaycan prezidenti Heydər Əliyev cənab Perneni Minsk qrupunun həmsədri təyin olunması münasibətilə təbrik edərək dedi ki, ümidvaram sizinlə səmərəli əməkdaşlıq edəcəyik. Fürsətdən istifadə edib sizi mənim dostum Jak Şirakın prezident seçkilərində qələbə çalması münasibətilə bir daha təbrik edir, Fransa xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Fransanın Minsk qrupunda öz nümayəndəsini bir az tez-tez dəyişdiyini xatırladan prezident Heydər Əliyev vurğuladı ki, doğrudur, yeni təyin olunan diplomat-səfir işləri heç də əvvəlkindən pis aparmır. Ancaq bele tez-tez dəyişiklik işin davamlı surətdə aparılmasına müəyyən qədər mane olur. Xatirimdədir, Ki-Uest görüşlərində Fransanın Minsk qrupundakı nümayəndəsi iştirak edirdi. Ancaq o həmin vaxt bizimlə vidalaşdı və sonra səfir Sürmen təyin edildi. Bir ildən sonra yenə dəyişiklik oldu. Bunları pis mənada demirəm, ancaq, ümumiyyətlə, diplomatik xidmətdə azı üç il bir yerdə işləmək lazımdır. Mən bunu belə başa düşürəm. Təbiidir ki, kadr dəyişikliyi Fransa hökumətinin öz işidir. Amma bizi də, məni də bizim işimiz daha çox maraqlandırır. Biz sizinlə köhnədən tanışıq. Şübhə etmirəm ki, səmərəli əməkdaşlıq edəcəyik. Güman edirəm, Siz bu məsul işinizə daim daha məsuliyyətlə yanaşacaqsınız.

Prezident Heydər Əliyev səfirə xatırlatdı ki, Sizin tutduğunuz bu vəzifə adi diplomatik vəzifə deyildir. Fransanın 100, bəlkə də 150 ölkədə səfiri var. Amma ATƏT-in Minsk qrupunda Fransanın bir səfiri var. Mən arzu etməzdim ki, bundan sonra tez-tez belə dəyişikliklər olsun. Fransa bizim dostumuzdur. Fransanın Prezidenti cənab Jak Şirak mənim xüsusi, böyük dostumdur.

Güman edirəm ki, siz bizim bu işlərlə yaxşı tanışsınız. Bilirsiniz ki, bu çox mürəkkəb və çətin məsələdir. Məsələnin həll olunmasında ATƏT-ə, Minsk qrupuna, onun həmsədrlərinə -Rusiya, Amerika Birləşmiş Statları və Fransaya bizim böyük ehtiyacımız var.

Səmimi qəbul üçün dövlətimizin başçısına təşəkkürünü bildirən Üq Perne dedi ki, cənab Prezident, Sizin tərəfinizdən qəbul olunmağım mənim üçün böyük şərəfdir. Mən Parisə qayıdan kimi Sizin arzularınızı, təbriklərinizi prezidentimizə çatdıraca-ğam. Mən Sizi birləşdirən münasibətlərin səviyyəsini çox yaxşı bilirəm. Ola bilsin, elə bunlara görə də 2001-ci ilin əvvəlində Siz iki dəfə Parisə səfər etmisiniz. Bu bizim üçün də çox böyük əhəmiyyət kəsb edən bir hadisə idi.

Yeni vəzifəsindən söhbət açan diplomat vurğuladı ki, ola bilsin, mən bu problemi mütəxəssislər qədər dərindən bilmirəm, amma öz işimin mahiyyətindən asılı olaraq, bununla müəyyən müddət tanış olmuşam. Elə bu səbəbdən də 2000-ci ilin dekabrında buraya gəlmişdim ki, Sizi Fransaya dəvət edim. Siz bu məsələ ilə bağlı bizim mövqeyimizi və hansı prinsiplər əsasında işlədiyimizi bilirsiniz. Fransanın bu regionda strateji maraqları yoxdur. Elə buna görə də çalışırıq ki, hər iki tərəf üçün məqbul sayılan vicdanlı həmsədr kimi, münaqişənin həllində əlimizdən gələni edək. Biz bu məsələdə qərəzsiz olmağa çalışırıq.

Əsas istəyimiz ondan ibarətdir ki, bu münaqişə tezliklə və ədalətlə həll edilsin. Bu məsələdə Sizə tam sadiq olduğumuza əmin ola bilərsiniz.

Prezident Heydər Əliyev diplomatla bəzi məsələləri müzakirə edəcəyini bildirdi:

Heydər Əliyev: Parisdə Prezident Jak Şirakla bu məsələlərlə əlaqədar görüş keçirərkən, bilirsiniz ki, öncə Prezident Jak Şirak Ermənistan Prezidenti Köçəryanla görüşmüş, sonra məni Parisə dəvət etmişdi, ondan sonra isə hər ikimizi Parisə dəvət etmişdi, çox səmərəli danışıqlar apardıq. Təbiidir ki, mən o danışıqların məzmununu açmaq məqsədi daşımıram. Buna ehtiyac yoxdur və o vaxt biz hamımız bəyan etmişdik ki, bunların məzmunu açılmamalıdır. Amma son vaxtlar Ermənistan tərəfı - ya Xarici İşlər naziri, yaxud da Ermənistan prezidenti Paris görüşlərindən möhtəkirlik məqsədi ilə müəyyən qədər sui-istifadə edirlər. Sonralar da bir-iki dəfə bəyanat veriblər ki, guya biz yenidən Paris prinsipləri əsasında danışıqlar aparmağa hazırıq. Bu məni təəccübləndirir. Çünki Paris prinsiplərini ondan dərhal sonra Ki-Uestdə pozan Ermənistan tərəfı oldu.

Bu prinsiplərin bir necə aspekti vardı. Onlardan biri o idi ki, Ermənistan Mehri rayonundan Azərbaycan ilə Naxçıvan arasında dəhliz verir və bunun əvəzində Azərbaycan Laçın rayonundan Ermənistana Dağlıq Qarabağla əlaqə yaratmaq üçün dəhliz verir. Bu məsələ prezidentlər Şirak, Köçəryan, Əliyev - üçümüz tərəfindən birlikdə çox geniş müzakirə olundu. Ümumi fıkir belə oldu ki, Azərbaycan, Naxçıvan üçün Mehri rayonundan verilən dəhliz Azərbaycanın suveren torpağı olacaqdır, eyni suveren dəhlizi Azərbaycan Laçın rayonundan Ermənistana Dağlıq Qarabağ üçün verəcəkdir. Deyə bilərəm ki, Prezident Jak Şirak çox, bir neçə dəfə bu məsələ üzərində dayandı ki, bu dəhlizlər eyni statusa malik olacaqdır. Mehridən keçən dəhliz necə olacaqdırsa, Laçından keçən dəhliz də o cür olacaqdır. Ancaq bunu, eyni statusa malik olan dəhlizlərin - Mehri rayonundan Azərbaycan üçün, Laçın rayonundan Ermənistan üçün dəhliz verilməsini Ermənistan tərəfı Ki-Uestdə pozdu. Bu da bütün sonrakı danışıqların pozulmasına gətirib çıxardı. Mən bunu birinci dəfədir açıqlayıram, burada mətbuat da var. Amma məcburam, çünki Ermənistan tərəfi bunu son vaxtlar dünya ictimaiyyətinə tamamilə yanlış şəkildə bildirir.

Prezident Şirakın katibi vardı, yazırdı. O yazılarda bunların hamısı var. Mən bununla bu mövzunu bağlamaq istəyirəm. Əgər Parisdə əldə edilmiş bu razılıq bərpa olunursa, biz Paris prinsipləri əsasında danışıqları davam etdirməyə hazırıq. Amma Ermənistan Mehridən suveren dəhliz vermək istəmir. Yəni əvvəlki sözündən geri cəkilir. Azərbaycandan isə suveren dəhliz istəyir. Biz buna razı ola bilmərik!